Məhkəmə qərarları › İş №2(105)-1465/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1465/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1465/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, üçüncü şəxs X1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-210/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sadə yazılı qəbzdən görünür ki, o, İddiaçı 8500 manat məbləğində borc pul almışdır. Borcunu xx.xx.2024-cü ildə qaytarmasına söz vermişdir.

2. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 105 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

3. Qəbzdən görünür ki, iddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı 300 manat məbləğində pul ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mənə ödəməli olduğu 8500 manat, 300 manat hüquqi yardıma görə ödənilmiş məbləğ və ödənilmiş 105 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh çoxdan tanıyır. Münasibətləri daima yaxşı olmuşdur. Cavabdeh şəxsi ehtiyaclarına xərcləmək üçün 2023-cü ilin dekabr ayının 1-də ondan 8500 manat borc pul alaraq, 30 aprel 2024-cü il tarixə qaytaracağına söz verməsinə baxmayaraq ona ödəməli olduğu pulları geri qaytarmamışdır. Cavabdeh öz şəxsiyyət vəsiqəsinin arxa hissəsinə öz əlyazması ilə həmin pulu almasını təsdiq edərək, sadə yazılı qəbz ona təqdim etmişdir. Həmin qəbzlə pulun ondan alınması tam təsdiq olunmaqdadır. Ona görə də hesab edir ki, iş üzrə Cavabdeh ona borc verdiyi 8500 manat pulu geri qaytarmalıdır. Cavabdeh ondan aldığı pulu qaytarmamaqla əsassız olaraq onu ziyana salmış, onun vəziyyətini əhəmiyyətli dərəcədə pisləşmişdir.

6. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-210/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 8500 (səkkiz min beş yez) manat məbləğində pul, hüquqi yardıma görə ödədiyi 300 manat məbləğində pul və 105 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddaçı İddiaçı verilməsi qət edilmişdir (hakim Vüqar Seyidov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 739.1, 739.2, 740, 742., 743, 425.1, 425.2, 427.1, 427.2, 427.3, 442, 443.1, 443.2, 445.1, 448.1, 448.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verib Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-210/2025 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2-(027)-210/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd olunan əsaslara etiraz edərək bildirir ki, İddiaçı onu aldadaraq şəxsiyyət vəsiqəsinn surətini çıxartırıb guya ondan 8500 manat alması ilə bağlı sadə qəbz yazdırıb ona imza etdirmişdir. Halbuki ondan heç bir məbləğdə pul vəsaiti təhvil almamışdır. İddiaçı onu aldadıb əlyazma etməsini təsdiq edəcək onunla aralarındakı votsap yazışmaları və səs qeydləri kimi sübutları vardır. Bundan əlavə, iddiaçı onun şəxsiyyət vəsiqəsinin surətini tələb edib boş bir vərəqin arxa hissəsinə ondan 8500 manat borc pul alması barədə əlyazma edib həmin əlyazmanı Quba Rayon Məhkəməsinə təqdim etsə də onun iddiasına əsasən başqa bir şahidi, dəlili olmamışdır. Halbuki həmin məbləğin notarial qaydada ona verilməli olmasını yaxşı bilmişdir. Həmçinin iddia tələbində həmin 8500 manat məbləği ondan şəxsi ehtiyaclarına xərcləmək üçün 2023-cü ilin dekabr ayının 01 tarixindən, 30 aprel 2024-cü il tarixədək ona qaytaracağına söz verməsini qeyd etmiş, İddiaçı onu uzun müddət tanımır, onunla aralarında heç bir qohumçuluq münasibəti yoxdur, onun qeyd olunan məbləği təmənnasız olaraq 5 ay müddətinə borc olaraq verməsi belə inandırıcı deyil, şər və böhtan xarakterlidir. İddiaçı sadə qəbzdən savayı heç bir sübut məhkəməyə təqdim edə bilməmiş, onun bu məsələlərdən anlayışının olmaması, özünün ailəsinin şəxsi ehtiyaclarını qarşılamaq üçün Bakı şəhərində işləmək üçün getməsi məhkəmədə iştirak edə bilməməsinin səbəbi olmuş, məhkəmə isə onun iddiasını həmin hissədə təmin edərək, ondan 8500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə yanlış nəticəyə gəlmişdir.

10. Məhkəmə iddiaçının ondan 8500 manat borc pul almağı ilə bağlı ətraflı araşdırma aparmadan, onu dindirmədən, iddiaçının həmin məbləği almasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə baxmayaraq, iddiaçıya 8500 məbləğində pul, hüquqi yardıma görə ödədiyi 300 manat məbləğində pul və 105 manat ödənilmiş dövlət rüsumun ondan alınaraq iddiaçıya ödənilməsi barədə yanlış nəticəyə gəlmişdir.

11. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı qismən təmin etmişdir. İddiaçı ona maddi zərərin dəyməsini təsdiq edən əsaslı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə isə bu cür sübutların təqdim edilməməsinə baxmayaraq iddianı təminn etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-210/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.Qanunvericiliyin tələbini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır.

35. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sadə yazılı qəbzdən görünür ki, o, xx.xx.2024-cü ildə qaytarmaq şərti ilə İddiaçı 8500 manat məbləğində pul vəsaitini almışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, iddiaçı tərəfindən təqdim olunmuş əlyazma iddiaçı tərəfindən cavabdehə 8500 manat pulun verilməsini və cavabdehin iddiaçıya həmin pulun qaytarmadığını təsdiq edir. Tərəflər arasında sözügedən pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə ödənilməmiş 8500 manat pul məbləğini ona qaytarmalıdır.

37. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

38. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,

2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

39. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

42. Məhkəmə kollegiyasının icraatı zamanı işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə X2 üçüncü şəxs qismində işə cəlb edilmiş və o məhkəmə iclasında bildirmişdir ki, cavabdeh ondan birinci dəfə 5000 manat pul istəmişdir, cavabdeh ona gündəlik 15 manat, 20 manat, 25 manat kartına pul göndərirdi, cavabdeh sonra anasından da pul almışdır. Hacıbabayeva Mayaya olan borc 10700 manat təşkil etsə də, sübutu olmadığından həmin məbləği tələb etmir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq cavabdeh tərəfindən təqdim edilən elektron daşıyıcıda əks olunan iş üzrə tərəflər arasındakı səsyazılarını tədqiq etmişdir. İş üzrə tərəflər həmin səsyazılarının onlara aid olmasını mübahisələndirməmişdir. Məhkəmə kollegiyası tərəfindən həmin səsyazısından cavabdehin iddiaçıdan pulun götürülməməsi faktı müəyyən olunmamışdır.

44. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

45. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

46. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-210/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-210/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar