Məhkəmə qərarları › İş №2(105)-1438/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1438/2021

15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1438/2021 15.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1285/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1285/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X6 ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X7 anadan olmuşdur. Sonradan ailə münasibətləri pisləşdiyindən ayrılmaq qərarına gəlmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3746/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin qətnamə ilə nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X7 onun yanında saxlanılmış və yetkinlik yaşına çatana qədər saxlanılması üçün X1 hər ay 160 manat sabit pul məbləğində aliment tutulmuşdur. Məhkəmə qətnaməsində X5 ona verilməsi qət edilsə də, faktiki olaraq uşaq X2 yanında idi. X6 məhkəmənin qərarına məhəl qoymayaraq uşağı ona verməkdən imtina edirdi. Dəfələrlə uşağı verməsini tələb etsə də, X6 bundan imtina etmiş, üstəlik övladı ilə görüşməyinə də icazə verməmiş, ona təzyiqlər göstərmiş, bu dövr ərzində də alimenti ödəməmişdir. Sonradan məhkəməyə alimentin miqdarının artırılması barədə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4341/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə X1 hər ay 170 manat sabit pul məbləğində aliment tutulub X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. X6 artıq 2 ilə yaxındır alimenti ödəmir, hazırda ölkə xaricindədir, bundan sonra da alimenti ödəməsi mümkün deyildir. Övladı böyüdüyündən xərcləri də artmışdır. Onun gəlirləri nə övladının, nə də onun yaşayış minimumu ilə təmin edilməsinə yetmir. Bundan əlavə, keçmiş həyat yoldaşı birgə nikahları dövründə onun adına bankdan kredit götürmüş, bu kreditin də ödənilməsi vəzifəsi hazırda onun üzərindədir. Uşağın atası alimenti ödəmir, heç bir maddi yardım etmir. Uşağın nənə və babası da uşağın saxlanılmasında ona heç bir köməklik göstərmirlər. Onun gəliri yetərli olmadığından övladının saxlanılması üçün aliment uşağın nənəsi, Cavabdeh tutulmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarını düzgün və obyektiv araşdırmamışdır. Qətnamədə qeyd olunur ki, müvafiq məhkəmə qətnamələrinə əsasən X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 onun xeyrinə aliment tutulması qət edilmişdir. Halbuki, X6 alimenti ödəməkdən dəfələrlə boyun qaçırmışdır və bundan sonra da ödəmək ehtimalı yoxdur. Bundan sonra da məhkəməyə müraciət edərək aliment tələb etsə belə, yenə də aliment ödəmək ehtimalı sıfırdır. Məhkəmə iddianın təmin olunmamasını onunla əlaqələndirir ki, cavabdehin alimenti ödəmək imkanı yoxdur. Lakin bu əsassız və qanunsuzdur. Belə ki, cavabdeh şəxsi bizneslə məşğuldur, müəyyən etmək mümkün olmasa da, mütəmadi olaraq gəlirləri vardır. Məhkəmə bu halları araşdırmamışdır. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, müəllimə işləyir, aylıq 160 manat əmək haqqı alır. X6 2021-ci ilin fevralında aliment borcundan 180 manat ödəmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı yam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı nikahından xx.xx.2017-ci il tarixdə X7 anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3746/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X6 arasında xx.xx.2016-cı ildə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında olan nikahın pozulması xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 248 sayla qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4341/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3746/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, cavabdeh X1 hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İşdə iştirak edən şəxsin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X6 xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2017ci il tarixdə X7 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1 və 93.2-ci maddələrinə əsasən bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasına görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr baba və nənədən aliment almaq hüququna o vaxt malik olurlar ki, öz valideynlərindən maddi yardım ala bilməsinlər və baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3746/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh X1 hər ay 160 manat sabit pul məbləğində alimentin tutulmuşdur. Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4341/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3746/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, cavabdeh X1 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayətində cavabdehin şəxsi bizneslə məşğul olmasını göstərsə də, bu barədə hər hansı bir sübutu apellyasiya şikayətinə əlavə etməmişdir. Digər tərəfdən, İddiaçı müəllimə işləyir və 160 manat əmək haqqı alır, uşağı saxlamaq onun da valideynlik borcudur. Həmçinin iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatından görünür ki, X6 2021-ci ilin fevralında aliment borcundan 180 manat ödəmişdir. Cavabdehin gəlirləri barədə iş materiallarında hər hansı sənəd yoxdur və nəvəsinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1285/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar