Məhkəmə qərarları › İş №2(105)-1470/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1470/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1470/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-320/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İşin hallarına görə Cavabdeh 11 noyabr 2020-ci il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və yükdaşıyan sürücü vəzifəsinə işə qəbul olunmuşdur.

2. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında 11 noyabr 2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

3. İddiaçı MMC ilə "xxxx" MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır.

4. Tərəflər arasında mübahisə "xxxx" MMC şirkətinə məxsus malların İran İslam Respublikasından Rusiya Federasiyasına daşınması zamanı malların məhv olmasına görə dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC məhkəmədə iddia qaldıraraq cavabdehdən 20000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş 222 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nə verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 30 aprel 2021-ci il tarixdə idarə etdiyi DAF TE 47 markalı yük dartıcı və KRONE SD ** ZA *** dövlət nömrə nişanlı furqon soyuducu ilə Rusiya Federasiyasının Moskva şəhərinə apardığı kələm-Aysberq salatını sifarişçi tərəfə təhvil verərkən məlum olmuşdur ki, soyuducuda temperaturu lazım olan dərəcədə qoymaması səbəbindən həmin məhsul tam donaraq yararsız hala düşmüş, bununla da müəssisəyə 20000 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Cavabdeh ziyanı ödəyəcəyinə söz versə də ziyanı ödəməmişdir

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-320/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh (maddi zərərin əvəzi olaraq) 20000 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 222 manat dövlət rusumunun alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir (hakim Anar Sadıqov)

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verib qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin hallarından aşkar şəkildə görünür ki, tərəflər arasındakı münasibət yükdaşıma münasibətidir və həmçinin tərəflər arasında bağlanmış “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən Cavabdeh ona tapşırılan yükü təyinat yerinə vaxtında və heç bir zərər yetirmədən çatdırmağı öhdəsinə götürür və daşıdığı yükə hər hansı bir zərər dəyərsə tam şəkildə məsuliyyət daşıyır. İddiaçı MMC-nin öhdəliyi isə daşınan yükün daşınma haqqını cavabdehə ödəməkdir. Birinci instansiya məhkəməsi tərəflər arasındakı hüquq münasibətini göstərilən maddi hüquq normasına uyğun əsaslandırmalı olduğu halda bunu etməmiş və nəticədə işin hallarına düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir.

11. Birinci instansiya məhkəməsi işə baxarkən göstərilən maddi hüquq normasının tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış “nəqliyyat xidmətlərinin göstərilməsi” müqaviləsindən görünür ki, icraçı, yəni İddiaçı MMC nəqliyyat xidməti göstərərək, ona tapşırılan yükü təyinat yerinə vaxtında və heç bir zərər yetirmədən çatdırmağı öhdəsinə götürür və daşıdığı yükə hər hansı bir zərər dəyərsə tam şəkildə maddi məsuliyyət daşıyır, yəni sifarişçiyə dəymiş zərəri tam şəkildə ödəməyi öhdəsinə götürür. Sifarişçi "xxxx" MMC -nin öhdəliyi isə daşınan yükün daşınma haqqını icraçıya ödəməkdir. Deməli hazırkı işin materiallarından görünür ki, nəqliyyat vasitəsində olan yük sifarişçi "xxxx" MMC-nin yüküdür, İddiaçı MMC-nin işi isə yalnız həmin yükü təyinat yerinə çatdırmaqdır, yükün İddiaçı MMC-yə heç bir aidiyyatı yoxdur. İşdən belə nəticəyə gəlinir ki, əgər hər hansı maddi zərər dəyirsə, bu zərər birbaşa sifarişçi "xxxx" MMC-yə dəyir və bu zərəri də nəqliyyat xidməti göstərən İddiaçı MMC ödəməlidir. Yuxarıda göstərilən maddi hüquq normasının tələbinə əsasən dəymiş maddi zərər İddiaçı MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə ödənildikdən sonra həmin zərəri Cavabdeh reqress qaydasında tələb etmək hüququ yaranır. Lakin iş materiallarında zərərin, yəni 20000 ABŞ dollarının İddiaçı MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə ödənilməsi barədə heç bir sənəd yoxdur. Belə olan halda İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ olmamışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin bu halını nəzərə almamışdır.

12. Birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclaslarında cavabdehin iştirakını təmin etmədiyindən tərəflərin qanunvericilikdə nəzərdə tutulmuş çəkişmə prinsipini, dolayısıyla Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur.

13. Tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə yük daşınması müqaviləsinin və reqress iddia hüququnun tələblərini tətbiq etməli olduğu halda bunu etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

18. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. (...)

19. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. (...)

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Bu səbəbdən kollegiya Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

35. Hazırkı işin hallarından görünür ki, Cavabdeh 11 noyabr 2020-ci il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və yükdaşıyan sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Eyni zamanda tərəflər arasında 11 noyabr 2020-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

36. İddiaçı MMC ilə "xxxx" MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, müqavilənin predmetini daşımaların planlaşdırılması və həyata keçirilməsi, avtomobil nəqliyyatı kommunikasiyası ilə yüklərin daşınması ilə bağlı sair nəqliyyat xidmətlərinin göstərilməsi zamanı sifarişçi və icraçı arasında yaranan qarşılıqlı münasibətlərin qaydası təşkil etmişdir.

37. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktub görünür ki, xx.xx.2021-ci ildə Kaluqa şosesi 22 km ünvanında Food city bazarının ərazisinə anbar terminalı 37-yə "xxxx" MMC-yə məxsus olan yüklə İddiaçı MMC şirkətinin 27AC801/27ZA342 nömrəli yük maşını gəlmiş, malı qəbul edən zaman maşını açdıqdan sonra nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh iştirakı ilə malın tam donmuş olması aşkar olunmuşdur.

38. Hazırda isə İddiaçı MMC "xxxx" MMC-yə 20000 ABŞ dollar pulun ödənilməsinə, tərəflərin razılığına əsasən vurulan ziyan həcmində yaranmış borcla bağlı qarşılıqlı hesablaşma aparıldığına istinad edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

39. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

40. Mülki Məcəllənin 859.4-cü maddəsinə əsasən, daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.

41. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

42. Göründüyü kimi işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir, o cümlədən şəxsin geriyə tələb hüququ o zaman yaranır ki, zərər vuran şəxsin vurduğu zərər həmin şəxs tərəfindən ödənilsin.

43. İddiaçı MMC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba istinad edərək, vurulmuş ziyan həcmində yaranmış borca görə qarşılıqlı hesablaşma aparıldığını, 20000 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənildiyini bildirir.

44. Məhkəmə kollegiyası mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün təqdim edilmiş həmin məktubu mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, aralarında hesablaşma aparılmış həmin şəxslər müstəqil balansa malik olan hüquqi şəxslərdirlər. Əgər iddiaçı tərəfin bildirdiyi kimi istinad olunan hesablaşma bank hesabı vasitəsilə aparılmışdırsa, bunun ödəniş tapşırıqları ilə hesablaşmalara və ya ödəniş tələbnamətapşırıqları ilə hesablaşmalara aid hansı formada aparıldığı iş materialları ilə müəyyən olunmur və bu barədə iddiaçı məhkəməyə sənəd (nağdsız hesablaşmanın aparılması üçün iddiaçı tərəfindən kağız və ya elektron daşıyıcıda verilən sərəncam, iddiaçı tərəfindən pul vəsaitinin bank hesabına mədaxil edilməsi, köçürülməsi və ya bank hesabından məxaric edilməsi, borcun əvəzləşdirilməsi barədə) təqdim edə bilmir.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, nağdsız hesablaşma nağd puldan istifadə etmədən ödəniş sənədləri əsasında bank hesabları vasitəsilə həyata keçirilən ödənişdir. Nağdsız hesablaşmalar və pul köçürmələri banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır.

46. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin vurduğu zərərin əvəzini ödəməsini, bununla da real olaraq ona ziyan dəyməsini sübuta yetirə bilməmişdir.

47. Bundan başqa, iddiaçı tərəf istinad etdiyi həmin məktubun əslini və ya lazımı qaydada təsdiq edilmiş surətini də məhkəməyə təqdim etməmişdir.

48. MPM-in 89-cu maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək hazırkı iş üzrə iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.

51. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-320/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar