Məhkəmə qərarları › İş №2(105)-146/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-146/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-146/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Mönsümov İlqar Nizami oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması barədə ilk iddiasına, Mönsümov İlqar Nizami oğlunun İddiaçı ASC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(034)-83/2019 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(034)-83/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc tələbinə dair» ilk iddia tələbinin təmin edilməməsi, Cavabdeh1 İddiaçı ASCyə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair» qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakim G.İmanova) Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(034)- 83/2019 nömrəli qətnaməsinin ilk iddia üzrə İddiaçı ASC-nin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ilk iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(105)-211/2020 nömrəli qətnaməsi ilə iddiaçının nümayəndəsi Zaur Əliyevin və Cavabdeh1 apellyasiya şikayətlərinin təmin edilməməsi, Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə 26 fevral 2019-cu il tarixli, 2(034)-83/2019 saylı qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.04.2021-ci il tarixli, 2(102)-721/2021 nömrəli qərarı ilə qətnamədən İddiaçı ASC tərəfindən verilən kassasiya şikayəti təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2020-ci il tarixli, 2(105)- 211/2020 nömrəli qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilərək, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc tələbinə dair» ilk iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 13.11.2013-cü il tarixli, 119.LN.1404.131113.00001 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24026,38 ABŞ dolları əsas, 4148.77 ABŞ dolları faiz, 1301,28 ABŞ dolları cərimə olmaqla, cəmi 29476,43 ABŞ dolları məbləğində borcun (milli manat ekvivalentində), 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka qoyulmuş X7 minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli, 119.LN.1404.131113.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 24 faizlə 36 ay müddətinə 36000 ABŞ dolları məbləğində kredit verilmişdir.Yuxarıda göstərilən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında 13 noyabr 2013-cü il tarixli, 100.CL.131113.00001/n saylı ipoteka müqaviləsi bağlanmış, X7 minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə ipoteka hüququ verilmiş və onun qeydiyyatı 14 noyabr 2013-cü il tarixli, AA 109696 nömrəli şəhadətnamə ilə təsdiqlənmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 25.02.2015-ci il tarixli, 100.CL.250215.00001/c saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 (zamin) kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 İddiaçı ASC-yə 19.02.2016-cı il tarixə olan borcu 24026,38 ABŞ dolları əsas, 4148,77 ABŞ dolları faiz, 1301,28 ABŞ dolları cərimə olmaqla, cəmi 29476,43 ABŞ dolları təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh1 İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış 13.11.2013-cü il tarixli, 119.LN.1404.131113.00001 saylı kredit müqaviləsinin 15.08.2015-ci il tarixdə ləğv edilmiş hesab edilməsi, əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi 12900 ABŞ dollarının qətnamə icra edilən an üçün Azərbaycan manatına məzənnə ilə alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178, 309, 294 maddələri ilə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə kredit müqaviləsi bağlamışdır. Kreditin təyinatı “X7” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması olmuşdur. Kredit müqavilə üzrə kredit müqaviləsində onun imzası olsa da, əslində vəziyyət tamami ilə başqadır. O, dostluq münasibəti zəminində müqaviləyə imza etmişdir. Bu müqavilə üzrə Cavabdeh3 “X7” minik avtomobili almaq üçün onun köməyindən istifadə etmişdir. Nəqliyyat vasitəsinin sahibi sonradan mülkiyyətində olan avtomaşını başqa bir şəxsə O.Osmanova satmışdır. O.Osmanov uzun müddət İddiaçı-a öz adından ödənişlər etmişdir. Bu barədə bankın işçiləri də məlumatlı olmuşlar. Sonradan nəqliyyat vasitəsi etibarnamə əsasında digər şəxs Cavabdeh2 verilmiş və o, İsmayıllı rayonuna gedərkən yolda qəza törətmişdir. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşmüşdür. Nəqliyyat vasitəsi «Ata Sığorta» və «Alfa rentakar sığorta» tərəfindən sığortalanmışdır. Qəzadan sonra nəqliyyat vasitəsi üçün «Ata Sığorta» və "xxxx" tərəfindən cəmi 15000 manat pul ödənilmişdir. Lakin bu ödənişin kimə edildiyi bəlli deyildir. İddiaçı ASC kredit müqaviləsi bağlandığından iki il sonra 25.02.2015-ci ildə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamış və sığorta ödənişini də Cavabdeh2 ödənildiyini bildirmişlər, baxmayaraq o, Cavabdeh2 heç vaxt görməmiş və onu tanımamışdır, həmçinin, Cavabdeh2 iş üzrə nə avtomobilin mülkiyyətçisi, nə də kredit alandır. Kredit müqaviləsindən iki il keçdikdən sonra ona zəng etmişlər ki, onun banka borcu var. Halbuki, o, maşını 2015-ci ilin avqust ayında tapıb banka təhvil vermişdir. Avtomobil Banka təhvil verildiyi zaman hər hansı xırda nasazlığı olsa belə tam yararlı vəziyyətdə olmuşdur, sadəcə avtomobilin kapotu tam bağlanmamışdır. Avtomobilin təmirinə həmin vaxt təxminən ən çox ***-**** manat sərf olunacaqdı. Avtomobili təhvil veriləndə bu barədə akt tərtib olunmuşdur və bank işçiləri ona demişlər ki, onun artıq borcu yoxdur, “narahat olma müqavilə ləğv olonub”. Lakin, iki il keçdikdən sonra ona zəng etmişlər ki, onun banka borcu var. Göründüyü kimi, kredit müqaviləsi X7 nəqliyyat vasitəsinin alınması üçün götürülmüş, müxtəlif şəxslərin mülkiyyətində və istifadəsində olmuşdur. Bu səbəbdən ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia təmin edilərək, cavabdehlə bağlanmış 13.11.2013-cü il tarixli, 119.LN.1404. 131113.00001 saylı kredit müqaviləsinin 15.08.2015-ci il tarixdə ləğv edilmiş hesab edilməsi, əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi 12900 ABŞ dollarının qətnamə icra edilən an üçün Azərbaycan manatına məzənnə ilə alınaraq ona verilməsi barədə qətnamə çıxarılması və cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178, 309, 294 maddələri ilə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, Cavabdeh1 avtomobili 15 avqust 2015-ci il tarixdə banka təhvil vermiş, bu barədə akt tərtib olunmuş və Cavabdeh1 artıq müqavilənin ləğv edildiyi və qalan işləri bank görəcəyi bildirilsə də, onlar tərəfindən heç bir tədbir görülməmiş və avtomobil iki il ərzində saxlanılaraq borcun ödənilməsi üçün qiymətləndirilmiş və borcun ödənilməsinə yönəldilməmişdir. Məhkəmənin bu qənaəti səhv və absurddur. Əvvəla, avtomobilin mülkiyyətçisi ipoteka qoyan Cavabdeh3 başqa şəxslərə etibarnamə verərək nəqliyyat vasitəsini “özgəninkiləşdirilməsi” cavabdehləri müqavilə öhdəliklərinin icrasına görə məsuliyyətdən azad etmir. Bank borclu və ipoteka qoyan qarşısında hər hansı öhdəlik götürməmişdir və buna görə bankın məsuliyyət daşıması qanunvericiliyin hər hansı bir normasında nəzərdə tutulmayıb. Digər tərəfdən, bank yalnız məhkəmə yolu ilə borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini təmin edə bilərdi. Avtomobilin nəzəri qaydada 2015-ci ilə olan normal vəziyyətdə bazar dəyəri ekspert rəyi ilə 40000 manat müəyyən edilib. Halbuki, avtomobil banka yararsız halda təhvil verilib. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qətnamə ilk iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilə onunla bağlansa da, vəsait ona ödənilməyib. Avtomobil isə onun tanımadığı bir şəxsə təhvil verilmişdir. Kredit müqaviləsi 2013-cü ildə bağlansa da, 2015-ci ildə yenə də onun tanımadığı şəxslə zaminlik müqaviləsi bağlanmışdır. Ona nə müqavilə, nə də ödəniş qrafiki verilməyib. Aylıq ödənişləri avtomobili faktiki idarə edən şəxs ödəyib. 2013-cü ilin noyabr ayından, 2015-ci ilin iyun ayınadək hər ay fasiləsiz olaraq, ümumilikdə heç bir gecikmə olmadan 22.995,26 ABŞ dolları ödəniş olub. Avtomobilin dəyəri və ödənilmiş məbləğ 22.995,26+38095=61090,26 ABŞ dolları təşkil edir. Həmin tarixə banka olan borc 25195 ABŞ dolları təşkil edir. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən qətnamə ilkin iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, əlavə olaraq bildirdi ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli ekspert rəyi ilə razı deyil, ekspert rəyində avtomobilin likvid dəyəri yüksək məbləğdə qeyd edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, apellyasiya şikayəti təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, bildirdi ki, ekspert rəyi əsaslı və qanunidir, bankın apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Çünki sözügedən avtomobil onun istifadəsində olmayıb, bunu iddiaçı özü də bilir, odur ki, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Digər Cavabdeh3 rəsmi qeydiyyatda olduğu ünvanda yaşamadığından(ona göndərilmiş məhkəmə bildirişləri xaricdədir qeydi ilə geri qaytarılmışdır) onu məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli, 119.LN.1404.131113.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 24 faizlə 36 ay müddətinə 36000 ABŞ dolları məbləğində avtomobil alınması üçün kredit verilmişdir. Öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında 13 noyabr 2013-cü il tarixli, 100.CL.131113.00001/n saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 14.11.2013-cü il tarixdə qeydiyyata alınmışdır (AA 109696 seriyalı 14.11.2013-cü il tarixli çıxarış). İddiaçı tərəfindən İ.N.Mövsümova və Cavabdeh2 banka olan borcunun ödəməyəcəyi təqdirdə tutmanın ipoteka qoyulmuş avtomobilə yönəlməsi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı bildiriş göndərilmişdir.12.07.2017-ci il tarixdə isə bildirişin qeydə alınması üçün Bankın ərizəsi Azərbaycan Respublikası DİN BDYPİdə qeydiyyatdan keçirilmişdir. Həmçinin, bankla digər Cavabdeh2 arasında 25.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş 19.02.2016-cı il tarixli Maliyyə arayışından göründüyü kimi cavabdehin Banka 24026,38 ABŞ dolları əsas, 4148.77 ABŞ dolları faiz. 1301,28 ABŞ dolları cərimə olmaqla, cəmi 29476,43 ABŞ dolları məbləğində borcu vardır. İşdə olan 06.11.2017-ci il tarixli Maliyyə arayışından göründüyü kimi cavabdehin Banka 24026.38ABŞ dolları əsas, 10100.07 ABŞ dolları faiz borcu, hesablanmış artırılmış faiz borcu 6067.31 ABŞ dolları olmaqla, cəmi 40193.76 ABŞ dolları borcu yaranmışdır. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli 2(034)- 1161/2017 saylı qərardadına əsasən Məhkəmə Eksprtiza Mərkəzinin 28 noyabr 2018-ci il tarixli 2315 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" ASCdən alınmş kredit vəsaiti üzrə ödənilməli olan borc məbləği 14.08.2015-ci il tarixə əsas borc üzrə 24.022,88 ABŞ dolları, faiz borc üzrə 1.172,79 ABŞ dolları, 19.02.2016-cı il tarixə əsas borc üzrə 24.022,88 ABŞ dolları, faiz borc üzrə 4.135,62 ABŞ dolları, 13.11.2016-cı il tarixə əsas borc üzrə 24.022,88 ABŞ dolları, faiz borc üzrə 8.363,64 ABŞ dolları təşkil edir. Yenə iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 9/6784 nömrəli ekspert rəyindən görünür ki, “X7” minik markalı, 2007-ci il buraxılışlı, mühərrik tutumu 4200 kub/sm, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hal-hazırkı dövrə likvid qiyməti təxminən 30000,0 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/836 nömrəli ekspert rəyindən görünür ki, “X7” minik markalı, 2007-ci il buraxılışlı, mühərrik tutumu 4200 kub/sm, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin halhazırkı dövrə likvid dəyəri təxminən 28000,0 manat müəyyən edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası nəzərə alır ki, Zəngilan Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(034)-83/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Ona görə də həmin hissədə məhkəmə araşdırması aparılmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə Ali Məhkəmənin mülki kollegiyasının göstərişlərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunan faktiki hallarından müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsi bağlanaraq Cavabdeh1 illik 24 faizlə 36 ay müddətinə 36000 ABŞ dolları məbləğində kredit verilmişdir və Cavabdeh3 adına “X7” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil götürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında 13 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və “X7” minik markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilərək və ipoteka müqaviləsi 14 noyabr 2013-cü il tarixli, AA 109696 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qeydə alınmışdır. Kredit üzrə borclar 2015-ci ilin iyun ayınadək ödənilmiş və ödənişlər edilmədiyindən iddiaçı tərəfindən əsas borclu olan Cavabdeh1 borcun ödənilməsi tələb olunmuşdur. Cavabdeh1 ipotekaya qoyulmuş avtomobili taparaq 15 avqust 2015-ci il tarixində Banka təhvil vermişdir. İddiaçı məhkəməyə müraciət edərək 24026.38 ABŞ dolları əsas, 4148.77 ABŞ dolları faiz və 1301.28 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29476.43 ABŞ dolları borcun tutulmasını, tutmanın ipoteka predmeti olan “X7” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini xahiş edir. Qeyd edildiyi kimi Ali Məhkəmənin iş üzrə qərarına əsasən hazırda yalnız bu hissədə araşdırma aparılır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edildiyi kimi iddiaçı məhkəməyə müraciət edərək 19.02.2016-cı il tarixinə yaranmış 24026.38 ABŞ dolları əsas, 4148.77 ABŞ dolları faiz və 1301.28 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29476.43 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində müəyyən edilmişdir ki, həmin tarixə olan əsas borc məbləği 24022.88 ABŞ dolları, faiz borcu 4135.62 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, borc məbləği müəyyən edilərkən ekspert rəyi əsas götürülməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları nəzərə alınmaqla cərimə məbləği AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq 50 ABŞ dolları həcmində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçının ipoteka premetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş Cavabdeh3 mülkiyyətində olan “X7” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli və həmin əmlakın açıq hərracda satılmalıdır. İşdən göründüyü kimi ipoteka predmeti olan nəqliyyat vasitəsinin ilkin satış qiyməti mübahisə doğurmuş, bununla bağlı ekspertizalar keçirilmiş və sonuncu ekspert rəyi ilə ipoteka predmetinin likvid dəyəri 28000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu rəy ilə razılaşır və hesab edir ki, qeyd olunan məbləğ ağlabatan olmaqla real qiymətdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, bankla digər Cavabdeh2 arasında ikitərəfli 25.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və Cavabdeh3 məxsus “X7” minik markalı, 90SN434 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 31.03.2015-ci il tarixdə Bakı şəhəri, 50 saylı Notariat Kontorunda Cavabdeh2 və X4 adına AR-İ 385879 saylı etibarnamə verilmişdir. Etibarnamə 18 il 7 ay 29 gün müddətinə verilmişdir. İşin materiallarında olan "xxxx" ASC-nin İddiaçı ASCyə ünvanladığı 03.02.2015-ci il tarixli 140 saylı məktubdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış VİC-P-140238 saylı sığorta müqaviləsinə əsasən sığortalanmış və Bankla girov müqaviləsi bağlanmış Cavabdeh3 məxsus “X7” minik markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili 03.02.2015-ci il tarixində İsmayıllı rayonu, Lahıc yolunda yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramışdır. Vurulmuş ziyana görə faydalanan şəxs "xxxx" ASC-yə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 909.2-ci maddəsinə əsasən sığorta ödənişinin sığortalıya verilməsi və ya Banka olan borcun ödənilməsinə yönəlməsi ilə bağlı münasibət bildirilməsi xahiş edilmişdir. Həmin məktuba bank tərəfindən verilən 05/218 saylı, 26.02.2015-ci il tarixli cavab məktubunda həmin avtomaşının qəzaya uğraması ilə əlaqədar sığorta vəsaitinin Cavabdeh2 "xxxx" ASC-də olan hesabına köçürülməsi xahiş edilmişdir. 26.02.2015-ci il tarixli sərəncamla Cavabdeh2 "xxxx" ASC-də olan hesabındakı 15000 manat bloklaşdırılmışdır. Ali Məhkəmənin iş üzrə qərarında əksini tpamış göstərişlərindən biri də o olmuşdur ki, iddiaçı həmin məbləğin ipoteka predmetinin təmirinə sərf edildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, apellyasiya instansiyası məhkəməsi X7 markalı, **-SN-*** dövlət nömrə nişanlı minik avtomobilinə münasibətdə "xxxx" ASC tərəfindən ödənilən sığorta məbləğinin hansı məbləğdə və kimə verilməsini, bu pulun təyinatı üzrə avtomaşının təmirinə sərf edilib-edilməməsini, faydalanan şəxs olan İddiaçı ASC-nin filialının həmin məbləği borcun silinməsinə yönəldilməməsinin səbəblərini aydınlaşdırmamışdır. Apellyasiya baxışı zamanı məhkəmənin təklifi əsasında iddiaçı həmin vəsaitlə bağlı bank sənədlərini məhkəməyə təqdim etmişdir. İşə əlavə edilmiş hesabdan çıxarış və kassa məxaric orderlərindən görünür ki, sığorta aktına əsasən ödənilmiş 12482 manat pul vəsaiti 18.03.2015, 31.03.2015, 02.04.2015 və 03.04.2015-ci il tarixlərində Cavabdeh2 verilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi həmin vəsaitin Cavabdeh2 ipoteka predmeti olan nəqliyyat vasitəsinin təmiri üçün verildiyini bildirsə də, bu həqiqəti əks etdirmir. Belə ki, qeyd edilən maşının yol-nəqliyyat hadisəsindən sonra, alınmış sığorta pulu hesabına təmir edilməsini sübut edəcək bir sənəd iş materiallarına əlavə edilməmişdir. Əksinə, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın aradan qaldırılması üçün verilmiş sığorta pulunu ipotekasaxlayan olaraq, nəticəsi ilə maraqlanmadan, zaminə verən bank həmin maşının təmirsiz vəziyyətdə bankın həyətində olduğunu bildirir. İpoteka predmetinin təmiri üçün verilmiş vəsaitin hara xərcləndiyinə aydınlıq gətirilməsi üçün iş üzrə Cavabdeh2 çətinlilklə də olsa tapılıb məhkəməyə dəvət edilsə də, səbəbələri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Daha öncə qeyd olunduğu kimi bankla Cavabdeh2 arasında hazırki kredtin təminatı olaraq 25.02.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zamin kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Cavabdeh2 zamin olaraq borclu Cavabdeh1la hazırki kredit tələbi ilə bağlı eyni həcmdə məsuliyyət daşıyır. Kollegiyanın qənaətinə görə icra prosesində ilk növbədə Cavabdeh2 sığorta aktına əsasən ayrılmış və onun tərəfindən ipoteka predmeti olan nəqliyyat vasitəsinin təmiri adı altında götürülmüş pulun hara məsrəf edildiyi dəqiqləşdirilməli, ilk olaraq həmin vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsinin mümkünlüyü araşdırılmalıdır. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən onu əsas götürmüşdür ki, iddiaçının təhvil aldığı avtomobili vaxtında qiymətləndirməklə borcun ödənilməsinə yönəltməməsinin mənfi nəticəsini cavabdehlər deyil, iddiaçının özü daşımalı olduğundan iddiaçının iddia tələbi təmin edilməməlidir. Bununla razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəru hesab edir. İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2013-cü il tarixli, 119.LN.1404.131113.00001 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 24 faizlə 36 ay müddətinə 36000 ABŞ dolları məbləğində avtomobil alınması üçün kredit verilmiş, öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh3 arasında 13 noyabr 2013-cü il tarixli, 100.CL.131113.00001/n saylı ipoteka müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, işə baxan məhkəmə kredit müqaviləsi üzrə borcun ipotekaya yönəldilməsi tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən Mülki Məcəllənin 739-cu, 448-ci maddələrinin tələblərini düzgün tətbiq etməmşlər. Belə ki, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış 13.11.2013-cü il tarixli, Kredit müqaviləsi real müqavilədir. Həmin müqavilə üzrə borc borcalana verilmişdir. Borcalan pulu Bankdan götürdükdən sonra kiməsə verməsi sonrakı şəxsi Bank qarşısında “borcalana” çevirmir, çünki pul həmin şəxsə artıq Bankın deyil, “borcalanın” mülkiyyətində olan vəsait kimi verilmiş sayılır. Bank borcalan ilə aralarındakı kredit müqaviləsini müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlamışdır. Yəni, müqavilənin mahiyyətinə görə Bank kredit vermək niyyətində olmaqla bu krediti vermiş, “borcalanın” isə kredit almaq niyyəti olmuş və o, bu krediti almışdır. “Borcalanın” kredit əldə edərkən güddüyü niyyətin krediti özünün deyil, başqa şəxsin ehtiyacları üçün əldə etməsinin kredit müqaviləsinin hüquqi nəticələrinə aidiyyəti yoxdur. Belə ki, bu niyyət müqavilədən əvvəlki deyil, sonrakı niyyətdir. “Borcalanın” Bankdan aldığı və artıq onun mülkiyyəti sayılan pulu başqa şəxsə(lərə) verməsində isə Bankın heç bir günahı yoxdur. Beləliklə də, müəyyən edilir ki, Cavabdeh1 13.11.2013-cü il tarixli Kredit müqaviləsi üzrə “borcalan” qismində məsuliyyətli şəxsdir və kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə cavabdehdir. İpotekasaxlayan kimi Cavabdeh3 isə ipoteka predmetinin salamatlığının qorunması, onun itirilməsi və ya zədələnməsi üçün məsuliyyət daşıyır Məhkəmə kollegiyası hesab edir ki, borcalanın 14.08.2015-ci il tarixdə ipoteka predmeti olan avtomobili ipotekasaxlayan banka təhvil verməsi onu kredit müqaviləsi üzrə öhdəliklərin icrasında azad etmirdi və Mülki Məcəllənin 317.1 və “İpoteka haqqında” Qanunun( əvvəlki redaksiyada) 35.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönəldilməsi üçün əsaslar işdə mövcud olmamışdır. Buna görə də, avtomobilin banka təhvil verildiyi günə borcun müvafiq ekspertiza keçirilməklə müəyyən edilməsi və təhvil verilən avtomobilin orta bazar dəyərini nəzərə alaraq, borcun bağlanması və hətta bankın əsassız varlanması barədə məhkəmənin gəldiyi qənaət yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Məhkəmənin istinad etdiyi bankın avtomobil təhvil verildikdən sonra 2 il ərzində hərəkətsizlik göstərərək avtomobili vaxtında qiymətləndirməklə ipotekaya tutma yönəltməməsinin mənfi nəticələrinə görə məsuliyyətin cavabdehlər deyil, iddiaçı bankın daşımalı olması barədə dəlilləri isə borcalanı öz öhdəliklərindən tam azad etməsinə deyil, ondan tələb edilən dəbbə pulu, vurulmuş ziyan və s. tələblər üzrə nəzərə alına bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayəti qismən təmin edildiyindən, iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 60 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməli, 10 manatı onun özünə aid olunmalı,keçirilmiş ekspertizaların cəmi dəyəri olan 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(034)- 83/2019 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24022,88 ABŞ dolları əsas, 4135.62 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 28208,50 ABŞ dolları məbləğində borc məbləği ödəniş gününə manata məzənnəsi ilə tutulsun. Tutma ipotekaya qoyulmuş Cavabdeh3 mxsus “X7” minik markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və açıq hərracda satılsın. Satışdan əldə olunmuş pul vəsaiti Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 28000 manat müəyyən edilsin. İddia ərizəsi, apellyasiya və kassasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 60 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilsin, 10 manatı Bankın özünə aid olunsun. Keçirilmiş ekspertizaların cəmi dəyəri olan 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar