Məhkəmə qərarları › İş №2(105)-1496/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1496/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1496/2023 21.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-4177/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehdən 4000 (dörd min) məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi 60 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-4177/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və 152.1.1-ci maddələrinin tələblərinə əməl olunmadan verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, tərtib edilmiş idda ərizəsinin “xahiş edirəm” hissəsində məbləğin tutulmasını xahiş etdiyi şəxsin (cavabdehin) adını, soyadını qeyd etməmiş, beləliklə cavabdehlik daşıyan şəxs müəyyən edilməmişdir.

4. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2(060)-4177/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh bir nəfərdir və əgər bu iddia ərizəsi iki və daha artıq cavabdehə qarşı yönəldilsəydi, onda məhkəmənin bu iradını başa düşmək olardı, lakin konkret halda ərizənin əvvəlində “cavabdeh” sözü yazılmaqla iki nöqtə qoyulmuş və bunun ardınca da onun kimliyi açıqlanmışdır, bununla da cavabdeh dedikdə kimdən söhbət getdiyi hamıya bəlli olan bir haldır. Ərizənin mətnində də artıq kimliyi bəlli olan cavabdehin adı, soyadı və ata adı qeyd olunmamış, bütün ərizənin məzmununda və sonunda “cavabdeh” olaraq qeyd edilmişdir, şəxsiyyəti bəlli olan cavabdehin hər addımda kimliyi ilə bağlı tam açıqlamanın verilməsinə ehtiyacın olmadığı bir halda məhkəmənin bunu MPM-nin 149-cu maddəsinin tələbinin pozulması kimi qeyd etməsi tamamilə əsassızdır.

b) Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)

Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

9. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

10. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

12. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytararaq qeyd etmişdir ki, tərtib edilmiş idda ərizəsinin “xahiş edirəm” hissəsində məbləğin tutulmasını xahiş etdiyi şəxsin (cavabdehin) adını, soyadını qeyd etməmiş, beləliklə cavabdehlik daşıyan şəxs müəyyən edilməmişdir.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsində göstərilmişdir ki, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir.

14. Hazırkı ərizədən görünür ki, iddiaçı tələbini Cavabdeh qarşı yönəltmiş və cavabdehdən 4000 manat məbləğində borcun və dövlət rüsumu kimi ödədiyi 60 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir.

15. Göründüyü kimi, iddia tələbi bir cavabdehə qarşı yönəlmişdir. Əgər iddia tələbi bir neçə cavabdehə qarşı yönəlsə idi, o zaman, iddia ərizəsinin “xahiş edirəm” hissəsində cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməli idi. Hazırkı işdə tələb bir cavabdehə yönəldiyindən iddia ərizəsinin “xahiş edirəm” hissəsində cavabdehin adı, ata adı və soyadının təkrarən göstərilməməsi iddia ərizəsində qeyri-müəyyənlik və anlaşılmazlıq yaratmır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən mövcud iddia ərizəsinin göstərilən əsasla qaytarılması əsassız olmuşdur.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-4177/2023 nömrəli qərardadı ləğv edilməli, hazırki qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, e-2(060)-4177/2023 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar