Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-145/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2357/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolun və xx.xx.2024-cü il tarixli, TP ******* saylı “X7 haqqında” qərarın surətlərindən görünür ki, “Mazda 2 minik” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələri ilə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir.
2. "xxxx" MMC tərəfindən verilmiş Mİ-151471 nömrəli qüsur aktından görünür ki, “X4 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə (ƏDV daxil olmaqla) 8695,77 manat məbləğində ziyan dəymişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4496 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “X4 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxmini 7680 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti -5680 manat, təmir-bərpa işlərinin qiyməti- 2000 manat müəyyən edilir. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq etməklə təxminən 7344 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 5344 manat, təmir-bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 18:30 radələrində cavabdehin idarə etdiyi, ona məxsus olan “Mazda 2” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 6-cı mikrorayon istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus və İddiaçı tərəfindən idarə olunan “X4 minik” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə sonuncu da, qarşıda eyni istiqamətdə olan X2 idarə etdiyi “Toyota Prius minik” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Cavabdeh İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli təmir aktına əsasən hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə ümumilikdə 8695,77 manat məbləğində ziyan dəymişdir. Hadisənin xx.xx.2024-cü tarixdə baş verməsinə baxmayaraq, cavabdeh indiyə qədər iddiaçıya məxsus nəqliyyat vasitəsini təmir etdirməmiş və ya təmir xərclərini ödəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh törədilmiş olduğu avtoqəza nəticəsində iddiaçıya məxsus “X4 minik” markalı, 77-LB576 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 8695,77 manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2357/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 7344 (yeddi min üç yüz qırx dörd) manat məbləğində maddi ziyanın əvəzinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutulması qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2357/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2357/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini əsassız və qanunsuz hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixdə axşam saat 18.30 radələrində idarə etdiyi özünə məxsus “Mazda-2” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törənmişdir. Faktla bağlı aparılmış inzibati araşdırma zamanı hadisənin onun təqsiri üzündən baş verməsi sübuta yetirilmiş və o, X7 Haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərara əsasən AR İXM-nin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir.
10. Məhkəmə ekspertizası onun iştirakı olmadan iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının məlumatlarına əsasən nəzəri hesablama yolu ilə keçirilmiş və İddiaçı idarə etdiyi “X4” minik markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği 7.344 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, ekspert rəyində və məhkəmə qətnaməsində göstərilmiş avtomobilə dəymiş maddi ziyanın məbləği xeyli şişirdilmişdir. Çünki, iddiaçının idarə etdiyi avtomobilin ehtiyat hissələri və onların dəyər qiyməti hazırki tarixə əmlak bazarında olan qiymətləri əks etdirmir. Ona görə də hesab edir ki, qətnamə əsassızdır və ləğv edilməlidir
11. İdarə etdiyi avtomobillə hərəkətdə olarkən texniki nasazlıq səbəindən ondan qabaqda İddiaçı idarə etdiyi “X4” minik markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur və nəticədə həmin avtomobil də qarşıda eyni istiqamətdə dayanmış vəziyyətdə olan X2 idarə etdiyi “Toyota Prius” minik markalı, **-FS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə, İddiaçı "xxxx" MMC-yə müraciət edərək avtomobilə dəymiş zərərin 8.695,77 manat məbləğində olması barədə qiymətləndirmə aktı almış və ona qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan maddi ziyana görə ümumilikdə 8.695,77 manat məbləğində pul tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, dəymiş maddi zərər düzgün hesablanmamış və obyektiv qiymətləndirilməmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam, ətraflı və obyektiv araşdırmadan qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh Mirsahib qızı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinin mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. İşin hallarına görə 22 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Tərəflər arasındakı mübahisəli hal iddiaçıya dəymiş zərərin həcmi ilə bağlıdır.
34. Kollegiya apellyasiya şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş maddi ziyana görə məbləğ tutularkən birinci instansiya məhkəməsi haqlı olaraq Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini nəzərə almışdır.
35. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
36. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
37. Kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir.
38. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
40. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
41. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
42. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2357/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2357/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.