Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1504/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2214/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 307862 saylı doğum haqqında şəhadətnaməyə əsasən, X5 17 yanvar 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 861093 saylı doğum haqqında şəhadətnaməyə əsasən, X6 18 fevral 2012-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3782/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)- 5853/2016 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 18 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çalanadək saxlanması üçün Cavabdeh hər ay tutulan sabit pul məbləğində 234 manat miqdarında alimentin artırılması, 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 18 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çalanadək saxlanması üçün hər ay hər uşağa görə 154 manat, cəmin 308 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Ağentliyi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli arayışa əsasən, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2023-cü il tarixindən işsiz kimi qeydiyyatdadır və adına əmək müqaviləsi aşkar edilməmişdir. 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV № 304986 saylı doğum haqqında şəhadətnaməyə əsasən, X10 24 may 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV № 607913 saylı doğum haqqında şəhadətnaməyə əsasən, X11 15 yanvar 2021-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X2r. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3782/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, Cavabdeh övladları 17 yanvar 2009-cu il təvəllüdlü X5 və 18 fevral 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat məbləğində alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 30 noyabr 2007-cı ildə qeydə alınmış birgə nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-5851/2016 saylı qətnaməsi əsasən pozulmuşdur. Birgə nikahlarından 17 yanvar 2009-cü ildə anadan olmuş Rəfiqə adlı və 18 fevral 2012-ci ildə anadan olmuş Fatimə adlı olmaqla hər iki uşaqları ayrıldıqdan sonra onun himayəsində qalmışdır. Sonradan rayon məhkəməsinin təyin etdiyi alimentin miqdarının artırılması üçün iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-3782/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub ona verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqların bütün qayğısını ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Böyük qızı 8-ci sinifdə oxuyur, hər ay hazırlıq müəllimlərinə 200 manat xərc çıxır. Kiçik qızı da hazırlığa gedir. Cavabdehin özünün şəxsi kamaz markalı avtomobili var və daş daşıyaraq kifayət qədər gəlir əldə edir, özlərinə məxsus başqa evləri var və kirayəyə verərək ordan da kifayət qədər gəlir əldə edir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2214/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3782/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 17 yanvar 2009-cu il təvəllüdlü X4 və 18 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin yenidən ailə qurduğunu, həmin nikahdan iki yetkinlik yaşına çatmayan övladının olduğu diqqətə layiq halları nəzərə alaraq alimentin tələb olunan miqdarda tutulmasının hazırda cavabdehin maddi vəziyyətinə mütənasib və ikinci nikahdan olan uşaqların mənafeyinə uyğun olmadığı qənaətinə gəlir və hesab edir ki, alimentin miqdarının artırılaraq hər uşaq üçün 180 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. Birinci instansiya məhkəməsi gəldiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 119.2, 217.3, 217.4, 218.3cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2214/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği hazırkı şəraitdə uşağının heç bir tələbatının ödənilməsinə yetmir və bu vəsait hesabına uşaqların sağlamlığının qayğısına qalmaq və zəruri xərcləri ödəmək mümkün deyildir. Müəyyən olumuş alimentlə indiki dövürdə uşağı saxlamaq olduqca çətindir. Uşaqlar böyüdükcə tələbat artır. Hakim ilk növbədə uşaqların mənafeyini nəzərə almalıdır. Qətnamədə qeyd edilmişdir ki, o, cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki alimentın alınması üzrə işlər üzrə heç bir hal atanı müəyyən edilmiş minimum miqdarda aliment ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qətnamə qəbul edərkən işin hallarını tam araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 220 manat olduğu halda məhkəmə hər uşağa 180 manat aliment təyin edərək əvvəlki alimentin miqdarını cəmi 42 manat artırmışdır. Həmin məbləğlə isə uşaqların tələbatlarını ödəmək mümkün deyildir. O, Qobu Qəsəbə 1 nömrəli orta məktəbində müəllim işləməklə aylıq əmək haqqı 314 manat təşkil edir. Bundan əlavə uşaqların hər ikisi məktəblidir, aldığı əmək haqqı və cavabehin ödədiyi alimentlə uşaqların tələbatlarını ödəyə bilmir. Cavabdehin özünün şəxsi Kamaz markalı avtomobili var və daş daşıyaraq kifayət qədər gəlir əldə edir, özlərinə məxsus başqa evləri var və kirayəyə verərək ordan da gəlirləri kifayət qədərdir. Aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanun: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2214/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini iddianın təmin edilməyən hissədə mübahisələndirmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24). Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hal təkbaşına alimentin məbləğinin 220 manat məbləğində artırılması üçün əsas ola bilməz; çünki alimentin hər uşaq üçün 154 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamənin çıxarılmasından sonrakı dövrdə cavabdehin maddi vəziyyətində alimentin məbləğinin 220 manat məbləğində artırılmasına əsas verəcək dəyişiklik olduğu müəyyən olunmamış, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, cavabdehin sabit aylıq qazancının olmaması, cavabdehin ikinci nikahdan da azyaşlı uşaqlarının saxlanması kimi vəzifəsinin olması nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin 220 manat olmasına baxmayaraq, cavabdehin sabit aylıq qazancının olmaması, həmin məbləğin onun hazırkı ailəsinin, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün sərf edildiyini, habelə digər diqqətəlayiq halları nəzərə alaraq, iddianın qismən, aliment məbləğini hər uşaq üçün 180 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X12rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 17 yanvar 2009-cu il təvəllüdlü X4 və 18 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2214/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1504/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1504/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver