Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1455/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-179/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə, İddiaçı1 və İddiaçı2 Cavabdeh “Opel Vita” markalı **-XF-*** nömrə nişanlı avtomobil almış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında avtomobil İddiaçı2 adına rəsmiləşdirilmişdir.
2. Daha sonra iddiaçılar avtomobilin nasaz olması səbəbilə, avtomobili qaytarmaq üçün cavabdehlə əlaqə yaratmaq istəsələr də, əlaqə yarada bilməmişlər və nəticədə iddiaçılar xx.xx.2023-cü il tarixdə polisə müraciət etmiş və müraciətlərinə əsasən araşdırma aparılmışdır.
3. Bakı şəhər Baş Polis İdarəsinin İddiaçı1 ünvanladığı 3-13-44-2-1/2-Ə-421/11 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun aldığı “Opel Vita” markalı avtomobilin sonradan nasaz çıxması səbəbindən geri qaytarmaq istəməsilə bağlı şikayətnin nəticəsiz qalmasına dair müraciətinə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində baxılmışdır.
4. Məlum olmuşdur ki, eyni məsələ ilə bağlı arvadı İddiaçı2 şikayəti əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsində təhqiqat araşdırması aparılıb toplanmış material üzrə əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinərək xx.xx.2023cü il tarixdə Azərbaycan CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2350 manat maddi ziyan, hüquqi yardım göstərilməsi üçün 50 manat və 44 manat dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
6. İddia onunla əsaslandırılmışdır ki, şəxsi avtomobil almaq məqsədi ilə “turbo.az” saytı vasitəsi ilə avtomobil axtarmış, qeyd edilən sayt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Opel markalı Vita modeli, ** XF *** dövlət qeydiyyat nişanı olan avtomobili görünüş baxımından bəyəndikdən sonra cavabdehlə əlaqə saxlayaraq avtomobil haqqında məlumat əldə etmiş, bir neçə saat sonra cavabdehlə görüşmüşdür. Avtomobilinin texniki vəziyyəti ilə bağlı məlumat əldə etmək istədikdə cavabdeh şifahi olaraq onlara avtomobilinin əla vəziyyətdə olduğunu bildirmişdir. Cavabdehə inandıqlarından avtomobili öz adlarına rəsmiləşdirməyi qərara almışdır. Tərəflərindən avtomobili istifadə etdikdə müəyyən problemlərlə qarşılaşdıqlarından servisə müraciət etmişdirlər və müayinə zamanı avtomobilin motorundan, karobkasında, idarəetmə oxunda, əyləc sistemində problemlərin olduğu bəlli olmuşdur. Qeyd edilən qüsurların aradan qaldırılması üçün servisdə təxmini olaraq 2350 manat pul vəsaiti tələb olunmuşdur. Bundan sonra cavabdehlə əlaqə saxlayaraq yaranmış vəziyyətə aydınlıq gətirilməsi ilə bağlı ona məlum olan mobil telefon vasitəsi ilə əlaqə qurmaq istəmiş, lakin heç bir halda mobil telefona cavab verilməmişdir. Sonradan Bakı şəhəri Baş Polis İdarəsinə yaranmış vəziyyətlə bağlı şikayət etmişdir. Lakin şikayətin araşdırılması ilə bağlı məsələnin mülki məsələ olduğundan mülki qaydada məhkəmə icraatında baxılması tövsiyyə olunmuşdur.
7. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, “Opel Vita” markalı avtomobilin satışı ilə əlaqədar “Turbo.az” saytında elan yerləşdirmişdir. Elnur adlı şəxs ona zəng edib həmin maşın ilə maraqlanmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 22:00 radələrində Bakı Dövlət Yol Polis İdarəsinin həyətində görüşmüşlər. Artıq qaranlıq olduğuna görə sabaha saxlamasını bildirmiş, lakin Elnur razılaşmamış və maşını almaq istədiyini bildirmişdir. Həmin vaxt maşın saz vəziyətdə olmuşdur. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.
8. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-179/2023 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddia qismən təmin edilərək, Cavabdeh 2350 (iki min üç yüz əlli) manat maddi ziyan, hüquqi yardım göstərilməsi üçün 30 manat və məhkəmə üçün 44 manat dövlət rüsumunun tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 21-ci, Mülki Prosessual Məcəllənin 14, 121, 77, 106. 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən, iş materiallarında olan formal olaraq tərtib edilmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına istinad etmişdir. Həmin aktda isə “Avto Planet” servisdə “Opel Vita” markalı **-XF-*** nömrə nişanlı avtomobil yoxlanıldığı və avtomobildə olan qüsurların ümumi məbləğinin 2500 manat təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi “Opel Vita” markalı avtomobil xx.xx.2022-ci il tarixində satıldığı halda qüsur aktı xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Yəni, nəqliyyat vasitəsi 4 ay istifadə edildikdən sonra ehtiyyat hissələrinin sıradan çıxması normaldır. Belə ki, avtomobil 1999-cu il buraxılışlı olmuş və iddiaçı tərəf avtomobili alarkən bunu bilərək müraciət etmişdir. Bundan əlavə, “Opel Vita” markalı avtomobil xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində baxışdan keçirilmiş və müvafiq şəhadətnamə ilə birlikdə iddiaçıya satılmışdır. Göründüyü kimi “Avto Planet” servisdə “Opel Vita” markalı **-XF-*** nömrə nişanlı avtomobilin yoxlanılması və avtomobildə olan qüsurların ümumi məbləğinin 2500 manat təşkil etdiyinə dair qüsur aktı həqiqəti əks etdirmir, bu akta istinad edilərək qəbul edilmiş qətnamə isə qanuni və əsaslı hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
16. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
18. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
19. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. İş materiallarından müəyyən olunur ki, internet saytında verilmiş elan üzrə Cavabdeh özünü “Opel Vita” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilin sahibi kimi təqdim edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin avtomobili satmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında avtomobil İddiaçı2 adına rəsmiləşdirilmişdir. Daha sonra iddiaçılar avtomobilin nasaz olması səbəbilə avtomobili qaytarmaq üçün cavabdehlə əlaqə yaratmaq istəsələr də, əlaqə yarada bilməmişlər və nəticədə iddiaçılar 2 gün sonra xx.xx.2023-cü il tarixdə polisə müraciət etmişlər və müraciətlərinə əsasən araşdırma aparılmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsində təhqiqat araşdırması aparılıb toplanmış material üzrə əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinərək xx.xx.2023-cü il tarixdə Azərbaycan CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
26. İşin mübahisəsiz halına görə avtomobilin satıcısı Cavabdeh özü olmuşdur. Ona görə də, satılmış əşyanın qüsurları üçün də cavabdehdir.
27. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh “Opel Vita” markalı ** XF *** nömrə nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə alınması işin mübahisəsiz halıdır. Avtomobildə yaranmış nasazlıqla bağlı isə iddiaçılar avtomobil alındıqdan 2 gün sonra polisə müraciət etmişlər. Bu hal iddiaçılara nasaz avtomobil satıldığını sübut edən hal kimi çıxış edir.
29. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Avto Planet” servisdə “Opel Vita” markalı ** XF *** nömrə nişanlı avtomobil yoxlanılmış və avtomobildə olan qüsurların ümumi məbləği 2500 manat təşkil edir.
30. Məhkəmə kollegiyası qeyd edilən halın araşdırılması üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) “Opel Vita” markalı ** XF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən təmirə ehtiyac vardırmı? 2) Əgər varsa, həmin təmirə və ehtiyyat hissələrinə görə nə qədər pul vəsaiti tələb olunur? 3) “Opel Vita” markalı ** XF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan xərclər xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən məbləğlərə uyğundurmu? 4) Həmin qüsur aktında avtomaşının təmiri üçün tələb olunan xərclər siyahısında göstərilən ehtiyyat hissələrinin və təmir xərclərinin dəyəri bazar qiymətlərinə uyğundurmu? 31 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6180 nömrəli rəyində qeyd edilmişdir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 1998-ci il buraxılışlı “Opel” markalı, “Vita” model, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin aprel ayına olan təmir-bərpa xərci təxminən 2500 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti - 2200, təmir bərpa işlərinin qiyməti - 300 manat.
32. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
33. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş sənədləri əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
34. İddiaçılar cavabdehdən 2350 manat məbləğində maddi ziyanın tutulmasını tələb etdiyindən, birinci instansiya məhkəməsi əsaslı olaraq həmin məbləğin cavabdehdən tutulması nəticəsinə gəlmişdir.
35. Apellyasiya şikayətində cavabdehin mübahisələndirdiyi hallarla bağlı kollegiya qeyd edir ki, avtomobil xx.xx.2022-ci il tarixində satıldığı halda qüsur aktının xx.xx.2023-cü il tarixdə tərtib edilməsi, ehtiyyat hissələrinin həmin tarixdə sıradan çıxması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, avtomobildə yaranmış nasazlıqlara görə iddiaçılar onu aldıqdan 2 gün sonra müvafiq orqanlara müraciət etmişdirlər. Bu isə avtomobildəki qüsurların iddiaçılara verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini təsdiq edir.
36. Avtomobildə olan qüsurların ümumi məbləğinin 2500 manat təşkil etdiyinə dair qüsur aktının həqiqəti əks etdirməməsi barədə şikayətin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, avtomobildə olan qüsurların ümumi məbləğinin 2500 manat təşkil etməsi ekspert rəyi ilə də təsdiq olunmuşdur.
37. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
39. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
40. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(028)-179/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.