Məhkəmə qərarları › İş №2(105)-1449/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1449/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1449/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2558/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 416294 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 207 saylı qeydiyyat aparılmışdır.

2. 3 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018- ci il tarixli AZ-İV № 148112 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4217 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X3r.

3. Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-644/2019 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, X5 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış 476 nömrəli nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X6 anası X2 yanında saxlanılması, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit məbləğdə alimentin tutularaq azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə ödənilməsi, iddia tələbinin qalmış hissədə rədd edilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra olunması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-644/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 iyun 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 28 mart 2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 11 mart 2019cu il tarixli, 2(001)-644/2019 saylı qətnaməsi ilə 19 iyun 2012-ci ildə qeydə alınmış rəsmi nikahılarına xitam verilmiş, rəsmi nikahlarından anadan olmuş 28 mart 2016-cı il təvəllüdlü X6 nikah pozulduqdan sonra onun yanında saxlanması və 28 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qəl edilmişdir. X15 orta məktəbin 2-ci sinifində oxuyur. Maddi imkanı yoxdur. A.Qasımovanın tələbatları günü-gündən artır. O, bir ana kimi qızının ali təhsilli və sağlam böyüməsini arzu edir. Lakin maddi imkanı buna imkan vermir. Onun tələbatı günü-gündən artır. Övladının yeyib-içmək və digər xərclərini uşağın istəklərinə uyğun ödəyə bilmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 235 manat müəyyən edilmişdir. Rəsmi nikahlarından anadan olmuş 28 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(001)-644/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 154 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 235 manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzi olaraq 60 (alımış) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2558/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-644/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması, Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manatın tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2 və 112.1-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarındakı hüquqi mövqeyi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 107, 119.1, 124.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-2558/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(012)-2558/2024 saylı qətnaməsi tamamilə qanunsuz və əsasızdır, işə baxılarkən maddi hüquq normaları pozulmuş, tətbiq olunmalı maddi hüquq normaları tətbiq olunmamış və məhkəmə səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. Abşeron Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(012)-2558/2024 saylı qətnaməsi apellyasiya qaydasında ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbuledilməlidi

10. İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(012)-2258/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin olunması, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cu il tarixli 2(001)-644/2019 saylı qətnaməsinin dəyişdirilərək müəyyən olunmuş alimentin məbləğinin artırılması, birgə nikah vaxtı doğulmuş övladları xx.xx.2016-ci il təvəlüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat alimentin cavabdehdən tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, hazırda heç yerdə işləmir, maddi vəziyyəti mminumum yaşayış həddini təmin etmir. Əmək haqqısından aliment tutularaq iddiaçıya ödənilir, heç bir aliment borcu yoxdur. Ailə Məcələsinin 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olnmuş miqarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanun tələbindən də görünür ki, əgər tərəflərdən birinin ailə vəziyyətində və maddi vəziyyətində dəyişiklik olduğu halda məhkəmə alimentin miqdarını dəyişdirə bilər. Qeyd etmək istəyir ki, hazırda heç yerdə çalışmır, heç bir əmək haqqı almır maddi vəziyyəti Binəqədi Rayon Məhkəməsinin qətnaməsi olduğu vaxtdan daha da pis vəziyyətdədir. İddiaçı isə hazırda əmək fəaliyyəti ilə məşğuldur, yüksək əmək haqqı alır, maddi vəziyyətində müsbət dəyişiklik vardır, yaşayış minumumdan yüksək səviyyədə yaşayır. Məhkəmə onun əvvəlki illərlə müqayisədə maddi vəziyyətinin pisləşdiyinə, başqa yerdə çalışıb qazanc əldə edə bilmədiyinə, minumum yaşayış həddini təmin etmədiyini, iddiaçının hazırda çalışıb yüksək əmək haqqı almağını araşdırmamış və hüquqi qiymət verməmişdir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuş, iş üçün zəruri halları araşdırmamış, tətbiq olunmalı hüquq normalarını tətbiq etməmiş, səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. Qeyd etdiklərini, Ailə Məcələsinin müvafiq maddələrini və qanunun digər tələblərini rəhbər tutaraq məhkəmədən xahiş edir ki, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilsin.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

14. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

15. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

16. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqları haqqında” Konvensiya:

18. Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

“Uşaq hüquqları haqqında” Qanun:

19. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

20. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

21. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2558/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir.

34. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

37. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

39. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir.

40. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır.

41. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.

43. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərində aliment borcunun olmamasını, heç yerdə işləməməsini, əmək haqqının almamasını göstərmişdir.

44. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərkən həm də uşağın mənafeyini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq iddianın qismən təmin edilməsini əsaslı hesab etmişdir.

45. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

46. Kollegiya qeyd edir ki, göstərilən dəlillər cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin sabit pul məbləğindən az məbləğdə müəyyən edilməsi üçün əsas deyildir. Bununla belə, məhkəmə alimentin miqdarını müəyyən edərkən cavabdehin maddi vəziyyətini və uşağın maddi tələbatını nəzərə almışdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər cavabdehi uşağının saxlanılmasında maddi iştirakdan azad etmir. Həm də aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən uşağın maddi tələbatını və tərəflərin maddi və digər diqqətəlayiq hallarını nəzərə almışdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-644/2019 saylı qətnaməsinin çıxarılmasından 5 il vaxt keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşağın saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, mövcud iqtisadi vəziyyətdə inflyasiya nəzərə alınmalıdır.

49. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

50. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X11rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

51. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2558/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar