Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1506/2024 23.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X14 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2098/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada hasarın çəkilməsi, dəmir darvazanın alınması və qurşdırılması, işıq sayğacının sənədləşdirilməsi və quraşdırılması üçün çəkilmiş xərc kimi 6500 manat, dövlət rüsumunun əvəzi kimi 90 manat, hüquqi yardım üçün ödənilmiş 120 manat olmaqla, cəmi 6710 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə ona Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evi tikmək üçün 1000 kv.metr torpaq sahəsi ayrılmış, alqı-satqı müqaviləsi bağlanmış və akt tərtib edilmişdir. Tətrib edilmiş akt və ödəniş qəbzinə əsasən Maştağa Bələdiyyəsinin hesabına ******* köhnə manatla pul ödəmişdir. O, həmin torpaq sahəsini mişar daşı ilə hasara alaraq, dəmir darvaza qoydurmuşdur. İşıq sayğacı çəkdirərək, öz adına sənədləşdirmişdir. Həyat yoldaşı ağır xəstəlik keçirdiyinə görə torpaq sahəsində ev tikə bilməmişdir. Amma torpaq sahəsinə gəlib-getmiş və ora nəzarət etmiş, 2018-ci ilə qədər torpaq vergisi ödəmişdir. Növbəti dəfə 2018-ci ilin avqust ayında torpaq sahəsinə baş çəkərkən ona ayrılmış torpaq sahəsinin dəmir darvazasının qıfılının cavabdehlər tərəfindən sındırılaraq torpaq sahəsini zəbt etdiklərinin şahidi olmuşdur. Cavabdehlərə qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, inşa edilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Qiyabi qətnamə ilə həmin iddia tələbi təmin edilmişdir. Cavabdehlərin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş, mülki iş aidiyyatı üzrə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(0030-4126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, torpaq sahəsi Xəzər rayonunun ərazisində yerləşməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və sənaye təyinatlı dövlət mülkiyyəti torpağıdır. Cavabdehlər ona ayrılmış torpaq sahəsində ayrı-ayrılıqda fərdi yaşayış evləri tikməklə, orada yaşayırlar. Lakin ona ayrılmış 1000 kv.metr torpaq sahəsinin mişar daşı ilə hasara alınması, quraşdırdığı dəmir darvazanın və öz adına sənədləşdirdiyi işıq sayğacına ödədiyi vəsaiti cavabdehlər ona qaytarmırlar. Torpağın hasara alınması üçün aşağıda göstərilən xərcləri çəkmişdir: 1. 2.200 ədəd mişar daşı x 0,60 manat= 1320 manat, 2. Sement 50 kisə x 8 manat və daşınması 20 manat = 420 manat, 3. 2 maşın qum = 350 manat. 4. Karxana qumu= 100 manat. 5. Fəhlə hasarda keb quraşdırması üçün = 200 manat. 6. Fəhlənin zəhmət haqqı = 1.200 manat, 7. Fəhlənin hasarda tumba quraşdırması üçün = 200 manat. 8. Beton kəmər quraşdırması üçün = 300 manat, 9. Dəmir darvaza 1800 manat, beton tökmə və quraşdırılma xərci 150 manat = 1950 manat 10. Fəhlənin yeməyi üçün çəkilən xərc = 60 manat 11. İşıq sayğacının quraşdırılması və sənədləşdirilməsi üçün = 400 manat olmaqla, cəmi 6500 manat. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2098/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlərin iddiaçının vəsaiti və ya əmlakı hesabına əsassız varlanmaları barədə hər hansı mötəbər sübut olmadığından məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməməlidir. Tərəflər arasında mübahisəli əmlakla (torpaq sahəsindəki tikili, darvaza, hasar, sayğac və s.) bağlı öhdəlik yaranmamış, eləcə də cavabdehlər iddiaçının əmlakı və ya vəsaiti hesabına əsassız varlanmamış və öz hərəkətləri ilə iddiaçıya zərər vurmamışlar.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1097.1, 157.7-ci, Mülki Prosessual Məcəllənin 77.1, 82.3, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2098/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə ona Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evi tikmək üçün 1000 kv.m. torpaq sahəsi ayrılmış, alqı-satqı müqaviləsi bağlanmış və akt tərtib edilmişdir. Tətrib edilmiş akt və ödəniş qəbzinə əsasən Maştağa bələdiyyəsinin hesabına 8.800.000 manat pul ödəmişdir. Həmin torpaq sahəsini mişar daşı ilə hasara alaraq, dəmir darvaza qoydurmuş, işıq sayğacı çəkdirərək adına sənədləşdirmişdir. Əri ağır xəstəlik keçirdiyinə görə torpaq sahəsində ev tikə bilməmişdir. Amma torpaq sahəsinə gəlib-getmiş, nəzarət etmişdir. 2018-ci ilə qədər torpaq vergisi ödəyib. Növbəti dəfə 2018-ci ilin avqust ayında torpaq sahəsinə baş çəkərkən ona ayrılmış torpaq sahəsinin dəmir darvazasının qıfılının cavabdehlər tərəfindən sındırılaraq torpaq sahəsini zəbt etdiklərinin şahidi olub. Cavabdehlərə qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, inşa edilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Qiyabi qətnamə ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlərin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş, mülki iş aidiyyatı üzrə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, torpaq sahəsi Xəzər rayonu ərazisində yerləşməklə Azərbaycan Respublikasdı Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və sənaye təyinatlı dövlət mülkiyyəti torpağıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanunu qüvvəyə minmiş qətnaməsi ilə hasarın inşa edilməsi, dəmir darvazanın quraşdırırlmasının onun vəsaiti hesabına həyata keçirilməsi müəyyən edilmişdir. Yuxarıda göstərdiyi kimi cavabdehlər ona ayrılmış torpaq sahəsində ayrı-ayrılıqda fərdi yaşayış evləri tikməklə, orada yaşayırlar. Lakin ona ayrılmış 1000 kv.metr torpaq sahəsinin mişar daşı ilə hasara alınması, quraşdırdığı dəmir darvazanın və öz adına sənədləşdirdiyi işıq sayğacına ödədiyi pul məbləğini cavabdehlər ödəmirlər. Cəmi 6500 manat xərc çəkmişdir. Məhkəmə iclasında hər iki cavabdeh hazırda istifadə etdiyi torpaq sahəsini X4 dəyərini ödəməklə əldə etdiyini, sahənin içində tikililər, hasar və darvaza ilə birlikdə aldığını qeyd etdi. Məhkəmənin gəldiyi bu nəticə yalnız cavabdehlərin izahatına əsaslanmışdır. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsindəki tikiliyə, hasara və ya sağaca münasibətdə cavabdehlər iddiaçının hesabına əsassız varlanmamışlar və bu barədə tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri yaranmamışdır. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə gəlincə isə bu qətnamə ilə iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin Dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olması müəyyən edilmişdir. Bu qətnamə ilə həmin ərazidə 6500 manat vəsait xərclənməsi, iddia ərizəsində qeyd edildiyi kimi hasar, tikili, darvaza inşa etməsi, sayğac quraşdırılması və cavabdehlərin bunlardan bəhrələnməsi halları təsdiq edilməmişdir. Bu səbəbdən də məhkəmə yuxarıda qeyd edilən məhkəmə aktının hazırki mübahisə üzrə preyudisial əhəmiyyətə malik olmaması qənaətinə gəlir. Göründüyü kimi məhkəmə yuxarıdakı nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozmuş və həmin normaları düzgün təfsir etməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsinə dair məhkəmənin 2(003)-4126/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınmışdır ki, həmin qətnamənin “müəyyən etdi” adlanan təsviri hissəsinin 6-cı abzasında “darvaza, arakəsmələr inşa etdirdiyini” sözləri “torpaq sahəsində hasar və darvazanın İddiaçı tərəfindən və həmin şəxsin hesabına inşa etdirildiyini” sözləri kimi oxunsun. Həmin qətnamənin “müəyyən etdi” adlanan təsviri hissəsinin 7-ci abzasında birinci cümlədən sonra “Torpaq sahəsində hasar və darvaza İddiaçı tərəfindən və həmin şəxsin hesabına inşa etdirilmişdir.” cümləsi olan ikinci cümlə oxunsun. Məhkəməyə təqdim edilmiş adı çəkilən qərardada məhkəmə tərəfindən qiymət verilməmiş, həmin qərardadın adı belə çəkilməmişdir. Sanki məhkəməyə belə bir qərardad təqdim edilməmişdir. Bu da məhkəmə qətnaməsinin tam ləğvi üçün əsasdır. Məhkəmə cavabdehlərin sübuta söykənməyən izahatını əsas götürsə də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində olan yanışlığın düzəldilməsi barədə 2(003)-4126/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardında müəyyən edilmiş hallar- “onun tərəfindən və hesabına inşa edilmiş daş hasar və quraşdırılmış dəmir darvaza” barədə bir kəlmə də olsun öz qətnaməsində bilərəkdən göstərməmiş və qiymət verməmişdir. Halbu ki, bu qanunvericiliyin tələbinə üyğun olaraq yolverilməzdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hasara aldığı torpaq sahəsi üç hissəyə bölünmüşdür. Həmin 10 sot torpaq sahəsini hər tərəfdən hasara aldırmış, darvaza və sayğac qoymuşdur. Xəzər Rayon Məhkəməsində hakimin sualına cavab olaraq cavabdehlər hasarın onun tərəfindən inşa etdirildiyini bildirmişlər və bunun əsasında qərar qəbul olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edirəm. Cavabdehlər torpaq sahəsini hazır vəziyyətdə Emin adlı şəxsdən aldıqlarını deyə bilərlər. Faktiki olaraq ora xərci çəkmişdir. Torpaq sahəsinin dörd tərəfdən hasarını o qaldırmışdır. Gültən xanım orta hissədən özü qaldırmış ola bilər.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2005-ci ildə Maştağa bələdiyyəsi tərəfindən təmsil etdiyi şəxsə 0.10 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə o vaxtın pulu ilə 8800 manat ödəniş edilib, sənədləşdirilib, həmin tarixdə hasar çəkilib, darvaza qoyulub, elektrik şəbəkdən sayğac alınıb. 2018-ci ilə qədər torpaq vergisi ödənilib, hansıki bununla əlaqədar sübutları məhkəməyə təqdim etmişdir. 2008-ci ildə polis əməkdaşı olan əri səhhəti ilə əlaqədar torpaq sahəsində ev tikdirə bilməmişdir. İddiaçı növbəti dəfə torpaq sahəsinə gələndə ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq tikinti işləri aparıldığını görmüşdür. İddiaçı bununla əlaqədar məhkəmə müraciət etmiş, bu müddət ərzində tikinti işləri müvəqqəti olaraq dayandırılmışdır. Qiyabi qətnamə qəbul edilmiş və cavabdehlərin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bundan sonra cavabdehlər qiyabi qətnamədən şikayət vermiş və məhkəmə ekspertiza təyin etmiş, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi Xəzər rayonunun ərazisinə aid olmaqla neft şirkətinə məxsusdur. Bu səbəbdən Xəzər Rayon Məhkəməsi iddianı rədd etmişdir. 2005-ci ildə həmin torpaq sahəsi alınarkən torpağa hasar çəkilmiş, sayğac alınmış, darvaza qoyulmuşdur. Hazırki iş üzrə cavabdehlərdən çəkilmiş xərci geri tələb edir. Cavabdehlər isə iddianı qəbul etməyərək, torpaq sahəsini hazır aldıqlarını və tamamilə başqa şəxsdən aldıqlarını bildirirlər. Qeyd edir ki, Xəzər Rayon Məhkəməsinin qərardadında həmin torpaq sahəsinin hasarlanması və darvazanın qoyulması iddiaçının vəsaiti hesabına həyata keçirildiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır, darvaza və hasarın iddiaçını vəsaiti hesabına qoyulması nəzərə alınmamış, qeyd olunanların onun vəsaiti hesabına tikilməsi faktının təsdiq olunmadığı, həmçinin cavabdehlərin əsassız varlanmadığı və hər hansı öhdəlik münasibətlərinin yaranmadığı qeyd olunmuşdur. Halbuki Xəzər Rayon Məhkəməsinin qərardadında darvaza və hasarın iddiaçının vəsaiti hesabına qoyulduğu öz əksini tapmışdır. Eyni zamanda qətnamədə Xəzər Rayon Məhkəməsinin qətnaməsinin preyudisial əhəmiyyət daşımadığı qeyd olunmuşdur. Hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsində yol verilən yanlışlığın aradan qaldırılması ilə əlaqədar qərardad qəbul edilmiş və İddiaçı hesabına torpaq sahəsinə hasar və darvaza qoyulduğu vurğulanmışdır. Qərardadla iddiaçının izahatına düzəliş olunmuşdur. Torpaq sahəsindəki hasar və darvaza təmsil etdiyi şəxs tərəfindən inşa etdirilmişdir. Cavabdehlər də torpaq sahəsini bu vəziyyətdə aldıqlarını təsdiq edirlər. Eyni zamanda darvaza və hasarın qoyulmasına çəkilmiş xərcin müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsinə dair vəsatəti var. Cavabdehlərin torpaq sahəsinə münasibətdə hər hansı bir sənədi yoxdur. İddiaçıda isə alqı-satqı aktı olmuşdur. Maştağa bələdiyyəsinin bələdiyyə aktı bu gün də mübahisələndirilir. Ekspert rəy vermişdir ki, torpaq sahəsi neft şirkətinin ərazisi olmaqla, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Bələdiyyə sənədi əsasında gedib orada hasar çəkib darvaza qoyub, sonra məhkəmə araşdırması əsasında məlum olub ki, həmin torpaq sahəsi dövlətə məxsusdur və təmsil etdiyim şəxsin adına heç bir torpaq sahəsi yoxdur. İddiaçı bilməyib başqasına məxsus torpaq sahəsinə hasar çəkdirmiş və darvaza qoydurmuşdursa da cavabdehlər bunun nəticəsində əsassız varlanmışdır. Emin adlı şəxsdə nəsə tələb etməmişlər. Tələb hazırki cavabdehlərə qarşı olmuşdur. Emin adlı şəxsin Sabunçu Rayon Məhkəməsində izahat verib-verməməsindən xəbəri yoxdur. Həmin vaxt işə qoşulmamışdır.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, təxminən 6 il bundan əvvəl etibarnamə ilə 0.05 hektar torpaq sahəsi Emin adlı şəxsdən etibarnamə ilə almışlar. Sayğac ərinin adınadır. İddia etdiyi 10 sot torpaq sahəsinin 2.5 sotu Cavabdeh2dur, özü darvaza qoyub, işıq çəkdirib. 5 sot onundir, özü davaza qoymuş, işıq, qaz çəkdirmişdir. Emin alqı-satqı vasitəçisidir, qonşu torpaq sahəsində qoyulan sayğac olduğu kimi qalmaqdadır. Emin bir dəfə Sabunçu Rayon Məhkəməsində məhkəmə iclasında iştirak edib. İddiaçıya bildirmişlər ki, torpaq sahəsini Emin adlı şəxsdən almışlar, iddianı Eminə qarşı qaldırsın. Mübahisəli torpaq sahəsini alanda 4 tərəfi hasarlanmış deyildi, 2 tərəfinin hasarını özü qaldırmışdır. Torpaq sahəsinin qarşısında 4-5 daş qaldırımışdı, onlar isə darvaza qoymaq üçün həmin daşları dağıdıblar. Arxa tərəfdəki hasarı qonşu özü çəkdiyini bildirir. Yan tərəfləri özü qaldırmışdır. Yan tərəfdə Cavabdeh2 olub, yarı-bayarı pul qoyub çəkdirmişdir. Qarşı tərəf hasar çəkdiyini və darvaza qoyduğunu sübut edə bilmir. Emin torpağı hasarlı satıb. Sotunu 2500 manata alıb, ümuilikdə 12500 manat pul verib. Səbinəni tanımırdı, evi tikib bitirənə yaxın Səbinə gəlib torpağın ona məxsus olduğunu iddia etmişdir. Eminlə əlaqəsi var, məhkəməyə gətirmək istəyirdi, amma zənginə cavab vermədi. Bahəddin adlı şəxs torpağın mülkiyyətçisi olub, o Eminə, Emin isə bizə etibarnamə verib. Tikilii kimin inşa etdirdiyini bilmir. İddiaçı tərəfindən çəkilən xərci tələb olunan hasar darvaza sayğac hamısı yerindədir. Onlara toxunmamışlar. Torpaq sahsini alanda Emin adlı şəxs bildirdi ki, qıraqdakı sahədə hasar, darvaza var istəyirsizsə onu götürə bilərsiniz, o, isə orta hissədən götürdü. İki yan tərəflərin hasarını özü qaldırıb. Torpaq sahəsini 6 il bundan qabaq alıb. Abışov Fuad onun əridir. Torpaq sahəsi ona satılmışdır. Poliklinikada işləyir, iddiaçı onların pasientidir, onu tanıyır deyə cavabdeh qismində onu işə cəlb etmişdir. Qarşı tərəfə hasar, darvazanın pulunu verməyə razı deyil, çünki özü onun pulunu verib alıb. Qarşı tərəfdən 4-5 daşdan ibarət hasar qaldırılmışdı, onu dağıdaraq darvaza qoyub. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul etməyinizi xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, torpağı eyni qaydada etibarnamə ilə almışdır. Digər cavabdehlə qohum deyil, sadəcə qonşudur. Torpaq sahəsində quraşdırılan sayğac öz adınadır. Torpaq sahəsi ilə bağlı əlində yalnız etibarnamə var.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
15. Maştağa Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 57 saylı məktubunun surətindən görünür ki, Bələdiyyənin 22 iyul 2005-ci il tarixli, 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində İddiaçı qizına 1000 kv.metr fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında, o cümlədən mülkiyyətinə verilməsi ilə bağlı bağlanmış alqı-satqı müqaviləsi və aktı barədə rəsmi sənədlər əsaslıdır və bələdiyyə arxivində qeydiyyatdadır.
16. Maştağa Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 11 saylı qərarının surətindən görünür ki, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində İddiaçı qizına fərdi ev tikintisi üçün 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. Bu barədə tərəflər arasında bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi və akt bağlanmışdır. Sahənin yerləşmə sxemi tərtib edilmiş, onun adına yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında 3075 saylı şəhadətnamə verilmişdir.
17. 284018 saylı, xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Maştağa Bələdiyyəsinin 22 iyul 2005-ci il tarixli, 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 1000 kv.metr torpaq sahəsi üçün bələdiyyənin hesabına ******* köhnə manat vəsait ödəmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, elektron kadastr baza məlumatına əsasən faktiki vəziyyətdə koordinatları verilmiş 0.098 ha torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşir. Qeyd edilən torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilindədir. Bundan əlavə, torpaq sahəsinin yerləşdiyi ərazinin Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisi olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir.
19. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4126/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.
20. Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 123 saylı sərəncamının surətindən görünür ki, Buzovna qəsəbəsi, Buzovna Maştağa yolunun sol tərəfindəki ərazidə 1000 kv.metr torpaq sahəsi bağ evinin tikintisi üçün X3 istifadəsinə verilmişdir.
21. AR-İ 767217 saylı, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X2 Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 123 saylı sərəncamına əsasən verilmiş Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə 1000 kv.metr torpaq sahəsinin 500 kv.m hissəsi ilə bağlı bir sıra səlahiyyətləri X7, X9 tərəfindən isə X12 etibar etmişdir.
22. AR-İİ 818 saylı, xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 123 saylı sərəncamına əsasən verilmiş Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə 1000 kv.metr torpaq sahəsinin 250 kv.m hissəsi ilə bağlı bir sıra səlahiyyətləri Cavabdeh2 etibar etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alıqmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2098/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2098/2024 nömrəli dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iddiaçının iddiasına əsasən o, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsini Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 1000 kv.metr torpaq sahəsi hesab etməklə həmin torpaq sahəsini daş hasara almış, həmin torpaq sahəsinə dəmir darvaza quraşdırmış və elelktrik xətti çəkməkə sayğacla təmin etmişdir. İddiaçı cavabdehlərin mübahisəli torpaq sahəsinə faktiki sahibliklərini qanunsuz hesab etdiyindən onlara qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra iddiaçı cavabdehlərin onun tikintisi hesabına əsassız varlandığını əsas gətirərək, tikintiyə çəkilmiş xərci onlardan tələb etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında isə cavabdehlərin izahatı və işdə olan etibarnamələrlə müəyyən edilmişdir ki, iddiaçının öz torpağı hesab edərək hasara aldığı 1000 kv.m torpaq sahəsi faktiki olaraq üç hissəyə bölünməklə, onun 500 kv.m hissəsi Cavabdeh1 əri X10, 250 kv.m hissəsi isə Cavabdeh2 faktiki istifadəsinə verilmişdir. Digər 250 kv.m hissəsi isə başqa şəxsin faktiki sahibliyində olmaqla, iddiaçının quraşdırdığını iddia etdiyi dəmir darvaza və elektrik sayğacı cavabdehlərin faktiki sahibliyinə deyil, digər 250 kv.m torpaq sahəsinin faktiki sahibinin sahibliyinə keçmişdir. Həmçinin iddiaçının iddia etdiyi hasardan ibarət tikilinin də təxminən yarıya qədəri digər 250 kv.m torpaq sahəsinin faktiki sahibinin sahibliyinə keçmişdir.
27. İş üzrə cavabdehlər faktiki olaraq sahibləndikləri torpaq sahəsini hasarla birlikdə X3 torpaq sahəsi kimi X9 adlı şəxsdən etibarnamə əsasında aldıqlarını və onun dəyərini ödədiklərini iddia etmişlər ki, torpaq sahəsi üzərində müvafiq səlahiyyətlərin həyata keçirilməsinə dair müvafiq etibarnamələri də məhkəməyə təqdim etmişlər.
28. Məhkəmə kollegiyası X8 müstəqil tələb sürməyən üçüncü şəxs qismində işə cəlb etsə də həmin şəxsin məhkəmədə iştirakını təmin etmək, cavabdehlərin izahatlarına münasibətini öyrənmək mümkün olmamışdır.
29. Cavabdehlərin torpaq sahəsini etibarnamə əsasında aldıqlarını iddia etmişlər ki, onlarla X9 və ya torpaq sahəsinin əvvəlki sahibi X6 arasında bağlanmış müqavilənin etibarlı müqavilə olub-olmamasına hüquqi qiymət vermədən məhkəmə kollegiyası qeyd edir ki, işin halarından da göründüyü kimi iddiaçının iddia etdiyi tikiliyə və darvazaya ilk öncə X9 və ya X1, daha sonra isə torpaq sahəsini tikilərlə birlikdə əvəzli qaydada cavabdehlərin faktiki sahibliklərinə vermişlər. X9 və ya torpaq sahəsinin əvvəlki sahibi X6 ilə cavabdehlər arasında torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı olub-olmaması hazırkı mübahisənin premdetinə daxil olmadığından cavabdehlərin iddiaçının tikililəri hesabına əsassız olaraq varlanması istisna olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilk növbədə torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikililərə və darvazaya ilkin olaraq sahiblənmiş və əvəzli qaydada cavabdehlərin sahibliyinə vermiş şəxsə qarşı tələb irəli sürməkdə haqlı hesab oluna bilərdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instnaisya məhkəməsinin iddianın rədd etməsi ilə bağlı gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı və qanuni olmuşdur.
30. Məhkəmə kollegiyası cavabdehlərin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-4126/2023 saylı mülki iş üzrə torpaq sahəsində hasar və darvazanın iddiaçı tərəfindən inşa etdirilməsi ilə bağlı izahatının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdehlər hazırkı məhkəmə iclasında da torpaq sahəsinin məyyən hissəsini hasar daxilində sahibləndiklərini inkar etməmişlər. Sadəcə olaraq cavabdehlər həmin torpaq sahəsini, o cümlədən daş hasarın onlara düşən hissəsini Emin Məmmədov adlı şəxsdən əvəzli qaydada aldıqlarını və dəyərini də ona ödədiklərini bildirməkdədirlər ki, iddia edilən tikilinin iddiaçı, X9 və ya torpaq sahəsinin əvvəlki sahibi X6 tərəfindən inşa edilməsinin cavabdehlərə aidiyyəti olmamışdır. Qeyd edilən mübahisə, yəni həmin hasarın və darvazanın iddiaçı tərəfindən inşa edilib-edilməməsi məsələsi tikililərə və darvazaya ilkin olaraq sahiblənmiş və əvəzli qaydada cavabdehlərin sahibliyinə vermiş şəxsə qarşı ola biləcək iddianın predmetini təşkil etmişdir.
31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-2098/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2098/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.