Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1447/2025 23.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, dövlət rüsumunun ödənilməməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, e-2(012)-5410/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.248,32 manat sığorta ödənişi məbləğinin və 120,74 manat dövlət rüsumunun, cəmi 10.369,06 manat pulun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, e-2(012)- 5410/2025 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
3. İddiaçı "xxxx" ASC Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(012)-5410/2025 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(012)- 5410/2025 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-5410/2025 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.248,32 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 120,74 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)- 2017/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Səbail Rayon Məhkəməsi müvafiq qərardadında qeyd etmişdir ki, “AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi” çıxarışına əsasən Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Səbail Rayon Məhkəməsinin müvafiq qərardadında iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun geri qaytarılması qeyd edilsə də, hal-hazıradək rüsum geri qaytarılmamışdır. Həmçinin dövlət rüsumunun geri qaytarılması həmin rayon üzrə icra və probasiya şöbəsi tərəfindən icra olunduğundan müəyyən müddət çəkməkdədir. Bununla əlaqədar olaraq, “Məhkəmə Elektron Sistemi” vasitəsi ilə 04 sentyabr 2025-ci il tarixdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Abşeron Rayon Məhkəməsinə verilmişdir. Həmçinin iddia ərizəsinə Səbail Rayon Məhkəməsinin müvafiq qərardadı və həmin məhkəməyə ödənilmiş dövlət rüsumunu təsdiq edən qəbz də əlavə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(012)-5410/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və geri qaytarılma səbəbi dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əlavə edilməməsi olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-5410/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsi barədə qərardad qəbul edilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5410/2025 saylı, 08 sentyabr 2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki, MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bir neçə məhkəmələrdə eyni hal mövcud olmasına baxmayaraq, sənədlər icraata götürülmüş və yekun məhkəmə aktı çıxarılmışdır. Səbail Rayon Məhkəməsinin qərardadı əlavə edilməsinə baxmayaraq, iddia ərizəsi geri qaytarılmışdır. Bu hal süründürməçilik və əlavə vaxt itkisindən başqa bir şey deyildir. Ona görə də məhkəmə qərardadı əsassız olduğuna görə ləğv edilməlidir. Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
8. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, e-2(012)-5410/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, e-2(012)- 5410/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108. Dövlət rüsumu 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, e-2(012)- 5410/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini iddiaçı tərəfindən ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi ilə əsaslandırmışdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və qərardadın ləğv edilərək işin məhkəmə hazırlıq iclasında baxılması üçün təyin olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materilalları ilə əlaqəli şəkildə araşdıraraq əsassız hesab edir və bununla bağlı qeyd edir: İşə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Həmin rüsum isə həmin Məhkəmənin e-2(009)-2017/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıya geri qaytarılmışdır. Hazırki halda iddiaçı tərəfindən Abşeron rayon məhkəməsinə iddia tələbi ilə müraciət edilməsi ilə əlaqədar dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edildiyi müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir, şikayətin dəlilləri əsassızdır. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, e-2(012)-5410/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.