Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1499/2022 11.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Cabbarov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə 4700 manat məbləğində dəymiş zərərin və ödənilmiş 136,80 manat dövlət rüsumunun 41 manatının tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 maddi zərərin əvəzi olaraq 12600 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat, cəmi 15600 manat məbləğində pulun və 136,80 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Xızı rayonu, Fındığan kəndinin ərazisində xüsusi mülkiyyətində Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən 4,20 ha və 2,10 ha olmaqla, iki hissədən ibarət cəmi 6,30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bu il həmin torpaq sahəsində paxlalı bitki-noxud əkərək, əkinə aqrotexniki qaydada qulluq etmiş və bol məhsul gözləmiş, eləcə də həmin əkin sahəsinə mütəmadi olaraq baş çəkmişdir. Təxminən iyun ayının əvvəlində əkin sahəsinə baş çəkən zaman Fındığan kənd sakinlərinin iri buynuzlu mal-qarasının sürü halında onun əkin sahəsinin içində olduğunu görmüşdür. O, mal-qaranı əkin sahəsindən uzaqlaşdırsa da, artıq gec olmuşdur. Belə ki, mal-qara sürüsü, demək olar ki, bütün əkin sahəsini yararsız vəziyyətə salmışdır. O, kənd sakinlərinin növbəlilik əsasında mal-qaralarını otlamaq üçün otlaqlara aparmalarını bildiyindən, dərhal kəndə gəlib həmin gün mal-qaranın otarılmasında kimin növbəsi olduğunu soruşmuş, həmin gün Fındığan kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 növbəsi olduğunu bilmişdir. Bundan əlavə, həmin vaxt kənd sakini Cavabdeh4 da 9-10 baş iri buynuzlu mal-qarasının ona məxsus əkin sahəsində otlamasını görmüşdür. Həmin şəxslərin səhlənkarlığı və qanunsuz hərəkətləri nəticəsində ona dəyən ziyanın ödənilməsi ilə bağlı Xızı rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsində müvafiq araşdırma aparılmaqla, dəyən ziyanın müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xızı X6 Mərkəzinə müvafiq sorğu göndərilmişdir. Sorğuda qoyulan məsələlər Xızı X6 Mərkəzinin mütəxəssisləri tərəfindən araşdırılmış və cavab məktubunda onun əkdiyi 6,30 hektar noxud sahəsinin 5,0 hektarının mal-qara tərəfindən tam yararsız vəziyyətə salınması və ona dəyən maddi ziyanın məbləğinin 4700 manat təşkil etməsi qeyd olunmuşdur. Lakin, həmin təşkilat tərəfindən aparılmış qiymətləndirmə real bazar qiymətini əks etdirmir və ona dəyən maddi ziyan daha çoxdur. Belə ki, sahənin əkilməsi, səpilməsi, toxumun qiyməti, göstərdiyi aqrotexniki xidmətlər, o cümlədən dərmanlama işlərinin aparılmasına onun çəkdiyi xərclər Xızı X6 Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı nəzərə alınmamışdır. Orta statistik göstəricilərə görə həmin ərazidən hər hektara orta hesabla 700 kq məhsul əldə etmiş olsaydı, nəticədə onun 6,0 hektar ərazidən ümumi məhsulu 4200 kq olmalı idi. Hazırda həmin məhsulun bazarda bir kiloqramının orta qiyməti 3 manat olduğundan o, ümumilikdə 12600 manat gəlir əldə etməkdən məhrum olmuşdur. Eyni zamanda, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab da keçirmişdir və keçirdiyi mənəvi zərəri 3000 manat qiymətləndirir. Cavabdehlər ona dəyən maddi və mənəvi zərəri ödəmək istəmədiklərindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş hərtərəfli, tam araşdırılmadan, habelə mötəbər subutlara əsaslanmadan qətnamə çıxarıldığına görə qanuni və əsaslı deyildir. Belə ki, məhkəmənin istinad etdiyi Xızı rayon Polis Şöbəsinin 25 iyul 2021-ci il tarixli, 165-3727-1221 saylı məktubunda iddiaçıya iş mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi, Xızı X6 Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 26 saylı məktubunda isə iddiaçının noxud sahəsinə 4700 manat ziyan vurulması bildirilir, yəni ziyanın kimlər tərəfində vurulmasını təsdiq etmir. Lakin məhkəmə heç bir hüquqi əsas olmadan iddia tələbini qismən təmin edərkən bu sənədlərə əsaslanmışdır. Bundan başqa, iş üzrə dindirilən şahid ifadələri, hətta iddiaçının qardaşı Vəkil Məmmədov da cavabdehlərin günahkar olmasını təsqiq etmirlər. Məhkəmənin istinad etdiyi Xızı rayon Polis Şöbəsinin 25 iyul 2021-ci il tarixli, 165- 3727-1221 saylı, Xızı X6 Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 26 saylı məktubları, eləcə də şahid ifadələri ilə cavabdehlərin bu iş üzrə təqsirkar olmaları subuta yetirilmir. Bundan başqa, əlavə faktlarla, rəsmi sənədlər və mülahizələrlə subut olunur ki, iddiaçı gəlir əldə etmək məqsədi ilə noxud bitkisi əkməmiş və cavabdehlərin günahı üzündən kəndin naxırı iddiaçıya məxsus sahəyə zərər vurmamışdır. İddiaçının qardaşı Vəkil Məmmədovun dediyinə görə qardaşı gəlir əldə etmək üçün deyil, torpaq sahəsini münbitləşdirmək məqsədi ilə noxud bitkisi əkmişdir. Bu faktı Xızı rayon Statistika idarəsinin məlumatı da subut edir. Statistik məlumatda göstərilir ki, 2020-2021-ci mövsüm illərində Xızı rayonunda noxud bitkisi əkilməmişdir. Habelə iddiaçı bildirir ki, hadisə xx.xx.2021-ci il tarixdə baş vermişdir. İddiaçı bununla bağlı hadisə baş verdiyi zaman deyil, bir müddət keçəndən sonra mübahisə qaldırmış və ona vurulan ziyan barəsində 1 ay 3 gündən sonra ziyan haqqında mütəxəssis rəyinin tərtib edilməsi üçün müraciət edilmişdir. Ümumiyyətlə, iddiaçının ziyanla əlaqədar onlara qarşı etirazı 15 iyun 2021-ci il tarixdə olmuşdur. Belə hallarda etiraz hadisə baş verdiyi günün axşam və ya səhəri günü bəyan edilir. Buradan görünür ki, ziyanın vurulması və onlardan hər hansı ziyan məbləğinin alınması sonradan qondarılmış iddiadır. Ən əsası budur ki, onlar kəndin mal naxırında xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə olmuşlar. Habelə məhkəmədə şahid X2 ifadəsindən məlum olur ki, kəndin mallarından təxminən 20-30 malın onların yerindən keçərək İddiaçı yerinə girdiklərini görmüş, Bahadura zəng vurmuş və eyni zamanda malları həmin yerdən uzaqlaşdırmışdır. Buradan məlum olur ki, noxud sahəsindən keçib gedən 20-30 baş malın 5,0 ha sahəyə iddia ərizəsində göstərilən həcmdə ziyan vurması mümkün deyildir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ona aid hissədə ləğv edilməsi və iddia tələbinin ona aid hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia tələbi bu hissədə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq ona aid hissədə ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı rayonu, Fındığan kəndində yerləşən 2,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı rayonu, Fındığan kəndində yerləşən 4,2138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xızı rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 25 iyun 2021-ci il tarixli, 165-3727-1221 saylı məktubun surətindən görünür ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Xızı X6 Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 26 saylı məktubunun surətindən görünür ki, İddiaçı əkin sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən vətəndaşın 5 hektar noxudluq sahəsi mal-qara tərəfindən yararsız vəziyyətə salınmış və nəticədə dəymiş ziyanın məbləği 4700 manat olması müəyyən edilmişdir. İş materiallarında olan Xızı rayon İcra Hakimiyyəti Başçısının Fındığan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 37 saylı, 29 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 4,2 ha sahədə noxud səpini aparmışdır, lakin həmin əkilmiş noxud sahəsinin otarılmağına dair Fındığan kənd İƏD üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Xızı rayonu Fındığan kəndində yaşayır, İddiaçı və cavabdehləri tanıyır. Ona və atası Mürvətə məxsus 6 baş iribuynuzli mallar İddiaçı sahəsinə noxud biçildikdən sonra girmişlər. Bundan əvvəl də, 1-2 dəfə onların malları İddiaçı əkin sahəsinə girmiş, lakin kəndin mallarının iddiaçının noxud sahəsinə girməsindən və həmin gün mal növbəsində kimlərin olmasından məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Məmmədov Vəkil Bayram oğlu ifadəsində göstərmişdir ki, Xızı rayonu Fındığan kəndində yaşayır, İddiaçı onun qardaşıdır, cavabdehlər isə kənd sakinləri olmaqla onları da tanıyır. Qardaşı Bahadur təxminən 2021-ci ilin mart ayında özünə məxsus 6 ha torpaq sahəsində noxud bitkisi əkmişdir. Sonradan təxminən 4-5 iyun 2021-ci il tarixdə kənd sakinləri Xəyal, Fuğayar, Vahidcan növbədə olarkən kəndin və kənd sakini Mürvətin malları həmin torpaq sahəsinə girərək noxud sahəsini yararsız hala saldığını qardaşından eşitmişdir. O, kəndin mallarının qardaşı Bahadurun torpaq sahəsinə girməsini görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Xızı rayonu Fındığan kəndində yaşayır, İddiaçı və cavabdehləri tanıyır. İddiaçı torpaq sahəsi ilə onların torpaq sahəsi yanaşıdır. Təxminən iyun ayını 4-5 evdə olarkən əmisi ona zəng edərək torpaq sahələrində kəndin mallarının otladığını bildirmişdir. Atası evdə olmadığı üçün o, dərhal evdən çıxaraq həmin yerə getmiş və kəndin mallarından təxminən 20-30 malın onların yerindən keçərək İddiaçı yerinə girdiklərini görmüşdür. Bundan sonra, dərhal Bahadura zəng edərək malların onların noxud sahəsinə girdiyini bildirmiş və eyni zamanda malları həmin yerdən uzaqlaşdırmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından, iddia ərizəsindən görünür ki, İddiaçı maddi zərərlə bağlı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 12600 manat tələb edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə 4700 manat məbləğində dəymiş zərər tutulmuşdur. İddiaçı Cavabdeh1 tərəfindən ona maddi zərər dəyməsini göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri heç də iddiaçının izahatını kifayət qədər təsdiq etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş materiallarında Cavabdeh1 tərəfindən İddiaçı maddi zərər vurulmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, cavabdehin qətnaməni mübahisələndirdiyi hissədə iddianın qiyməti beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. İş üzrə Xızı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(068)-198/2021 saylı qətnaməsi Cavabdeh1 aid iddianın təmin edilmiş hissəsində ləğv edilsin, iddia tələbi bu hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1499/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1499/2022
11.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver