Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1486/2025 30.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona birgə ödəməli olduğu 44000 manat, 300 manat hüquqi yardıma görə ödənilmiş məbləğ, 20.50 manat müqavilə bağlanması üçün marka pulu və ödənilmiş 224 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qətnaməsi ilə İddiaçı iddia ərizəsi təmin edilərək, 44000 (qırx dörd min) manat məbləğində borc pul və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 224 (iki yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu, habelə müqavilənin bağlanmasına görə ödənilmiş 20.50 (iyirmi manat əlli qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi qət edilmişdir.
3. Bundan sonra Cavabdeh1 Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qətnaməsindən 25 avqust 2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir.
4. Bununla yanaşı həmin tarixdə Cavabdeh1 Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
5. Cavabdeh1 ərizəsini onunla əsaslandırmışdır ki, o, qətnamə barədə onu icra məmuru çağırdıqdan sonra xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək götürmüşdür. Onun ümumiyyətlə elektron kabineti mövcud olmamışdır, apellyasıya şikayətini göndərə bilmək üçün elektron kabinet yaratmışdır. Onun elektron qaydada qətnamədən şikayət vermək imkanı mövcud olmamışdır.
6. Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 nömrəli qərardadı ilə (hakim Nərmin Abiyeva) Xaçmaz rayon Məhkəməsinin 01 may 2025ci il tarixli, 2(067)-1207/2025 saylı qətnaməsindən «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair» Cavabdeh1 ərizəsi rədd edilmişdir.
7. Bundan sonra Cavabdeh1 Xaçmaz rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qərardadından şikayət verərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1207/2025 saylı, 28 avqust 2025-ci il tarixli qərardadının ləğv edilməsi, buraxılmış prosessual müddəti bərpa edərək işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Xaçmaz Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2(067)- 1207/2025 nömrəli qərardadı ilə (hakim Nərmin Abiyeva) Cavabdeh1 tərəfindən Xaçmaz rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şikayətin dəlilləri Şikayəti onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qərardadından narazıdır. Məhkəmə qeyd edir ki, apellyasiya şikayət verilmiş qətnamə üzrə digər Cavabdeh2 oğlu (Cavabdeh1 həyat yoldaşı) Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qətnaməsini rəsmi qaydada özünün “Elektron Məhkəmə” informasiya sistemində 19 mart 2025-ci il tarixdə yaradılan elektron kabinet vasitəsi ilə 03 iyun 2025-ci il tarixdə almış, sözügedən qətnamədən apellyasiya şikayətini isə 25 avqust 2025-ci il tarixdə vermişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 sözügedən qətnamədən vaxtında məlumatlı olmuş və şikayət vermək üçün kifayət qədər vaxtı olsa da, bilərəkdən şikayət müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə bu halı üzrsüz hesab edir və buraxılmış müddətin bərpasını məqsədəmüvafiq hesab etmir. Lakin, onun heç vaxt elektron kabineti mövcud olmamışdır. O, qətnamədən apellyasiya şikayət verəndə elektron kabinet açdırmışdır və ondan istifadə etmişdir. Onun elektron kabinetin belə varlığından məlumatı olmamışdır. Harda olur və necə istifadə olunduğundan məlumatsız olmuşdur. O, qətnamənin ona poçt vasitəsilə göndəriləcəyini düşünmüş və onu Xaçmaz icra və probasiya şöbəsindən çağıranda təcublənmişdir ki, axı qətnamə hələ ona çatmamışdır, amma onu icra üçün çağırırlar. Qərardadda göstərilir ki, Cavabdeh1 sözügedən qətnamədən vaxtında məlumatlı olmuş və şikayət vermək üçün kifayət qədər vaxtı olsa da, bilərəkdən şikayət müddətini ötürmüşdür. O, qətnamədən məlumatlı olsaydı, narazı olduğu qətnamədən niyə bilərəkdən şikayət müddətini ötürmüşdür. O, qeyd olunan qətnamənin ona göndərilməsini gözləyirmiş ki, apellyasiya şikayəti versin. Çünki qətnamədə bir çox nüanslar var ki, düzgün qiymət verilməyib, bunları apellyasiya şikayətində qeyd etmişdir. Hesab edir ki, məhkəmə qəraradad çıxararkən yuxarıda sadaladığı halların hər birini nəzərə almalı idi. Göründüyü kimi hakim bütün bu göstərilən halları araşdırmamış və qanunsuz qərardad qəbul edilmişdir.
10. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
13. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)- 1207/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qətnaməsindən «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair» Cavabdeh1 ərizəsi rədd edilmişdir.
16. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, apellyasiya şikayət verilmiş qətnamə üzrə digər Cavabdeh2 oğlu (Cavabdeh1 həyat yoldaşı) Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qətnaməsini rəsmi qaydada özünün “Elektron Məhkəmə” informasiya sistemində 19 mart 2025-ci il tarxdə yaradılan elektron kabinet vasitəsi ilə 03 iyun 2025-ci il tarixdə almışdır. Cavabdeh1 isə sözügedən qətnamədən apellyasiya şikayətini isə 25 avqust 2025-ci il tarixdə il tarixdə vermişdir.
17. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 sözügedən qətnamədən vaxtında məlumatlı olmuş, şikayət vermək üçün kifayət qədər vaxtı olsa da, bilərəkdən şikayət müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə bu halı üzrsüz hesab etmiş və buraxılmış müddətin bərpasını məqsədəmüvafiq hesab etməmişdir.
18. Məhkəmə qərardadı ilə razılaşmayan Cavabdeh1 Xaçmaz rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qərardadından şikayət vermişdir.
19. Şikayəti əsassız hesab edən birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qərardadında həmçinin göstərmişdir ki, apellyasiya şikayət verilmiş qətnamə üzrə Cavabdeh1 Xaçmaz rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(067)-1207/2025 saylı qətnaməsi rəsmi qaydada poçt vasitəsilə sonuncunun yaşadığı ünvana 21 iyun 2025-ci il tarixdə çatdırılmış və həmin tarixdə Cavabdeh1 bacısı tərəfindən imza edilərək götürülmüşdür (i/v51).
20. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir, kollegiyanın qənatincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.
21. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd edir:
22. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.
25. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.
26. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmaması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Odur ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2(067)-1207/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.