Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1508/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi) vərəsəlik şəhadətnaməsinin ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(031)-323/2022 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək onların da adlarının vərəsələr siyahısına daxil edilməklə mərhum ataları X1 miras qalmış Şabran rayonu, Günəşli kəndində yerləşən 0.10 ha torpaq sahəsində yerləşmiş ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakını faktiki olaraq qəbul edərək bu günə kimi həmin təsərrüfatı anaları Cavabdeh3 ilə onlar birlikdə idarə etdikləri üçün onların da vərəsə kimi tanınmaqları, paylarının müəyyən edilməsi və adlarına vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilərək Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(031)-323/2022 nömrəli qərardadı ilə Cavabdeh3 kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-2865/2022 saylı mülki işə baxılıb qurtarılanadək hazırki 2(031)-323/2022 saylı mülki işin icraatı dayandırılmışdır (hakim Çingiz İsgəndərov). Qərardaddan İddiaçı1 şikayət verərək Şabran Rayon Məhkəməsinin 18 aprel 2022ci il tarixli, 2(031)-323/2022 nömrəli qərardadınin ləğv edilərək iş üzrə icraatın təzələnib iddia tələbinə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(031)-323/2022 nömrəli qərardadı ilə şikayət əsassız hesab edilərək təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, tərəf olduğu iş Şabran Rayon Məhkəməsinin icraatında olan 2(031)-323/2022 saylı mülki iş üzrə cababdeh Cavabdeh3 kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)- 2865/2022 saylı mülki işə baxılıb qurtarılanadək hazırki 2(031)-323/2022 saylı mülki işin icraatı dayandırılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə kassasiya icraatında olan iş üzrə mübahisə predmeti eyni olduğundan həmin işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılanadək hazırki mülki işə baxılması qeyri mümkündür. Bildirir ki, həmin qərardad onun mənafeyinə ziddir, Şabran Rayon Məhkəməsi onların iddia tələbindən əvvəl baxdığı və qəbul etdiyi qətnaməsindən kassasiya şikayəti vermiş hazırki iş üzrə cavabdeh olan anası Cavabdeh3 iddiası ilə bağlı olmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)- 2865/2022 saylı mülki iş onların maraqlarınıı təmin etmir, həmin iş üzrə onlar tərəf olmamışdır. Ona görə də hesab edir ki, Şabran Rayon Məhkəməsi belə bir qərardad qəbul etməklə icraatında olan tələbi üzrə mülki işin icraatının dayandırıb hazırki iş üzrə Cavabdeh3 verdiyi kassasiya şikayətinin nəticəsi ilə əlaqələndirib gələcəkdə qətnamə qəbul etmək istəyir. Bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.4- cü maddəsinin tələrblərinə əsasən onların mənafeyinə ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinə əsasən: Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Hesab edir ki, həmin qərardad onların maraqlarına və manfeyinə toxunduğu üçün ləğv edilməli və işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir. Ali Məhkəmənin icraatında olan iş isə Şabran Rayon Məhkəməsi tərəfindən onların iddia tələbinə baxılanadək dayandırlmalıdır. Çünki hazırki mülki iş üzrə atasının vərəsələri kimi onlara çatası miras əmlakını cavabdehlər qanunsuz olaraq özgəninkiləşdirilməsinə nail olmaqla onları həmin mirasdan məhrum etmişlər. Ona görə də Ali Məhkəmənin icraatında olan mülki iş ilə onların iddia tələbini eyniləşdirmək əsassızdır və qərardad ləğv edilməlidir. Belə ki, Şabran rayon RİHB-nın Ağalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13 saylı arayışdan da görünür ki, mərhum X2 ölümündən sonra ondan miras qalmış Şabran rayonu, Günəşli kəndində yerləşən ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini oğlanlarından İddiaçı1, İddiaçı2 və İddiaçı3 anaları Cavabdeh3 ilə birlikdə miras əmlakı kimi fakitiki olaraq qəbul edərək birgə təsərrüfat aparmaqla evin və həyətyanı sahənin bütün abadlıq və təmir xərclərini bu günə kimi öz vəsaitləri hesabına etmişlər. Cavabdeh2 isə buna baxmayaraq xəbəri olmadan anası Cavabdeh3 adına ilkin olaraq xx.xx.2020-ci il tarixdə 2V-187 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi almağa nail olduqdan sonra xx.xx.2020ci il tarixdə 4Ə-385 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında həmin fərdi yaşayış evini öz mülkiyyətinə keçirtmişdir. Bu da haqlı olaraq mərhum X2 vərəsələri kimi onların mənafeyinə ziddir və narazılığına səbəb olmuşdur. Əlavə olaraq vərəsə kimi atalarından qalan miras əmlakından pay almaq hüquqlarından məhrum edilmişlər. Odur ki, Şabran Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(031)-323/2022 nömrəli qərardadınin ləğv edilərək iş üzrə icraatın təzələnib iddia tələbinə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(031)-323/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə Şabran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(031)-654/2021 saylı qətnaməsi ilə hazırki mübahisəyə cavab verilməsini, tərəflər dəyişsə də mübahisə predmetinin dəyişməməsini, həmin qətnamə üzrə apelyasiya şikayətinə baxılması, hazırda iddiaçının kassasiya şikayəti əsasında mülki işin Ali Məhkəmənin icraatında olmasını müəyyən edərək iş üzrə icraatı dayandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayon notariat ofisində onunla Cavabdeh2 arasında bağlanmış xx.xx.2020ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlanma müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şabran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(031)-654/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Şabran rayon notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmşdir. İddiaçı Cavabdeh3 apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(031)-654/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-3603/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(031)-654/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2865/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-3603/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa onda iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası MPM-nin 256.0.3-cü maddəsinə əsasən əsas bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göründüyü kimi, qeyd edilən mübahisə ilə hazırki mübahisənin mahiyyəti eynidir. Həmin mübahisə həll edilib qəbul edilmiş qərar qanuni qüvvəsini alanadək hazırki mübahisəyə baxıla bilməz. Hazırki iş üzrə kassasiya icraatında olan iş üzrə mübahisə predmeti eyni olduğundan həmin işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılanadək hazırki mülki işə baxılması qeyri mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, dəlillər birinci instansiya məhkəməsini qanuni və əsaslı qərardadının ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(031)-323/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şabran Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(031)-323/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1508/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1508/2022
28.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver