Məhkəmə qərarları › İş №2(105)-1455/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1455/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1455/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3108/2024 nömrəli 13 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 260 (iki yüz altmış) manat, 61 (altmış bir) qəpik pul vəsaiti və ödənilmiş 81,72 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 4484,7 manat əsas borcu, 1193,56 manat faiz borcu və 58,17 manat cərimə borcu olmaqla, cəmi 5736,43 manat borcu, kart limiti üzrə 425,78 manat əsas borcu və 8,98 manat faiz borcu olmaqla, cəmi 434,76 manat borcunun və ödənilmiş 81,72 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X4 arasında bağlanmış BPM**********65 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 24 faizlə 36 ay müddətinə 600 manat məbləğində kart limiti verilmişdir. Əlavə olaraq "xxxx" ASC-nin Sumqayıt filialı ilə X4 arasında bağlanmış BPM**********40 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 21 faizlə 48 ay müddətinə 5250 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 267245 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 27 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmış və o, miras əmlakdan tam hissədə pay almışdır. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 xx.xx.2024cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 4484,7 manat əsas borcu, 1193,56 manat faiz borcu və 58,17 manat cərimə borcu olmaqla, cəmi 5736,43 manat borcu, kart limiti üzrə 425,78 manat əsas borcu və 8,98 manat faiz borcu olmaqla, cəmi 434,76 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 81,72 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-5561/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, X2 vərəsəsi Cavabdeh bankın xeyrinə nağd kredit üzrə 4484.7 manat əsas borcu, 1193.56 manat faiz borcu və 58.17 AZN cərimə borcu olmaqla, cəmi 5736.43 manat borcu, kart limiti üzrə 425.78 manat əsas borcu və 8.98 manat faiz borcu olmaqla, cəmi 434.76 manat borcunun və ödənilmiş 81.72 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Belə ki, X2 vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə payalmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, X2 vərəsəsi Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməldir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi və bunun nəticəsində iddiaçıya borcu yaranması, cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməməsi, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranması ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən apellyasiya şikayəti vermiş, qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş edir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, mərhum X2 "xxxx" ASC ilə bağlamış olduğu xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, X4 xx.xx.2022-ci il tarixində ölmüş, 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 27 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən Cavabdeh X2 vərəsəsi kimi tanınmış, miras əmlakdan tam hissədə pay almış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən qismən mübahisələndirilmiş və iddianı tam təmin edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Sumqayıt şəhəri, X5 qəsəbəsi, Xətai küçəsi, ev 2, mənzil 28 ünvanında qeydiyyatda olan Cavabdehdur, o, miras əmlakdan tam pay almalıdır, şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 261 nömrəli məktubuna əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində X7 Fondu tərəfindən ödəniləcək xx.xx.2022-xx.xx.2022-ci il dövrü əhatə edən SN 00007 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödəniləcək məbləğ təqribən 110,60 manat, xx.xx.2022-xx.xx.2022-ci il dövrü əhatə edən 00007 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə ödəniləcək məbləğ təqribən 150,01 manat pul məbləğindən ibarətdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qəbul etdiyi miras əmlak (miras aktivi) 260,61 manat təşkil etdiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq ödənilməli borcu yalnız miras aktivi həcmində ödənilməsinə yönəldilməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar