Məhkəmə qərarları › İş №2(105)-1481/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1481/2024

21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1481/2024 21.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Paşazadə İbrahim Sahıb oğlunun cavabdeh "xxxx" Məhdud Məsulıyyətli Cəmıyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Paşazadə İbrahim Sahıb oğlunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(012)-42/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ona dəymiş 30000 manat məbləğində ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında 22 oktyabr 2011ci il tarixli, 015/A №-li müqaviləyə əsasən "xxxx" MMC yaşayış massivindəki 9 saylı küçədə yerləşən 0,25 ha torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilmiş 2 №-li 3 otaqdan ibarət, 1 mərtəbəli, mansarlı, ümumi sahəsi 96 m olan fərdi yaşayış evini 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 52800 manata təmirli şəkildə satın almış, ev 2012ci ildə tam təmirli vəziyyətdə təhvil verilmişdir. Bir müddət keçdikdən sonra evin divarlarında çatlar əmələ gəlməyə başlamış, bir sıra təmir işləri aparılsa da çatlar böyükməkdə davam etmişdir. Hətta "xxxx" MMC-nin icraçı dirketoru evə baxış keçirdikdən sonra, evin sökülərək yenidən tikilməli olduğunu bildirmişdir. Hazırda ev tamamilə yararsız vəziyyətdədir. Xüsusilə qeyd edir ki, İddiaçı həmin mənzili istifadə etməyə başladığı andan etibarən evin divarlarında çatlar əmələ gəlməyə başlamışdır. Bununla bağlı cavabdehə yazılı və şifahi şəkildə müraciət edildikdən sonra onlar bir neçə dəfə çatların qarşısını almaq üçün müvafiq tədbir görməyə çalışmışdırlar. Cavabdeh tərəfindən evin divarlarında bir sıra təmir işləri aparıldıqdan sonra 2-3 il gözləməli olduqlarını, əgər çatlar davam edərsə, başqa tədbir görə biləcəkləri bildirilmişdir. Belə ki, ilk dəfə evin arxa hissəsinə qüsurun aradan qaldırılması üçün beton tökülmüş və 1-2 il keçdikdən sonra çatın dayanacağını bildirmişlər. Qüsur aradan qalxmadığı üçün yenidən iddiaçı tərəfindən "xxxx" MMC-nin icraçı direktoruna müraciət edilmişdir. Müraciəti əsasında 5-6 usta evə baxış keçirməyə göndərilmişdir. Hatəm adlı şəxs çat olan yerlərə “kley" vuraraq 1 il gözləməli olduqlarını bildirmiş, lakin mövcud problem öz həllini tapmamışdır. İddiaçının təkrar müraciətindən sonra cavabdeh tərəfindən göndərilmiş ustalar evin sağ hissəsini qazıb almaturla bərkitmişlər. İddiaçının 2-3 il gözləməsinə baxmayaraq, çatlar daha da böyümüşdür. Yenidən iddiaçı tərəfindən müraciət edildikdən sonra yaxın zamanda gələrək məsələni həll edəcəklərini bildirsələr də heç bir tədbir görülmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onlar son dəfə evin arxa hissəsini qazaraq oraya beton tökəcəklərini, təxminən 30000 manat məbləğində təmir işləri aparacaqlarını bildirmişlər. Hər dəfə iddiaçı tərəfindən edilmiş müraciətlərə cavab verildiyi, müəyyən tədbirlər görüldüyü üçün cavabdehdən 2021-ci ilin yanvar ayınadək heç bir şikayəti olmamışdır. Eyni zamanda iddiaçı ümid etmişdir ki, onların hər hansı müdaxiləsindən sonra mənzildəki qüsurlar aradan qalxacaq. Buna baxmayaraq, evdəki çatlar hazıradək çoxalmaqdadır. Lakin evdə olan qüsurların aradan qaldırılması üçün cavabdeh tərəfindən heç bir tədbir görülmür. Evdə görülən təmir işlərinin videogörüntüləri olan disk də mövcuddur. Həmçinin iş materiallarında olan fotoşəkillərdən də görünüdüyü kimi mübahisəli mənzil qəzalı vəziyyətdədir. İddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı mənzil hər an bədbəxt hadisə ilə üzləşmələrinə səbəb ola bilər. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 22 oktyabr 2011-ci il tarixli, A/015 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməsinə və öhdəliklərini yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Lakin qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya qüsurlu mənzil satılmışdır. Hesab edir ki, göstərilənlərə əsasən cavabdeh tərəfindən mübahisəli mənzilin təmir edilməsi üçün nə qədər xərc çəkiləcəyi müəyyən edilməli və İddiaçı dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmalıdır.

3. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə daxil olmamışdır.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivində 9 saylı küçədə yerləşən, 2 nömrəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması barədə fikirlər təşkil edir. İddia tələbi tamamilə əsassız olmaqla yanaşı iddia müddətləri də ötürülmüşdür. Göründüyü kimi müqavilə alqı-satqı adlanmasına baxmayaraq podrat hüquq münasibtlərini tənzimləyir. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (MM, maddə 762). Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (MM 776). Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (MM, maddə 765). İddiaçı ümumi iddia müddətini belə ötürmüşdür. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İddiaçı məhkəmənin hazırlıq iclaslarında qeyd etdiyi kimi fərdi yaşayış evi bir neçə dəfə təmir edilmiş, əsaslı təmir işləri görmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. (373.5.) Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmçinin, Mülki Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsini orqanlarına mübahisəli obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yolxanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühün əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunverciliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühün əhəmiyyətə malikdir. Qeyd olunanları, habelə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76, 77, 217.3-cü maddələrini və Mülki Məcəlləsinin 354.1-ci maddəsinə rəhbər tutaraq, mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

5. Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında 22 oktyabr 2011-ci il tarixli, 015/A №-li müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus "xxxx" yaşayış massivindəki 9 saylı küçəsində 0,25 ha torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilən (inşa edilmiş), 2№-li, 3 otaqdan ibarət, 1 mərtəbəli mansardlı ümumi sahəsi 96 kv.metr olan fərdi yaşayış evini alıcı İddiaçı satmağı, alıcı İddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə satıcı "xxxx" MMC satdığı torpaq sahəsini, həyətində tikilmiş fərdi yaşayış evini tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı İddiaçı isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya 18 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür.

6. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2(012)-1949/2022 saylı qərardad ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 10/6199 saylı məhkəmə ekspertizasının alınmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuş və həmin məlumatda qeyd olunmuşdur ki, “2(012)-1949/2022 nömrəli iş üzrə tərəfinizdən xx.xx.2022-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisləri ilə birlikdə tədqiqat obyektinə baxışın keçirilməsi və müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğuna görə, bu barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmişdir. Tədqiqat obyektinə baxış vaxtı xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Qeyd olunan tarixdə mütəxəssislərin iştirakı olmadan tədqiqat obyektinə baxış keçirilmiş, fərdi yaşayış evinin divarlarında çatlar və aralanmalar müşahidə olunmuşdur. Lakin bu günə qədər müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığına görə, qərardadın suallarını cavablandırmaq mümkün olmamışdır”.

7. Daha sonra məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(012)-140/2023 saylı qərardad ilə yenidən tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli, 3-16-16/2-10/42 saylı məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus "xxxx" yaşayış massivindəki 9 saylı küçəsində 0,25 ha torpaq sahəsində inşa edilmiş 2 №-li, 3 otaqdan ibarət fərdiyaşayış evinin sahəsi 12.8 kv.m. olan yaşayış otağının pəncərə boşluğunun üstündə və altında, həmçinin sahəsi 24.1 kv.m. zalın xarici divarının üzərində şaquli keçici çatların olduğu müşahidə olunmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus "AAAF-Park” yaşayış massivindəki 9 saylı küçəsində 0,25 ha torpaq sahəsində inşa edilmiş 2 №-li, 3 otaqdan ibarət, 1 mərtəbəli mansardlı ümumi sahəsi 96 kv.metr olan fərdi yaşayış evi tikinti-texniki cəhətdən düzgün ərazi relyefində yerləşibyerləşməməsini, həmin fərdi yaşayış evi istismara yararlı olmasını, istismara yararlı deyildirsə, evdə aşkar edilən qüsurların yaranma səbəbi nədən olmasını, aşkar edilmiş qüsurlar keyfiyyətsiz tikinti nəticəsində, konstruktiv elementlərin düzgün aparılmaması nəticəsində, su ötürücü novlarının korlanması nəticəsində, baxımsızlıq nəticəsində axan yağış və sair su kütləsinin axımı səbəb ola bilməsini, aşkar olunmuş qüsurlar nə vaxt yaranmasını, evdəki çatların gələcəkdə davam etməsi mümkün olub-olmasını, qüsurlar aşkar olunarsa, tikilinin konstruktiv elementlərinə ziyan vurmadan bərpası mümkün olmasını və aşkar edilən qüsurların aradan qaldırılması üçün hansı məbləğdə təmir-tikinti işləri aparılmasını müəyyən etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikinitidə X2 Agentliyinin mütəxəssis rəyinin təqdim olunması barədə vəsatət verilmiş, lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq bu günə qədər hər hansı bir sənəd (mütəxəssis rəyi) təqdim olunmamışdır. Bu səbəbdən də qərardadla ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(012)-42/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ona dəymiş 30000 manat maddi ziyanın cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 776.1 və 776.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 106.1, 77.1, 14.2, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(012)-42/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 22 oktyabr 2011-ci il tarixli, A/015 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməsinə və öhdəliklərini yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Lakin qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən ona qüsurlu ev satılmışdır. Bütün qeyd edilənlərə baxmayaraq, Abşeron Rayon Məhkəməsi sübutları yetərincə araşdırmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etməmişdir. Nəticə etibarilə, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmış, onun hüquqları pozulmuşdur. Mülki mübahisə üzrə cavabdeh "xxxx" MMC iddiaya etirazında müqavilə üzrə öhdəliklərin icra edilməsini tələb etmək üçün iddia müddətinin keçdiyini qeyd etmişdir. Həmçinin, məhkəmə də qətnamə çıxararkən iddia tələbinin rədd edilmə əsaslarından biri kimi iddia müddətinin keçməsinə istinad etmişdir. Bu xüsusatla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsindən də göründüyü kimi borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Belə ki, 2021-ci ilə qədər tərəfindən cavabdeh "xxxx" MMC-yə evdə yaranmış qüsurlarla əlaqədar üç dəfə müraciət olunmuş, cavabdeh tərəfindən hər üç müraciətdə ustalar göndərilmiş, hər dəfə də ustalar müxtəlif təmir işləri görmüşdürlər. Hər dəfə ustalar gəlib evi təmir etdikdən sonra 1-2 il gözləməyini, təmirin nəticəsində evin qüsurlarının düzələcəyini demişdilər. Nəhayət, 2021-ci ildə cavabdeh tərəfindən onun ən sonuncu, yəni dördüncü müraciətinə cavab verilməmişdir. Bundan sonra cavabdeh "xxxx" MMC öhdəlikləri icra etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, bu müddət ərzində cavabdeh "xxxx" MMC müraciətlərinə cavab verərək etirafedici hərəkətlər etmişdir. Bu halda iddia müddətinin axımı kəsilmiş, iddia müddətinin axımında fasilə yaranmışdır. Lakin məhkəmə bunu nəzərə almamış, əsassız olaraq iddia müddətinin keçdiyini qeyd etmişdir. Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 380.2-ci maddəsinin tələbindən də göründüyü kimi borclunun etirafedici hərəkətlər etməsi ilə fasilə yaranır və həmin fasilədən sonra iddia müddəti yenidən başlanır. Beləliklə, məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, MM-nin 380-ci maddəsinin tələblərini nəzərə almayaraq əsassız olaraq iddia tələbini rədd etmişdir. Buna görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunmalıdır. İş materillarından da göründüyü kimi xx.xx.2022-ci il tarixdə mütəxəssislərin iştirakı olmadan tədqiqat obyektinə baxış keçirilmiş, fərdi yaşayış evinin divarlarında çatlar və aralanmalar müşahidə olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli, 3-16-16/2-10/42 saylı məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus "xxxx" yaşayış massivindəki 9 saylı küçəsində 0,25 ha torpaq sahəsində inşa edilmiş 2№-li, 3 otaqdan ibarət fərdi-yaşayış evinin sahəsi 12.8 kv.m. olan yaşayış otağının pəncərə boşluğunun üstündə və altında, həmçinin sahəsi 24.1 kv.m. zalın xarici divarının üzərində şaquli keçici çatların olduğu müşahidə olunmuşdur. Yəni evin qəzalı vəziyyətdə olması həm məhkəməyə göndərilən məlumatda, həm də qətnamədə qeyd olunmuş, lakin buna hüquqi qiymət verilməmişdir. Bundan başqa, məhkəmənin ikinci dəfə təyin etdiyi ekspertiza ilə bağlı verilmiş ekspert rəyində evin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sadəcə xüsusi bilik tələb olunan sahə olduğu üçün mütəxəssis rəyinə ehtiyac olmuşdur. Mütəxəssis rəyi olmadan da Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məlumatda və ekspert rəyində evin qəzalı vəziyyətdə olduğu açıq-aşkar qeyd olunmuşdur. Lakin məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “iddiaçı iddia ərizəsi ilə müraciət edərək, ona dəymiş 30000 manat maddi ziyanın cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsini xahiş etsə də, İddiaçı tərəfindən bu faktı sübut edən hər hansı bir dəlil iddia ərizəsinə əlavə edilməmiş, həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya 30000 manat maddi ziyanın dəyməsinə dair özünün izahatından başqa hər hansı bir mötəbər sübut təqdim etməmişdir.” Məhkəmənin bu mövqeyi ilə əlaqədar nəzərə çatdırır ki, evin qəzalı vəziyyətdə olması ilə əlaqədar fotoşəkillər və evdə görülən təmir işlərinin video görüntüləri əks olunmuş disk mövcud olmuş, iş materiallarına əlavə olunmuşdur. Buna baxmayaraq, məhkəmə bu maddi sübutlara hüquqi qiymət verməmişdir. Nəticə etibarilə, ümumi şəkildə bildirir ki, həm Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş məlumat və ekspert rəyi ilə, həm də təqdim etdi fotoşəkillər və disk ilə evin qəzalı vəziyyətdə olduğu sübut olunur. Məhkəmə bu sübutlara hüquqi qiymət verməyərək mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunanlardan da göründüyü kimi Abşeron Rayon Məhkəməsinin mübahisləndirilən qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsas mövcuddur. Qətnamədən də göründüyü kimi ekspert rəyinin verilməsi müvafiq mütəxəssis rəyinin alınmasından asılı olmuşdur. Məhkəməyə bu fatkın məlum olmasına baxmayaraq, yəni mütəxəssis rəyinin əldə edilməsinin hazırkı məhkəmə mübahisəsi üçün zəruri olmasına baxmayaraq mütəxəssis cəlb edilməmişdir. Halbuki, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən verilən mütəxəssis rəyi ilə mümkün olacaqdı. Məhkəmə obyektiv və tam həqiqətə nail olmaq üçün mütəxəssis rəyinin əldə edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 207.1-ci maddəsinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Belə ki, iş materillarından da göründüyü kimi xx.xx.2022-ci il tarixdə mütəxəssislərin iştirakı olmadan tədqiqat obyektinə baxış keçirilmiş, fərdi yaşayış evinin divarlarında çatlar və aralanmalar müşahidə olunmuşdur. Qeyd olunanlardan da göründüyü kimi evin qəzalı vəziyyətdə olması işin mübahisəsiz halıdır. Sadəcə xüsusi bilik tələb olunan sahə olduğu üçün mütəxəssis rəyinə ehtiyac olmuşdur. Mütəxəssis rəyi olmadan da Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məlumatda və ekspert rəyində evin qəzalı vəziyyətdə olduğu açıq-aşkar qeyd olunmuşdur. Lakin məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Abşeron Rayon Məhkəməsinin mübahisləndirilən qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsas mövcuddur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq izahatında bidirdi ki, evi cavabdehdən aldıqdan üç ay sonra qusur- divarlarda çat yarandığını görmüşlər, ümumilikdə üç dəfə 2012, 2013, 2014-cü illərdə cavabdeh təşkilata qusurun aradan qaldırılması ilə bağlı müraciət etmiş, təmir işləri görülmüşdür. 2018-ci ildə yenidən müraciət etsə də təmir işləri görülməsindən imtina edilmişdir.

14. Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

19. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında 22 oktyabr 2011-ci il tarixli, 015/A №-li müqaviləyə əsasən İddiaçı "xxxx" MMC yaşayış massivindəki 9 saylı küçədə yerləşən 0,25 ha torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilmiş 2 №-li 3 otaqdan ibarət, 1 mərtəbəli, mansarlı, ümumi sahəsi 96 m olan fərdi yaşayış evini 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə 52800 manata təmirli şəkildə satın almış və ev "xxxx" MMC tərəfindən 2012-ci ildə tam təmirli vəziyyətdə iddiaçıya təhvil verilmişdir. İddiaçı mənzildə qusur yarandığını, evin tamamilə yararsız vəziyyətdə olduğunu iddia edərək araşdırılan mübahisə ilə məhkəməyə müraciət etmiş və vurulmuş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi qət edilmişdir.

22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsi ilə müraciət edərək, ona dəymiş 30000 manat maddi ziyanın cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsini xahiş etsə də İddiaçı tərəfindən təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin nümayəndəsinin ərizəsinin əsaslı olduğu, iddia müddətinin ötürüldüyü göstərilmişdir.

23. Məhkəmənin bu mövqeyi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(012)-42/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:

27. Göründüyü kimi apellyatorun şikayətinin əsas dəlili iddia müddətinin əsassız tətbiq edilməsi ilə bağlıdır.

28. Məhkəmə kollegiyası ilk olaraq iddia müddəti və onun tətbiqi əsaslarına aydınlıq gətirilməsini zəruri hesab edir.

29. İddia müddəti tələb hüququnu ehtiva etməklə iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn həyata keçirilməsi imkanının xitamına səbəb olur. Qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

31. Qeyd etmək lazımdır ki, iddia müddətinin tətbiq edilməsi, iddia müddəti başa çatdıqdan sonra pozulmuş hüquqların məcburi müdafiəsinə məhdudiyyət qoyulmasının məntiqi və praqmatik nəticəsidir. Lakin qeyd edildiyi kimi bu məhdudiyyətlər özü mütənasib və qanuni məqsədlər güdməldir. Bu baxımdan iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

32. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.

33. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

34. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.

35. Məhkəmə kollegiyası araşdırması zamanı izahat verən iddiaçının nümayəndəsi göstərdi ki, evi cavabdehdən aldıqdan üç ay sonra qusur- divarlarda çat yarandığını görmüşlər, ümumilikdə üç dəfə 2012, 2013, 2014-cü illərdə cavabdeh təşkilata qusurun aradan qaldırılması ilə bağlı müraciət etmiş, təmir işləri görülmüşdür. 2018-ci ildə yenidən müraciət etsə də təmir işləri görülməsindən imtina edilmişdir.

36. Göründüyü kimi cavabdeh tərəfindən sonuncu dəfə 2014-cü ildə təmir işləri görülmüş, iddiaçı işi qəbul etmişdir. Kollegiya hesab edir ki, iddiaçının sonuncu dəfə 2014cü ildə işi qəbul etdiyi vaxtdan Mülki Məcəllənin 776.1-ci maddəsinin tələblərinə uyğun olaraq icranın qüsuru barəsində tələb üzrə iddia müddətinin axımı başlamışdır. İşin aşkar halları ilə müəyyən edilir ki, iddiaçı Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən haqlı olaraq iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(012)-42/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar