Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1495/2024 21.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: icarə haqqı, maddi və mənəvi zərərin ödənilməsi) X12 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Vı̇ layət qızının Cavabdeh qarşı "vurulmuş maddi və digər zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e- 2(012)-1791/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və digər zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş maddi zərərə görə 2945 (iki min doqquz yüz qırx beş) manat, əldən çıxmış fayda və mənəvi zərərə görə 1000 (bir min) manat pulun, ümumilikdə 3945 (üç min doqquz yüz qırx beş) manat pulun və 59.45 (əlli səkkiz manat qırx beş qəpik) manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 3, 11 saylı 92.6 kv/m. sahəsi olan mənzil onun mülkiyyətindədir. Həmin yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı Cavabdeh adlı şəxsə icarəyə vermişdir. Aralarında olan icarə razılaşmasını rəsmiləşdirilməsi üçün notariusa müraciət olunmuş və xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiqlənmişdir. Əmlak tam təmirli və müvafiq əşyalarla təchiz olunmuş şəkildə icarəçinin istifadəsinə verilmişdir. Əmlakın icarəyə verilən zaman mövcud təmir vəziyyəti və əmlakla birgə icarəçiyə verilən əmlaklar tərəfindən video görüntüyə alınmış və həmin video yazı sübut qismində məhkəməyə təqdim olunacaqdır. Yaşayış sahəsinin icarəyə verildiyi müddət ərzində tərəfindən icarəçiyə qarşı hər hansı təzyiq və təsir göstərilməmiş və müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. 2023-ci ilin dekabr ayının sonunda icarəçi və hazırki iş üzrə Cavabdeh ona hər hansı məlumat vermədən və müqavilə şərtlərini kobud formada pozmaqla mənzildən çıxmışdır. Ona bu barədə başqa şəxslər tərəfindən məlumat verildikdən sonra tərəfindən mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman mənzilin təmirinə və orada olan və ona məxsus əşyalara və avadanlıqlara xeyli miqdarda zərər vurulduğunun şahidi olmuşdur. Bununla bağlı dərhal icarəçi Cavabdeh məlumat verilmiş və mənzilə baxış keçirilməsi üçün dəvət olunmuşdur. Lakin Cavabdeh mənzilin yerləşdiyi əraziyə gəlməkdən və ona dəymiş zərərin ödənilməsindən imtina etmişdir. Bundan sonra ona dəymiş maddi zərərin məbləği hesablanmış və zərər aşağıdakı kimi qiymətləndirilir. 1. Aylıq icarə haqqı üzrə qalıq borc – 1000 manat 2. Kommunal xidmət üzrə ödənilməli olan borc – 205 manat 3. Ofis üçün nəzərdə tutulmuş kreslo – 4 ədəd olmaqla ümumi qiymət 400 manat 4. Mətbəx stolu – 100 manat 5. 4 ədəd qapının kilidinin dəyişdirilməsi və təmiri – 100 manat 6. Tavan mərməri – 50 manat 7. 9 ədəd dekor işıqları və onun təmiri – 190 manat 8. 6 ədəd yer işığı, 5 ədəd divar işığı və onların təmiri – 170 manat 9. Yazı lövhəsinin təmiri – 30 manat 10. Unitazın təmiri – 30 manat 11. Ofis üçün nəzərdə tutulmuş böyük ölçülü stol – 400 manat 12. Mətbəx çayniki – 30 manat 13. Mətbəxin jalüzü – 50 manat 14. Printerin icazəsiz istifadəsi (Canon MF623Cn)– 100 manat 15. Mənzili təhvil götürərkən xadimə və digər təmizlik xərcləri – 90 manat 16. Vurulmuş mənəvi zərər və əldən çıxmış fayda – 1000 manat. Bundan sonra xx.xx.2023-cü il tarixində DİN “102” qaynar xətt nömrəsinə və Yasamal RPİ-nin 26-cı PB-ə rəsmi müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş zərərlə bağlı şikayətçi olduğunu bildirmişdir. Aparılmış araşdırmaların yekunu olaraq həmin bölmənin təhqiqatçısı tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərar qəbul olunmuş və həmin qərar əsasında aidiyyatı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh ona vurmuş olduğu zərər nəticəsində həmin mənzili təqribən 2 ay müddətində başqa icarəçiyə verməyi mümkünsüzdür. Çünki həmin şəxsin vurduğu zərərin aradan qaldırılması üçün xeyli zaman və xərc tələb olunur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şahid qismində dindirilmiş X7 bildirdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsində yerləşən 3 saylı binada xadimə işləyir. Yanvar ayında İddiaçı onu çağıraraq evin yığışıdırılmasını bildirmişdir. Ev pis gündə idi. Əşyalardan bəziləri yararsız halda idi. 2023-cü ilin dekabr ayında Cavabdeh həyat yoldaşı Sürəyya xanım onu çağırıb evi təmizləməyi xahiş etmişdir. O da 60 manat müqabilində razılaşmışdır. Evi təmizləyərkən, unitazın bakının sındığını görmüşdür.
5. Şahid qismində dindirilmiş X8 bildirdi ki, o, Cavabdeh yanında 2023-cü ilin fevral ayından dərslərdə iştirak edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə kirayə məbləğinin artırılması və bəzi basqılara görə qaldığı evdən ayrıldı. Onlar yeni ofisə köçərkən artıq həmin evə başqa şəxlər kirayə qalmağa başlayırdılar. Həmin mənzildə 3 ədəd kreslodan 1-i əvvəldən qırıq idi. Mətbəx stolları var idi. İşıq spotlarından bəziləri qısqapanma edirdi deyə onlar istifadə edilmirdi. O, kursa başlayanda mətbəx stulunun birinin ayağı qırıq idi. Unitazın qapağını Sürəyya xanımın azyaşlı oğlu qırmışdı. Yeni gələn kirayəşinlər onu düzəltməyi öz üzərinə götürdükləri üçün, onu düzəltmədilər.
6. Şahid qismində dindirilmiş X13 bildirdi ki, 2022-ci ilin fevral ayından Cavabdeh yanında 4 aylıq təhsil almışdır. Ondan sonra aralarında münasibət yaranmış və tez-tez onun yanına gedib-gəlmişdir. Yasamal rayonunda yerləşən mənzildə 1 qırıq kreslo və arxada 2 kreslo görmüşdür. Ev üçün əlavə olaraq aboy işləri görülmüşdür. 2023-cü ilin dekabr ayının əvvəlindən artıq başqa kirayəşinlər gəlməyə başladılar.
7. Şahid qismində dindirilmiş X10 bildirdi ki, Cavabdeh tələbə olaraq müraciət etmişdir və 2022-ci ildən onun təşkil etdiyi dərslərdə iştirak edir. Erhan bəyin xahişi ilə yeni ofisə köçmək üçün əşyaları daşımağa kömək üçün getmişdir. Əşyalar 1 ədəd masa, 1 ədəd divan, 4 ədəd kreslo, arxa media otağında 2 ədəd masa və 3 ədəd ağ rəngli kreslo var idi. Yusif bəyin çəkisi ağır olduğundan kreslonun biri qırılmışdı və onu təmir etməyə çalışsalar da mümkün olmadı. Unitaz da qırılmışdı. Mehmetcan adlı Erhan bəyin kiçik oğlu qırmışdı. Ağ rəngli masa o 2022-ci ildə həmin evə gedəndə artıq sökülmüşdü. Bir hissəsi mətbəxə qoyulmuşdu. Onlar özəl əşyaları daşımış, lakin ofisə aid bütün əşyalar orada qaldı. Hətta 10 ədəd qara rəngli ofis stullarını da Sürəyya xanımın göstərişi ilə ofisə yığmışdırlar. İşıqlar hamısı işlək vəziyyətdə olub. 2022-ci ildə dərsə başlayanda printer ofisdə olub, lakin işlək vəziyyətdə olmayıb. O, Yusiflə birlikdə 2023-cü ilin avqust ayında 28 May tərəfdə printeri təmir elətdirmiş və 180 manat təmir haqqı köçürmüşlər. Ofisdən çıxanda da printer işlək vəziyyətdə qalmışdı. Çaynik də xarab olmuşdu və yerinə yenisi alınmışdı. Həmin ofis üçün aylıq 1000 manat ödənilirdi. Lakin Svetlana xanım ödənişi 1400 manata qaldırdığı üçün çıxmaq məcburiyyətində qalmışdırlar.
8. Şahid qismində dindirilmiş X14 bildirdi ki, o, mütəmadi olaraq ofisə gedibgəlmişdir. Sürəyya xanımla münasibəti yaxşı olmuşdur. Svetlana xanım tez-tez ofisə gedib gəlib, dərslərə mane olub, hətta Erhan bəy ofisdə olmayanda belə onun otağına girir, yeni müştəriləri dərs zamanı ofisi gəzdirirdi. Ona görə də Sürəyya xanımla aralarında gərginlik yaranmışdı. Ofisin aboyları Erhan bəy tərəfindən dəyişilb təmir edilmişdir.
9. xx.xx.2022-ci il tarixli İcarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 3, 11 saylı ümumi sahəsi 92.6 kv/m. olan mənzili hər aylıq 350 manat ödənilməklə 1 il müddətinə Cavabdeh icarəyə vermişdir. Həmin müqavilənin 3-cü bəndindən görünür ki, müqavilə üzrə icarə müddəti xx.xx.2023-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1(bir) il müddətinə uzadılmış hesab edilir.
10. Yasamla RPİ 26-cı Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan görünür ki, iş üzrə izahatı alınmış Ufaq Erhan bildirmişdir ki, ev sahibi ondan köhnəlmiş əşyaları tələb etmiş, 24 aylıq kirayə müddətində 23 aylıq ödəniş etmiş, sonuncu ödənişi etməmiş, buna səbəb İddiaçı ona 530 manat borcunun olmasını qeyd etmişdir. Həmin mənzildən heç bir əşya götürməmiş, əksinə həmin evə bir neçə əşya qoymuşdur.
11. 23.01.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ARDNŞ-in Azəriqaz İB-Yasamal Qİİ-nin hesabına 67 manat ödəniş etmişdir.
12. 23.01.2024-cü il tarxili mədaxil qəbzindən görünür ki, Həsənova X3 Telefon Operatorları-BTR MMC, AzEurotel MMC-nin hesabına 9,70 manat ödəniş etmişdir.
13. 23.01.2024-cü il tarxili mədaxil qəbzindən görünür ki, Həsənova X4 ASC- Yasamal ESİ-nin hesabına 37,87 manat ödəniş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
14. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-1791/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 624,57 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 29,45 manatının iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi, İnsan Hüquqlarının və X11 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700, 701.1, 701.2, 701.2.1, 701.2.2, 701.2.3, 701.2.4 və 701.2.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 119.1, 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
16. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-1791/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin icarəyə verildiyi müddət ərzində tərəfindən icarəçiyə qarşı hər hansı təziq və təsir göstərilməmiş və müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. 2023-cü ilin dekabr ayının sonunda icarəçi və hazırkı iş üzrə Cavabdeh ona hər hansı məlumat vermədən və müqavilə şərtlərini kobud formada pozmaqla mənzildən çıxmışdır. Ona bu barədə başqa şəxslər tərəfindən məlumat verildikdən sonra tərəfindən mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman mənzilin təmirinə və orada olan və ona məxsus əşyalara və avadanlıqlara xeyli miqdarda zərər vurulduğunun şahidi olmuşdur. Bununla bağlı dərhal icarəçi Cavabdeh məlumat verilmiş və mənzilə baxış keçirilməsi üçün dəvət olunmuşdur. Lakin Cavabdeh mənzilin yerləşdiyi əraziyə gəlməkdən və ona dəymiş zərərin ödənilməsindən imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində DİN “102” qaynar xətt nömrəsinə və Yasamal RPİ-nin 26-cı PB-ə rəsmi müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş zərərlə bağlı şikayətçi olduğunu bildirmişdir. Aparılmış araşdırmaların yekunu olaraq həmin bölmənin təhqiqatçısı Anar Həmidli tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərar qəbul olunmuş və həmin qərar əsasında aidiyyatı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh ona vurmuş olduğu zərər nəticəsində vurduğu zərərin aradan qaldırılması üçün xeyli zaman və xərc tələb olunduğu üçün həmin mənzili təqribən 2 ay müddətində başqa icarəçiyə verməyi mümkünsüz olmuşdur. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, ona vurulmuş zərər müvafiq şəkil və video görüntülər və həmçinin şahid ifadələri əsasında öz təsdiqini tapmaqdadır. O, mənzilin cavabdehə icarəyə verməmişdən öncə və cavabdehin həmin mənzili tərk etdiyi vaxtda çəkilmiş şəkil və video görüntüləri müqayisəli şəkildə məhkəmə iclasında hakimə təqdim etmiş və vurulmuş zərərin real olduğunu sübut etmişdir. Həmçinin cavabdeh tərəfin özünün təqdim etdiyi şahidlər də aylıq icarə haqqının həqiqətəndə 1000 (bir min) manat olduğunu və real zərərin nədə ifadə olunduğunu təsdiq etmişlər. Hesab edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-1791/2024 saylı qətnaməsi əsassız olmaqla ləğv edilməli və iddia tələbi tam təmin olunmalıdır. Belə ki, qəbul olunmuş qətnaməyə nəzər saldıqda görə bilərik ki, hakim tərəfindən təqdim olunmuş sübutlara qiymət verilməmiş (ən azından sübutların mötəbər olub-olmaması ilə bağlı), iddia tələbini verilmiş şahid ifadələri ilə məhdudlaşdıraraq məsələyə hüquqi qiymət vermişdir. Yəni bu o deməkdir ki, hakim tərəfindən iş üzrə obyektiv araşdırma aparılmamış və məhz cavabdehin maraqları naminə ifadə vermiş şahidlərin ifadələrini əsas götürmüşdür. İş materiallarına əlavə olunmuş maddi sübutlara qiymət verilməməsi hakim tərəfindən qəbul olunmuş yekun məhkəmə aktının obyektivliyini sual altına qoyur. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, cavabdeh tərəf iddia tələbinin əsassızlığını göstərəcək hər hansı sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 (cavabdeh tərəfindən məhkəmə iclasına dəvət olunmuşdur) öz ifadəsində açıq şəkildə bildirmişdir ki, mənzilin aylıq icarə haqqı 1000 (bir min) olmuş lakin, məhkəmə buna hər hansı qiymət verməyərək aylıq icarə haqqını 350 (üç yüz əlli) manat minqdarında qiymətləndirmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 öz “tələblərini” əsaslandırmaq naminə onun şəxsiyyətini, şərəf və layəqətini alçaldacaq formada yazılmış ərizəni (qeyd olunan ərizə iş materiallarına əlavə olunmuşdur) məhkəməyə təqdim etmiş və həmin ərizə ilə onu rüşvət verməkdə təqsirləndirir. Qeyd olunan hal ilə əlaqədar tərəfindən pozulmuş hüquqlarının bərpası məqsədilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş və iş hal-hazırda hakim Ramin Quliyevin icraatında olmaqla araşdırılmaqdadır. Bunu deməklə məhkəmənin diqqətinə onu çatdırmaq istəyir ki, cavabdehin nümayəndəsi guya müvafiq maddi sübutlarla məhkəməni inandırmağa çalışmışdır ki, cavabdehin hər hansı mülki hüquq pozuntusu olmamışdır. Lakin göründüyü kimi cavabdeh tərəfin təqdim etdiyi “sübutlar” ona qarşı iftiradan ibarətdir. Onda olan məlumata əsasən Cavabdeh Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə onun qanun pozuntularını əks etdirəcək müəyyən hüquqpozmaları olmuşdur. İnanır ki, bu halların araşdırılması məhkəmədə onun cavabdehə qarşı iddiasının nə qədər əsaslı olduğunu əyani şəkildə göstərəcəkdir. Cavabdeh ona vurmuş olduğu maddi və mənəvi zərərə görə sağlamlıq durumunda problemlər yaşanmaqdadır. O, məhkəmə hakimiyyətinə inanaraq və güvənərək öz pozulmuş hüquqlarının bərpası üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmə göründüyü kimi qeyri-obyektiv və ədalətsiz qərar çıxarmaqla məhkəmə hakimiyyətinin sütunlarına zərbə endirmiş oldu. İnanır ki, işə obyektiv baxaraq və ədalətli araşdırma aparaq pozulmuş hüquqlarının bərpası təmin ediləcəkdir.
18. Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-1791/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Türkiyə Respublikasının vətəndaşı Cavabdeh qarşı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair rüsumla birlikdə 4004,45 manat iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3, 11 saylı mənzili xx.xx.2022-ci ildə bir il müddətinə icarəyə götürmüşdür. Bunun üçün tərəflər arasında müqavilə bağlanmış və icarə haqqı 350 manat göstərilmişdir. Faktiki isə icarə pulu 1000 manat tələb edilmişdir. 2022-ci ilin dekabr ayına kimi Cavabdeh orada fəaliyyət göstərmiş, sonradan X9 həmin yeri icarəyə götürdüyü üçün cavabdeh vaxtından əvvəl oradan çıxmışdır. Buna baxmayaraq iddiaçı müqavilənin sonuna kimi ondan müqavilədə nəzərdə tutulmayan 1000 manat aylıq ödənişi tələb etmiş, guya Cavabdeh tərəfindən yararsız hala salınmış məişət əşyalarının ödənişini istəmişdir. Hansı ki, həmin əşyalar yerində olub, bir qismi yenisi ilə əvəz olunub, yaxud İddiaçı xeyrinə təmir olunub. Bundan başqa ofis də icarəyə götürüldükdən sonra əsaslı şəkildə təmir olunub. İş üzrə tərəfindən sübutlar (whatsapp yazışmaları, video disklər və digər sənədlər) məhkəməyə təqdim edilmişdir. Bundan başqa xeyli sayda şahidlər məhkəməyə gətirilmiş və onların izahatları alınmışdır. Lakin məhkəmə sübutları tam araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən polisə verilmiş şikayət əsasında qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərara istinad etmişdir. Polisdə araşdırma aparılarkən cavabdeh təsir altında olmuş və son ayın icarə haqqını ödəmədiyini bildirmişdir. Bundan sonra cavabdeh tərəfindən müəyyən hesablama aparılmış, borcunun olmadığını, əksinə iddiaçının ona borclu olduğunu müəyyən etmişdir. Məhkəməyə də bu haqda bildirilmişdir. Buna baxmayaraq müqavilədə 350 manat olmasına və cavabdehin aylıq 1000 manat ödənişlər etməsini nəzərə almayaraq məhkəmə son ayın pulunu 350 manat kimi Cavabdeh tutmuşdur. Bundan başqa məhkəmə kommunal xərclərə görə 114,57 manat pulun tutulmasını qərara almışdır. Cavabdeh tərəfin bildirdiyinə görə işıq borcu ondan ikiqat alınmışdır. Bu faktı araşdırmadan məhkəmə qərar qəbul etməklə yalnışlığa yol vermişdir. İddia tələbinin bir çoxunu təmin etməyən məhkəmə 100 manat kresloya görə, 30 manat elektrik çaynikinə görə, 30 manat isə unitazın qırılmış qapağına görə pul tutmuşdur. İddiaçının subyektiv mülahizəsinə görə qiymət qoyulan əşyalara görə məhkəmə onların qiymətini müəyyən etmədən qərar qəbul etməsini əsassız hesab edir. Həmin əşyalar yerində olub, yalnız unitazın qapağı cavabdehin uşağı tərəfindən təsadüf nəticəsində bilmədən zədələnib. Sübutları tam araşdırmadan qərar qəbul edən məhkəmə bu 3 əşyanın subyektiv olaraq dəyərini necə tutmuşdur anlaşılmır. Bu halların aydınlaşdırılması üçün ciddi məhkəmə araşdırması aparılarsa cavabdehin borcunun olmaması ortaya çıxar. AR Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. 700-cü maddə bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəyə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəyə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə qətnamədə bu maddəyə formal olaraq istinad etmiş onun əsil mənasına diqqət yetirməmişdir. Bu maddəni əsas götürməklə məhkəmə göstərir ki, icarəçi icarə verənə müəyyənləşdirilmiş icarə haqqını ödəməyə borcludur. Məhkəmə maddəni tətbiq edərkən nəzərə almamışdır ki, 11 ay icarə haqqı 1000 manat olaraq ödənilmişdir. Müqavilədə isə 350 manat göstərilib. 11 ay 1000 manatdan cavabdeh 11000 manat pul ödəmişdir. 12 aylıq 350 manatdan isə ödənilməli məbləğ 4200 manat edir. Qətnamə üzrə cavabdeh əlavə 350 manat ödəməlidirsə o zaman cavabdeh 11350 manat pul ödəməlidir. Yəni 11350-4200 = 7150 manat artıq pul ödəməklə cavabdeh ziyana düşür. Bu halda qəbul edilmiş qətnaməni qeyri-qanuni və ədalətsiz hesab edir. Mülki Məcəllənin 701.1-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adı sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. Qətnamədə bu maddəyə və 701-ci maddənin digər bəndlərinə istinad edilmişdir. Hesab edir ki, həmin maddənin tələblərini məhkəmə səhf tətbiq etmiş və yalnış nəticəyə gəlməklə maddi hüquq normasının tələblərini pozmuşdur. Belə ki, tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, icarəyə götürülmüş obyekt yenidən təmir olunmuşdur. Bundan başqa ora əlavə əşyalar qoyulmuş və çıxarkən cavabdeh onları götürməmişdir. Bir neçə əşya isə olduğu kimi qalmışdır. Əlavə xərclər çəkərək cavabdeh iddiaçıya aid printeri təmir etdirmişdir. İndiki qətnamə ilə cavabdeh əşyalara görə 160 manat ödəməlidirsə o zaman onun əmlakı yenidən təmir etdirmə xərcləri hara gedir?! Onun aldığı əlavə əşyaların dəyəri və işlək vəziyyətdə olmayan printerin təmin xərcini kim çəkməlidir?! Hesab edir ki, qətnamə bir tərəfin mövqeyini əsassız təmin edən digər tərəfi ağır duruma salan bir formada qəbul edilmişdir. Burada ədalətli yanaşmadan söhbət gedə bilməz. Hesab edir ki, sübutlara dair göstərilən maddələrin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, sübutlar tam tətqiq edilməmiş, onlara düzgün qiymət verilməmiş və ya ümumiyyətlə verilməmiş, iş üçün əhəmiyyətli hallar tam araşdırılmamışdır. Tərəfindən təqdim edilmiş səs yazıları, yazışmalar, mühüm sənədlər tədqiq olunmamış, nəticədə əsaslı olmayan və qeyri-ədalətli qətnamə qəbul edilmişdir. Əgər ciddi məhkəmə araşdırması getsə kimin nə qədər zərərlə üzləşdiyi və kimin kimə borclu olması ortaya çıxa bilər. Tərəfindən 7 nəfər şahidin dindirilməsi ilə bağlı vəsatət verilmiş və təmin edilmişdir. Onlardan 4 nəfərin müfəssəl ifadəsi alınmış, 2 nəfər üzürlü səbəbdən məhkəməyə gələ bilməmişdir. Əsas şahidlərdən olan cavabdehin həyat yoldaşı Sürəyya Ufak xx.xx.2024-cü il tarixdə keçirilən iclasdan əvvəlki iclasa gəlmiş, lakin şahid ifadələrinin alınması xeyli vaxt apardığından məhkəmə iclası təxirə salmışdır. Lakin qeyd edilən tarixdə artıq əvvəlcədən dindirilməyən şahid xarici ölkəyə təyyarə bileti aldığı üçün növbəti iclasa gələ bilməmişdir. Bu səbəbdən məhkəməyə iclasın təxirə salınması barədə ərizə verilsə də məhkəmə bu halı nəzərə almamışdır. Buna baxmayaraq Sürəyya Ufak yazılı izahatını türk dilində tərtib etmiş və tərcümə mərkəzində tərcümə etdirmiş, həmin izahat tərcümə ilə birlikdə məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə onun izahatını nəzərə almamış və bu barədə qətnamədə heç bir halı göstərməmişdir. Hesab edir ki, apellyasiya baxışında həmin şəxsin izahatı alınmalı və ya yazılı izahatı tətqiq olunmalıdır. Çünki həmin şəxs daha çox məlumata sahib əsas şahidlərdən biridir və hadisələrin birbaşa iştirakçısıdır. Qeyd edir ki, dindirilmiş şahidlərdən 4 nəfərin izahatına yer ayrılsa da izahatlara hüquqi qiymət verilməmişdir. Qətnamədə həmin izahatlara formal yer ayrılmışdır. Nəticədə prosessual hüquq normasının tələbi pozulmuş, məhkəmə sübutları xüsusilə şahidləri dindirmək yolu ilə tətqiq və təmin edə bilməmişdir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri kimi hesab edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və hüquq normalarına uyğun qiymət verə bilməmişdir. Prosessual normanın tələbindən fərqli olaraq məhkəmə sübutları bilavasitə tətqiq etməmiş, tərəfin izahatını, şahid ifadələrini tam öyrənməmiş, səs yazılarına tam qulaq asmamış, video yazılara tam baxmamış və buna uyğun zəruri prosessual hərəkətləri həyata keçirməmişdir. Məhkəmə qətnaməsində sübutlara birtərəfli, natamam yer ayrılması göstərilənlərin bariz nümunəsidir. İndiki halda ədalətsiz yanaşmaya görə qətnaməni əsaslı saymaq mümkün deyil. Beləliklə məhkəmə qərar qəbul edərkən prosessual normanın tələblərini pozmuşdur. Məhkəmə əvvəldən işə səthi yanaşmış işin hərtərəfli araşırılmasına maraqlı olmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə mühüm əhəməmiyyət daşıyan hallardan heç biri aydınlaşdırılmamışdır. Qeyd edildiyi kimi iş üçün əhəmiyyəti olan hallar araşdırılmadığına görə məhkəmə ədalətsiz qərar vermişdir. Bu səbəbdən iş üçün əhəmiyyəti hallar sübut edilmir, onların əksi sübut edilir. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusu ilə qəbul edildiyindən məhkəmənin gəldiyi nəticələrlə işin halları uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayəinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
22. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayəinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı və cavabdeh verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; Maddə 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; Maddə 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; Maddə 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; Maddə 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Maddə 682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-1791/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağanmış, İddiaçı tərəfindən mülkiyyətində olan mənzil Cavabdeh bir il müddətinə icarəyə verilmişdir. Müqavilə şərtlərində icarə haqqı olaraq icarəçi tərəfindən hər ay 350 manat ödənilməsi, həmçinin kommunal xərclər, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi (cavabdeh) tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.
28. İddiaçı (icarəyə verən) cavabdeh (icarəçi) tərəfindən müqavilə öhdəliyinin pozuluduğunu, tərəflər arasında icarə münasibətlərinə 2023-cü ilin dekabr ayında xitam verildiyini, sonuncu bir ay üçün icarə haqqının, o cümlədən kommunal xidmət borclarının ödənilmədiyini, icarəçinin isifadəsinə verilmiş bir sıra əşyaların yararsız hala salındığını, nəticədə maddi və mənəvi zərərə düşdüyünü iddia edərək araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 624,57 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 29,45 manatının iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
30. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh tərəfindən ödənilməyən bir aylıq kirayə haqqına görə 350 manat, ödənilməmiş kommunal xərclərinə görə 114,57 manat (67+9,7+37,87), 1 ədəd kresloya görə 100 manat, 1 ədəd elektrik çaynikə görə 30 manat, unitazın qırılmış hissəsinə görə 30 manat, cəmi 624,57 manat maddi ziyan vurulmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş CD diskdə və təqdim edilmiş fotoşəkillərdə qeyd edilən daşınar əşyalara ziyan dəyməsi öz əksini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı digər hissələrdə maddi ziyanla bağlı iddiasını sübuta yetirə bilməmişdir.
31. Həmçinin məhkəmə bu nəticəyə gəlmişdir ki, iddia tələbi cavabdehdən “əldən çıxmış fayda və mənəvi zərər görə 1000 (bir min) manat pulun tutulması” hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. Çünki iddiaçı “1000 manat məbləğində əldən çıxmış faydanın və mənəvi zərərin tutulması” ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
32. Məhkəmə kollegiya apellyasiya şikayətlərinin dəlillərini təqdim edilmiş sübutlarla birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətlərin dəlilləri qismən əsaslıdır, həmin hissə üzrə birinci instansiya məhkəməsi nəticəyə gələrkən tərəflər arasında yaranmış hüquq münasibətlərinə və sübutlara düzgün qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanuni və əsaslı olmayan məhkəmə qərarı qəbul edilmişdir.
33. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
34. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılıb və qərar qəbul edilmiş olsun. Mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
35. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, sübutların düzgün qiymətləndirilməsi aparılmamışdır.
37. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə üzrə mövqeyini aşağdı şərh olunanlarla əsaslandırır:
38. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə haqqının hər aya görə 350 manat qeyd olunduğu göstərilsə də faktiki olaraq iddiaçı cavabdehlə hər ay 1000 manat icarə haqqı ödənilməsinə razılaşmışlar. Qeyd olunan əsasdan çıxış edən iddiaçı ödənilməmiş bir aya görə 1000 manat icarə haqqının tutulmasını tələb etmişdir.
39. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında bağlanılmış İcarə müqaviləsinə istinadən 350 manat icarə haqqının tutulması qət edilmişdir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Kollegiyanın qənaətincə qanunvericiliyin tələbinə görə məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarna uyğun gəlir. Bu hissədə məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab etmir.
41. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi tərəflər icarə haqqına görə hər ay 1000 manat ödənilməsinə razılaşmışlar. Bu faktı iş üzrə toplanmış sübutlar təsdiqi edir.
42. İş materiallarında olan tərəflər arasındakı Wotsap yazışmalarından görünür ki, cavabdeh sonuncu aya görə 1000 manat icarə haqqı və kommunal borcların ödənilmədiyini etiraf etmişdir.
43. Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində 11 ay icarə haqqı 1000 manat olaraq ödənilməsi, faktiki olaraq icarə haqqının 1000 manat olduğu göstərilmişdir.
44. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın məzmundan görünür ki, izahatı alınmış Ufaq Erhan bildirmişdir ki, 24 aylıq kirayə müddətində 23 aylıq ödəniş etmiş, sonuncu ödənişi etməmişdir.
45. Məhkəmə kollegiya şərh olunanlara istinadən hesab edir ki, icarə haqqına görə 1000 manat icarə haqqının ödənilməsi hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş icarə haqqına görə 1000 manat tutulmalıdır.
46. Məhkəmə kollegiyası 1 ədəd kresloya görə 100 manat, 1 ədəd elektrik çaynikə görə 30 manat tutulması hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və bu hissədə iddianın təmin edilməsi üçün qanuni əsas olmadığını hesab edir.
47. Belə ki, işin müəyyən edilmiş halları, tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən yarasız vəziyyətə düşdüyü iddia olunan və bununla bağlı maddi zərərin ödənilməsi tələb olunan əşyalar icarəyə verən tərəfindən icarə münasibətlərindən irəli gələrək razılıq əsasında icarəçinin istifadəsinə verilmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.
49. Qeyd olunan hüquq normasının göstərişindən çıxış edən kollegiya hesab edir ki, 1 ədəd kresloya görə 100 manat, 1 ədəd elektrik çaynikə görə 30 manat tutulması hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
50. Kollegiya unitazın qırılmış hissəsinə görə 30 manat tutulmasına dair tələblə bağlı isə qeyd edir ki, cavabdehin nümayəndəsi bu hissədə tələbi qəbul etdiklərini bildirmişdir.
51. Kollegiya kommunal xidmət üzrə ödənilməli olan borcun tutulması, əldən çıxmış fayda və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, əlavə araşdırma aparılmasına zərurət görmür, hesab edir ki, həmin hissədə birinci instasiya məhkəməsi tərəfindən müfəssəl qiymətləndirmə aparılmışdır, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır.
52. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024cü il tarixli, e-2(012)-1791/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh maddi ziyana görə 480 manat tutulması hissədə (624,57-144,57=480) ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh ödənilməmiş icarə haqqına görə 1000 manat tutularaq İddiaçı ödənilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Vı̇ layət qızı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, e-2(012)-1791/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh maddi ziyana görə 480 manat tutulması hissədə (624,57- 144,57=480) ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh ödənilməmiş icarə haqqına görə 1000 (bir min) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilməz.