Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-146/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Finca Azərbaycan" X9-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, X10, Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X6 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh X5 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(031)-259/2022 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları “FİNCA Azerbaijan” X9-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********0352 saylı kredit müqaviləsinə əsasən borcluya illik faiz dərəcəsi 23,00% olmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. “FİNCA Azerbaijan” X9-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********0352 saylı kredit müqaviləsi üzrə qalıq borc olan 6744,3 manat pul vəsaitinə dair (12% olmaqla 39 ay müddətinə) Cavabdeh1 ilə bank arasında restrukturizasiya barədə xx.xx.2016-cı il tarixli sazış bağlanılmışdır. xx.xx.2016-cı il tarixli **********8942-844416 saylı və **********8942-529463 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 verilmiş kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi üçün zamin durmuşlar. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli 9/1657 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **********0352 bağlanmış kredit müqaviləsi üzrə “FİNCA Azerbaijan” X9-Bank Kredit Təşkilatına olan borcu xx.xx.2022-ci il tarixə - əsas borcu üzrə – 6016,91 manat, faiz borcu üzrə – 691,90 manat müəyyən olunur. Apellyasiya baxışı zamanı təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7067 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **********0352 bağlanmış kredit müqaviləsi üzrə “FİNCA Azerbaijan” X9-Bank Kredit Təşkilatına olan borcu xx.xx.2022-ci il tarixə - əsas borcu üzrə – 6016,91 manat, faiz borcu üzrə - 783,82 manat müəyyən olunur. Birinci instansiya məhkəməsində icraat “FİNCA Azerbaijan” X9-Bank Kredit Təşkilatı məhkəmədə iddia qaldıraraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əsas borc üzrə 6771,52 USD, cəmi 6771,52 USD və 20 AZN məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” X9-Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “FİNCA Azerbaijan” X9-Bank Kredit Təşkilatına ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********0352 saylı kredit müqaviləsinə əsasən borcluya illik faiz dərəcəsi 23% olmaqla 24 ay üddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. xx.xx.2016-cı il tarixində tərəflər arasında sözügedən Kredit müqaviləsinin Restrukturizasiyasına dair saziş bağlanmış və yeni ödəniş cədvəli tərtib edilmişdir. Belə ki, saziş imzalanarkən tərtib olunan şərtlərə əsasən borcluların bu günə əsas borc üzrə 6771,52 ABŞ dolları, cəmi 6771,52 ABŞ dolları məbləğində borcu yaranmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-259/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 6016,91 manat, cəmi 6016,91 manat və 20 AZN məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” X9-Bank Kredit Təşkilatının xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 50 manat ekspertiza xərcinin tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Çingiz İsgəndərov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X10 apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(031)-259/2022 nömrəli qətnaməsinin ləğv edilərək 2276,70 manatın əsas borcdan silinməsi və məhkəmə xərclərinin, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qətnaməni qanunun tələblərinə uyğun və əsaslı hesab etmir. Bu səbəbdən də hesab edir, iş üzrə qəbul olunmuş qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2016-cı il tarixli sazişə əsasən tərəflər arasında qalıq borc miqdarı 6744,30 AZN, hesablanmış, ödənilməmiş faiz və cərimə məbləği isə 0,00 AZN olaraq qəbul edilmişdir. Sözü gedən sazişin hər hansı bir səbəblə qüvvədən düşməsi ilə bağlı sazişdə heç bir məlumat yoxdur və bu haqda əlavə sənəd və yaxud digər sübut da təqdim edilməmişdir. Bu da istər-istəməz belə bir nəticə verir ki, borclu borcunu ödəməsə belə xx.xx.2016 tarixinə qədər ondan cəza növü olaraq sazişdəki məbləğdən kənar hər hansı bir məbləğ tələb edilə bilməz. Lakin iddiaçı məhkəməyə müraciət edərkən əsassız olaraq 6744,30 AZN yox, 6771,52 USD məbləğində tələb irəli sürmüşdür. Beləliklə, iddiaçı əsaslandıra bilmədiyi bir pul məbləğinin ondan alınmasına qərar verilməsini xahiş etmişdir. Bununla da iddiaçı onun hüquqlarını kobud şəkildə pozaraq və məhkəməni də yanıltmağa çalışmaqla, hansı hesablama nəticəsində əldə etmiş olduğu və hansı sənədə əsasən istədiyi bilinməyən bir pul məbləğini ondan tələb etmişdir. Məhkəmə prosesi zamanı məhkəmə, onun təqdim etdiyi vəsatəti təmin edərək iş üzrə ekspertiza təyin etmişdir. Nəticədə qəbul etdiyi qətnaməni də iş üzrə hazırlanmış ekspert rəyi ilə əsaslandırmışdır. Lakin yekun məhkəmə qərarı qəbul edilərkən, ekspert rəyində diqqətdən yayınmış bir məqam da var ki, məhkəmənin də diqqətindən yayınmışdır. Belə ki, ekspert rəyində xx.xx.2016-cı il tarixinə qalıq borc məbləğinin 6744,30 manat olduğu, xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinə qədər 3004,09 manat ödəniş etdiyi, 727,39 manatının əsas, 2276,70 manatının isə faiz borcuna silindiyi müəyyən olunmuşdur. Burada diqqətdən yayınan sadəcə bir məqam var ki, o da daha əvvəl verilmiş xx.xx.2017-ci il tarixli məhkəmə əmridir. Bu məhkəmə əmrinə iddiaçı tərəf etiraz etməmiş və icrası da başladılıb davam etdirildiyinə görə, məhkəmə əmri ilə razılaşdığı və onun tamamını sözsüz qəbul etdiyi təkzib edilməzdir. xx.xx.2017-ci il tarixli məhkəmə əmrində, əmr tarixindən sonra hansısa faiz və yaxud digər adlar altında borca əlavələr edilməsi nəzərdə tutulmayıb. Bu səbəbdən də xx.xx.2017-ci il tarixindən etibarən tətbiq olunmuş bütün faiz və sairə əlavələr nəzərə alınmaması və ödədiyi 3004,09 manat məbləğinin bütününün əsas borcdan silinməsi lazım olduğu halda, bu məbləğin sadəcə 727,39 manatı əsas borcundan, qalan məbləğ isə faiz borcundan silinmişdir. Ekspertiza rəyində bankın təqdim etdiyi hesab cədvəlinə istinad edilmişdir ki, bu sırada iş materiallarında olan məhkəmə əmri diqqətdən yayınmış və nəticə etibarilə verilən ekspertiza rəyi iddiaçının xeyrinə verilərək onun hüquqlarının pozulmasına əsas yaratmışdır. İşin başlanğıcından etibarən onun mübahisələndirdiyi, borcunun olubolmadığı deyildi. İddiaçıya borcunun olduğunu qəbul edirdi. Lakin borc məbləğini mübahisələndirirdi. Nəticə etibarilə, onun haqlı olduğu sübuta yetirildi və hesablanan miqdar müəyyən qədər düzəldildi. Lakin əsas borca hər hansı faiz və sairə kimi əlavələr edilərək, ödənişlərinin bu əlavələrdən düşürülməsi qəti olaraq həm qanunun tələblərinə, həm də işin faktiki hallarına uyğun deyil. Hesab edir ki, məhkəmənin qəbul etdiyi qətnamədəki bu yanılma tamamən işin mürəkkəbliyinin nəticəsidir. Belə ki, iş üzrə daha əvvəl qəbul olunmuş, iddiacı tərəfindən faktiki olaraq qəbul edilmiş və etiraz edilməmiş, icrası da qismən təmin edilmiş bir məhkəmə aktı var ikən, bu məhkəmə aktının tələblərindən kənara çıxaraq borc məbləğinə əlavə faiz tətbiq etməyin mümkün olmadığı təkzib edilməzdir. Belə bir halın mövcudluğu qanun pozuntusu olduğu kimi həm də məhkəmə aktlarının mötəbərliyinə xələl gətirən bir haldır. Məhkəmə aktında nəzərdə tutulmayan heç bir hərəkət və ya hərəkətsizlik o məhkəmə aktına əlavə edilərək tələb edilə bilməz. Məhkəmə, iş üzrə qətnaməsini hər nə qədər ekspertiza rəyi ilə əsaslandırsa da xüsusi bilik və bacarıq tələb edən hesablama qismində ekspertiza rəyinə istinad edə bilərdi, lakin iş materiallarına əlavə olunmuş sənəd və digər sübut növlərinə hüquqi qiymət vermək hüquq və vəzifəsi tamamən məhkəməyə aiddir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bundan əlavə, iş üzrə qəbul olunmuş qətnamədə məhkəmə xərclərinin də tərəflər arasında bölgüsü düzgün aparılmamışdır. İddianın qismən təmin olunmasına baxmayaraq, məhkəmə xərclərinin, iddia tam təmin olunmuş kimi sadəcə cavabdehlərdən alınıb iddiaçıya verilməsinə qərar verilmiş, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində ekspertiza xərcinin bütününün cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qərarda öz əksini tapmışdır ki, bu da prosəssual hüquq normalarının pozulmasıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı “FİNCA Azerbaijan” X9-Bank Kredit Təşkilatının nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh X2 Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qətnaməsinin X7 münasibətdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh X10 iddiaçı bankdan illik faiz dərəcəsi 23,00% olmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Sonradan kredit müqaviləsinin restrukturizasıyasına dair saziş bağlanaraq kreditin məbləği 6744,30 AZN müəyyən olunmuşdur. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 zamin durmuşlar. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh X10 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Yuxarıda qeyd olunduğu kimi, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduqları üçün iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır. X1 iddiaçı bank qarşısında öhdəliyi yarandığından o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 6016,91 manat əsas borc, 783,82 manat faiz borcu olmaqla, cəmi 6800,73 manat borcu yaranmışdır. Bu borc işdə olan ekspert rəyi ilə təsdiq olunur. Ekspert rəylərinin və iddiaçının tələbinin müqayisəli təhlilindən görünür ki, əsas borc iddiaçının tələb etdiyi məbləğlə eyniyyət təşkil etməyərək ekspert tərəfindən daha aşağı məbləğdə müəyyən edildiyi, iddiaçı qətnamədən apellyasiya şikayəti vermədiyi, başqa sözlə qətnaməni mübahisləndirmədiyi üçün məhkəmə kollegiyası əsas borcun tutulması hissəsində ekspertin rəyi ilə razılaşır və hesab edir ki, cavabdehlərdən göstərilən məbləğdə əsas borc tutulmalıdır. Ekspert rəyində hesablanmış faiz borcuna gəldikdə isə iddiaçı iddia ərizəsində faiz borcunu tələb etmədiyindən ekspertin rəyi ilə faiz borc hissəsində razılaşmaqla məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmış olar. Bu isə məhkəmə kollegiyasının qənaətinə görə AR MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olardı. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Apellyasiya şikayətinin hazırkı borcla bağlı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin çıxarılması, əmr tarixindən sonra hansısa faiz və yaxud digər adlar altında borca əlavələr edilməsinin nəzərdə tutulmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisə birinci instansiya məhkəməsində araşdırılarkən cavabdeh borcunun olmaması və ya daha da az olması barədə məhkəməyə hər hansı mötəbər sübut (ödəniş qəbzlərini) təqdim edə bilməmiş, işə baxan məhkəmə isə haqlı olaraq borc hissəsində iddianı göstərilən həcmdə təmin etmişdir. Apellyasiya şikayətinin xx.xx.2017-ci il tarixindən etibarən tətbiq olunmuş bütün faiz və sair əlavələrin nəzərə alınmaması və ödədiyi 3004,09 manat məbləğinin bütününün əsas borcdan silinməsi lazım olduğu halda, bu məbləğin sadəcə 727,39 manatı əsas borcundan, qalan məbləğ isə faiz borcundan silinməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, AR Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iş üzrə qəbul olunmuş qətnamədə məhkəmə xərclərinin tərəflər arasında bölgüsü düzgün aparılmamışdır. İddianın qismən təmin olunmasına baxmayaraq, məhkəmə xərclərinin, iddia tam təmin olunmuş kimi sadəcə cavabdehlərdən alınıb iddiaçıya verilməsinə qərar verilmiş, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində ekspertiza xərcinin bütününün cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qərarda öz əksini tapmışdır ki, bu da prosessual hüquq normalarının pozulmasıdır. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilə cavabdehlərdən tutulması qət edilmiş dövlət rüsumunun və ekspertiza xərcininin məbləğinin iddia tələbində irəli sürülmüş borc məbləği ilə müqayisədə cüzi olması və tək apellyantdan deyil, müştərək qaydada cavabdehlərdən tutulmasının qərara alınması həmin xərclərin tələbin məbləğinə mütənasib hesab edilməsi kimi nəzərə alına bilər. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(031)- 259/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda ekspertiza xərcinin dəyəri 50 manat cavabdeh X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətində hazırkı iş üzrə birinci instnsiya məhkəməsinin qətnaməsinin 2276,70 manat hissəsi mübahisələndirildiyindən, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(031)-259/2022 nömrəli qətnaməsi cavabdeh X7 münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən 50 manat pul X4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-146/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-146/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver