Məhkəmə qərarları › İş №2(105)-1492/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1492/2022

29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1492/2022 29.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (Elman Məmmədov). Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş edir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə vurduğu 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq bugünədək (xx.xx.2021-ci il tarixinədək) bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə Rİ və P R O S E S İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh banka qarşı cinayət hadisəsi törətmiş və 40000 manatdan artıq ziyan vurmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmişdir. 40000 manat vəsait banka qaytarılmayıb. Həmin ziyana görə banka əlavə faiz formasında pul qaytarılmalıdır. Hökmdə faydalanma faktı öz təsdiqini tapır. Cavabdeh ifadəsində bildirir ki, pulla özünün, yaxın qohumlarının borclarını ödəyib, bir neçə həftəlik Türkiyə Respublikasına istirahətə gedib. Bundan əlavə faydalanma faktını sübut etmək bankın öhdəliyi deyil. Real zərəri bank uçot dərəcəsi ilə hesablanıb. Bank uçot dərəcəsini Mərkəzi Bank müəyyənləşdirir, həmin dərəcə vaxtaşırı dəyişə bilir. İddia ərizəsi məhkəməyə təqdim edilən dövrdə mövcud olmuş bank uçot dərəcəsinə uyğun tələb edilir. Cavabdeh cəzaya məhkum edilənədək artıq puldan faydalanıb. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən Cavabdeh apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Belə ki, apellyasiya şikayətində onun ifadəsi əsas kimi qeyd edilmişdir. Həmin ifadə onun gəlir əldə etməyini deyil, cinayəti törətmə səbəbini izah etməyi özündə əks etdirir, ərizədə göstərilən fayda anlayışı hüquqazidd şəkildə təsvir olunub. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. O, törətdiyi əmələ görə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmlə iddiaçının mülki iddiası təmin edilib. Lakin nə iddiaçı tərəf, nə də ki, hökmü çıxarın hakim mülki iddianın ödənilməsi şərtlərini və qaydasının müəyyən edilməsi üçün müvafiq tədbirlər görməyib. Eyni zamanda iddiaçı tərəf ona hər hansı bir rəsmi hesab təqdim etməyib. Nəzərə alınsa ki, o, hal-hazırda cəzaçəkmə müəssisəsində saxlanılır, hər bir halda mülki iddianı təmin etimək istəsə belə bu imkanı məhduddur. Ona görə də iddiaçının apellyasiya şikayətində qeyd etdiyi «gecikdirilmiş vaxt» məsuliyyəti ona yox, iddiaçıya məxsusdur. Hər bir halda cəza çəkdiyi müəssisə tərəfindən aylıq əmək haqqından tutulmalar olunaraq iddiaçıya ödənilmişdir. Bundan başqa iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, əgər o, oğurluq yolu ilə pul vəsaitini qanunsuz şəkildə mənimsəməsəydi, bu halda bank bu vəsaitdən gəlir əldə edə bilərdi. Bu, sadəcə «gümandır» və ya «ehtimaldır» hər halda şikayətdə qeyd olunan müddət ərzində bank ilə müqavilə bağlayaraq pul (faiz müqabilində) götürmək istəyən şəxs olması və bankın bu şəxslə onun əməli ucbatından müqavilə bağlaya bilməsi sübut kimi təqdim olunmayıb. O, cinayət əməli törətməsə belə bank bu müddət ərzində həmin pul vəsaitin dövriyyə edə bilməsini sübut edə bilməz. Çünki bank hüquqi şəxsdir və hüquqi şəxs vəsaitinin gəlirini sadəcə «güman» edə bilər, bu məqsədlə müəyyən fəaliyyət göstərir. Bundan başqa iddiaçı ərizədə qeyd etmişdir ki, onunla bank arasında heç bir müqavilə yoxdur. Müqavilə yoxdursa onun bank qarşısında heç bir öhdəliyi yoxdur, ona görə də onun bank qarşısında heç bir məsuliyyəti müəyyən edilə bilməz. Onun məsuliyyəti sadəcə məhkəmə hökmü ilə müəyyən edilmiş mülki iddianın qanunvericiliyə uyğun olaraq cəza müddəti bitdikdən, bu qərarı icra etməyə real imkanı olduğu andan yaranır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinəəsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, idiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, Cavabdeh kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ çatmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən təkrarən qanunsuz ələ keçirməsi, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə İddiaçı ASC-nin əmlakını gizli olaraq talayıb külli miqdarda maddi ziyan vurduğu üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)976/2019 saylı, 09 dekabr 2019-cu il tarixli hökmü 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, eyni zamanda həmin hökmlə İddiaçı ASC-nin mülki iddiasının qismən təmin edilməsi, vurulmuş maddi zərərlə bağlı Cavabdeh 39572,21 manat məbləğində pulun tutulub İddiaçı ASC-yə ödənilməsi hökm edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 381/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə 09 dekabr 2019-cu il tarixli hökmün məhkum Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmış, Cavabdeh kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2(102)-557/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)381/2020 saylı, xx.xx.2020ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC cavabdeh Nəzərlidən 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq xx.xx.2021-ci il tarixinədək bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanı tələb edir və maddi hüququ norması kimi AR MM-nin 21, 449,1096 və 1097-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir, iddiaçı təşkilatın istinad etdiyi Mülki Məcəllənin digər normaları ilə bağlı isə yuxarıda qeyd olunduğu kimi qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd etmişdir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımı qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehin gəlir əldə etməsi halı müəyyən edilməyib. Nəzərə aınsa ki, cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-976/2019 saylı, 09 dekabr 2019-cu il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2018-ci il tarixdən hesablanmaqla 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, bu hal cavabdehin həmin puldan gəlir əldə etməsini qeyri-mümkün edir. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-nin 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq İddiaçı ASC daşıdığı halda bunu edə bilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə vurduğu 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq bugünədək (xx.xx.2021-ci il tarixinədək) bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)976/2019 saylı, 09 dekabr 2019-cu il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2018-ci il tarixdən hesablanmaqla 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, eyni zamanda həmin hökmlə İddiaçı ASC-nin mülki iddiasının qismən təmin edilməsi, vurulmuş maddi zərərlə bağlı Cavabdeh 39572,21 manat məbləğində pulun tutulub İddiaçı ASC-yə ödənilməsi hökm edilmişdir. Apellyasiya şikayətindən görünür ki, apellyant İddiaçı ASC-yə vurduğu 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq bugünədək (xx.xx.2021-ci il tarixinədək) bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanın Cavabdeh tutulmasını xahiş etmişdir. Lakin apellyant cavabdehin məhkəmənin hökmü ilə ondan tutulmasını müəyyən etdiyi mülki iddianın ödənilməsinin təmin etməməsini əsaslandıra bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh 26 noyabr 2018-ci il tarixdən həbsdədir, yəni onun qeyd olunan pulu ödəməkdən yayınması iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qanunvericiliyin tələblərinə görə iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə iddia tələbinin təmin edilməməsinə dair gəlmiş olduğu nəticə ilə razılaşır. İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etsə də buna dair hər hansı bir sübüt təqdim etməmişdir. Onun apellyasiya şikayətində qeyd etdiyi dəlillər dəlillər də məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Rnespublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(012)-402/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar