Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1443/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş və iddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmişdir. İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanov apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin 1374,30 ABŞ dolları məbləğində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, «xxxx» Kommersiya Bankı ASC və Cavabdeh arasında bağlanmış 12.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə “xxxx” KB ASC-yə 2152.08 ABŞ dolları əsas borc, 86.27 ABŞ dolları faiz borcu, 20.34 ABŞ dolları cərimə olmaqla, cəmi 2258.69 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) hec bir fayda verməmişdir və iddiaçı «xxxx» KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 2152 (iki min yüz əlli iki) ABŞ dolları 08 (səkkiz) sent əsas, 86 (səksən altı) ABŞ dolları 27 (iyirmi yeddi) sent faiz, 20 (iyirmi) ABŞ dolları 34 (otuz dörd) sent cərimə, cəmi 2258 (iki min iki yüz əlli səkkiz) ABŞ dolları 69 (altmış doqquz) sent məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 19 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə qətnaməsini onunla əsaslandırmışdır ki, “MKR (Mərkəzi Kredit Reyestri)-də cavabdehin borcu bağlı statusunda olduğundan bu ona əsas verir ki, cavabdeh tərəfindən mübahisəli kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunmuş və bu səbəbdən də iddia əsassız olduğundan rədd olunmalıdır. Halbuki məhkəmənin gəldiyi bu qənaətə münasibətdə bildiririk ki, cavabdehin 1106OnkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə MKR məlumatlarında bağlı statusunda çıxması sırf texniki yanlışlıq olmuş, bu barədə yanlışlığın aradan qaldırılması ilə bağlı bank tərəfindən MKR-ə sorğu ilə müraciət olunmuş və 11060nkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə cavabdehin banka 1374,30 ABŞ dolları borcunun olması göstərilmişdir. Göründüyü kimi texnikin yanlışlıq MKR tərəfindən aradan qaldırılmaqla kredit aktivləşdirilmiş və məhkəmə iclasında tərəfimizdən yeni MKR-dən çıxarış (aktivləşdirilmiş borc) məhkəməyə təqdim edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia ərizəsinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi N.F.Namazov apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən itmina etdikdə gəldiyi nəticənin əsası kimi 19.11.2020-ci il tarixli Problemli kreditlərin kompensasiyasına dair məlumatlara əsaslanaraq hesab etmişdir ki, Cavabdeh “xxxx” KB ASC-yə olan borcu silinərək əlavə olaraq kompensasiya məbləği 1161,03 manat məbləğində ödənişi geri qaytarıldığı üçün iddia ərizəsinin hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tətbiqində və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12.09.2014-cü il tarixli, 11060nkSUM/14 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” Kommersiya Bankı ASC (borcverən) və Cavabdeh (borcalan) arasında 12 sentyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” KB ASC-nin 19.11.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh həmin tarixə olan borcu əsas məbləğ üzrə 1374,30 ABŞ dolları təşkil edir. 19.11.2020-ci il tarixli Problemli kreditlərin kompensasiyasına dair məlumatlardan görünür ki, Cavabdeh “xxxx” KB ASC-yə olan borcuna görə hesablanmış kompensasiya məbləği 1161,03 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi həmin faktı inkar edərək göstərmişdir ki, hazırki kredit müqaviləsi üzrə Cavabdeh 1163.03 manat məbləğində kompensasiya verilməmiş və həmin hal həqiqəti əks etdirmir. Əksinə o, kompensasiya ilə əlaqədar müvafiq təşkilatlara müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. 19.11.2020-ci il tarixli Problemli kreditlərin kompensasiyasına dair əlavə məlumatlardan görünür ki, 11060nkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə cavabdehin 1374,30 ABŞ dolları borcu vardır. Məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, cavabdehin 1106OnkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə MKR məlumatlarında bağlı statusunda çıxması sırf texniki yanlışlıq olmuş, bu barədə yanlışlığın aradan qaldırılması ilə bağlı bank tərəfindən MKR-ə sorğu ilə müraciət olunmuşdur. Nəticədə texniki yalnışlıq MKR tərəfindən aradan qaldırılmaqla kredit aktivləşdirilmiş və yeni MKR-dən çıxarış (aktivləşdirilmiş borc) məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə təqdim olunmuş yeni MKR çıxarışı sübut kimi qiymətləndirilməmiş, cavabdehin təqdim etdiyi köhnə (texniki yalnış olan) MKR çıxarışına istinad etmiş, bundan əlavə iş materiallarında cavabdeh tərəfindən kreditin tam bağlanmasına dair heç bir ödəniş qəbzi və ya hər hansı sübut olmadığı halda iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanov apelyasiya şikayətinin dəlilllərini sübuta yetirə bilmiş və birinci instnsiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndin əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalııdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi qismən təmin edilib, Cavabdeh 11060nkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə cavabdehin 1374,30 ABŞ dolları (icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) iddiaçı «xxxx» KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 11,75 manat hissəsi iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə aid edilməli, Cavabdeh 1,75 manat dövlət rüsumu və 15 manat apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tutulub iddiaçı «xxxx» KB ASC-yə keçirilməli, Cavabdeh 10 manat dövlət rüsumunun kəsiri tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanovun apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 11060nkSUM/14 saylı, 12.09.2014-cü tarixli kredit müqaviləsi üzrə cavabdehin 1374,30 (min üç yüz yetmiş dörd ABŞ dolları, otuz sent) ABŞ dolları (icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla) iddiaçı «xxxx» KB ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 11,75 manat hissəsi iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə aid edilsin, Cavabdeh 1,75 manat dövlət rüsumu və 15 manat apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tutulub iddiaçı «xxxx» KB ASC-yə ödənilsin. Cavabdeh 10 manat dövlət rüsumunun kəsiri tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1443/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1443/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver