Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1493/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əlavə tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)752/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)752/2020 saylı qətnaməsi ilə iddiaçı iddia tələbi təmin edilməmişdir (hakim Rafik Kazımov). Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)752/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23 dekabr 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış 5512.66 (beş min beş yüz on iki manat altmış altı qəpik) manat faiz və 1500 (min beş yüz) manat cərimə borcu, cəmi 7012.66 (yeddi min on iki manat altmış altı qəpik) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh arasında bağlanmış 23 dekabr 2013-cü il tarixli, QSNPT-0001 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22 faiz olmaqla 60 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəlikləri vaxtında icra etməmişdir. İddiaçı "xxxx” ASC tərəfindən cavabdeh MMC-ya qarşı borcun tutulması tələbinə dair 2015-ci il tarixində müraciət olunmuşdur. Qusar Rayon Məhkəməssinin 25 avqust 2015-ci il tarixli 2(029)-763/2015 saylı qətnaməsinə əsasən Cavabdeh 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə 26272.84 (iyirmi altı min iki yüz yetmiş iki manat səksən dörd qəpik) manat əsas kredit borcu, 6524.92 (altı min beş yüz iyirmi dörd manat doxsan iki qəpik) manat məbləğində faiz borcu, 971 (doqquz yüz yetmiş bir) manat vaxtı keçmiş kredit üçün faiz borcu, 4500 (dörd min beş yüz) manat məbləğində cərimə borcu, cəmi 37297.76 (otuz yeddi min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) manatın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmişdir. Qətnamə 25 avqust 2015-ci il tarixdə çıxdığından, qətnamədə həmin tarixə hesablanmış əsas, faiz və cərimə borcları göstərilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği hissə-hissə icra edərək 23 noyabr 2017-ci il tarixində tam ödəmişdir. Qətnamə çıxan tarixdən (25 avqust 2015-ci il) qətnamə üzrə borc icra olunan tarixə qədər isə (23 noyabr 2017-ci il) əsas məbləğə faiz və cərimə hesablanmamışdır. 16 iyun 2020-ci il tarixə olan maliyyə arayışına əsasən borclu Cavabdeh 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə 5512.66 (beş min beş yüz on iki manat altmış altı qəpik) manat faiz və 1500 (bir min beş yüz) manat cərimə borcu, cəmi 7012.66 (yeddi min on iki manat altmış altı qəpik) manat borcu vardır. Bundan əlavə bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi banka birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər üsulla gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğində faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bundan əlavə, sübut etməyə ehtiyac yoxdur ki, Bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi ona birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş ana qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor dizər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməini tələb etmək hüququna malikdir. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. 19.08.2013-ci il tarixli, sm4385 saylı kredit müqaviləsinin 3.2-ci bəndində qeyd edilir ki, “Müqavilənin müddəti bitdikdən sonra müştəri kredit faizlərini vaxtında ödəmədikdə ödənilməyən kredit üçün faiz dərəcəsi əlavə olaraq illik (aylıq) 2 (iki) qat hesablanır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi qaydada icra etməlidirlər.Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanını vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual huquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə Bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)752/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı “xxxx” ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, şikayətin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı istehlak kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 22 faiz olmaqla 60 ay müddətinə 30000 (otuz min) manat məbləğinde kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli RB-02/PK3542 saylı Arayışdan görünür ki, borclu Cavabdeh 23 dekabr 2013-cü il tarixli, QSNPT-001 saylı kredit müqaviləsi üzrə 16 iyun 2020-ci il tarixinə 0 (sıfır) manat, 5512.66 (beş min beş yüz on iki manat altmış altı qəpik) manat faiz borcu, 1500 (bir min beş yüz) manat cərimə borcu olmaqla, üumumilikdə 7012.66 (yeddi min on iki manat altmış altı qəpik) manat borcu vardır. İşdə olan 18 iyun 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan Qusar Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(029)-763/2015 sayllı qətnaməsinin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borc 26272.84 (iyirmi altı min iki yüz yetmiş iki manat səksən dörd qəpik) manat, faiz borcuna görə 6524.92 (altı min beş yüz iyirmi dörd manat doxsan iki qəpik) manat və cərimə borcuna görə 4500 (dörd min beş yüz) manat olmaqla cəmi məbləği 37297.76 (otuz yeddi min iki yüz doxsan yeddi manat yetmiş altı qəpik) manatın və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın İddiaçı ASC-nin xeyrinə tutulması, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin qiymətinin 55000 manat müəyyənləşdirilməsi, ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əldə olunan məbləğin borca ödənilməsi, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh X1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satıldıqdan sonra boşaldılması, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə qaytarılması qət edilmişdir. Müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(029)-763/2015 sayllı qətnaməsi ilə tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə yaranmış borcun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və icra olunmuşdur. Hazırda isə iddiaçı sözügedən məhkəmə qətnaməsi icra olunduğu vaxtadək cavabdehlərə həmin kredit müqaviləsi üzrə davamlı olaraq faiz və cərimə hesablamışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi borc müqaviləsinin predmeti olan pul məbləğinin borclu tərəfindən kreditora qaytarılması müqavilə üzrə yaranmış öhdəliklərin xitamına səbəb olur. Bu zaman öhdəliklərin xitamı borcun qaytarılmasının üsulundan asılı olmayaraq baş verir. Borcun vaxtından əvvəl borclunun təşəbbüsü ilə, kreditorun tələbi və ya məhkəmə qərarına əsasən qaytarılmasının əhəmiyyəti yoxdur. Nə qədər ki, borc müqaviləsinin predmeti hər hansı bir pul məbləğidir və razılaşdırılmış müddət ərzində həmin pul məbləğinin borc alanda qalması borc müqaviləsinin mahiyyətini təşkil edir, borcun qaytarılması (əsaslarından asılı olmayaraq) tərəflər arasında mövcud müqavilənin ləğvini şərtləndirir, müqavilənin ləğvi ilə eyni zamanda müqavilə öhdəliklərinə də xitam verilir. Borc məhkəmə qərarı əsasında tutulduqda da məhkəmə qərarı qüvvəyə mindiyi andan öhdəliklərə xitam verilmiş sayılır (Mülki Məcəllənin 424.2-424.3-cü maddələri). Müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclu, artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, qanunda nəzərdə tutulmuş başqa əsaslara görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan irəli gələn məsuliyyət daşıyır (Mülki Məcəllənin 443.2, 449.1-ci maddələri). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla, ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (Mülki Məcəllənin 449.1-ci maddəsi). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Konstitutsiya Məhkəməsi Plenumunun 09 iyul 2009cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia iddiaçı tərəfindən müvafiq sübutlarla sübut yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı sübutu təqdim etməmişdir. İddiaçının dəlilləri iş materialları ilə təkzib edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2216/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(029)752/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1493/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1493/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver