Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1507/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2724/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın təmin edilməsi, Cavabdeh 2350 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 2350 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə 2022-ci ilin iyun ayında 1500 manat və bundan bir müddət sonra isə 1050 manat məbləğində pulu qızının “SOCAR” şirkətində işə düzəldilməsi ilə bağlı vermişdir. 2023-cü ilin 22 dekabr tarixində Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh polisə verdiyi izahatında həmin pulu məndən guya borc götürdüyünü, 2550 manat puldan 200 manatı qaytardığını, qalan 2350 manatı isə qaytara bilmədiyini göstərərək işin mahiyyətini etiraf etmədi. O, cavabdehə həmin pulu qızının işə düzəldilməsi ilə bağlı versə də bununla bağlı halı təsdiq edən sübutları saxlamadığı üçün sübuta yetirə bilməmişdir. Abşeron RPİ-nin TŞ-nın təhqiqatçısı, polis kapitanı Mahir Nurəliyevin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edildi və həmin qərarda aidiyyəti üzrə məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət edilməsi izah olundu. Keçən dövr ərzində apardığı danışıqlar heç bir nəticə verməmiş, cavabdeh tez bir zamanda götürdüyü borcu qaytaracağına söz versə də, bu günədək həmin məbləği qaytarmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu günədək borcun qaytarılması ilə bağlı edilən müraciətlərə hər dəfə bir bəhanə gətirərək, pulu ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının bu iddiasını qismən qəbul edir. Ona görə ki, iddiaçı ona olan borcunu şişirdərək, iddiada qeyd etmişdir. Qısa məlumat verərək, bildirmək istəyir ki, İddiaçı ona faizə cəmi 1 500 manat məbləğində pul vermişdir. O, çox çətin vəziyyətdə olduğu üçün onun ona faizə verdiyi pulu qəbul etdi. Həmin pula görə iddiaçıya hər ay 300 manat məbləğində pul ödəmiş, 7 ay 300 manat məbləğində pulu iddiaçıya ödəmişdir. O, isə həmin pulları faizə çıxaraq, pulun kökü olan 1500 manat məbləğini ondan birdəfəlik tələb edir. Sonuncu dəfə onun kart hesabına 200 manat məbləğində pul ödəmiş, yenə də bildirmişdir ki, ona borcu var. 1050 manat məbləğində pulu ondan tələb etsə də, həmin pul ona verilməmişdir. O, pulu iddiaçıdan borc alan zaman onun tanıdığı Rasim adlı bir şəxs olmuş və ona da pul lazım olduğu üçün onun vasitəsi ilə Rasim və iddiaçı tanış olmuşlar. Sonradan bildi ki, iddiaçı Rasimə 1050 manat məbləğində faizə pul verib. Həmin pulu Rasimə verən zaman o iştirak etməmiş, hətta onların bu faiz məsələsindən belə xəbəri olmamışdır. İddiaçı Rasimə verdiyi 1050 manat məbləğində pulu da ondan tələb edir. Onun iddiaçıya heç bir borcu yoxdur. Onun iddia ərizəsində qeyd etdikləri əsassız və həqiqəti əks etdirmir. O, iddiaçıya 2300 manat məbləğində hissə-hissə pul ödəmişdir. İddiaçı isə bunların heç birisini nəzərə almayaraq ondan pulu tələb edir. Abşeron rayon məhkəməsi tərəfindən obyektiv və şəffaf məhkəmə prossesləri keçirilməli olduğu halda yalnız iddiaçı tərəfin hüquqları qorunmuş və onun yalan əsassız və sübutu olmayan sözləri qanun hesab edilərək, iddiası təmin edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Apellyasiya şikayətinin 8-ci bəndində qeyd edilən hallardan (xüsusatlardan) göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. O, həmçinin izahatında cavabdehə verdiyi 1500 manat puldan 200 manatının ona geri qaytarıldığını bildirmişdir. Hazırda tələbi budur ki, qalan 1300 (min üç yüz) manat pulu və ödədiyi 44 (qırx dörd) manat dövlət rüsumunu tələb edərək, qalan 1050 manat pulu isə Rasimdən tələb edəcəyini bildirmişdir. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddianın əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İşdən görünür ki, iddiaçı qızının “SOCAR” şirkətində işə düzəldilməsi ilə bağlı cavabdehə pul verdiyini, həmin puldan 200 manat qaytardığını, cavabdeh isə iddiaçıdan qızını işə düzəltmək üçün deyil, faizə 1500 manat pulu götürdüyünü və həmin puldan 200 manat qaytardığını etiraf etmişdir. O, həmçinin iddiaçının ondan tələb etdiyi pulun 1050 manatını Rasim adlı şəxsə verdiyini bildirmişdir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehə borc şəklində 1500 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, əslində iddiaçı tələbi qızını işə düzəltmək adı ilə ondan aldığı pulun qaytarılması təşkil etdiyindən, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Qeyd olunmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olsa da, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Bu baxımdan mövcud iddia tələbi cavabdehin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər. Göründüyü kimi tərəflər arasında borc münasibətləri deyil, cavabdehin əsassız varlanma nəticəsində əldə etmiş olduğu pulun qaytarılmayan 1300 manatını tələb edilməsidir. Cavabdeh həmin pulun iddiaçıya qaytarıldığına dair iddiaya etiraz etsə də, bunu təsdiq edən heç bir sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 439.4. maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh əslində hüquqi əsas olmadan iddiaçının hesabına 1500 manat pul vəsaiti əldə edib, həmin puldan 200 manatını geri qaytarsa da, yerdə qalan 1300 manatını geri qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh, əldə etdiyi 1300 manat pul vəsaitini məhrum olanın, yəni iddiaçının hazırkı tələbi ilə ona geri qaytarmağa borcludur. Ona görə də həmin vəsait cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1507/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1507/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver