Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1448/2025 23.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-1500/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-1500/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiasının təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 3000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış şifahi razılaşmaya görə o, xx.xx.2023-ci il tarixli etibarnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 31A ünvandakı fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüquqlarını cavabdehin adına sənədləşdirməli, həmin işləri yerinə yetirdikdən sonra isə cavabdeh tərəfindən ona 3000 manat zəhmət haqqı ödənilməli idi. Onun öz öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh şifahi razılaşmanı pozaraq 3000 manat məbləğində pulu ödəməkdən imtina etmişdir. Onun tərəfindən məsələ ilə bağlı polisə müraciət edilsə də, cavabdeh pulu ödəməmiş, lakin ödəməkdən imtina da etməmiş, sadəcə onu aldadaraq bu günə kimi ödəniş etməkdən boyun qaçırmışdır. Sözügedən şifahi razılaşma olan zamanı zamin durmuş Lətafət xanım və cavabdehin bacısı X10 polis orqanına dəvət olunmuş və izahatlarında onun adına olan kartın nömrəsini alaraq ödəniş etməyə qısa müddətdə hazır olduqlarını bildirmişlər, sonradan isə onun telefon zənglərinə cavab verilməmişdir. Həmin şəxslər vətəndaşların əmlaklarını adlarına keçirərək faizə pul verməklə məşğuldurlar. Artıq 1 ildən çoxdur ki, o, borcunun qaytarılması üçün əziyyət çəkdikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, göstərilənlərə əsasən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-1500/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2023 tarixdə şifahi razılaşma əldə edilmiş, Cavabdeh öz mülkiyyətində olan evə reyestr çıxarışı almaq işlərində köməklik göstərməsi müqabilində ona 3000 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Bu razılaşma üzrə tərəflərin iradəsi şahid ifadələri (X10 və X3), eləcə də ona verilmiş etibarnamə ilə təsdiqlənmişdir. Məhkəmə isə şahid ifadələrinə və iş materiallarına əlavə edilmiş etibarnaməyə, eləcə də etibarnamənin verilməsinin məqsədləri ilə əlaqədar məsələlərə lazımi hüquqi qiymət verməmişdir. Ona görə də xahiş edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-1500/2025 saylı qətnaməsi ləğv edilərək iddiası təmin edilsin. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunan hallara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 31A ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənədləşmə işlərində (reyestr çıxarışı alınmasında) köməklik göstərməsi müqabilində sonuncunun ona zəhmət haqqı olaraq 3000 manat pul verəcəyi barədə aralarında şifahi razılaşma olduğunu iddia edərək, onun öhdəsinə götürdüyü işləri icra etməsinə rəğmən cavabdehin ona vəd etdiyi 3000 manat pulu verməkdən boyun qaçırdığını bildirir və həmin pulu cavabdehdən məhkəmə qaydasında tələb edir. Cavabdeh isə onunla iddiaçı arasında heç bir danışıq və razılaşma olmadığını, barəsində sənədləşmə aparılan torpaq sahəsi və evin faktiki olaraq bacısı X7 məxsus olduğunu, onun adına sənədləşmə işlərinin aparılmasına köməklik göstərilməsini də iddiaçıdan bacısı Günelin xahiş etdiyini, Günelin iddiaçıya zəhmət haqqı vəd edibetməməsini bilmədiyini və onlar arasındakı hər hansı razılaşmanın onun üçün maraqlı olmadığını, iddiaçının ondan nə əsasla pul tələb etməsini başa düşmədiyini, ona qarşı iddianı tamamilə əsassız hesab etdiyini bildirir. Birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclaslarında izahat verən Cavabdeh bildirmişdir ki, onunla İddiaçı arasında heç bir razılaşma olmamış və o, iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, bu barədə aralarında hər hansı əqd bağlanmamışdır. Barəsində sənədləşmə aparılan torpaq sahəsi və ev faktiki olaraq bacısı X7 məxsus olmuş, buna görə də o, bacısı Günelin tapşırığı ilə hərəkət edərək əmlaka çıxarış alınması üçün “ASAN xidmət” mərkəzinə müraciət etmiş, digər məsələləri də, o cümlədən sənədlərə və qeydiyyatın aparılmasına görə dövlət rüsumlarının ödənilməsini Günel özü həll etmiş, dövlət reyestrində onun adına əmlakın qeydiyyatı aparılmış, bu işlərdə iddiaçının heç bir rolu və ya iştirakı olmamışdır. Hər kəs kimi o da dövlət xidmətlərindən istifadə etmişdir. İddiaçının ondan hansı xidmətinə görə və nə əsasla pul istədiyini başa düşə bilmir. İddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsinə verdiyi izahatında onunla cavabdeh arasında bağlanmış şifahi razılaşmaya X4 və cavabdehin bacısı X6 zamin durduqlarını göstərmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 1998-ci ildən maklerliklə, yəni ev alqı-satqısı ilə məşğul olaraq bunun üçün dövlətə vergi ödəyir. Uzun müddətdir ki, iddiaçı və onun ailə üzvləri ilə tanışdır. Belə ki, həm iddiaçı, həm də o, maklerliklə məşğul olurlar. Cavabdehi isə şəxsən tanımır, cavabdehin bacısı Günel Hüseynovanı bu məsələdən sonra tanımışdır. Bir gün Hüseynova Günel ona zəng edərək bacısının adına olan evi satmaq istədiyini bildirmiş, o da öz növbəsində İddiaçı nömrəsini verərək iddiaçı və cavabdehin bacısını əlaqələndirmiş, başqa heç bir prosesdə iştirak etməmişdir. Daha sonra ona polisdən torpağı özəlləşdirib pulunu verməməsi ilə bağlı barəsində şikayət daxil olduğuna dair zəng gəlmişdir. Polis bölməsində izahat verərək məsələnin ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra onu 14-cü polis bölməsinə çağırıb haqsız yerə təhdid və təhqir edərək Günel Hüseynovanın 5000 manat, onun isə 2000 manat ödənilməli borcu olduğunu bildirmişlər. İddiaçı daim polisə şikayət edərək ondan əl çəkmədiyi üçün sonda bezərək “Güneldən xahiş edərəm, əgər aranızda pul söhbəti olubsa, ödəyər, pulu verməyə çalışar” demişdir. Günel Hüseynovanın torpağa çıxarış alarkən sənədləşdirmə işləri üçün 500 manat xərc çəkməsi barədə məlumatı var, amma iddiaçıya əlavə olaraq zəhmət haqqı kimi 3000 manat pul vəd etməsini eşitməmişdir. Digər şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, bacısı Cavabdeh adına olan evi sataraq Orucov Bəxtiyar adlı şəxsin adına keçirmək niyyətində olmuşdur. Bununla bağlı Lətafət adlı maklerlə əlaqə saxlamış, lakin ona evin sənədləri düzgün olmadığından, yəni sənədlərdə torpaq sahəsinin dövlət mülkiyyətində olması göstərildiyindən satılmasının mümkün olmadığı bildirilmişdir. Daha sonra bu məsələ ilə bağlı köməklik göstərməsi üçün Lətafət Əminova onunla iddiaçını tanış etmiş, iddiaçı sənəd məsələlərində onlara köməklik göstərəcəyini vəd etmiş, lakin bunun müqabilində 3000 manat istəyəcəyini deməmiş, aralarında pulla bağlı heç bir söhbət aparılmamış, nə də onların iddiaçıya 3000 manat ödəmək imkanları olmamışdır. Evə və torpağa baxış keçirildikdən sonra çıxarış verilməsinin mümkün olduğu bildirilmiş, sadəcə 500 manat dövlət rüsumu ödəyərək çıxarışı əldə etmişdir... Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlində pul tələbinə əsas verən sübut yoxdur, bacısı (cavabdeh) isə bu şəxsləri, ümumiyyətlə, tanımır. İşdə olan xx.xx.2023-cü il tarixli, ƏN-İ seriyalı 994610 nömrəli etibarnamə əsasında Cavabdeh İddiaçı onu Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin müvafiq Ərazi İdarələrində, “ASAN Xidmət” Mərkəzlərində, “DOST” Mərkəzlərində, “ASAN Kommunal” Mərkəzlərində, Daxili İşlər Nazirliyində, Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda, İcra Hakimiyyətlərində, Bələdiyyələrdə, Qeydiyyat Şöbələrində, Kooperativ və İctimai təşkilatlarda, arxiv idarələrində, səfirliklərdə, konsulluqlarda bütün təhsil müəssisələrində, MİS-də, "xxxx" ASC-də, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, "xxxx" MMC-də, telefon qovşaqlarında təmsil etməyi, adından ərizə ilə müraciət etməyi, ona məxsus sənədləri təhvil verməyi və ya almağı, təkrarını (dublikatını) almağı, lazımi sənədləri təqdim etməyi, adından sənədlərdə imza etməyi, adına zəruri xətlər çəkdirməyi, istənilən əməliyyatları aparmağı, nümayəndəsi olmağı, yeni sayğacların quraşdırılması, kodları digər şəxsin adına keçirməyi, çıxarış və arayışı, yüklülüyə dair arayış (Forma 1), texniki pasport almağı, bölgü sxemlərinin təsdiq edilməsi, istənilən sistemləri çəkdirməyi, arayışların alınması, notariat ofisində onun adından ərizə verməyi, rüsum və xərcləri ödəməyi və bununla əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 31A ünvanda yerləşən ümumi sahəsi 73.54 ha olan bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2023-cü il tarixdə **********90-11301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 14-cü polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3/2-M-16533 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə daxil olmuş müraciətinə baxılaraq müraciətində göstərilən xüsusatların mülki xarakterli olması bildirilmiş, aidiyyəti məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının vəsatətinə əsasən məhkəmə kollegiyası həmçinin iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən tələbini əsaslandıran sübut kimi təqdim olunmuş CD diskdə olan audioyazını tədqiq etmiş, həmin səs yazısının İddiaçı ilə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 arasındakı danışıq olduğu müəyyən edilmişdir. Danışıq zamanı L.Əminova iddiaçıya deyir ki, ona bank kartının nömrəsini versin və o, Günellə danışacaq ki, 3000 manat pulu 2 dəfəyə yarı-yarı olmaqla həmin karta göndərsin... Eyni zamanda, danışıqdan müəyyən olunur ki, L.Əminova iddiaçının şikayəti əsasında Polis şöbəsinə çağırılmasının və orada ona hədəqorxu gəlinməsinin təsiri altında, polis tərəfindən bir daha narahat edilməməsi məqsədilə iddiaçıya zəng etmişdir. CD diskdə olan danışığa münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində həmin söhbətlə bağlı bildirmişdir ki, ... iddiaçı daim polisə şikayət edərək ondan əl çəkmədiyi üçün sonda bezərək “Güneldən xahiş edərəm, əgər aranızda pul söhbəti olubsa, ödəyər, pulu verməyə çalışar” demişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, CD diskdə olan danışıq X4 tərəfindən cavabdehin (və ya onun bacısının) iddiaçıya 3000 manat pul ödəməyi öhdəsinə götürməsinin təsdiq edilməsi kimi qəbul oluna və qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci madəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, cavabdehlə iddiaçı arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən iddiaçı cavabdehdən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 31A ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə sonuncunun mülkiyyət hüququnun sənədləşdirilməsi işlərinə (reyestr çıxarışı alınmasına) köməklik göstərmək tapşırığı almış, tapşırığın icrası üçün cavabdeh iddiaçının adına etibarnamə vermişdir. Apellyasiya baxışında iddiaçı izahat verərkən bildirmişdir ki, o, cavabdehdən qəbul etdiyi tapşırığı icra edərkən 3000 manat xərc çəkmişdir və hazırda cavabdehdən həmin xərcin ona ödənilməsini tələb edir. Lakin iddiaçı məhkəməyə tapşırıq müqaviləsinin icrası ilə bağlı çəkdiyi xərclərə dair hər hansı sübut təqdim edə bilməmişdir. Eləcə də, iddiaçı məhkəməyə tapşırığın icrası üçün cavabdehin ona hər hansı məbləğdə muzd ödəməyi öhdəsinə götürməsini, bununla bağlı aralarında razılaşma olmasını təsdiqləyən mötəbər sübut təqdim edə bilməmiş, onun istinad etdiyi sübutlar (şahid ifadələri və audioyazı) isə iddia etdiyi halı təsdiq etməmişdir. İddiaçı məhkəməyə müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlaması və ya xidmətlər göstərməsi ilə bağlı sübutlar da təqdim etməmişdir. Cavabdeh isə iddiaçının onun üçün heç bir tapşırıq icra etmədiyini və hər hansı xidmət göstərmədiyini, özünün “ASAN xidmət” mərkəzinə müraciəti əsasında ona lazım olan məsələlərin həll olunduğunu və göstərilən xidmətlərə görə tərəfindən yalnız dövlət rüsumlarının ödənildiyini, hər kəs kimi onun da dövlət xidmətlərindən istifadə etdiyini, iddiaçının ondan pul tələbinin əsassız olduğunu bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, həmçinin məhkəmə araşdırması zamanı həmin hallar öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz hesab edir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-1500/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1448/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1448/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver