Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1478/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçıdan aldığı 10.000 manat və köçürdüyü 100 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-256/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X5 “cinayət işi başlanmasının rədd edilməsi barədə” 29 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Mayıl qızının Xaçmaz rayon prokurorluğuna etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan İddiaçı ümumilikdə 12 min 390 manat pulu birgə yaşayan vaxt Cavabdeh könüllü vermiş, lakin bir ədəd qızıl sep, bir ədəd qızıl üzüyün Cavabdeh tərəfindən götürülməsi faktı öz təsdiqini tapmamışdır.”
2. Şabran Rayon İcra və Probasiya Şöbəsinin 25 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)- 481/2018 saylı, 13 fevral 2018-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 75 manat, cəmi 150 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 verilməsinə dair icra sənədi üzrə ödənilməmiş 2810 manat aliment borcu qalmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan aldığı 10.000 manat və köçürdüyü 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanıdığı və özünə yaxın bildiyi şəxs Cavabdeh tərəfindən ona evlənmək təklif olunmuş və öz aralarında gəldikləri razılığa əsasən xx.xx.2020-ci il tarixdə o valideynlərinə demədən Cavabdehla planlaşdırılmış şəkildə axşam saatlarında onun tanışına məxsus maşına əyləşərək Cavabdeh ata yurdu sayılan Şabran rayonu, Daşlı yataq kəndinə getmişlər. xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehla onun ata evinə gedərkən, Xaçmaz şəhərində maşına əyləşən zaman onun üzərində olan 10 000 manatı cavabdehə vermişdir. Cavabdeh ondan bir neçə gün əvvəl ona bildirmişdir ki, onun birinci yoldaşından olan uşaqların saxlanılması üçün Şabran rayon məhkəməsinin qətnaməsinə əsasən aliment borcu yaranmış və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru onu axtarışa vermişdir. O, 10 000 manatı verməsə, ona inzibati qaydada cəza verilcəkdir. O, cavabdeh ilə razılaşmışdır, həmin 10 000 manatı cavabdehə vermişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehin onunla ailə qurmağının məqsədi pulunu ələ keçirmək olmuşdur. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bu səbəbdən Cavabdeh ondan aldığı 10.000 manat və köçürdüyü 100 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, 2010-cu ildən məktəbdə ibtidai sinifdə dərs deyir, həmin vaxtdan pul yığaraq gələcəkdə ailə qurarkən özünə cehiz almaq arzusunda olmuşdur. Qədimə qoşulub qaçarkən yığıb topladığı 10 000 manat pulu özü ilə götürmüşdür. Pullar bütün sənədləri ilə birlikdə onun sumkasında olmuşdur. O, Qədimin əmisigilə qaçırılmışdır. Bir neçə gündən sonra zaqsa getmişlər, həmin vaxt sumkasını ona vermişlər. O, sumkasında pulların olmadığını bilmişdir. Lakin o Qədimlə ailə həyatı qurduğundan bu barədə söhbət açmağa utanmışdır. Bu səbəbdən iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı valideynlərinin məlumatı olmadan, onunla ailə qurmaq məqsədi ilə evdən qaçmışdır. İddiaçının dedikləri tam yalandır. İddiaçı onunla gedərkən üzərində 10 000 manat pul olmamışdır. Onun üzərində sumkası və sənədləri olmuşdur. İki gün sonra Səidənin anası gəlmiş, onlara demişdir ki, qızı oxutdurmuşlar, maaşını onlar almalıdırlar. O da belə olan halda Səidənin işdən çıxıb evdə oturmasını bildirmişdir. Sonra Səidənin anası qızının aldığı 1040 manat məzuniyyət pulunun onlara çatacağını demişdir. O, da həmin pulu maşınla aparıb Səidənin xalasına vermişdir. Həmin vaxt Səidə anası ilə danışmırdı. Sonra ondan polisə, prokurorluğa şikayətlər etməyə başlamışlar. Bir müddət sonra nikahlarını rəsmiləşdirmişlər. 7 ay bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pozulmuş, rəsmi olaraq ayrılmışlar. Birgə yaşadıqları müddətdə hər ikisi əldə etdikləri gəliri bir yerdə ev üçün xərcləmişlər. İddiaçının heç bir cehiz əmlakı olmamışdır. Evdə apardığı təmir işlərini də qardaşının adına 5 min manat kredit götürərək etmişdir. Səidə düz deyir, Səidənin sənədləri, sumkası maşında arxa oturacağın üstündə olub, maşının açarı isə həmişə onda olub, ancaq, atası da, qardaşı da sürə bilərdilər. Sumkanın içinə baxmamışdır. 10 000 manat puldan onun məlumatı yoxdur. İddiaçı öz razılığı ilə evdən çıxıb getmişdir. O, əsassız olduğundan, iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, Cavabdeh onun qızı Səidəni qaçırmışdır. Qədimi ondan sonra tanımışdır. Qızı Səidə 2020-ci ilin iyulun 3-də qaçmışdır. Həmin gün Səidənin işdən gəlməsini gözləmişlər, lakin o, işdən evə gəlməmişdir. Sonra müəllimələrdən öyrənmişdir ki, qızı qaçıb. Qızı Səidə 2010-cu ildən cehiz əmlakı almaq üçün işləyib pulunu özü yığmışdır. Qaçıb gedərkən yığdığı pullarını da özü ilə aparmışdır. 2020-ci ilin iyulun 9-da Qədimgilə getmişlər, onların evində olanda Qədimin anası demişdir ki, Qədim sənədləri gizlətmişdir. Onlar da xəcalət çəkirdilər ki, Qədimin pulu götürməsi barədə söhbət açsınlar. Ona görə də sənədlər barəsində söhbət aparmamışlar. Onların ailələri bilirdilər ki, onlar qız üçün cehiz almırlar, pul yığırlar. Elə qızına cehiz verməməsinin səbəbi də bu olmuşdur ki, Səidə illər boyu işləyib yığdığı pulu özü ilə aparmışdır.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, o, hər iki tərəfi tanıyır. İddiaçının iddia ərizəsini o özü yazmışdır. Bundan əvvəlki məhkəmə iclasları olarkən məhkəmənin qarşısında cavabdeh tərəfin qohumu ona yaxınlaşaraq demişdir ki, gəlin 10000 manatın başını 2600 manatla bağlayaq qurtarsın. O, da iddiaçı tərəfə bu təklifi bildirmişdir. Lakin, iddiaçının valideynləri razılaşmamışlar, cavabdehdən 10 000 manat pulun qaytarılmasını tələb etmişlər. Qədimin anası da iddiaçının anası ilə telefon danışarkən, oğluna demişdir ki, ver pulu qurtar bu işi.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Qədim onun bacısı oğludur. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Səidə ilə nə vaxt ailə qurmasını bilmir. Səidənin cehiz əmlakı gətirib-gətirməməsi barədə heç bir məlumatı yoxdur. Lakin Səidə onun yanında öz xalasına pul vermişdir. Həmin vaxt pulun nə pulu və nə qədər olduğunu bilmir. Sonradan ona məlum olmuşdur ki, pul 1140 manat olmuşdur.
12. Şabran Rayon Məhkəməsinin 2(031)-256/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia tələbi təmin edilmiş, Cavabdeh 10.000 (on min) manat pul və 100 (bir yüz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Səidənin illərlə işləyib özünə cehiz əmlakı almaq üçün pul yığması, Qədimə qoşulub qaçarkən yığıb topladığı 10 000 manat pulu özü ilə götürməsi, pulların sumkada, sumkanın da qaçırıldığı maşında, həmin maşının açarının da Qədimdə olması, Səidənin pul yığmasının anası tərəfindən təsdiqlənməsi, şahid Natiqin Qədimin qohumları ilə həmin pulun qaytarılması ilə mübahisə aparmaları və işin müəyyən edilən digər halları belə nəticəyə gəlməyə əsas verir ki, həqiqətən də, iddiaçının 10 000 manat pulu cavabdehdə qalmışdır.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 445.2.1, 445.2.2, 448.1, 739.1, 740, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. – iddiacının cavabdehə ümumiyyətlə pul verməsi fərziyyələrə əsaslanır və heç bir birbaşa sübutla təsdiq edilmir. İddiaçının və onun yaxın qohumları olan şahidlərin ifadələrində kifayət qədər ziddiyyətli hallar vardır. Hətta Səidə özü də Qədimə pulu borc kimi deyil, ona kömək etmək məqsədi ilə, qaytarmaq şərti qoymadan vermişdir. Belə olah halda borc müqaviləsinə aid müddəalar deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin bağışlama münasibətlərinə aid olan 660-674-cü maddələri tətbiq edilməli idi. Əgər 10000 min manat borc kimi verilmişdisə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələblərinə görə müqavilə yazılı formada bağlanmalı idi. Belə ki, həmin maddənin tələbinə görə borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə vəziyyətdə şahidlərin fərziyyələrə əsaslanan ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. - əgər borc verilməsi birmənalı və şübhə doğurmayan sübutlarla təsdiq edilmirsə, öhdəliyin icrası ilə əlaqədar və öhdəliyin icra edilməməsi ilə əlaqədar məsuliyyət müəyyən edən həmin normalara istinad edilməsi əsassızdır. Öhdəliyin icrasının tələb edilməsi və icranın pozulması zamanı cavabdehlikdən söhbət getməsi üçün ilk növbədə borcun verilməsi və mövcudluğu sübut edilməlidir. - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Borc münasibətlərində borcun verilməsi borc verən tərəfindən sübut edilməlidir. Borcun verilməsi birmənalı və şübhəsiz dəlillərlə sübut olunmursa, borc alan kimi göstərilən şəxsin borcu qaytarmaq və ya onu təkzib etmək vəzifəsi yaranmır. Sübutlarda aşağıdakı uyğunsuzluqlar və şübhələr vardır: 1. İddiaçının öz izahatı ziddiyyətlidir. Belə ki, o, iddia ərizəsində bir tərəfdən yazır ki, Xaçmaz şəhərində maşına əyləşən zaman üzərində olan 10 000 manatı cavabdehə vermişdir. Cavabdeh ondan bir neçə gün əvvəl ona bildirmişdir ki, onun birinci yoldaşından olan uşaqlarının saxlanması üçun aliment borcu yaranmışdır və Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru onu axtarışa vermişdir. O, 10 000 manatı verməsə, ona (yəni Qədimə) inzibati qaydada cəza veriləcəkdir. O, cavabdehlə razılaşmışdır, həmin on min manatı cavabdehə vermişdir (Qətnamənin 1-ci səhifəsi, 2 ci abzas). Bundan sonrakı abzasda isə deyilir ki, İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o, 2010-cu ildən məktəbdə ibtidai sinifdə dərs deyir, həmin vaxtdan pul yığaraq gələcəkdə ailə qurarkən özünə cehiz almaq arzusunda olmuşdur. Qədimə qoşulub qaçarkən topladığı 10 000 manat pulu özü ilə götürmüşdur. Pullar onun sumkasinda olmuşdur, butün sənədləri ilə birlikdə. O, Qədimin əmisigilə qaçırılmışdır, bir neçə gündən sonra zaqsa getmişlər, həmin vaxt sumkasını ona vermişlər. O, sumkasında pulların olmadığını bilmişdir. Lakin, o, Qədimlə ailə həyatı qurduğundan bu barədə söhbət açmağa utanmışdır. Beləliklə, məlum olmur ki, bu izahatlardan hansı həqiqətdir, hansı yalandır və yaxud hər ikisi yalandır. Səidə Xaçmaz şəhərində maşına əyləşərkən Qədimi inzibati məsuliyyətdən qurtarmaq üçün pulları ona verib, yoxsa Qədim pulları Səidədən xəbərsiz onun sumkasından götürüb? Ümumiyyətlə, qızı ərə gedəndən sonra da 10-12 il əvvəl onun təhsilinə xərclədikləri pulları ondan tələb edən, onun məzuniyyət pulunu belə əlindən alan ailənin subay qızlarının əmək haqqından özü üçün ayrıca pul yığmağa imkan vermələri inandırıcı görünmür. 2. İddiaçı və cavabdeh xx.xx.2020-ci il tarixdə qoşulub qaçdıqlarını bildirsələr də, iddiaçının anası X2 iyulun 3-də Qədimlə qaçdığını və həmin il iyulun 9-da Qədimgilə gəldiyini bildirmişdir. Həmin ziddiyyəti aradan qaldırmaq üçün Şabran rayon qeydiyyat şöbəsindən arayış tələb edilə bilərdi. Məhkəmə tərəflərdən bu məsələni dəqiqləşdirməyi tələb etməmişdir. 3. X4 bildirmişdir ki, hər iki tərəfi tanıyır, iddiaçının iddia ərizəsini o özü yazmışdır. Guya məhkəmənin qarşısında cavabdehin qohumu ona yaxınlaşaraq demişdir ki, gəlin 10 000 manatın başını 2 600 manatla bağlayaq qutarsın. Guya Qədimin anası da iddiaçının anasıyla telefonla danışarkən oğluna demişdir ki, ver pulu, qurtar bu işi. İstinad olunan şəxslər məhkəməyə çağrılıb dindirilməmiş və Natiqin ifadəsinin həqiqiliyi yoxlanılmamışdir. 4. Şabran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında Cavabdeh 2023-cü ilin aprel ayına 2810 manat aliment borcunun olduğu təsdiqlənir və həmin arayışın 2020-ci ilin yay aylarındakı vəziyyətə aidiyyatı yoxdur. Məhkəmə tərəfindən 2020-ci ildəki vəziyyət barədə arayış tələb edilə bilərdi ki, digər sübutlara düzgün qiymət verə bilsin. - məhkəmə aydınlaşdırmamışdır ki, 2020-ci ilin iyul-avqust aylarına olan vəziyyətə görə Cavabdeh nə qədər aliment borcu olmuş və o, həmin dövrdə borcundan nə qədər ödəmişdir. - iş üçün əhəmiyyəti olan əsas məsələnin, yəni borc və ya hədiyyə olaraq 10 000 manatın iddiaçı tərəfindən cavabdehə verilməsi mötəbər və birmənalı sübutlarla təsdiq edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
23. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
25. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
26. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları və təqdim olunmuş sübutlarla iddiaçı tərəfindən cavabdehə pul verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müvafiq dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçı bir tərəfdən pulu cavabdehə, sonuncunun aliment borcları olduğuna görə özü verdiyini, digər tərəfdən isə həmin pulun onun çantasından götürüldüyünü bildirmişdir. Nəticədə isə pul məbləğinin həqiqətən də iddiaçı tərəfindən könüllü verildiyi, yaxud onu cavabdehin götürdüyü, ümumiyyətlə 10 min manat pul məbləğinin iddiaçıda olub-olmaması təqdim olunmuş sübutlarla birmənalı olaraq təsdiqlənmir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Səidənin illərlə işləyib özünə cehiz əmlakı almaq üçün pul yığması, Qədimə qoşulub qaçarkən yığıb topladığı 10 000 manat pulu özü ilə götürməsi, pulların sumkada, sumkanın da qaçırıldığı maşında, həmin maşının açarının da Qədim də olması, Səidənin pul yığmasının anası tərəfindən təsdiqlənməsi, şahid Natiqin Qədimin qohumları ilə həmin pulun qaytarılması ilə mübahisə aparmaları və nəticədə iddiaçının 10 000 manat pulunun cavabdehdə qalması” barədə nəticəyə gəlməsini və sadalananları işin müəyyən edilmiş halları kimi qəbul etməsini qanuni və əsaslı hesab etmir.
29. Belə ki, işin bu hallarını məhkəmə yalnız iddiaçının izahatına və iddiaçı tərəfin dəvət etdiyi şahid ifadələrinə istinad etməklə sübut olunmuş hesab etmişdir.
30. Bununla bağlı kollegiya qeyd edir ki, işin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
31. Nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci- tələb olunan əşya mövcuddur; İkinci- tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü- tələb olunan əşya cavabdehdədir; Dördüncü- tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, O, qanunsuz sahibdir.
32. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. İddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir.
33. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə 10 min manat pulun iddiaçıda mövcudluğu belə mötəbər sübutlarla təsdiqlənməmişdir.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutların obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-256/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.