Məhkəmə qərarları › İş №2(105)-150/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-150/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-150/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(012)- 107/2019 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı ASC-nin xeyrinə Cavabdeh 14323,77 manat əsas borc, 4301,91 manat faiz borcu, cəmi 18625,68 manat kredit borcunun tutulması, ekspertiza tədqiqatına görə 183 manat cavabdehdən, 17 manat iddiaçıdan, ödənilmiş 30 manat dövlət rüsumunun 27,45 manatı cavabdehdən, 2,55 manatı isə iddiaçıdan və 0,40 qəpik bank xidmət haqqının cavabdehdən tutulması, tutma ipoteka predmeti olan Cavabdeh məxsus “Toyota Prado” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 18836,53 manat məbləğində borcun İddiaçı ASC-yə ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi Cavabdeh verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin ümumi qaydada icra olunması qət edilmişdir. İddiaçı ASC və Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 14873,75 (on dörd min səkkiz yüz yetmiş üç manat yetmiş beş qəpik) AZN, faiz borcu üzrə 4147,22 (dörd min yüz qırx yeddi manat iyirmi iki qəpik) AZN, cərimə borcu üzrə 3805 (üç min səkkiz yüz beş) AZN, cəmi 22825,97 (iyirmi iki min səkkiz yüz iyirmi beş manat doxsan yeddi qəpik) AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) AZN bank xidməti haqqının tutulması, tutmanın ipoteka predmeti olan 99EM771 d.q.n., 2013-cü il buraxılışlı X9 markalı avtomobilə (Ban: № JTEBX3FJ00K116255, Mühərrik № 8491870) yönəldilməsi, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh 25.09.2019-cu il tarixinə İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 14873.75 (on dörd min səkkiz yüz yetmiş üç manat yetmiş beş qəpik) manat, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 4477.34 (dörd min dörd yüz yetmiş yeddi manat otuz dörd qəpik) manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 983.32 (doqquz yüz səksən üç manat otuz iki qəpik) manat, cəmi 20334.41 (iyirmi min üç yüz otuz dörd manat qırx bir qəpik) manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan ** EM *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı X9 markalı avtomobilə (ban: № JTEBX3FJ00K116255, Mühərrik № 8491870) yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh arasında bağlanmış 5011 nömrəli 29.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 17 faizlə 60 ay müddətinə 32300 (otuz iki min üç yüz manat 0 qəpik) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh arasında 29.05.2013-cü il tarixli 4993 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmeti qismində ** EM *** dövlət qeydiyyat nişanlı 2013-cü il buraxılışlı, X9 markalı avtomobil (Ban: № JTEBX3FJ00K116255, Mühərrik № 8491870) çıxış edir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 5011 nömrəli 29.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 12.04.2018-ci il tarixinə Cavabdeh əsas borc üzrə 14873,75 (on dörd min səkkiz yüz yetmiş üç manat yetmiş beş qəpik) manat, faiz borcu üzrə 4147,22 (dörd min yüz qırx yeddi manat iyirmi iki qəpik) manat, cərimə borcu üzrə 3805 (üç min səkkiz yüz beş) manat, cəmi 22825,97 (iyirmi iki min səkkiz yüz iyirmi beş manat doxsan yeddi qəpik) manat borcu mövcuddur. Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş 31.10.2017-ci il tarixində müvafiq qeydiyyat orqanında qeydiyyatdan keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən, cavabdehdən 14323,77 manat əsas borc, 4301,91 manat faiz borcunun tutulması, müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 983,32 manat faiz borcunun rədd edilməsi hissəsində ləğv edərək həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə mahiyyət üzrə düzgün olsa da, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktı faiz hissəsində düzgün qəbul edilməmiş və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnamənin əsas borc, faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində, yəni iddianın təmin edilməyən hissəsində, cavabdeh isə qətnamənin faiz borcunun tutulması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə tərəflərin mübahisələndirdikləri hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq ilkin olaraq iddiaçının apellyasiya şikayətinə qiymət verilməsini məqsədəuyğun hesab edir. İşdən görünür ki, cavabdehin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən əsas borc, faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanan borc hissəsində mübahisələndirilmiş və həmin hissədə iddianı tam təmin edilməsini, cavabdeh isə faiz borcunun tutulması hissəsində qətnamə ilə razı olmadığını mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (Mülki Məcəllənin 443.1. maddəsi). Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (Mülki Məcəllənin 449.4-cü maddəsi). Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun iddiaçı və faiz borcunun cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizaları təyin etmişdir. “B+Ş Audit” Konsaltinq MMC tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli № A-01/02 mütəxəssis rəyinə əsasən əsas borc 14873,75 manat, faiz borcu 4147,22 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4297 saylı 28 iyul 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə 29.05.2013cü il tarixli 5011 saylı kredit müqaviləsi üzrə 29.05.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və 26 sentyabr 2019-cu il tarixə (iddia tələbinin artırıldığı tarixə) əsas borc 14323,86 manat, faiz borcu 4301,93 manat, 26.09.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixdən illik 5% dərəcəsi ilə hesablanmaql) əsas borc 14323,86 manat, faiz borcu 5250,89 manat təşkil etdiyi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində göstərilən məbləğ birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcu hissəsində gəlinən nəticə ilə eynilik təşkil etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, əsas və faiz borcunun məbləği hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, ərizəyə əsasən müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 983,32 manat təşkil etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz məbləği olan 983,32 manat hissəsində əsaslı olduğundan, 983,32 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Kredit müqaviləsi üzrə yaranmış faiz məbləğini mübahisələndirməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, faiz məbləği iddia tərəfindən də mübahisələndirildiyindən və iş üzə ekspert rəyi birinci instansiya məhkəməsinin gəldiyi nəticə eyni olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqaviləsinin şərtlərinə uyğun olaraq öhdəliyi icra etməməsinə görə yaranmış əsas borcun və hesablanmış faiz məbləğinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə yönəltmə edərkən ipoteka predmetinin ilkin satış qiyməti müəyyən etməmişdir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş 06.11.2020-ci il tarixli 99 № rəy ilə “Toyota Prado” minik markalı (buraxılış ili 2013, qeydiyyat nişanı **-EM-***, BAN-JTEBX3FJ00K116255, rəngi-ağ mirvari) dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 46600 (qırx altı min altı yüz) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 02-44/21 №li 17 avqust 2021-ci il tarixli əmtəəşünaslıq ekspertizası rəyi ilə “Toyota Prado” minik markalı (buraxılış ili 2013, qeydiyyat nişanı **-EM-***, BAN-JTEBX3FJ00K116255, rəngi-ağ mirvari) dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 40000 (qırx min) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə dair müxtəlif fərqli rəylər verilmişdir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası iş üzrə mübahisə predmeti olan əmlakla bağlı verilmiş rəyləri müqayisə edərək hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy daha çox reallığı özündə əks etdirdiyindən, eləcə də tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qeyd olunan qiymətə uyğun olduğundan, həmin rəydəki qiymət ipoteka predmetinin likvid dəyəri kimi göstərilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Toyota Prado” minik markalı (buraxılış ili 2013, qeydiyyat nişanı **-EM-***, BAN- JTEBX3FJ00K116255, rəngi-ağ mirvari) dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 46600 (qırx altı min altı yüz) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən mübahisləndirilən hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza xərci tutulmadığından, Cavabdeh həm birinci instansiya zamanı, həmçinin hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 200+100=300 (üç yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 300 (üç yüz) manat "xxxx" MMC-nin, 200 (iki yüz) manat “B+Ş Audit” Konsaltinq MMC-nin, 150 (yüz əlli) manat "xxxx" MMC-nin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 983 (doqquz yüz səksən üç) manat 32 (otuz iki) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan “Toyota Prado” minik markalı (buraxılış ili 2013, qeydiyyat nişanı **-EM-***, BAN-JTEBX3FJ00K116255, rəngi-ağ mirvari) dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 46600 (qırx altı min altı yüz) manat müəyyən edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 300 (üç yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 300 (üç yüz) manat "xxxx" MMCnin, 200 (iki yüz) manat “B+Ş Audit” Konsaltinq MMC-nin, 150 (yüz əlli) manat "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar