Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1483/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şabran rayon məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(031)-108/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran rayon məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddianın qismən təmin edilməsi, Cavabdeh 5000 manat pul və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1896/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) iddiaçının apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilərək, cavabdehdən 6600 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla manat ekvivalenti ilə) və 1300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 15 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və V.Həsənov) Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1896/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 6600 ABŞ dolları, 1300 AZN məbləğində borcun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 09.05.2018-ci il tarixdə ondan 4000 ABŞ dolları, 23.05.2018-ci il tarixdə 900 ABŞ dolları, 06.07.2018-ci il tarixdə 700 ABŞ dolları və 1000 AZN və 06.09.2018-ci il tarixdə 1000 ABŞ dolları və 300 AZN borc almışdır. Hazırda cavabdehin ona 6600 ABŞ dolları və 1300 AZN məbləğində borcu vardır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmir. Ona görə də borcun alınması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şabran rayon məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, guya müxtəlif vaxtlarda şahidlər X1, X3 iddiaçıya olan borclarını ona ödəmiş, cavabdeh özünə məxsus maaş kartını ona vermiş, həmin kartdan 4170 manat pul çıxartmışdır. Şahidlərin verdiyi izahatlar və cavabdehin verdiyi izahatlar heç biri həqiqətə uyğun deyil. Belə ki, cavabdeh 7500 manat pulun qaytarılması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edilməsini cavabdehin iddiaçıdan aldığı borcun bir hissəsini qaytarmamasının cavabdehin etirafını, onun tərəfindən təqdim edilmiş sübutları, şahid ifadələrini nəzərə alması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 385.1, 739.1, 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan cavabdehin kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını apellyasiya qaydasında mübahisələndirməyən hissədə yoxlayıb qiymət verməkdə haqlı olmadığını, şahid ifadəsinə tənqidi yanaşmaqla bağlı mövqeyini, həmçinin digər hallarla: şahid ifadələrinin qeyri-səmimiliyi, dolğun olmaması, işə aid olmaması, işdə olan digər sübutlarla zidiyyət təşkil etməsi və sair hallarla əsaslandırmamasını, cavabdeh tərəfindən təqdim edilən sübutları nəyə görə qəbul etmədiyini və ya mötəbər sübut hesab etmədiyini, prosessual qanunvericiliyin sübutlara qarşı irəli sürülən hansı tələblərinə cavab vermədiyini ümumiyyətlə əsaslandırmamasını, işə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü Cavabdeh məxsus əmək haqqı kartından 01 may 2018-ci ildən 05 noyabr 2018-ci il tarixə qədər, debit kartlarından 05 dekabr 2018-ci il tarixdən 05 sentyabr 2019-cu il tarixlərində məbləğlərin kim tərəfindən çıxarılmasını müəyyən edilməsi barədə "xxxx" ASC tərəfindən müfəssəl məlumatın verilməsi məqsədilə sorğu göndərilmiş, sorğuya cavab olaraq Cavabdeh məxsus əəmək haqqı və debet kartlarının çıxarışı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına əsasən pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışında dindirilmiş şahid ifadələri, həmçinin iş materiallarında olan əmək haqqı və debet kartların çıxarışlarına əsasən cavabdehin iddiaçıya 7500 manat məbləğində borcu qaytardığı öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh aralarında yazılmış qəbz əsasında iddiaçıdan götürdüyü məbləği geri qaytarmalı olduğu halda bu öhdəliklərini kobud şəkildə pozaraq 5000 (beş min) manat məbləğində pulu qaytarmamaqla, iddiaçıya maddi ziyan vurduğundan, iddiaçının hazırki tələblə məhkəməyə müraciət edərək pulu cavabdehdən tələb etməkdə haqlı olması barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası işin faktiki hallarına Mülki Məcəllənin 385.1.3, 386.1, 425, 442, 448, 739-cu maddələrinin tələbləri baxımından hesab edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehlik daşıdığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şabran rayon məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1483/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1483/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver