Məhkəmə qərarları › İş №2(105)-1498/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1498/2022

21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1498/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(060)-7920/2021 saylı qətnaməsi ilə İddiaçı Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 5/11-də yerləşən ümumi sahəsi 40,95 kv.m olan 2 (iki) otaqlı 31 nömrəli mənzilə dair cavabdehlər arasında qanunu pozmaqla bağlanmış alqı-satqı müqavilələri nəticəsində əsassız varlanan cavabdehlər Cavabdeh2 34150 (otuz dörd min yüz əlli) manat, Cavabdeh1 isə 15000 (on beş min) manat, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair iddia tələbi rədd edilmişdir.(hakim E.Hüseynov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti hazırda qüvvədə olan prosessual qaydalara uyğun təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini açıq məhkəmə iclasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil qeyd olunan nöqsanları qəbul etdiklərini və həmin nöqsanların aradan qaldırılaraq, yenidən şikayət veriləcəyini bildirdilər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçısının izahatını tədqiq edir, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş (MPM-ə 2 saylı əlavəyə uyğun) formada verilməmiş, bununla da, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozulmuşdur. İddiaçının apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilsə də, şikayətin mətni mülki prosessual qanunvericiliyin tələblərində qeyd olunan (MPM-ə 2 saylı əlavəyə uyğun) formada tərtib olunmamışdır. Belə ki, apellyasiya şikayəti elektron imza vasitəsilə imzalanmamış, sadəcə texniki formada tərtib edilərək, elektron kabinet vasitəsilə göndərilmişdir. AR MPM-in 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.2 Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.3 “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.7 Qanunun məzmunundan aydın olur ki, hazırkı halda apellyasiya şikayəti elektron imza vasitəsilə verilməli idi. Qeyd olunanlar hazırkı halda həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti hazırda qüvvədə olan prosessual qanunvericiliyə əsasən geri qaytarılmaq üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş formada verilmədiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, bu apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPMnin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayəti vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apellyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 263- 264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7920/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar