Məhkəmə qərarları › İş №2(105)-1502/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1502/2023

05.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1502/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-471/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Onların xx.xx.2019-cu il təvəllüdlü X3 adlı bir övladı doğulmuşdur.

2. Zəngilan Rayon Məhkəməsinin 2(034)-364/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 2819 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X1 anası X2 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-364/2021 saylı qətnaməsi ilə kəsilmiş alimentin miqdarını artıraraq hər ay 193 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-364/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun yanında saxlanılmış, uşağın saxlanılması üçün 175 manat aliment tutulması qət edilmişdir. 175 manat alimentlə uşağı saxlamaq çox çətindir. Cavabdeh alimentdən başqa ona heç bir ödəniş etmir. Uşağın yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyasına yoluxmuş və mütəmadi olaraq müalicə olunur. Bu aliment isə uşağa çatmır. Özü işləmir, uşağın 3 yaşı var. Birlikdə yaşayırlar, otağın birində o, digərində isə cavabdeh qalır. Uşağın ağciyərində problem var, 3 dəfə xəstəxanada yatmış, 300 manata yaxın xərci çıxmışdır.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, özü usta işləyir, iş olanda işləyir, iş olmayanda isə işləmir. 268 manat pensiya alır. Yanvar ayında onun pensiya kartından pul tutulmuşdur. Uşaq xəstə olanda bütün hərclərini özü ödəmişdir. Hal-hazırda uşaq sağalıb. Ondan başqa da uşağa hərtərəfli köməklik göstərir, uşağın yeməyini, geyimini özü alır. İddiaçı ilə bir ünvanda yaşayırlar. 193 manat aliment ödəməyə isə imkanı çatmır.

6. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əlillik haqqında arayışdan görünür ki, Cavabdeh müddətsiz olaraq ikinci dərəcəli əlildir.

7. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********6 nömrəli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 2-ci dərəcəli əlilliyə görə aylıq 268.62 manat əmək pensiyası alır.

8. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-471/2022 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia rədd edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh İİ qrup əlildir və əlil kimi cəmi 268.62 manat əlilliyə görə pensiya alır, iddiaçı ilə bir ünvanda yaşamaqla alimentdən başqa uşağın saxlanılmasında, yəni uşağın yeməyində, içməyində və geyimində iddiaçıya köməklik göstərir, usta kimi iş olanda işləyir, iş olmayanda isə işləmir və heç bir yerdən əlavə gəliri yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçı əmək qabiliyyətli olduğundan, uşağın saxlanması hər iki valideynin borcu olduğundan, həmçinin iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanı olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyindən iddiaçının iddia tələbi təmin edilməməlidir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 56.2, 78.1, 78.2, 112.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşağın 3 yaşı var, uşaq xəstə uşaqdır, anadangəlmə kəllədaxili təzyiqlə doğulub, mütəmadi müalicəyə ehtiyacı vardır. Hər ay müalicələrə 150 manat pulu çıxır. Aliment isə 175 manat kəsilib. Uşaq xəstə olduğu üçün işləyə bilmir, uşağı bağçaya da qoya bilmir. Cavabdeh onu məhkəmə qərarı ilə köçürüldüyü evdə yaşamağa qoymur. Ona görə də məcbur olub kirayədə yaşayır. Hər ay 250 manat kirayəyə pul verir. Ona da anası köməklik edir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildən hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Hətta 2023-cü il tarixdə artıq 220 manatdır. Cavabdeh övladı ilə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də, alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə

112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.

22. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməldir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır.

23. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan uşağın saxlanılması üçün müəyyən edilən alimentin məbləği Zəngilan Rayon Məhkəməsinin 2(034)-364/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklərin olması, cavabdehin gəlirlərinin artması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

26. İşdən görünür ki, Cavabdeh müddətsiz olaraq ikinci dərəcəli əlildir və 268.62 manat əmək pensiyası alır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

29. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-471/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar