Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1459/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4953/2022 nömrəli qəraradından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 10800 manat dəymiş ziyan və 100 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10900 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-4953/2022 saylı qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-4953/2022 saylı qiyabi qətnaməsinin ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-4953/2022 saylı qiyabi qətnaməsinin ləğvi barədə Cavabdeh tərəfindən verilmiş ərizədən imtina edilməsi qərara alınmışdır (hakim Emin Abdullayev). Cavabdeh şikayət verib qərardadı ləğv edərək qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandırması ilə razı deyil. Cavabdeh Asan imza və elektron imza sahibi olmadığı üçün "Elektron məhkəmə” informasiya sistemindən istifadəsi və elektron kabinet formalaşdırması qeyri-mümkündür. Bu səbəbdən də qiyabi qətnamənin elektron kabinetə yerləşdirilməsi həmin qətnamənin cavabdehə rəsmi qaydada verilmiş hesab edilməsi üçün əsas ola bilməz. Bundan başqa, qiyabi qətnamənin cavabdehin yaşadığı ünvana göndərilməsi və xx.xx.2022-ci il tarixində şəxsən cavabdeh tərəfindən poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada alınması barədə qərardadda göstərilənləri də əsassız hesab edir. Cavabdeh sözügedən qiyabi qətnaməni almamış və bununla bağlı poçt xəbərnaməsinə imza etməmişdir. Məhkəmə isə işin bu halının hərtərəfli, tam və obyektiv şəkildə tədqiqinə şərait yaratmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 4953/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Maddə 246. Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir. Kollegiya iş materiallarını nəzərdən keçirib qeyd edir ki, qiyabi qətnamənin ləğvinə dair ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə verilmişdir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-4953/2022 saylı qiyabi qətnaməsi xx.xx.2022-ci ildə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq da məhkəmə qətnaməsi rəsmi qaydada çatdırılmışdır. Sözügedən qiyabi qətnamə həmçinin cavabdehin yaşadığı ünvana göndərilmiş, xx.xx.2022-ci il tarixində şəxsən cavabdeh tərəfindən poçt xəbərnaməsinə imza edilməklə rəsmi qaydada alınmışdır. Lakin Cavabdeh tərəfindən verilmiş ərizə elektron məhkəmə sisteminə, qanunda qiyabi qətnamənin ləğvinə dair ərizə verilməsi üçün nəzərdə tutulmuş müddətdən 7 ay keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Şikayətin cavabdehin asan imza və elektron imza sahibi olmadığı üçün "Elektron məhkəmə” informasiya sistemindən istifadəsi və elektron kabinet formalaşdırmasının qeyrimümkün olması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron sistemdə qeydiyyatdan keçməklə elektron kabineti yaradılmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(060)-4953/2022 saylı qiyabi qətnaməsinin ləğvinə dair verdiyi ərizədən imtina edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-4953/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1459/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1459/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver