Məhkəmə qərarları › İş №2(105)-1487/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1487/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1487/2024 19.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərər) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X10 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Balakı̇ şı̇ yev Təbrı̇ k Batman oğlunun Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(027)-823/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan ona borclu olduğu 1600 (bir min altı yüz) manat pulun və 63 (altmış üç) manat dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödədiyi 300 (üç yüz) manat pul vəsaitinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə ona təcili pul lazım olduğu üçün "xxxx" QSC-nin Quba filialı ilə müəyyən edilmiş şərtlər əsasında uzun müddətli kredit müqaviləsi bağlayıb götürdüyü kredit vəsaitini vaxtında ödəmişdir. Daha sonra, 17 fevral 2015-ci ildə "xxxx" QSC-nin Quba filialı ilə 2012-ci ildə bağladığı uzunmüddətli kredit müqaviləsi üzrə 30 ay müddətində aylıq ödənişi 255 manat olan 5500 (beş min beş yüz) manat məbləğində kredit vəsaiti almışdır. Həmin kredit vəsaitini almaq üçün 14 fevral 2015-ci ildə "xxxx" QSCnin Quba filialına müraciət etmişdir, bankın qeyd olunan filialının kredit mütəxəssisi Cavabdeh oğlu tərəfindən qəbul edilmişdir. Əvvəllər də kredit verilməsi ilə bağlı sənədləşmə işləri Vüsal tərəfindən icra edildiyi üçün bir-birilərini tanımışlar. Cavabdeh tərəfindən mikro kredit verilməsi ilə bağlı ərizə, kredit razılaşması və zaminlik müqaviləsi və ödəniş planı tərtib edilmişdir. Həmin müqavilələr və ödəniş planı tərəfindən imzalanmış, kredit üzrə zamin isə tanışı və həmkəndlisi olan X7 olmuşdur. Kredit verilməsi ilə bağlı Bankın filialında açılmış cari hesabına 5500 manat pul köçürülmüş, o, həmin pulu kassadan götürmüş və kredit vəsaiti üzrə aylıq 255 manat pul ödənişini etmək üçün hər səfərində Quba rayonuna gəlmişdir. O, hər ay pulu ödəmək üçün uzun məsafə qət etməmək üçün aylıq ödənişi, yəni 255 (iki yüz əlli beş) manat pulu müxtəlif şəxslərin, taksi və avtobus sürücülərinin vasitəsilə kredit mütəxəssisi Cavabdeh göndərmişdir. Göndərdiyi 255 manat pulu Vüsal əvvəllər banka ödəmiş, lakin 2016-cı ilin iyul ayından 2017-ci ilin aprel ayınadək, yəni 255 (iki yüz əlli beş) manat olmaqla 9 ay ərzində göndərdiyi, ümumilikdə 2295 (iki min iki yüz doxsan beş) manat pulu banka ödəməmişdir. Onun bu məsələdən "xxxx"' QSC-nin Quba filialından daxil olan xəbərdarlıq məktubundan sonra məlumatı olmuş, o, Cavabdehla əlaqə saxlayıb vəziyyəti bildirdikdə, Vüsal göndərdiyi pulları özünə götürdüyünü müxtəlif bəhanələr gətirməklə inkar etmiş, sonradan isə 2016-cı ilin iyul ayından 2017-ci ilin aprel ayınadək, yəni 9 ay ərzində göndərdiyi 255 manat olmaqla, ümumilikdə 2295 (iki min iki yüz doxsan beş) manat pulu banka ödəmədiyini etiraf etmişdi, həmin məbləği şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Aylıq ödənişləri Cavabdeh göndərməyini həmkəndlisi Bəhram Atluxanovun və tanışı Quba rayon sakini Teymur Sadirovun məlumatı olmuşdur. Hansı ki, şəxsən o, özü iki dəfə Cavabdeh 500 manat pul vermişdir. Vüsal 2295 (iki min iki yüz doxsan beş) manat verdiyi pul vəsaitini banka ödəmədiyindən, Qusar rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(029)- 1257/2017 saylı məhkəmə əmrinə əsasən, ondan və zamin durmuş şəxslərdən müştərək qaydada 3028 (üç min iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik əsas borc, 898 (səkkiz yüz doxsan səkkiz) manat 39 (otuz doqquz) qəpik faiz borcu, 302 (üç yüz iki) manat cərimə borcu, ümumi 4229 (dörd min iki yüz iyirmi doqquz) 56 (əlli altı) qəpik borcun tutularaq, "xxxx" QSC-nin hesabına köçürülməsi əmr edilmişdir. Qeyd edilən pul məbləği olan borc Cavabdeh təqsiri üzündən yaranmışdır və buna görə də, 4229 (dörd min iki yüz iyirmi doqquz) 56 (əlli altı) qəpik borcu ona ödəməlidir ki, o, da həmin pul vəsaitini "xxxx" QSC-nin hesabına ödəsin. Müraciəti əsasında Cavabdeh oğluna AR CM-nin 178.2.3-cü maddəsi ilə cinayət işi başlanmış, Quba rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 1(027)-161/2017 saylı Hökmü ilə Cavabdeh oğlu AR CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Quba rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 1(027)-161/2017 saylı Hökmündə Cavabdeh göndərdiyi və şəxsi ehtiyaclarına ödədiyi 2295 (iki min iki yüz doxsan beş) manat məbləğində pul vəsaitini güya ona ödəməsi məhkəmə zamanı verdiyi ifadəsində qeyd olunmuşdur. Lakin, Cavabdeh ona vurduğu 2295 (iki min iki yüz doxsan beş) manat ziyanı ödəməmiş, bundan başqa həmin pulu mənimsəyərək banka ödəmədiyindən 4229 (dörd min iki yüz iyirmi doqquz) 56 (əlli altı) qəpik borcu yaranmışdır. Məhkəmədə cinayət işinə baxılarkən cavabdeh tərəfindən ona dəymiş olan ziyan, yəni 2295 (iki min iki yüz doxsan beş) manat təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ödənilmişdir. Bundan sonra Cavabdeh mənimsədiyi puldan qalıq qalan borcunun 1600 (bir min altı yüz) manatını ödəməmiş və bununla əlaqədar banka 1954 (bir min doqquz yüz əlli dörd) manat 56 (əlli altı) qəpik borc qalmışdır. Qeyd edilən 1954,56 manatın 1600 manatı Cavabdeh, 354,54 manat isə ona aiddir. Cavabdeh borcu ödəməkdən yayınır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Qusar Rayon Məhkəməsinin 2(029)-1257/2017 saylı xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, xx.xx.1978-ci ildə Qusar rayonu Kalanxur kəndində anadan olmuş, həmin kənddə yaşayan İddiaçı xx.xx.1973-cü ildə Quba rayonu Nohurdüzü kəndində anadan olmuş, Quba şəhəri Məhəllə 29 ünvanında yaşayan X2, xx.xx.1964-cü ildə Qusar rayonu Yuxarı Kalanxur kəndində anadan olmuş, həmin kənddə yaşayan X4 və xx.xx.1971-ci ildə ünvan 3 ünvanında yaşayan X3 müştərək qaydada 3028,34 manat məbləğində əsas borc, 898,39 manat məbləğində faiz borcu, 302,83 manat məbləğində cərimə borcu, cəmi 4229,56 manat məbləğində kredit borcu tutularaq "xxxx" QSC-nin hesabına ödənilməlidir. İddiaçı, X2, X4 və X3 müştərək qayadada 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" QSC-nin hesabına ödənilməlidir.

5. Quba Rayon Məhkəməsinin 1(027)-161/2017 saylı xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Cavabdeh oğlu Azərbaycan Respublikası CM-nin 178.2.3 maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Cavabdeh oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

6. Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Qusar rayon Məhkəməsinin 2(029)-1257/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, 1954.56 manat borcun X5 əmək haqqına yönəldilərək hər ay əmək haqqının 50% məbləğində tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi və əlavə olaraq 7% həcmində 296.07 manat icra ödənişini Qusar rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilməsi barədə Qusar RİH-nə məktubla müraciət olunmuşdur.

7. "xxxx" QSC-nin Qusar rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubuna əsasən Qusar rayon Məhkəməsinin 2(029)-1257/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədində qeyd olunan məbləğin xx.xx.2024-cü il tarixində tam ödənildiyi nəzərə alınaraq, icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur.

8. Cavabdeh oğlunun nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin təbiq olunmaqla təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Quba Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(027)-823/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddianın qismən təmin edilməsi, Cavabdeh oğlundan 598 (beş yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik dəymiş zərər, dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı 134 (yüz otuz dörd) manat 31 (otuz bir) qəpik, cəmi 733 (yeddi yüz otuz üç) manat 21 (iyirmi bir) qəpiyin alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqları və X6 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 119.1, 217.4, 216- 220, 227. 233-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. Quba Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(027)-823/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh oğlu apellyasiya şikayəti verərək qətnamənin qismən – təmin edilmiş hissədə ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə qismən - təmin edilmiş hissədə razılaşmır. Hesab edir ki, qətnamə həmin hissədə əsassızdır, qətnamə qəbul edilən zaman şikayətdə qeyd olunan hüquq normaları pozulmuş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Əvvəla qeyd olunmalıdır ki, iddia ərizəsi məhkəməyə iddia müddəti ötdükdən sonra, təxminən 6 il sonra verilmişdir. İşə baxılarkən tərəfindən müddət tətbiqi barədə ərizə təqdim edilmişdir. Bildirir ki, İddiaçı qətnamədə göstərilən maddi ziyanın vurulması öz təsdiqini tapmamışdır. Belə ki, onun tərəfindən gecikdirilən 2295 manatı ödəmişdir, hansı ki həmin pula aylıq ödənişlər - həm əsas borc, həm də aylıq faizlər daxildir. İddiaçı borclu qaldığı və icraya yönəldilən məbləğ isə onun tərəfindən ödənilməli olan aylıq ödənişlərdir. Bu ödənişlər onun tərəfindən ödənilməyib. Halbuki, icraya yönəldilən məbləğ də, "xxxx" ASC ilə razılaşma əsasında təxminən 50 faiz azaldılıb. Yəni İddiaçı ödəməli olduğu ödənişləri etmədiyi halda ona qarşı belə bir tələblə çıxış edir. Məhkəmədə işə baxılarkən iddia ərizəsində yazılan məbləğın iddiaçıya ödənilməsi barədə tələb əsassız olaraq təmin edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı məhkəməyə iddia tələbinin əsaslı olduğuna dair sübut təqdim etməmişdir. Həmçinin məhkəmə rüsumu da səhvən 36 manat əvəzinə, 63 manat göstərilmişdir. İşə baxılarkən tərəfimizdən, həmçinin bank tərəfindən təqdim edilən sübutlara düzgün qiymət verilməmişdir. Bütün sənədlərə əsasən onun tərəfindən iddiaçıya borcunun olmadığı və ziyan vurmadığı barədə məlumatlar öz əksini tapsa da sonda belə qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən işə baxılarkən nəticə üçün mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamışdır. Onun əməli nəticəsində İddiaçı ziyan dəyməsi heç bir sübutla öz təsdiqini tapmır. Əksinə İddiaçı ödəməli olduğu məbləğdən az pul ödəmişdir ki, bu da bankla danışıqları nəticəsində baş tutmuşdur. İşin faktiki hallarından aydın olur ki, iddiaçı öz ödəməli olduğu ödənişləri ödəmək istəmir. Belə olduğu təqdirdə tərəfindən ona ziyan vurulması qənaətinə gəlinməsi düzgün olmayan nəticədir. Buna görə də hazırkı iş üzrə məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun deyildir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İddiaçı və Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – təmin edilmiş hissədə ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında yoxlanılmalıdır. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

19. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə baxan məhkəmə prosessual hüquq normalarının tətbiqində səhvə yol versə də, bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmədiyindən, məhkəmə kollegiyası hazırkı qətnamənin prosessual əsasla apellyasiya qaydasında ləğv edilməsinə lüzum görmür.

20. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, cavabdeh təqslirli hərəkətləri nəticəsində banka ödənilməyən borc məbləğinə görə 302,83 manat məbləğində cərimə borcunun tutulması əmr edilmiş və 296.07 manat icra ödənişi edilmişdir. İddiaçı 1600 (bir min altı yüz) manat məbləğində maddi ziyanın alınaraq onlara verilməsini tələb etsə də, gecikdirilən vaxt üçün hesablanmış faiz və əlavələrə dair sübut təqdim etməmiş, habelə digər zərər müəyyən olunmamışdır.

21. Qeyd edilən əsaslardan çıxış edərək birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi, Cavabdeh oğlundan 598 (beş yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik dəymiş zərər, dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə bağlı 134 (yüz otuz dörd) manat 31 (otuz bir) qəpik, cəmi 733 (yeddi yüz otuz üç) manat 21 (iyirmi bir) qəpiyin alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir.

22. Quba Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(027)-823/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh oğlu apellyasiya şikayəti verərək qətnamənin qismən – təmin edilmiş hissədə ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

24. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

25. Göründüyü kim apellyator şikayətinin dəlili olaraq iddia ərizəsinin məhkəməyə iddia müddəti ötdükdən sonra, təxminən 6 il sonra verilməsini, işə baxılarkən tərəfindən müddət tətbiqi barədə ərizə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən həmin ərizəyə heç bir münasibət bildirilməməsini, həmçinin cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmasının öz təsdiqini tapmadığını göstərmişdir.

26. Kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə cavabdehin iddiaçıya hüquqa zidd əməl nəticəsində zərər vurması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin 1(027)-161/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə müəyyən edilmiş halları preyudisiallıq faktı baxımından qiymətləndirir.

27. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşır və əlavə əsaslandırma aparılmasına zərurət görmür.

29. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə şikayətin dəlillini də əsassız hesab edir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizə üzrə qiymətləndirilmə aparmamaqla prosessual pozuntuya yol versə də, kollegiya hesab edir ki, bu məsələ üzrə qiymətləndirmənin aparılması məhkəmənin gəldiyi nəticəyə təsir etmədiyindən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi formal əsas olardı.

30. Belə ki, kollegiyanın qənatincə iddia müddətininin tətbiqi üçün qanuni əsas yoxdur.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

32. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

33. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.

34. Ümumi iddia müddəti 10 il olmaqla, barəsində xüsusi iddia müddəti tətbiq edilməyən və ümumiyyətlə, iddia müddəti tətbiq edilməyən hüquq münasibətləri istisna olmaqla, bütün hüquq münasibətlərinə tətbiq edilir.

35. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

38. Kollegiya yuxarıda şərh olunanları ümumişləşdirərək qeyd edir ki, tərəflər arasında olan münasibətlər müqavilədən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.

39. İş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, iddiaçı 2017-ci ilin aprel ayınadək cavabdehə kredit ödənişlərini göndərmiş, cavabdeh 2016-cı ilin iyul ayından 2017-ci ilin aprel ayınadək olan dövr ərzində iddiaçı tərəfindən göndərilən kredit ödənişlərini ələ keçirmiş, iddiaçının bu barədə 2017-ci ilin aprel ayından sonra məlumatı olmuşdur. Göründüyü kimi iddiaçının hüquqlarının pozuluduğunu bildiyi an 2017-ci ilin aprel ayından sonrakı dövrə təsadüf edir. İşin şəh olunan bu halları təsbit edir ki, cavabdeh tərəfindən törədilmiş hüquqa zidd əməl nəticəsində maddi zərərin vurulması ilə bağlı tələb hüququna dair iddia müddəti ötürülməmişdir və iddia müddətinin tətbiqi üçün əsas yoxdur.

40. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi, şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.

41. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(027)-823/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar