Məhkəmə qərarları › İş №2(105)-1505/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1505/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1505/2024 23.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cinayət nəticəsində vurulmuş hüquq pozuntusundan irəli gələn mülki mübahisə, zərərin ödənilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Cavabdeh maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(034)-302/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 1(012)-37/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Yusif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Cavabdeh Yusif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Cavabdeh Yusif oğluna təyin edilən cəzalar qismən toplanılmış və üzərində qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında X1 Xidməti Cavabdeh qarşı «təbiətə dəymiş 18.284,08 manat məbləğində ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan nəticəsində hesablanmış məbləğ üzrə ödənilməmiş 18.284,08 manat pulun tutularaq Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 1(012)-37/2021 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247-ci və 308.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci və 64.4-cü maddələrinə əsasən ona təyin edilən cəzalar qismən toplanmış və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Cavabdeh xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının keçmiş Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti Kommersiya X5 Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış "xxxx" MMC-nin təsisçisi olmaqla, həmin tarixdən müəssisəyə faktiki rəhbərlik edərək Cəmiyyət üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 aprel 2006-cı il tarixli, 093 nömrəli sərəncamı əsasında mişardaşı istehsal etmək məqsədi ilə “Güzdək” əhəngdaşı yatağında dövlət mülkiyyətində oian 17 saylı “Quzu qıran” qış otlaq sahəsindən X3 İcarə qaydasında ayrılmış 3,5 ha torpaq sahəsinin 1 hektarını sonuncu ilə aralarında bağlanmış 14 yanvar 2012-ci il tarixli müqavilə əsasında icarəyə götürüb 2013-cü ilin yay aylarından 24 avqust 2018-ci il tarixədək olan müddətdə həmin torpaq sahəsində lisenziya və “dağ mədən ayırması” aktı almadan qanunsuz dağ mədən qazma işləri aparmaqla 3024 m3 əhəngdaşı istehsal edib mişardaşı məhsulu kimi sataraq dövlətə və təbiətə xeyli miqdarda olmaqla, 23284,8 manat məbləğində ziyan vuraraq, yerin təkindən faktiki istifadə etməklə, istismar etdiyi həmin obyektdə təbiəti mühafizə üzrə cavabdeh şəxs kimi ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu, 21 -ci və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara (normativlərə, qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi,yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, eləcə də, “Ətraf mühitin mühafizəsi” 8 iyun 1999-cu il tarixli, 678–İQ nömrəli Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən müəssisənin, qurğular və obyektlərin və ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş, bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilməli olduğu halda qanunvericiliyin həmin tələblərini yerinə yetirməyərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cinayət işi üzrə materiallarda olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 379/Ü nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən aparılmış monitorinq nəticəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, "xxxx" MMC-nin təsisçisi Cavabdeh xx.xx.2012-ci ildə icarə müqaviləsi əsasında “Güzdək” əhəngdaşı yatağında mişardaşı istehsal etmək üçün 1 ha torpaq sahəsini icarəyə götürüb 2013-cü ilin yay aylarından 2018-ci ilin avqust ayına kimi istismar işləri aparmış və istismar müddəti zamanı karxana fəaliyyəti göstərməyə icazə verən yerin təkindən istifadəyə dair sənədlər-dağ mədən ayırma aktı olmadan fəaliyyət göstərmiş, ekoloji ekspertiza rəyi, ekoloji pasport və dağ mədən işlərinin inkişaf planı olmamış və nəticədə bərpası mümkün olmayan texnogen relyef yaranmış, faydalı qazıntıları çıxarmaq üçün səmərəli effektliyə malik üsulları və işlənmə sistemləri tətbiq etmədən faydalı qazıntının normadan artıq itkisinə, kasadlanmasına və keyfiyyətinin aşağı düşməsinə yol vermiş, yerin təkindən istifadə zamanı texnoloji tullantıları toplamaq üçün tullantı anbarları təşkil etməmiş, texnoloji tullantıların həcmi normadan artıq olmuş, torpaq sahələrinin dağ-texniki rekultivasiyasını aparmamış, atmosferdə azot oksidlərinin 1 m3 havada qəbul edilmiş hədd norması 6 mq təşkil etdiyi halda, karxanada monitorinq zamanı bu normanın 120 mq olması müəyyən edilmiş, atmosferin həddindən artıq çirklənməsi və təbiətə ağır ziyan vurulmaqla, ətraf mühitin mühafizəsi qaydaiarı pozulmuşdur. Həmçinin cinayət işi üzrə materiallarda olan məhkəmə mühəndis texniki ekspertizasının və kompleks məhkəmə texniki mühasibathq ekspertizasının müvafiq rəylərindən görünür ki, dağ-mədən, dağ və buruq qazmaların aparılması üçün lisenziya, dağ-mədən ayırması aktı, eləcə də digər ekoloji sənədləri olmadan Abşeron rayonunun ərazisində “Güzdək” əhəngdaşı yatağında mişardaşı istehsalı ilə məşğul olduğuna görə "xxxx" MMC-nin rəhbəri Cavabdeh tərəfindən “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 9-10-cu, 21-ci, 41-ci və 46-cı maddələrinin və “Ümumi yayılmış faydalı qazınt yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2-ci və 1.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-37/2Q21 nömrəli hökmü ilə təqsirləndiriiən şəxs Cavabdeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək dövlətə və təbiətə vurulmuş 23.284,8 manat ziyandan 5000 manat ödəniş etmişdir. Cavabdeh tərəfindən faydalı qazıntı yatağının qanunsuz işlənməsi nəticəsində hesablanmış ziyan məbləği üzrə ödənilməmiş 18.284,8 manat məbləğin Cavabdeh tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə ödənilməsi təmin edilməlidir.

4. Zəngilan Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(034)-302/2024 nömrəli qətnaməsi ilə (hakim G.İmanova) iddia təmin edilmişdir.

5. İddia tələbini təmin edən məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 238.3, 1096.1, 1096.2, 1097.1 və 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh «Kəpəz-Ağbulaq” MMC-ni təsis edərək 2013-cü il tarixdən karxana fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. 100 faizlik payla MMC-nin təsisçisi olsa da, müəssisənin direktoru həyat yoldaşı X4 olmuşdur. Lakin faktiki olaraq bütün işlərə rəhbərlik və nəzarət onun tərəfindən həyata keçirilmiş, MMC 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və müəssisəyə verilmişdir. Karxana fəaliyyəti ilə məşğul olmaq üçün “Güzdək“ əhəngdaşı yatağında yerləşən Bəhram Məlikov adlı şəxsə məxsus 3.5 hektar torpaq sahəsinin 1 ha sahəsini istismar etmək üçün icarəyə götürmüş, karxana sahəsini icarəyə götürdükdən sonra 2013cü ilin yanvar ayından başlayaraq ərazidə təmizlik işləri aparmış, həmin ilin yay aylarından fəaliyyətə başlamaq üçün ehtiyyat hissələri alaraq 1 ədəd kombayn və 1 ədəd şırımaçan maşın düzəltdirmişdir. Qanunun tələblərinə riayət edərək fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən yaradılmış işçi qrupu qazıntı işlərinin əsassız olmasını əsas götürərək ərazidə onun xəbəri olmadan monitorinq keçirmiş, nəticədə 58212 manat məbləğində ziyan hesablamışdır. İşçi qrupunun 58212 manat məbləğində ziyanın hansı qaydada hesablaması barədə məlumatı olmamışdır. Ümumiyyətlə həmin akt tərtib edilən zaman onu əraziyə dəvət etməmişlər. Lakin buna baxmayaraq məcbur olub hesablanmış borcdan 5000 manat ödəniş belə etmişdir. O, iddiaçı iddia etdiyi kimi hər-hansı bir ziyan vurmamış, bütün işlər qanun çərçivəsində həyata keçirilmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, hazırkı qətnaməni barəsində olan hökmə əsaslanaraq qəbul etmişdir. Ona görə də hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti tərəfindən onun təbiətə 23284,8 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdir. Həmin məsələ ilə əlaqədar artıq uzun müddətdir ki, müxtəlif hüquq-mühafizə orqanlarında, həmçinin məhkəmələrdə müvafiq araşdırmalar aparılmışdır. Qeyd olunan ziyan məbləğindən 5 min manatını o ödəmişdir. Abşeron Rayon Məhkəməsinin hökmü ilə onun azadlığının məhdudlaşdırılması və müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququ məhdudlaşdırılması qərara alınmışdır. Lakin ondan hər hansı məbləğdə pul tutulması qərara alınmamışdır. Həmin vaxtdan xeyli müddət keçdikdən sonra iddiaçı məhkəməyə hazırkı tələblə müraciət etmişdir. O iddianı qəbul etmir. Həmçinin bildirir ki, pensiyaçıdır, maddi vəziyyəti qənaətbəxş deyildir. Tələb olunan məbləği ödəmək iqtidarında deyil. Göstərilənlərə əsasən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Kollegiya Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətindən görünür ki, apellyator Zəngilan Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(034)-302/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cinayət əməli nəticəsində (qanuni qüvvədə olan hökm əsasında) müəyyən olunmuş ziyanın tələb edilməsi barədədir.

18. Araşdırılan işin faktiki hallarından görünür ki, cavabdeh Musayev X6 Rayon Məhkəməsinin 1(012)-37/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən cəzalar qismən toplanılmış və üzərində qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.

19. Qeyd olunan hökmdən həmçinin müəyyən edilir ki, təqsirləndiriiən şəxs Cavabdeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək dövlətə və təbiətə vurulmuş 23.284,8 manat ziyandan 5000 manat ödəniş etmişdir.

20. İddia tələbi də yuxarıda qeyd olunanlara rəğmən onunla əsaslandırılır ki, hazırda cavabdehin ödənilməmiş 18.284,8 manat məbləğində borcu qalmışdır.

21. Apellyasiya instansiya məhkəməsi işin halları və hər iki tərəfin təqdim etmiş olduğu dəlillərə münasibətdə qeyd edir ki, cavabdehin cinayət hadisəsi törətməsi, onun cinayət əməli üzrə təqsirli bilinərək barəsində hökm çıxarılması və həmin hökmə əsasən maddi ziyan vurması işin mübahisəsiz halıdır və bu barədə qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddur. Zərərin daha az miqdarda olmasına, fəaliyyətin qanuni əsaslarla həyata keçirildiyini dair dəlillə bağlı isə qeyd edilməlidir ki, bununla bağlı cavabdeh hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq təqdim olunmuş sübutlar baxımından zərərin məbləğini düzgün müəyyən etmişdir

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

23. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı)

24. MM-nin 1096.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlikdir) kimi təsbit edilmişdir.

25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, MM-in sözügedən maddəsi zərərvuranın davranışını təqsirin növlərinə görə (qəsd və ya ehtiyatsızlıq) ayırmadan təqsirin olmasını zərərçəkənə zərər vurulması əsası kimi yetərli saymışdır. Başqa sözlə, zərərin vurulması halında növündən asılı olmayaraq təqsirin olması kifayət edir ki, zərər çəkən şəxsin zərər vurandan ona dəymiş maddi ziyanı tələb etmək hüququ yaransın. Bu zaman zərər vuranın özünə zərər dəyib-dəyməməsi də heç bir əhəmiyyət kəsb etmir, çünki, bu hal qarşı tərəfə vurulmuş zərərin həcminin artıb azalmasına təsir etmir.

26. Hazırki iş üzrə həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

27. Beləlilkə yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(034)-302/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar