Məhkəmə qərarları › İş №2(105)-1506/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1506/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1506/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçılar İddiaçı1, X4 və cavabdeh X6 iştirakı ilə, iddiaçılar İddiaçı1 və X4 cavabdeh X8 qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(027)-977/2022 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(027)-977/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X5 800 manat məbləğində pul alınaraq, iddiaçılar İddiaçı1 və X2 verilməsi qət edlmişdir (hakim Rahim Həsənov). Qətnamədən cavabdeh X9 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(027)-977/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1 və X4 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 800 manat məbləğində pulun onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsində məhkəmə iclasları onun iştirakı olmadan keçirilib. O, iddiaçılardan cəmi 500 manat pul almış, hissə-hissə borcu qaytarmışdır. Hətta maaş kartını da alıblar. Maaş kartından çıxartdıqları və hissə-hissə ödədiyi 400 manatla birlikdə 1360 manata yaxın məbləğdə pul vermişdir. İş materiallarındakı qəbzi də o, yazmamışdır. İddiaçı ondan sələm məbləği tələb edir. Aldığı borcu artıqlaması ilə ödəmişdir. Qeyd olunanlara əsasən apellysasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(027)-977/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, cavabdehə qızının toyu üçün pul vermişdir. Onlara bildirmişdi ki, toy etdikdən bir gün sonra borcu qaytaracaq. Sonra bildirdi ki, toyda ziyana düşüb və borcu qaytara bilməyəcək. Maaş kartını onlara verdi, borcun 400 manatını qaytardı, 840 manatı qaytara bilmədi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(027)-977/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, cavabdehin qızı ilə qohumu ailə qurmuşdu. Cavabdeh toy üçün ondan borc istədi, 1200 manat pul verdi. Cavabdeh pulu qaytarırdı. Amma arvadı icazə vermirdi. O, kartdan 4 ayın pulunu çıxardıb. Amma 3 ayın pulunu cavabdehə geri qaytarıb. Cavabdeh evinə gəlirdi ki, arvadı kart onlarda olduğu üçün onu narahat edir. İşə əlavə etdiyi qəbzə cavabdeh özü, onların evində qol çəkib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(027)- 977/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(027)- 977/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan əl yazma qəbzindən görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh 400 manat məbləğində iddiaçılara pul vermiş və 800 manat məbləğində pul borclu qalmışdır. Borclu qaldığı 800 manat məbləğində pulu ilin sonuna qədər ödəyəcəyi barədə sənəd imzalamışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan əlyazma qəbzi ilə iddia tələbinin əsaslı olması sübuta yetirilməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənn 739.1, 385.1, 442, 445, 386.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmamışdır və hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Ayişə Ələsgərova məhkəmə kollegiyasının iclasında verdiyi izahatında cavabdehə 1200 manat pul verməsini, pulun 400 manatını qaytarmasını, 840 manatı qaytarmamasını bildirmişdir. Həmçinin cavabdehə məxsus əmək haqqı kartının onlara verilməsini bildirmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 nopyabr 2021-ci il tarixli Quba Rayon Polis Şöbəsinin qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı2 izahatında göstərmişdir ki, Elbrus 400 manatı hissə-hissə ödəmiş, bundan əlavə öz maaş kartını ona vermiş, o, 2021-ci ilin may, iyun, iyul və avqust aylarında hər ay 236 manat olmaqla kartdan 4 ayın əmək haqqısını çıxartmış, lakin Elbrus ondan 3 ayın pulunu geri almış, onda yalnız bir ayın əmək haqqısı, 236 manat qalmışdır. Göründüyü kimi, iş üzrə İddiaçı2 polisdə verdiyi izahatında cavabdehdən hissəhissə 400 manat almasını, ona məxsus əmək haqqı kartından hər ay 236 manat olmaqla ümumilikdə 944 manat çıxarmasını öz ərizəsinin araşdırılması zamanı polis şöbəsində verdiyi ifadəsində təsdiq etmişdir. Belə olan halda, cavabdehin 400 manat ödəməsi, əmək haqqı kartından 944 manat çıxarılması nəzərə alınarsa cavabdeh tərəfindən iddiaçılara ümumilikdə 1344 manat pul ödənilmişdir. Bundan əlavə İddiaçı2 əmək haqqı kartından 4 ay, hər dəfə 236 manat olmaqla pul çıxarmasını, lakin həmin pulun 3 ayının cavabdeh tərəfindən geri alınmasını bildirsə də, qeyd edilən faktı təsdiq edəcək hər hansı sübut iş materiallarında mövcud deyildir. Belə ki, cavabdehin əmək haqqı kartından 4 ay hər ay 236 manat olmaqla 944 manat pulun çıxarılması iddiaçının öz izahatı ilə təsdiq edilsə də həmin məbləğdən yalnız 1 ayın əmək haqqısı olan 236 manatın onda qalması, cavabdehin ona 800 manat borcu olduğu halda cavabdehə məxsus kartdan özü tərəfindən çıxarılmış 3 aylıq əmək haqqının məbləği olan 708 manat məbləğində pulu cavabdehə geri qaytarması ağlabatan hesab edilə bilməz. Eyni zamanda qeyd edilən hal nəzərə alınsa belə, cavabdehin hissə-hissə ödəməsi ilə 400 manatın və kartdan çıxarılan 1 aylıq əmək haqqı olan 236 manatın cəmi 636 manat edir. Belə olan halda cavabdeh tərəfindən 636 manat ödənilməsi nəzərə alınarsa, cavabdehin 1200 manat borcundan 564 manat qalmalı idi ki, bu da iddiaçıların iddia ərizəsində yazdıqları ilə ziddiyyət təşkil edir. Bununla da müəyyən edilir ki, iddiaçıların cavabdehə 1200 manat borc verməsi işin mübahisə edilməyən halı olsa da, hazırda cavabdehin onlara 800 manat borcunun olması iş materialları ilə təkzib edilir. Həmçinin iddiaçıların ziddiyyətli izahatları həmin məbləğdə borcun qalmasına şübhə yaradır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırda cavabdehin 800 manat borcunun qalması barədə iddidiaçılar tələblərini təsdiq edən sübutlar təqdim etməmiş, bununla da iddianı sübut edə bilməmişlər. İddiaçıların göstərdikləri dəlillər qeyd edilən pulun ödənilməsi ilə bağlı polis orqanına ünvanladıqları ərizənin araşdırılması zamanı öz izahatları ilə təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qanunvericiliyin tələblərinə görə iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin halllarını tam araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(027)-977/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(027)-977/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və X1 cavabdeh X8 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar