Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1478/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(067)-2661/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2159.59 manat əsas borc və 246.33 manat faiz borcu olmaqla, cəmi 2405.92 manat borcun və 44.06 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli, 106804- 715386/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, Banka olan borcunu ödəməmişdir. 21 iyul 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2159.59 manat əsas borcu və 246.33 manat faiz borcu olmaqla, cəmi 2405.92 manat kredit borcu yaranmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Cavabdeh tərəfindən İddiaçı ASC-nə ünvanlanmış istehlak kreditinin alınması üçün xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ona şəxsi istehlak məqsədi ilə 17 faiz dərəcəsi olmaqla 48 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilməsini xahiş etmişdir.
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli, 106804- 715386/1 nömrəli istehlak kredit imüqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir.
6. 21.07.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 iyul 2025-cü il tarixinə kredit müqaviləsi üzrə 2159.59 manat məbləğində əsas borcu və 246.33 manat faiz borcu olmaqla, cəmi 2405.92 manat məbləğində kredit borcu yaranmışdır.
7. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(067)- 2661/2025 nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) iddianın təmin edilməsi, Cavabdeh 2159.59 manat məbləğində əsas və 246.33 manat faiz, cəmi 2405.92 manat borc və 44.06 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 739.1, 739.2, 740.1, 740.2, 442, 448.1 və 5.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1, 119.1, 216-220 və 222-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(067)-2661/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində olduğu üçün məhkəmə proseslərində iştirak etməmişdir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Sübutlarını təqdim etmək üçün məhkəmə onun iştirakını təmin etməmişdir. Məhkəmə onun banka ödəniş etdiklərini nəzərə almayıb. Bundan başqa hesablanmış əlavə faiz və cərimə borclarının silinməsini də məhkəmə nəzərə almayıb. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. İddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş edərək qətnaməni faiz borcu hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə faiz borcunun tutulması hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir.
18. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır. Nəticədə iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
19. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir /bax bənd 8/.
20. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir.
21. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir.
22. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.
24. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə cavabdehdən tələb olunan faiz məbləğinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.
25. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən Cavabdeh Banka 2159,59 AZN əsas və 128.99 AZN faiz borcu olmaqla, cəmi 2288,58 AZN məbləğində vəsaitin ödənilməsi tələb olunmuşdur.
26. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan faiz borcu xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu nəzərə alınmaqla müəyyən edilməlidir.
27. Belə ki, göründüyü kimi Bank bütün borc məbləğinin ödənilməsini tələb etməklə müqavilənin ləğv edilməsinə dair iradə ifadəsini digər tərəfə bildirilmişdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunduqda və bununla da müqaviləyə xitam verildikdə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
29. Bundan başqa şikayətin dəlillərindən göründüyü kimi apellyator işə onun iştirakı olmadan baxılmasını mübahisələndirir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini qəbul etmir. Belə ki, iş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə əsasən cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
31. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunaraq, qətnamə 246.33 manat faiz borcunun tutulması hissədə dəyişdirilməli, faiz borcu 128,99 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(067)-2661/2025 nömrəli qətnaməsi - Nəsrəddin Şəmsəddin oğlundan 246,33 manat faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcu 128,99 (bir yüz iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.