Məhkəmə qərarları › İş №2(105)-1479/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1479/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1479/2021 27.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(060)-2272/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(060)-2272/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit xətti müqaviləsinə və kredit razılaşmasına xitam verilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07.05.2014-cü il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 14735,76 ABŞ dolları, faiz borcu üzrə 5184,26 ABŞ, cərimə üzrə 1500 ABŞ dolları olmaqla, cəmi 21420 ABŞ dolları 76 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 20 manat xidmət haqqının və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 80-ə yönəldilməsi, ünvan 1, mənzil 80-in açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyətinə olan borclarının ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutularaq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilməsi, İddiaçı qapalı səhmdar cəmiyyətinə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, ünvan 1, mənzil 80-in ilkin satış qiymətinin 52909 manat 92 qəpik məbləğində müəyyən edilməsi, ünvan 1, mənzil 80-ə tutma yönəldildikdən və mənzil satıldıqdan 1 ay sonra mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzilə istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-821/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2272/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi ünvan 1 ünvanında yerləşən 80 nömrəli mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 istifadə hüquqlarının itirilməsi hissəsində təmin edilməməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 80 nömrəli mənzilin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanıılması, ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh1 alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti və Cavabdeh1 qətnamədən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-723/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı qapalı səhmdar cəmiyyətinin kassasiya şikayəti təmin və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-821/2020 nömrəli iş üzrə 28 iyul 2020ci il tarixli qətnaməsi qismən - ipoteka predmetinin ilkin satış qiyməti və borcun məbləğinə münasibətdə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 07.05.2014-cü il tarixli kredit xətti müqaviləsi və 27.02.2015ci il tarixli kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada cəmiyyətin xeyrinə 15910,67 ABŞ dolları kredit borcu, 5184,26 ABŞ dolları faiz borcu, 18127,31 ABŞ dolları cərimə olmaqla, cəmi 39222,24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 3 nömrəli binanın 5-ci mərtəbəsində Cavabdeh1 mülkiyyətində olan 80 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi və onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 cəmiyyətlə bağlanan 07.05.2014-cü il tarixli, 31L000000049 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 cəmiyyətlə bağladığı 27.02.2015-ci il tarixli, 031R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24.02.2016-cı il tarixli, 031R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02.03.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 14089,33 ABŞ dolları ödəmiş, onun 15910,67 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 22.10.2018-ci il tarixə 599 gün üçün hesablanmış faiz borcu 5184,26 ABŞ dolları təşkil edir. 22.10.2018-ci il tarixə 599 gün üçün hesablanmış cərimə 18127,31 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cəmiyyət ilə Cavabdeh1 arasında bağlanmış 27.02.2015-ci il tarixli, 031M**********01 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 3 nömrəli binanın 5-ci mərtəbəsində Cavabdeh1 mülkiyyətində olan 80 nömrəli mənzil cəmiyyətin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin ipoteka ilə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cəmiyyət tərəfindən Cavabdeh1 14.08.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Həmin bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cəmiyyət həmin bildirişin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İpoteka predmeti olan Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 3 nömrəli binanın 5-ci mərtəbəsində olan 80 nömrəli mənzildə qeydiyyatda olan cavabdehlər X6, X4, Cavabdeh3 və X5 həmin mənzilin cəmiyyətə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizələr təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində qismən ləğv edilməsi, iddia tələbinin tamamilə rədd edilməsinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiadan imtinası qəbul edilməli, iş üzrə Şəhər Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(060)-2272/2019 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin məhkəmə kollegiyasına daxil olunmuş 22.04.2021-ci il tarixli, 10095 saylı ərizəsindən görünür ki, cavabdeh tərəfindən banka olan borc sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənildiyindən İddiaçı qapalı səhmdar cəmiyyəti iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(060)-2272/2019 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 200 manat Cavabdeh1 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəməəmtəəşunaslıq ekspertizasının dəyəri olan 300 manat tutularaq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin hesabı AZ52İBAZ********************, VÖEN:**********, “Azərbaycan Beynəlxalq Bankı açıq səhmdar cəmiyyəti Abşeron filialı, bank kodu 805539, müxbir hesabı AZ03NABZ013501**********2944, VÖEN:**********, S.W.İ.F.T BİC:İBAZAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365, 370 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(060)- 2272/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit xətti müqaviləsinə və kredit razılaşmasına xitam verilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh1 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının dəyəri olan 300 (üç yüz) manat tutularaq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin hesabı AZ52İBAZ********************, VÖEN:**********, “Azərbaycan Beynəlxalq Bankı açıq səhmdar cəmiyyəti Abşeron filialı, bank kodu 805539, müxbir hesabı AZ03NABZ013501**********2944, VÖEN:**********, S.W.İ.F.T BİC:İBAZAZ2X hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar