Məhkəmə qərarları › İş №2(105)-1467/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1467/2024

18.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1467/2024 18.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-142/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətlərində olan Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşları tərəfindən müayinəsinin edilməsinə, maneə olmasına qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 2 saylı qərarı ilə, Şabran rayonu Xəlfələr kəndində 0,17 ha torpaq sahəsi onun X6nın, anası X8, bacıları X9, X4 mülkiyyətlərinə verilmişdir. Torpağın mülkiyyətinə verilməsi barədə, 2002-ci ilin noyabr ayında JN-054F KOD-30405058 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə tərtib olunmuşdur. X6 xx.xx.2006-cı il tarixdə, anası X16 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O və bacıları ailə həyatı quraraq, ər evinə köçmüşlər. Anası vəfat etdikdən bir müddət sonra qardaşı Cavabdeh onu və bacılarını qeyd edilən torpaq sahəsinə və onun üzərində tikilmiş evə buraxmamışdır. xx.xx.2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Şabran rayonu Xəlfələr kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubunda ona bildirilmişdir ki, ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və müayinə zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi, fərdi yaşayış evinin müayinəsi işlərinin aparılması üçün şərait yardılmadığına görə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Mülkiyyətlərinin müayinəsinə qardaşı və hal-hazırki iddia tələbi üzrə Cavabdeh mane olmuşdur. O və bacıları ona mane olmamasını xahiş və tələb etsələr də o onların sözlərinə əhəmiyyət verməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Cavabdeh mülkiyyətlərində olan Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşları tərəfindən müayinəsinin edilməsinə, maneə olmasına qadağan olunmalıdır.

3. İddiaçı iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə verərək Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşlarına müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı onun dağma bacısıdır. Onlar ailədə 7 bacı, 1 qardaş olmuşlar. Şabran rayonu Xəlfələr kəndində 0,17 ha torpaq sahəsi üzərində inşa edilmiş iki mərtəbəli 8 otaqlı fərdi yaşayış evi nənəsi mərhum X17 məxsusdur. O, Sumqayıt şəhərində xəstəliyi ilə bağlı xəstəxanada yatarkən, doğma bacıları X14, X7, X18, X11, İddiaçı əlbir olub adıgedən mübahisəli fərdi yaşayış evindən paltaryuyan maşını, analarına aid qızıl zinət əşyalarını, 5 tondan çox dəmir boruları, fərdi yaşayış evinə aid sənədləri oğurlayıb aparıblar. Bu beş bacının əsas məqsədi fərdi yaşayış evini məhkəmə yolu ilə ələ keçirib sonra satmaq və əldə etdikləri məbləği öz aralarında bölməkdir. Digər iki bacısı X12 və X15 onunla eyni fikirdədirlər. Onlar da dədə-babadan miras qalan Şabran rayonu Xəlfələr kəndində yerləşən fərdi yaşayış evindən birlikdə lazım gələndə istifadə etmək və başqa kənar şəxsə satmamaq fikirindədirlər. İddiaçı qaldırdığı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-142/2024 nömrəli qətnaməsi (hakim Könül Mirzəfərova) ilə iddia təmin edilmiş, Şabran rayonu Xəlfələr kəndi ərazisində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin əməkdaşlarına müayinə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdə vəfat etmiş X13 və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi olduğundan mübahisə predmetini təşkil edən torpaq sahəsindən və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən ona düşən pay hissəsində mülkiyyət hüquqlarını həyata keçilməlidir.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(031)-142/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları tam və obyektiv araşdırılmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən etirazında qeyd etdiyi kimi bir daha bildirir ki, Şabran rayon, Xəlfələr kəndində yerləşən 0,17 ha torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 8 otaqlı fərdi yaşayış evi X6na məxsusdur. Miras qoyanın vəfatından sonra hal-hazırda onlar 8 vərəsəsi qalmışdır. Vərəsələrdən iki bacısı Qasımova Ruxsarə və Qasımova Aynurə ilə heç bir mübahisə yoxdur. İddiaçı və etirazda adı çəkilən digər bacıları isə miras əmlakı ələ keçirib, sənədləşdirib satmaq fikrindədirlər. Onlar ona məxsus, etirazında adı çəkilən əmlakı evdə olmamağından istifadə edərək ələ keçiriblər. O, miras evdə yaşamaqla, faktiki sahiblik və istifadə etməklə mirası qəbul etmişdir. İddiaçı isə mirası qəbul etməmişdir, vərəsəlik haqqında heç bir sənəd olmadan ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun hər hansı maneə yaratmağı isə iddiaçının əsassız mülahizələridir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edırık bildirmişdir ki, qarşı tərəfin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ əməkdaşının baxış keçirmək üçün gəldiyi və baxışa icazə vermədiyim barədə iddiası yalandır. Belə bir hal baş verməmişdir. Heç kəs gəlməyib. Qərardan narazı qaldığından apellyasiya şikayəti vermişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin nümayəndəsi yerində müayinə üçün gəlməmişdir. Lakin, hazırki məqamda nümayəndələrin baxış keçirməsinə etiraz edir. Etirazının indi yaranmasının səbəbi odur ki, hesab edir ki, evin oğlu olaraq ata evində o yaşamalıdır. Narazı olmağı onunla bağlıdır ki, xəstəxanada yatdığı müddətdə iddiaçı evin əşyalarını daşıyıb aparıblar. 5 bacısının fikri evi 1 nəfərin adına rəsmiləşdirib evi satmaqdan ibarətdir. Hazırda faktiki olaraq mübahisəli evdə o yaşayır.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qardaşının Şabran rayonunda ayrıca evi var. Ata yurdu yəni, mübahisəli ev hazırda boşdur. Heç kəs yaşamır. Arada gedir, qapını bağlayıb qayıdır. Ev üzərində palarının müəyyənləşdirilməsini istəyir. Qardaşına payın verilməsinə etiraz etmir. Bununla bağlı razılığa gəlmədikləri üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, evi analarının adına qeydə aldırıb, paylarının müəyyənləşdirilməsini istəyir. Evi satmaq kimi bir niyyətləri yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin nümayəndəsi gedib, cavabdeh isə evdə olmayıb. Telefonla əlaqə saxlamağa çalışıb, qarşı tərəf telefonu açmayıb.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

İşdə olan sübutlar

14. Torpağın mülkiyyətə verilməsinə dair JN-054F, KOD 30405058 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998ci il tarixli 02 saylı qərarına əsasən X13 və ailə üzvləri – X8, X3, X9, X4 və X5 mülkiyyətinə Şabran rayonu Xəlfələr kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət sənədinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdikləri fərdi yaşayış evinin müayinə işlərinin aparılması üçün tərəflərindən şərait yaradılmadığına görə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır.

16. Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X21 xx.xx.2006-cı ildə ölmüşdür.

17. Şabran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X16 xx.xx.2021-cı ildə ölmüşdür.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Aərbaycan Respublikasının qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-142/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-142/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN054F, KOD 30405058 saylı Şəhadətnaməyə əsasən, X13 və ailə üzvləri – X8, X3, X9, X4 və X5 mülkiyyətinə Şabran rayonu Xəlfələr kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində ev yerləşməkdədir ki, həmin daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Tərəflər torpaq sahəsi üzərində yerləşən evin miras qalmasını iddia etməkdədirlər. İddiaçı mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olmaqla, yanaşı həmin torpaq sahəsi üzərində yerləşən ev üzərində vərəsəlik hüququndan və ya digər əsalardan irəli gəlməklə mülkiyyət hüququnun olduğunu iddia etməkdədir. Buna görə də iddiaçı həmin daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehin maneəsinə əsasən həmin orqanın nümayəndələri daşınmaz əmlak üzərində müayinələrini həyata keçirə bilməmişlər.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi KOD 30405058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən o, Şabran rayonu Xəlfələr kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsinin birgə mülkiyyətçisi hesab olunmaqdadır. Bu baxımdan həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün aidiyyəti orqana müraciət etmək hüququ mövcud olmuşdur. Onun müraciəti əsasında qeydiyyat orqanının əməkdaşlarının qanundan irəli gələn funkisyalarının həyata keçirilməsinə yaradılan maneə isə qanunsuz hesab olunur. Digər tərəfdən nəzərə alınmalıdır ki, qeydiyyat orqanı mübahisəli ərazidə müvafiq ölçmə işləri apardıqdan sonra hər hansı bir şəxsin hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldığı və bununla əlaqədar olaraq hüquqununun pozulduğunu iddia edən şəxs daşınmaz əmlakın dövlət reyestrindəki qeydi düzgün hesab etmədiyi təqdirdə həmin qeydi mübahisələndirmək hüququna da malikdir.

25. Məhkəmə kollegiyası cavabdehin iddiaçının mirası qəbul etməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrini aparan orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Aərbaycan Respublikasının qanunun 8-ci maddəsi ilə müəyyən edilən vərəsəliklə bağlı müvafiq hüquqmüəyyənedici sənədlər mövcud olduğu təqdirdə maraqlı şəxsin hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alır ki, vərəsəliklə bağlı müvafiq mübahisənin olması isə hazırkı işin predmetinə aid olmaqıqla, həmçinin cavabdehin vərəsəliklə bağlı hər hansı bir sənədi mübahisələndirmək hüququ da istisna olunmur. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab etmişdir. 26.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-142/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(031)-142/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar