Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1488/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə ərazi aidiyyatı ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Birinci instansiya məhkəmələrində icraat a) Xaçmaz Rayon Məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 4287 (dörd min iki yüz səksən yeddi) manat məbləğində pulun, ödənilmiş 63 manat dövlət rüsumunun və 300 manat vəkilə ödənilmiş xidmət haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1385/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərardadı ilə (hakim V.Qasımova) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh kimi adı göstərilən Cavabdeh1 hazırki iddiaya heç bir aidiyyatı yoxdur. İddia ərizəsində Cavabdeh1 etibarnaməsiz avtomobili idarə etməsi qeyd olunsa da, işdə onun avtomobili lazımi səlahiyyəti olmadan idarə etməsinə görə inzibati qaydada məsuliyyətə cəlb olunmasına dair heç bir sübut yoxdur. Eyni zamanda, məhkəmə iclasları barədə dəfələrlə Cavabdeh1 məlumat verilsə də, o, məhkəmə iclaslarında iştirak etməmiş, digər cavabdehlər isə həmin şəxsi tanımadıqlarını, hadisənin törədilməsi vaxtında və başqa vaxtlarda qeyd olunan şəxs ilə tanışlıqları olmadıqlarını bildirmişlər. Bundan başqa, iddiaçının vəkili və nümayəndəsi də Cavabdeh1 hadisənin törədilməsi, həmin günü avtomobili etibarnaməsiz idarə etməsi və onun hazırki iddiaya aidiyyatını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, Cavabdeh1 hazırki işlə bağlılığı və aidiyyatı olmadığından qeyd olunan işə cavabdehlər Cavabdeh2 və ya Cavabdeh3 rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Bununla belə, məhkəmə baş vermiş yol-nəqliyyat hadisəsində məhz Cavabdeh2 inzibati qaydada təqsirli bilinməsini nəzərə alıb və hesab edib ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir.
4. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.3, 35.1, 36.2, 44.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Qubadlı Rayon Məhkəməsində icraat
5. Qubadlı Rayon Məhkəməsinin (hakim E.Hüseynov) 20 avqust 2024-cü il tarixli, 2(028)-480/2024 nömrəli qərardadına əsasən mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş Xaçmaz Rayon Məhkəməsinin icraatında araşdırılarkən məhkəmə iddiaçıya Cavabdeh1 cavabdehlər sırasından çıxarmağı və iş üzrə cavabdehlər qismində əsl cavabdehləri saxlamağı təklif etsə də, iddiaçı buna razılıq verməmişdir. Buna baxmayaraq məhkəmə Cavabdeh1 irəli sürülmüş iddia tələbi üzrə cavabdeh olmadığı qənaətinə gələrək qanunvericilik normalarına zidd olaraq cavabdehlər barəsində yekun qərar qəbul edilənədək fikir bildirməklə mülki işi əsassız olaraq aidiyyəti üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə yaranmış fikir ayırılığının həll edilməsi məqsədi ilə mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi qənaətinə gəlmişdir.
7. Qubadlı Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25,62-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 44.1, 44.2, 45.1, 45.4, 46, 54.1, 54.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 Cavabdeh1 şəxsən tanımadığını, lakin fotoşəklinə baxaraq sonradan avtobus sürücüsü olduğunu bildirmişdir.
9. Apellyasiya instansiya məhkəməsi məhkəmələr arasında yaranmış fikir ayrılığına digər tərəflərin işirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin;
4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1- 40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2 və 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını bir-birilə əlaqəli şəkildə təhlil edərək belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Xaçmaz Rayon Məhkəməsində baxılması daha düzgün olardı.
12. Birincisi ona görə ki, iş materiallarından görünür ki, hazırkı mülki iş üzrə iddia ərizəsi xx.xx.2024-cü ildə Xaçmaz Rayon Məhkəməsinin icraatına daxil olmuş və iş üzrə bir neçə dəfə məhkəmə hazırlıq iclası keçirilmiş və hətta mülki iş məhkəmə baxışına təyin edilmiş nəhayət 11 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında işin aiddiyəti üzrə göndərilməsi barədə qərar qəbul edilmişdir.
13. İkincisi, araşdırılan işdən görünür ki, Xaçmaz Rayon Məhkəməsi hazırkı işi baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərərkən, iş üzrə cavabdehlərdən Cavabdeh1 (ünvan 1 ünvanında qeydiyyatda olan) hazırkı işə aidiyyatı olmaması qənaətinə gəlmiş, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsində məhz Cavabdeh2 inzibati qaydada təqsirli bilinməsini nəzərə almış və işi sonuncunun qeydiyyatda olduğu yerin məhkəməsində baxılmağa göndərmişdir.
14. Kollegiya qeyd edir ki, göstərilən formada yəni Cavabdeh1 cavabdehlər sırasından çıxarılması barədə məhkəmənin iş üzrə qənaəti prosessual qanunvericiliyin tələbinə zidd olmaqla, məhkəmə aiddiyyatının əsassız pozulmasına səbəb olmuşdur.
15. Baxılan iş üzrə iddiaçı göstərilən şəxsi cavabdehlərin sırasından çıxarmamış, ona münasibətdə tələbin həcmini azaltmamışdır. Onun işə aidiyyətinin olmamasını deməklə isə məhkəmə tələbə əvvəlcədən qiymət vermiş olur. Bundan əlavə, işdən görünür ki, tərəflər işin ərazi aidiyyəti ilə bağlı heç vaxt mübahisə açmamış, hətta işin ərazi üzrə başqa məhkəməyə aid olması məsələsini qaldırmamışlar. Sonuncu məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə prosessual qanunvericiliyin tələblərini pozaraq işin ərazi aidiyyəti ilə bağlı qərardad çıxarmışdır.
16. Azərbaycan Respublikası MPM-in 36.2.-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
17. Hazırkı işdə tələb yuxarıda qeyd olunan normanın dispozisiya şərtlərinə uyğun olan tələbdir. Çünki cavabdehlərdən biri olan Cavabdeh1 məhz həmin rayon üzrə rəsmi qeydiyyata alınmışdır.
18. Yəni konkret halda məhkəmənin gəldiyi nəticə Cavabdeh1 hazırkı iddiaya cavab verməli şəxs olmaması iddia tələbinin ona aid hissədə rədd edilməsi üçün əsas ola bilərdi.
19. Doğrudur, işin hazırkı vəziyyəti Cavabdeh1 iddia tələbi üzrə cavabdeh qismində hansı öhdəliyə məsul olduğunu deməyə çətinlik yaratsa da, yenə iş materiallarının natamam vəziyyəti onun birmənalı şəkildə cavabdeh qismində iştirakını istisna edə bilməz.
20. Lakin onun iddiaya aidiyyətinin olmamasına görə və ya ona qarşı irəli sürmüş tələbin əsaslı olmamasına istinadla işin aidiyyətinin dəyişdirilməsi yolverilən hesab edilə bilməz.
21. Göründüyü kimi Mülki Prosessual Məcəllənin yuxarıda şərh olunan maddəsi işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir
22. Odur ki, kollegiya hazırki iş üzrə məhkəmə icraatının əsas hissənin artıq Xaçmaz Rayon Məhkəməsində həyata keçirilməsini, tərəflərin bir neçə dəfə izahatlarının alınması və s. bu kimi prosessual hərəkətlərin yerinə yetirilməsini nəzərə alaraq hesab edir ki, işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, işin hərtərəfli və obyektiv həll edilməsi üçün iddia tələbinə Xaçmaz Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.