Məhkəmə qərarları › İş №2(105)-1475/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1475/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1475/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X27 və Dəmirov İlqar Kamal ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(026)-26/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. LPO İddiaçı ASC (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 23 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300.000 manat məbləğində kredit verilmişdir.

2. Qeyd olunan kredit müqaviləsinə xx.xx.2008-ci il tarixli əlavəyə əsasən, müqavilə müddəti 365 gün artırılmışdır.

3. Tərəflər arasında bağlanmış borcun köçürülməsi haqqında 28 dekabr 2012-ci il tarixli müqaviləyə əsasən, cavabdeh, X10 100.000 manat əsas, 58.497,74 manat faiz borcunu, X7 100.000 manat əsas, 119.206,23 manat faiz borcunu, X16 90.000 manat əsas, 107.207,50 manat faiz borcunu, X4 500.000 manat əsas, 185.179,93 manat faiz borcunu, X11 120.000 manat əsas, 78.560,22 manat faiz borcunu, X6 120.000 manat əsas, 82.453,45 manat faiz borcunu, X23 50.000 manat əsas, 34.35,80 manat faiz borcunu, X12 60.000 manat əsas, 41.236,55 manat faiz borcunu və X8 50.000 manat əsas, 34.355,80 manat faiz borcunu banka ödəməyi öhdəsinə götürmüşdür.

4. Bu müqavilə üzrə öhdəliklərin icra müddəti konkret müəyyən edilməmişdir.

5. Cavabdeh, bankın ləğvedicisi "xxxx" MMC-nin direktoruna ünvanladığı 04 oktyabr 2016-cı il tarixli məktubda bankdan 23 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 300.000 manat, 28 dekabr 2012-ci il tarixli borcun köçürülməsi müqaviləsinə əsasən 1.190.000 manat kredit aldığını, ümumilikdə 1.490.000 manat kredit öhdəliyinin olduğunu, maddi durumunun çətin olması səbəbindən öhdəliyi vaxtında icra edə bilmədiyini, qısa zaman ərzində yerinə yetirəcəyini bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh 1.490.000 (bir milyon dörd yüz doxsan min manat) manat əsas borc, 947.352.28 (doqquz yüz qırx yeddi min üç yüz əlli iki manat 28 qəpik) manat faiz borcu olmaqla, cəmi 2.437.352.28 (iki milyon dörd yüz otuz yeddi min üç yüz əlli iki manat 28) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 23 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 16 faiz olmaqla 300.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və layiqincə yerinə yetirmədiyindən cavabdehə borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh 04 oktyabr 2016-cı il tarixdə banka ünvanlandığı məktubda onun banka 300.000 manat deyil, 1.490.000 manat kredit borcu olduğu bildirmiş, qeyd olunan məktuba əlavə olunmuş sənədlərdən İddiaçı ASC və Cavabdeh, X19, X15, X25, X9, X20, X13, X30, X21 və X17 arasında borcun ödənilməsinə dair üç tərəfli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə yuxarıda qeyd olunan şəxslərin adlarına rəsmiləşdirilmiş kredit müqavilələri üzrə borc məbləği hazırda iş üzrə Cavabdeh üzərinə yönəldilmişdir. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi X29 03 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş Mərkəzi Kredit Reyestrinin məlumatlarından və 28 dekabr 2012-ci il tarixli cədvəldə adları göstərilən doqquz nəfər fiziki şəxsin kredit müqavilələri üzrə borc məbləğləri ötürülmə müqavilələrinə əsasən bir milyon yüz doxsan min manat məbləğində kredit borcunun ötürmə yolu ilə Cavabdeh adına köçürüldüyü bildirilmişdir. Alınmış kredit məbləğindən əsas borc ödənilməmiş, 7.325,64 manat isə faiz borcu ödənilmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə banka 06 sentyabr 2016-cı il tarixə ümumilikdə 1.490.000 manat əsas borcu, 947.352.28 manat faiz borcu olmaqla, cəmi 2.437.352,28 manat borcu yaranmışdır.

8. Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(026)-26/2017 nömrəli qətnaməsi ilə (hakim Qalib Hacıyev) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X2 Company” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin tutulması tələbinə dair iddiası təmin edilib, Cavabdeh 1.490.000 (bir milyon dörd yüz doxsan min) manat əsas borc, 947.353.28 (doqquz yüz qırx yeddi min üç yüz əlli üç manat iyirmi səkkiz qəpik) manat faiz borcu, cəmi 2.437.352,28 (iki milyon dörd yüz otuz yeddi min üç yüz əlli iki manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin ləğvedicisi “X3 Company” MMCyə verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit və borcun köçürülməsi müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun bank qarşısında icra edilməmiş borc öhdəliyi qalmışdır.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 431.1, 442, 443.1, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımı qaydada məulmatlandırılmamış və barəsində məhkəmə icraatının başlandığından məlumatı olmamışdır. Bu xüsusatı təkzib edən hər hansı bir sübut iş materiallarında mövcud deyildir. 5 ildən çoxdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Yol evi massivi adlanan ünvanda yerləşən fərdi evdə yaşayır. ünvan 3ində qeydiyyatı formal xarakter daşıyır. Sözügedən ünvanda yaşayan digər şəxslər də bu ünvana göndərilmiş məhkəmə bildirişlərini ona çatdırmamışlar. Bu səbəbdən, ona qarşı iddia tələbi üzrə məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Məhkəmə iclasında iştirakı təmin edilsəydi, hazırkı iş üzrə mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərdi və belə olan təqdirdə məhkəmə ərizəsi əsasında iddia müddətini tətbiq etməklə iddianı tam həcmdə rədd edərdi. Belə ki, iş materiallarından görünür ki, bank iflas proseduru çərçivəsində ləğvetməyə məruz qalmamışdan əvvəl onunla bağlanmış kredit müqavilələri üzrə iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmuşdur. Məhkəmə isə iddia müddəti ötürülmüş tələb üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul etməklə qanunvericiliklə təsbit olunan və qorunan hüquqlarını kobud şəkildə pozmuşdur.

13. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh xx.xx.2016-cı il tarixdə bankın ləğvedicisinə rəsmi məktub ünvanlayaraq yaranmış borc məbləğini etiraf etmiş, qısa zaman ərzində ödəyəcəyini bildirmişdir. Həmin məktuba Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış və borcun köçürülməsi müqaviləsi əlavə edilmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2016-cı il tarixli məktubla borcu etiraf etmiş, bununla da, iddia müddətinin axımı kəsilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1849/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiya məhkəməsi, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə onun qeydiyyatda olduğu ünvan 3i ünvanına məhkəmə bildirişi göndərilmişdir. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 02 nömrəli arayışdan görünür ki, cavabdeh ünvan 3ində daimi qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamır. Qanunvericiliyin tələbinə görə cavabdeh öz ünvanını dəyişdirməsi barədə məlumat verməli olduğu halda heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə bildirişləri məhkəməyə məlum olan cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana çatdırılmış və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, qanunvericiliyin tələbinə görə məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

16. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyatorun hazırkı mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə dəlili də əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə borcun köçürülməsi barədə müqavilə rəsmiləşdirilmiş və həmin müqaviləyə əsasən 1.190.000 manat əsas borc və 741.119,22 manat faiz borcu öhdəliyini əlavə olaraq cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2016-cı il tarixdə bankın ləğvedicisinə rəsmi məktub ünvanlayaraq, yaranmış borc məbləğini etiraf etmiş, həmin borc məbləğini qısa zaman ərzində ödəyəcəyini bildirmiş və həmin məktuba Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış və borcun köçürülməsi müqaviləsi əlavə edilmişdir. Qanunvericiliyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, cavabdeh xx.xx.2016-cı il tarixli məktubu ilə borcu etiraf etmiş, bununla da Mülki Məcəllənin 380.1-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı kəsilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə bankın əməkdaşlarının və mübahisəli hüquq münasibətləri üzrə digər şəxslərin əməllərində cinayət tərkibinin olub-olmaması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1019/2023 nömrəli 02 may 2023-cü il tarixli qərarı ilə (hakimlər Sənan Hacıyev (məruzəçi), Mehparə Əhmədova və Ələsgər Əliyev) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1849/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməməsi ilə bağlı olmuş, apellyasiya məhkəməsi bu dəlilə münasibətdə qeyd etmişdir ki, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə ona qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmişdir. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 02 nömrəli arayışdan görünür ki, cavabdeh ünvan 3ində daimi qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamır. MPM-in 146-cı maddəsinin tələbinə görə, cavabdeh öz ünvanını dəyişdirməsi barədə məlumat verməli olduğu halda heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə bildirişləri məhkəməyə məlum olan cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana çatdırılmış və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, qanunvericiliyin tələbinə görə məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

21. İstinad olunan maddənin tələbinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir (§ 35).

22. Göründüyü kimi, bu maddə işə baxılması ilə əlaqədar məhkəmə prosesində iştirak etmiş və məhz proses gedişində ünvanını dəyişmiş şəxslərə aid olmaqla, yalnız həmin şəxslər üçün göstərilən prosessual hüquqi nəticələri yaradır.

23. Baxılan halda isə bu xüsusat müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh ünvan 3ində qeydiyyatda olmaqla, iddiaçı tərəfindən ona qarşı qaldırılmış hazırkı iddia ərizəsində onun yaşayış yeri kimi məhz həmin ünvan qeyd edilmişdir.

24. İş materiallarına baxdıqda isə görünən odur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sənədlərinin (bildirişlər qətnamə və s.) cavabdehə bu ünvan üzrə göndərilməsi öz təsdiqini tapmır. Məhkəmə Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cavabdehin ünvan 3ində daimi qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamadığına dair xx.xx.2017-ci il tarixdə verilmiş 02 nömrəli arayışla kifayətlənmişdir.

25. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iş üzrə icraat zamanı öz ünvanını dəyişməsi halı müəyyən edilmədiyindən, habelə məhkəmə sənədlərinin (bildirişlər qətnamə və s.) cavabdehə bu ünvan üzrə göndərilməsi öz təsdiqini tapmadığından apellyasiya instansiya məhkəməsinin MPM-in 146-cı maddəsinə istinadən məhkəmə bildirişlərini ona rəsmi qaydada verilmiş hesab etməsi barədə gəldiyi qənaət prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur.

26. O da qeyd olunmalıdır ki, iş materiallarından görünür ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən onun əsasında verilmiş icra sənədi üzrə başlanmış icraat zamanı məlumatı olmuş və yalnız bundan sonra qətnamədən apellyasiya şikayəti verərək, məhkəmə icraatında iştirak etmişdir.

27. Kollegiya, həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki qanunvericiliyin iddia müddətinin tətbiqi ilə bağlı normaları da düzgün tətbiq olunmamışdır.

28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırda iddiaçı cavabdehdən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə üzrə borcun ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2009-cu ildə bitmiş, borcun köçürülməsi haqqında müqavilədə isə öhdəliklərin icra müddəti konkret müəyyən edilməmişdir.

29. Belə olan halda, həmin müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddətinin axımının hesablanması müvafiq olaraq Mülki Məcəllənin 337.2 və 377.3-cü maddələrinin tələblərinə əsasən həyata keçirilməlidir.

30. Həmin maddələrə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (§ 26-27).

31. Həmçinin, nəzərə alınmalıdır ki, icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur (§ 29-30).

32. Məhkəmələr tərəfindən yalnız bu qaydada iddia müddətinin axımı (başlandığı və bitdiyi tarix) hesablanmaqla, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə və iddiaçının müddətin axımının kəsilməsi ilə bağlı dəlillərinə qiymət verilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanların əskinə hər bir müqavilə üzrə iddia müddətinin başlandığı və bitdiyi (və ya bitəcəyi) tarixi müəyyən etmədən (bu barədə qətnamədə hər hansı əsaslandırma götərilməmişdir), cavabdehin bankın ləğvedicisinə ünvanlandığı xx.xx.2016-cı il tarixli ərizəsinə istinadla iddia müddətinin axımının borclu tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər edildiyindən həmin tarixdən kəsildiyini və hazırkı iddia ərizəsinin bu tarixdən axımı yenidən başlamış iddia müddəti daxilində verildiyini qeyd etmişdir.

34. Halbuki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, qanunun mənasına görə borclunun yalnız iddia müddəti bitmədən borcu etiraf etməsini göstərən hərəkətlər etməsi iddia müddətinin axımını kəsə bilər. Əgər borcun etirafını göstərən hərəkətlər edilənədək artıq iddia müddəti bitibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz.

35. Başqa sözlə, iddia müddətinin axımının kəsilməsi məsələsinə qiymət verilməsi üçün məhkəmə tərəfindən əvvəlcə iddia müddətinin başlandığı və bitdiyi tarix müəyyən edilməli, bundan sonra iddiaçının iddia müddətinin axımının kəsilməsinin əsası kimi istinad etdiyi cavabdehin etirafedici hərəkətin bu müddətin bitdiyi anadək edildiyi halda nəzərə alınmalıdır. Əks yanaşma iddia müddətinin axımı anlayışının mahiyyətinə və hüquqi funksiyalarına zidd hesab olunardı.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

37. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: (...) 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1019/2023 nömrəli 02 may 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 1849/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edildiyindən, həmin qərarda qeyd olunan mövqeyə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(026)-26/2017 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, borcun köçürülməsi haqqında 28 dekabr 2012-ci il tarixli müqavilə üzrə 1.190.000 (bir milyon yüz doxsan min) manat əsas, 741.119,22 (yeddi yüz qırx bir min yüz on doqquz manat 22 qəpik) faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz manat) Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

42. Belə ki, mülki mühakimə icraatı tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilir.

43. İş materiallarından görünür ki, cavabdeh ünvan 3ində qeydiyyatda olmaqla, iddiaçı tərəfindən ona qarşı qaldırılmış hazırkı iddia ərizəsində onun yaşayış yeri kimi məhz həmin ünvan qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə sənədlərinin cavabdehə bu ünvan üzrə göndərilməsi öz təsdiqini tapmır. Məhkəmə Qobustan Rayon İcra Hakimiyyəti başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cavabdehin ünvan 3ində daimi qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, nümayəndəlik ərazisində yaşamadığına dair xx.xx.2017-ci il tarixdə verilmiş 02 nömrəli arayışla kifayətlənmiş, bununla da mülki mühakimə icraatının tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilməsi prinsiplərini pozmaqla qətnamə qəbul etmişdir.

44. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır.

45. MPM-in 387.2-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

46. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

47. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.

48. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

49. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

50. Cavabdeh tərəfin iş materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş edir.

51. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

53. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

54. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”.

55. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, hazırda iddiaçı cavabdehdən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi və xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə üzrə borcun ödənilməsini tələb edir.

56. Kredit müqaviləsinə münasibətdə iddia müddətinin ötürülməsi ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2009-cu ildə bitmişdir. İddia müddətinin axımı xx.xx.2009-cu ildən başlamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2012-ci il tarixədək müraciət etməli olduğu halda, xx.xx.2016-ci il tarixdə müraciət etmişdir. Odur ki, qeyd edilən müqavilə tələbi üzrə iddia müddəti ötmüşdür. Belə olan halda, iddia tələbi qeyd dilən hisssədə iddia müddətinin ötürülməsi səbəbi ilə rədd edilməlidir.

57. xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə tələblərinə münasibətdə kollegiya qeyd edir ki, həmin müqavilədə öhdəliklərin icra müddəti konkret müəyyən edilməmişdir.

58. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

59. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

60. Həmçinin, nəzərə alınmalıdır ki, icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur.

61. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

62. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

63. İş materiallarında olan xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilənin 1.2-ci bəndindən görünür ki, borcalan həmin öhdəlikləri borcverən ilə borcu ötürülənlər arasında bağlanmış kredit müqavilələrindəki şərtləri öz qüvvəsində saxlanılmaqla qəbul etmişdir.

64. İş materiallarında olan cavabdehin bankın ləğvedicisinə ünvanlandığı xx.xx.2016cı il tarixli ərizəsindən görünür ki, o, maliyyə durumunun çətin olması səbəbindən bank qarşısında kredit öhdəliklərini vaxtında ödəyə bilmədiyini, qısa zaman ərzində kredit borcu üzrə öhdəliklərinin yerinə yetirəcəyinə çalışacağını göstərmişdir.

65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə üzrə iddia müddətinin axımı iddia müddəti daxilində cavabdeh tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər edildiyindən həmin tarixdən, yəni xx.xx.2016-cı il tarixdən kəsilmiş və iddia müddətinin axımı bu tarixdən yenidən başlamışdır. Odur ki, xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqavilə üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2012-ci il tarixli borcun köçürülməsi haqqında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri aparmamaqla müqavilə şərtini pozması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apelyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmir.

67. İş materiallarından görünür ki, 28 dekabr 2012-ci il tarixli həmin müqavilə üzrə cavabdehin 1.190.000 manat əsas, 741.119,22 faiz borcu mövcuddur.

68. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

69. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

70. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış haları ilə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin iş üzrə 06 fevral 2017-ci il tarixli, 2(026)- 26/2017 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, borcun köçürülməsi haqqında 28 dekabr 2012-ci il tarixli müqavilə üzrə 1.190.000 (bir milyon yüz doxsan min) manat əsas, 741.119,22 (yeddi yüz qırx bir min yüz on doqquz manat 22 qəpik) faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz manat), cəmi 1.931.149,22 (bir milyon doqquz yüz otuz bir min yüz qırx doqquz manat 22 qəpik) manat Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(026)-26/2017 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Borcun köçürülməsi haqqında 28 dekabr 2012-ci il tarixli müqavilə üzrə 1.190.000 (bir milyon yüz doxsan min) manat əsas, 741.119,22 (yeddi yüz qırx bir min yüz on doqquz manat 22 qəpik) faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz manat), cəmi 1.931.149,22 (bir milyon doqquz yüz otuz bir min yüz qırx doqquz manat 22 qəpik) manat Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar