Məhkəmə qərarları › İş №2(105)-148/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-148/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-148/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(060)-213/2023 qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. xx.xx.2021-ci il tarixli, RGTK3772916A126 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 8414.41 manat məbləğində kredit vermişdir.

2. xx.xx.2021-ci il tarixi kassa məxaric orderindən görünür ki, Cavabdeh 8414.41 manat pul vəsaitini İddiaçı ASC-dən qəbul etmişdir.

3. xx.xx.2022-ci il tarixli, 135000/3624 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, RGTK3772916A126 saylı kredit müqaviləsinə əsasən 8091.19 manat əsas, 805.95 manat faiz borcu olmaqla, cəmi 8897.14 manat məbləğində borcu vardır.

4. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/525 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021ci il tarixli, RGTK3772916A126 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 8872.30 AZN məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 8162.12 manat, faiz borcu üzrə 710.18 manat.

6. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8956 saylı ekspert rəyində xx.xx.2021-ci il tarixli, RGTK3772916A126 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh 20 may 2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 8162.12 manat əsas, 236.97 manat faiz borcu olmaqla ümumilikdə 8399.09 manat olduğu müəyyən edilmişdir. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, tədqiqat zamanı hesabdan çıxarış məlumatlarından Cavabdeh xx.xx.2022-ci il tarixdən sonra banka 80 manat ödəniş etdiyi müəyyən olunmuşdur. Lakin ekspertiza tədqiqatı zamanı borc məbləği xx.xx.2022-ci il tarixədək hesablandığından qeyd olunan ödəniş nəzərə alınmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 8091.19 AZN əsas, 805.95 AZN faiz borcu olmaqla, cəmi 8897.14 AZN məbləğində vəsaitin və ödənilmiş 108.97 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK3772916A126 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 8091.19 AZN əsas, 805.95 AZN faiz borcu olmaqla, cəmi 8897.14 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

9. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) 28 aprel 2023-cü il tarixli, 2(060)-213/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8091,19 (səkkiz min doxsan bir manat on doqquz qəpik) manat əsas borc, 710,18 (yeddi yüz on manat on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 8801,37 (səkkiz min səkkiz yüz bir manat otuz yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 108,97 (bir yüz səkkiz manat doxsan yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ**********0000003944 saylı bank hesabına köçürülməsi qət edilmişdir

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, RGTK3772916A126 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edib ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8091.19 AZN əsas borc tutulmalıdır. İddiaçı iddia ərizəsində cavabdehdən 805.95 AZN faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/525 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 710.18 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyində qeyd olunan məbləğdə faiz borcunun tutulmasını əsaslı hesab etmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 442, 443.1, 445.2.1, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 103.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2(060)-213/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini əsassız hesab edir. Belə ki, o uzun müddət iddiaçı bankın müştərisi olmuşdur. Hazırkı kredit müqaviləsindən də öncə bankdan müxtəli vaxtlarda kredit götürmüş və daha sonra borcunu ödəmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borcunu ödəməyə davam etsə də, sonda bir qədər maddi çətinlikləri yarandığından, bank aralarındakı kredit müqaviləsini yeniləməyi ona təklif etmiş və müqavilə yenilənmişdir. Cavabdeh həmin vaxt mövcud olan bazar şərtlərini nəzərə almış və həmin şərtlər daxilində borcu qaytarmaqda heç bir problem görməmişdir. Lakin gözləmədiyi vaxtda müharibə veteranı kimi dövlət tərəfindən ona ödənilən əmək pensiyası və təqüdü 2020-ci ilin iyul/avqust ayında birtərəfli qaydada dayandırıldı. Nəticədə o aylıq 550 manat pensiyadan və 300 manat prezident təqaüdündən məhrum oldu. Hazırda əmək pensiyasının və təqaüdün bərpa edilməsi ilə bağlı məsələ məhkəmə baxışının predmetidir. Beləliklə də, bank ilə müqaviləni yeniləyərkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Göründüyü kimi onun maddi vəziyyəti qəfildən pisləşdiyindən o banka olan borcunu ödəməkdə çətinlik çəkmişdir. Bu müddət ərzində banka müraciət edərək u baş vermiş dəyşikliklərin nəzərə alınmasını xahiş etmişdir. Lakin bankdan bununla bağlı heç bir cavab verilməyib. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Bir daha qeyd edir ki, cavabdeh "xxxx" ASC ilə 2010-cu ildən kredit götürülməsi ilə bağlı əməkdaşlıq etmişdir. Bu illər ərzində bir neçə dəfə həmin bankdan kredit götürmüş və vaxtında qaytarmışdır. Bundan başqa ötən dövrdə onun kiçik biznes fəaliyyəti olub ki, pandemiya dövründə bu fəaliyyət qapanmışdır. İşə baxan məhkəmə bu halları nəzərə almamışdır. Məhkəmənin təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizası barədə qərardadda ekspert qarşısında qoyulan suallar xx.xx.2020-ci il tarixdən sonrakı dövrü əhatə edir ki, bu müddət ərzində artıq mübahisə yox idi. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir.

16. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2(060)-213/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 742.1-ci mаddəsinə görə, bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır.

19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2(060)-213/2023 nömrəli qətnaməsinin tam ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcuna münasibətdə dəyişdirilməlidir.

23. İddiaçının tələbi mövcud, yəni xx.xx.2021-ci il tarixli, RGTK3772916A126 saylı kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz borcunun) cavabdehdən alınması barədədir.

24. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK3772916A126 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 8414.41 manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 8897.14 manat məbləğində borcu qalmışdır.

25. Kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyinə görə Bank tərəfindən cavabehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.

26. Araşdırılan işin müəyyən edilmiş hallarından göründüyü iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitlərini cavabdehə vermişdir. Lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.

27. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

28. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır.

29. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh (apellyator) şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, əslində şikayətin məzmununda kredit vəsaitini əldə etdiyini, lakin maddi vəziyyətində sonradan yaranmış çətinlikərlə əlaqədar ödənişləri edə bilməməsini göstərmiş, dolayısıyla iddiaçıya borcu olmasını etiraf etmişdir. Apellyator şikayətində həmçinin onun tərəfindən edilmiş ödənişlərin düzgün nəzərə alınmadığını və borc məbləğinin yüksək qeyd ediliyini vurğulamışdır.

30. Apellyasiya instansiya məhkəməsi işin obyektiv və ədalətli həllinə nail olmaq məqsədi ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və əldə edilmiş ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixli, RGTK3772916A126 saylı kredit müqaviləsi üzrə Cavabdeh 20 may 2022-ci il tarixə İddiaçı ASC-yə 8162.12 manat əsas, 236.97 manat faiz borcu olmaqla ümumilikdə 8399.09 manat borcunun olduğu müəyyən edilmişdir.

31. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi faiz borcu üzrə qərar qəbul edərkən səhv nəticəyə gəlmiş, işin faktiki hallarını düzgün araşdırmamışdır.

32. Göründüyü kimi verilmiş ekspert rəyinə əsasən əsas və faiz borcu arasında müəyyən qədər fərq yaranmışdır. Ona görə də kollegiya hesab edir ki, bu halda əsas borca münasibətdə iddia tələbində göstərilən məbləğ, faiz borcuna münasibətdə isə ekspert rəyi əsas götürülməlidir, əks halda məhkəmə iddia tələbindən kənara çıxılmış olar.

33. Kollegiya apellyasiya şikayətinin digər dəlilləri ilə razılaşmır və qeyd edir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

34. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(060)-213/2023 nömrəli qətnaməsi faiz borc məbləğinə münasibətdə dəyişdirilməlidir.

35. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.12. 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutulmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(060)-213/2023 nömrəli qətnaməsi faiz borcunun məbləğinə münasibətdə (o cümlədən, cəmi borca münasibətdə) dəyişdirilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 236.97 manat (iki yüz otuz altı manat 97 qəpik) müəyyən edilsin. Qətnamə qalan hissələrdə - Cavabdeh 8091,19 (səkkiz min doxsan bir manat on doqquz qəpik) manat əsas borc, ödənilmiş 108,97 (bir yüz səkkiz manat doxsan yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan (apellyasiya icraatı zamanı verilmiş) 100 (yüz) manat məbləğdə pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar