Məhkəmə qərarları › İş №2(105)-1467/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1467/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1467/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e- 2(012)-2415/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli FN-00113-11/21A saylı kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 25 % ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2021-ci il tarixli FNZ-00113-11/21A saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixli FN-0011311/21A saylı kredit müqaviləsi üzrə illik 25 % 36 ay müddətinə 10000 manat məbləğində kredit aldığı borc öhdəliklərinin icrasının təmin edilməsini zamin Cavabdeh2 öz üzərinə götürmüşdür.

3. xx.xx.2023-cü il tarixli arayışa əsasən, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 6856.06 manat əsas borc, 337.19 manat faiz borcu, 177.08 manat dəbbə borcu, ümumilikdə 7370.33 manat məbləğində borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və borc tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FN-00113- 11/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 6856.06 manat əsas borc, 337.19 manat faiz borcu, 177.08 manat dəbbə borcu, ümumilikdə 7370.33 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 93.71 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FN-00113-11/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 10000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə FNZ-00113-11/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 6856.06 manat əsas borc, 337.19 manat faiz borcu, 177.08 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 7370.33 manat təşkil edir.

6. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2415/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddianın qismən təmin edilməsi, Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00113-11/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 6856.06 manat, faiz borcu üzrə 337.19 manat, cərimə borcu üzrə 17 manat olmaqla, cəmi 7210,25 manat və ödənilmiş dövlət rüsumu üçün 80 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə kredit verilmiş, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka xx.xx.2023-cü il tarixə 6856.06 manat əsas borc, 337.19 manat faiz borcu, 177.08 manat dəbbə borcu yaranmışdır.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 443.1, 448.1, 449.4¸ 462.1, 465.2, 467, 472.1, 739, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - Mülki Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Bankın borcun qaytarılması müddəti bitmədən iddia etdiyi gecikdirilən məbləği deyil, bütün məbləği tam tələb etməsi öhdəliklərin icrasına dair qeyd edilən maddi hüquq normasının tələbinə ziddir. Kredit 2021-ci ilin sentyabrında 36 aylıq müddət üçün verilib. - kredit müqaviləsi Mülki Məcəllənin tələblərinə ziddir. Kredit müqaviləsində faizlərin hər ay ödənilməsi nəzərdə tutulub. Bu isə Mülki Məcəllənin 741-ci maddəsinə ziddir. Həmin maddənin tələblərinə görə faizlər ilin sonunda ödənilməlidir: “Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən: “Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.” Göründüyü kimi, faizlərin illik ödənilməsi ilə bağlı olan norma imperativdir. Əqdin tərəflərinin qanunun tələblərinə zidd razılaşması hüquqi nəticə yarada bilməz. Faizlər aylıq yox, qanunun tələblərinə uyğun olaraq illik tutulsa idi, indi borc qalığı tamam fərqli-az idi və ya ümumiyyətlə yox idi və bu iddia təmin edilməzdi. - məhkəmə tutduğu borcun məbləğini əsaslandırmamışdır. Halbuki, Əvvəla MM-nin 741-ci maddəsi nəzərə alınsa idi, borcun məbləği az olardı. İkincisi isə, MM-nin 427-ci maddəsinin tələbləri nəzərə alınsa idi, məhkəmə tələb edilən borcu tutmazdı(tuta bilməzdi). Bu məsələlərə aydınlıq gətirmək üçün mühasibatlıq ekspertizası da təyin edilməli olduğu halda, məhkəmə bunu etməmişdir. Cavabdehin iddianı qismən qəbul etməsi tələb edilən borcun məbləği ilə bağlı yox, borcunun olması ilə bağlı olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.2. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 472.1. Kredit müqaviləsi üzrə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və kredit müqaviləsi üzrə borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...).384.0.3. qətnaməni dəyişdirə bilər; (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və Mülki Kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və Mülki Kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında da cavabdeh iddia tələbini qismən qəbul etmiş, kredit üzrə gecikmələrə yol verdiyini, bu səbəbdən borcun yarandığını bildirmişdir.

18. Kredit müqaviləsinin Mülki Məcəllənin tələblərinə zidd olması ilə bağlı dəlil də əsassızdır. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşdən görünür ki, həmin kredit müqaviləsini cavabdeh imzalamış, ödənişlər etmişdir.

19. Apellyasiya şikayətinin növbəti dəlilinə görə, bankın iddia etdiyi gecikdirilən məbləği deyil, bütün məbləği tam tələb etməsi öhdəliklərin icrasına dair maddi hüquq normasının tələbinə ziddir. Kredit 2021-ci ilin sentyabrında 36 aylıq müddət üçün verilib.

20. Bununla bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

21. İşdən müəyyən olunur ki, cavabdeh tərəfindən müqavilənin ləğvinə zəmin yaradan pozuntulara yol verilmişdir. Mülki Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa dərhal icranı tələb edə bilər. Həmçinin 743-cü maddəsinə əsasən (Borcun dərhal qaytarılmasını tələb etmək hüququ) əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

22. Məhkəmə kollegiyası iddia tələbinin cərimə borcu hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə haqlı olaraq cərimənin miqdarını Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq tənasübsüz sürətdə yüksək qiymətləndirmiş və cərimə məbləğini 17 manat müəyyən etmişdir.

23. Cavabdehin apellyasiya şikayətinin mühasibatlıq ekspertizası təyin edilməli olması barədə dəlilləri nəzərə alınaraq məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1467/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmişdir.

24. Məhkəməyə daxil olmuş 22 sentyabr 2023-cü il tarixli, 9/6060 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış, arayış məlumatları və 16 sentyabr 2021-ci il tarixli, FN-00113-11/21A №-li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə (iddia tarixinə) Bank "xxxx" ASC-nə olan borcu 7.046,31 AZN məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 6800,73 AZN; faiz borcu üzrə 245,58 AZN.

25. Göründüyü kimi, ekspert rəyində əsas borc və faiz borcu hissəsində məbləğ iddia tələbində qeyd olunan məbləğdən fərqli hesablanmışdır.

26. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-2415/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6856.06 manat, faiz borcu üzrə 337.19 manat borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6800,73 (altı min səkkiz yüz manat 73 qəpik) manat məbləğində əsas borc, 245,58 (iki yüz qırx beş manat 58 qəpik) manat məbləğində faiz borcu, 17 (on yeddi) manat məbləğində cərimə olmaqla cəmi 7063,31 (yeddi min altmış üç manat 31 qəpik) manat və dövlət rüsumu üçün ödənilmiş 80 (səksən) manat iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-2415/2023 nömrəli, 16 may 2023cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6856.06 manat, faiz borcu üzrə 337.19 manat tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6800,73 (altı min səkkiz yüz manat 73 qəpik) manat məbləğində əsas borc, 245,58 (iki yüz qırx beş manat 58 qəpik) manat məbləğində faiz borcu, 17 (on yeddi) manat məbləğində cərimə olmaqla cəmi 7063,31 (yeddi min altmış üç manat 31 qəpik) manat və dövlət rüsumu üçün ödənilmiş 80 (səksən) manat iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar