Məhkəmə qərarları › İş №2(105)-1508/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1508/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1508/2023 10.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Rəhimov Elman Gülbaba oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, e-2(012)- 1489/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 012A********** saylı kredit razılaşmasının ləğv edilməsi, kredit razılaşması üzrə 19744.89 manat əsas, 1681.8 manat faiz, 442.29 manat cərimə olmaqla, cəmi 21868.98 manat borc və 155.61 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 012A********** saylı kredit razılaşmasına əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, “Tariflər və valyuta məzənnəsi” ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 manat kredit götürmüşdür. O, xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit və faiz borcundan ibarət vəsaiti qaytarmamış, götürdüyü kredit borcundan 255.11 manat ödəniş etmiş və 19744.89 manat borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. xx.xx.2023-cü il tarixə 112 gün üçün hesablanmış faiz borcu 1681.8 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə əsasən, borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 112 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 442.29 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, e-2(012)-1489/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 012A********** saylı kredit razılaşmasının ləğv edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, 012A********** saylı kredit razılaşması üzrə 19744.89 (on doqquz min yeddi yüz qırx dörd manat səksən doqquz qəpik) manat əsas, 1681.8 (min altı yüz səksən bir manat səksən qəpik) manat faiz, 10 (on) manat cərimə olmaqla, ümumilikdə, cəmi 21436.69 (iyirmi bir min dörd yüz otuz altı manat altmış doqquz qəpik) manat borcun və 153 (yüz əlli üç) manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, e-2(012)-1489/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ondan 17744 manat məbləğində borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məhkəmə iclasında verdiyi izahat birinci instansiya məhkəməsinin qətnaməsində təhrif olunmuş şəkildə yazılmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, bankla müqavilə bağlayaraq 20.000 manat kredit götürmüşdür. İlk ay pul ödəmiş, sonradan ona saxta çeklə bağlı pul verildiyi bəlli olmuşdur. Hazırda, həmin işlə bağlı Bakı şəhəri Səbail rayon Polis idarəsində araşdırma gedir. Bankın tələb etdiyi kredit borcu ilə razıdır. Belə ki, o, birinci instansiya məhkəməsinin iclasında izahatında hazırda İddiaçı QSC-nin ondan tələb etdiyi məbləğlə qismən razı olduğunu, bugünə onun iddiaçıya 17744 manat borcunun mövcud olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qəbul etdiyini nəzərə alaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etməli idi və ekspert qarşısında İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012A********** saylı kredit razılaşması üzrə əsas və faiz borcunun müəyyən edilməsi sualı qoyulmalı idi. Lakin birinci instansiya məhkəməsi bunu etməyərək qanunvericiliyin tələblərini pozmuşdur. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən onunla İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012A********** saylı kredit razılaşması üzrə əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə qəradad qəbul edilməlidir. Belə ki, təyin ediləcək məhkəmə mühasibatlıq ekspertizası mülki işin obyektiv həlli üçün mühüm əhmiyyət kəsb edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan kredit verən İddiaçı QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 012A********** saylı kredit razılaşmasından görünür ki, kredit verən kredit alana istehlak krediti məqsədilə 48 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 20.000 manat kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borcalan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixə kimi hər ay banka 634 manat (sonuncu ay isə 643.42 manat) ödəməklə qaytarmalıdır. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclunun İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixə 19744.89 manat əsas, 1681.8 manat faiz, 442.29 manat cərimə olmaqla, cəmi 21868.98 manat borcu vardır. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcluya kredit müqaviləsi üzrə borc xx.xx.2022-ci il tarixədək ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 012A********** saylı kredit razılaşmasına əsasən Bank borcluya istehlak krediti məqsədilə 48 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 20.000 manat məbləğində kredit vermiş, lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli əsas götürülməklə Accessbank» QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən borclunun İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixə 19744.89 manat əsas, 1681.8 manat faiz, 442.29 manat cərimə olmaqla, cəmi 21868.98 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı QSC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyətcavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında müqavilənin ləğv edilməsini, eləcə də Cavabdeh əsas və faiz borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək cərimə məbləğini azaltmaqla iddianı həmin hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətini «birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini, Sumqayıt Apellyasiya Məhkəməsində əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə qəradad qəbul edilməli olması» ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası onun bu dəlilini inandırıcı hesab etmir və qeyd edir ki, iş üzrə ekspertizanın keçirilməsi üçün əsas və zərurət yoxdur. Belə ki, tələb edilən faiz borcu müqavilə şərtlərinə uyğun və əsas borca adekvat olmuş, eləcə də cavabdeh birinci instansiya məhkəməsinin proseslərində iştirak edərək həmin vəsatətlə məhkəməyə müraciət etmək imkanı olduğu halda məhkəməyə müraciət etməmiş, həmçinin vəsatət yeni sübutların əldə olunmasına yönəldiyindən və cavabdeh birinci instansiya məhkəməsində iştirak edərkən həmin sübutun əldə olunması üçün vəsatətlə məhkəməyə müraciət etmək imkanı olduğu halda həmin vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, e-2(012)-1489/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar