Məhkəmə qərarları › İş №2(105)-151/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-151/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-151/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 2(077)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarına və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.

2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir.

3. Cavabdeh direktor olduğu zaman İddiaçı MMC-nin adından "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlamış, müqaviləyə əsasən borc verən 1 il müddət ərzində qaytarmaq və ayda 1.500 manat faiz ödəmək şərti ilə borc alana iş görmək məqsədi ilə 20.000 manat məbləğində borc vermişdir.

4. Həmçinin Cavabdeh direktor olduğu zaman İddiaçı MMC-nin adından "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlamış, müqaviləyə əsasən borc verən 1 il müddət ərzində qaytarmaq və ayda 1.700 manat faiz ödəmək şərti ilə borc alana iş görmək məqsədi ilə 23.000 manat məbləğində borc vermişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il 18 tarixli e-2-2(113)-868/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbinə dair” iddiası təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 76.700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-648/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-599/2023 saylı qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəyişdirilmədən saxlanmışdır.

7. İddiaçı MMC-nin sabiq icraçı direktoru Ağayev X6 rayon prokurorluğunda verdiyi izahatda "xxxx" MMC-dən aldığı borc pulu İddiaçı MMC-nin hesabına mədaxil etmədiyini, borcun şəxsən ona aid olduğunu, İddiaçı MMC-yə aid olmadığını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı X5 iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı MMC-yə vurduğu 77020 manat məbləğində zərər, 1300 manat məbləğində vəkilə ödənilən pul və 325 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 78645 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Daha sonra iddiaçı X5 əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək onun İddiaçı MMC ilə əvəz olunmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı MMC də məhkəməyə əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə ilə müraciət edərək, iddiaçı X2 İddiaçı MMC ilə əvəz olunmasını xahiş etmişdir. Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən ərizələr təmin edilərək, məhkəmə tərəfindən əsl olmayan tərəf əsl İddiaçı MMC ilə əvəz olunmuşdur.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC təsis edilərək xx.xx.2014-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X7 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli 1 saylı qərarı ilə Cavabdeh İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh direktor kimi MMC-nin adından "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə bir il müddətinə qaytarmaq şərti ilə aylıq 1500 manat xeyir verməklə 20000 manat, xx.xx.2020-ci il tarixdə yenə bir il müddətinə qaytarmaq şərtilə aylıq 1700 manat xeyir verməklə 23000 manat məbləğinə boc müqaviləsi bağlamış, həmin pulları borc verəndən qəbul edərək, şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin pul vəsaitləri MMC-nin kassasına mədaxil olunmamışdır. Ümumiyyətlə, cavabdeh belə bir müqavilə bağlaması barədə hər hansı məlumat verməmişdir. Cavabdehin bu hərəkətlərindən yalnız tələbkar "xxxx" MMCnin İddiaçı MMC-yə qarşı məhkəməyə iddia tələbi ilə müraciət edəndən sonra məlumatı olmuşdur. Belə ki, "xxxx" MMC pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 76700 manat pulun və və 320 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMCdən tutularaq ona ödənilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Həmçinin, qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişiklik edilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında İddiaçı MMC-nin Cavabdeh bağladığı müqavilələrlə bağlı vurduğu ziyanı tam həcmdə tələb etmək hüququnun olması müəyyən edilmişdir. Qüvvədə olan məhkəmə aktları ilə Cavabdeh MMC-yə 77020 manat məbləğində maddi zərər vurduğu müəyyən edilmişdir. Həmçinin, cavabdeh bu hərəkətləri ilə MMC-ni əlavə olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək, dövlət rüsumu ödəmək, vəkillə müqavilə bağlamaq və digər xərclər çəkmək məcburiyyətində qoymuşdur. Buna görə də MMC-yə dəymiş ziyan Cavabdeh tutularaq MMC-yə ödənilməlidir.

12. Cavabdeh nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz verərək göstərmişdr ki, İddiaçı MMC-nin fəaliyyət göstərdiyi obyektdə cavabdeh diş həkimi işlədiyi müddətdə, Ezzati Hossein ilə tanış olmuş, sonuncu özünün və həyat yoldaşının dişlərini müalicə etdirmək isdədiklərini bildirmişdir. Cavabdeh onların hər ikisinin dişlərini müayinə və müalicə etmiş və implant dişlər qoymuşdur. Həmin zaman işlədiyi obyektin texiki təminatı köhnə olmuş və polikilinikanın texniki avadanlıqlarının müasir şəraitə uyğun təşkil edilməsi zərurəti olmuşdur. Lakin maddi vəsait olmamışdır. Ezzati Hossein “iş yerinizi yüksək səviyyədə təşkil etmirsiniz” deyə soruşduqda, cavabdeh müəssisənin maddi vəziyyətinin aşağı olduğunu, maddi vəsaitə ehtiyacı olmasını ona bildirmişdir. Ezzati Hossein bildirmişdir ki, işlədiyi sahə gəlir gətirərsə, o, həmin obyektə vəsait qoya bilər. Belə olan halda cavabdeh ona diş poliklinikasına vəsait qoyarsa, o zaman ona tədricən işləyərək sərf edilən pulu qaytara biləcəyini bildirmişdir. Buna görə 2020-ci ilin avqust ayında “obyektə vəsait qoyulması barədə” aralarında razılığa gəlmişlər. Lakin bir neçə gündən sonra Ezzati Hossein pulu rəsmiləşdirməklə verə biləcəyini bildirmişdir. Cavabdeh onun təklifinə etiraz etməmişdir. Bir neçə gündən sonra Ezzati Hossein hazırladığı borc müqaviləsi blankını cavabdehə təqdim etmişdir. Müqavilənin 1.2-ci bəndində “Borc Verən” bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğ hər ay 1500 manat manat xeyir vermək şərti və 1 ildən sonra 20000 manatı tam qaytarmaq şərtilə verir” sözləri qeyd edilməsinə baxmayaraq, o zaman bildirmişdir ki, polkilinika işlədiyi təqdirdə götürülən vəsait qaytara bilər. İlk vaxtı müqavilənin bu formada yazılmasına zərurət olmadığını bildirmiş və qeyd etmişdir ki, “xeyir” vermək anlayışını müqavilədən silmək lazımdır. Belə ki, işlədiyi obyektdə hər ay göstərilən məbləğdə qazanc götürmür və həmin məbləğdə “xeyir” ödəyə bilməyəcək. O zaman Ezzati Hossein bildirmişdir ki, “əgər obyektin gəliri olmasa, ona gəlir verməz”, əgər gəlir olarsa o zaman gəlir verilər. Belə olan halda, Ezzati Hosseinin təklifini qəbul etmişdir. Həmin müqaviləni xx.xx.2020-ci il tarixində imzalamışlar və hər iki tərəf özündə olan möhürlə müqaviləni təsdiqləmişdir. Pul vəsaiti bəzi avadanlığın və diş düzəltmək üçün vəsaitlər və komponentlərin alınmasına sərf edilsə də, obyektin yenidən qurulmasına bəs etmədiyi üçün, cavabdeh ikinci dəfə Ezzati Hosseindən əlavə vəsait istəmiş, o da, razılıq vermiş və xx.xx.2020-ci ildə eyni şərtlərlə sadə müqavilə imza edib təsdiq etmişlər. İkinci dəfə alınan vəsait obyektə avadanlıq alınması üçün başqa şəxslərə verilmiş, lakin həmin vəsait geri qaytarılmadığından obyektdə iş görülməsi mümkün olmamışdır. Cavabdeh bu barədə Ezzati Hosseinə bildirmiş və qeyd etmişdir ki, əsas məbləği mütləq qaytaracaq. Buna görə də gecə-gündüz işləyərək bir neçə ay ödənişləri etmiş və ümumilikdə 14300 manat pulu Ezzati Hosseinin tapşırığı ilə onun həyat yoldası Ezzati Nahidinin hesabına köçürmüşdür. Pulun ödəniməsi barədə bank çıxarışları da vardır. Digər ödənişlər “milliön” aparatları vasitəsi ilə ödənilmişdir. Lakin sonradan işdə yaranmış çətinliklər nəticəsində ödənişi dayandırmışdır. Belə ki, 2020-ci və 2021-ci ilin birinci yarısına kimi Respublikada COVİD-19 pandemiyasının yayılması nəticəsində bir çox iş yerləri, o cümlədən diş poliklinikalarında işlər dayandırılmış və həmin vaxtlarda maddi çətinliklər üzündən cavabdeh aldığı borcu ödəyə bilməmişdir. Bu barədə Ezzati Hosseinə həm üzbəüz danışıqlarında, həm də telefon danışıqlarında bildirmiş və qeyd etmişdir ki, obyektiv səbəbdən borcunu ödəyə bilməmişdir. 2021-ci ilin ikinci yarısından sonra fəaliyyətə başladığını və əsas borcunu ödəyəcəyini bildirmişdir. Lakin bununla əlaqədar bir az vaxt lazım olacaq. Eyni zamanda İddiaçı poliklinikasının 2020-2021-ci ilin birinci yarısına kimi heç bir gəliri olmamışdır. Bunu vergi hesabatlarında olan faktlarla müəyyən etmək olar. Hər iki razılaşmaya əsasən Ezzati Hosseinə 31.000 borcu qalmışdır. Buna görə reqress qaydası ilə məsuliyyəti 31.000 manat həddində olmalıdır. Həmçinin, artıq bir müddətdir ki, İddiaçı poliklinikasından işdən çıxmışdır. Ezzati Hosseindən götürdüyü əsas borcun qalıq məbləğini qaytarmaqdan cavabdeh imtina etməmiş, lakin onun hər ay üçün böyük məbləğdə “xeyir” tələb etməsini qəbul etməmişdir. X4 dolayı yolla məhkəməyə müraciət etməsi və cavabdeh kimi MMC-nin qoyulması yol verilməz olmuşdur. Eyni zamanda cavabdehin həmin məhkəmə proseslərinə cəlb edilməməsi qanunsuz olmuşdur. İddiaçı MMC 2020 və 2021-ci illərdə gəlirlə işləmədiyindən, məhkəmə qətnaməsi iddiaçının gəlir ödəmək hissədə tələbi qüvvədə olan maddi hüquq normalarına zidd olmasına baxmayaraq, həmin hissədə heç bir cavabdehlik daşımır. Yuxarıda qeyd olunalara əsasən iddiaçının ona qarşı iddia tələbinin 31.000 manat hissəsində qaytarılmasına etiraz etmir, lakin “gəlir” tələbini, iddiaçının və onun arvadının dişləri ilə əlaqədar iddia tələbini qəbul etmir. Cavabdeh borc müqavilələri üzrə cəmi 14300 manat məbləğində pulu iddiaçının icazəsi ilə onun arvadının bank hesabına köçürdüyünü bildirsə də, bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şuşa Rayon Məhkəməsində araşdırılarkən cavabdehdən xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 20000 manat və xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 23000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi göstərilmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bağlanmış müqavilələr üzrə əsas borc məbləğinin 5%-dən artıq ziyan tələb edilməsi əsasızdır. Belə ki, xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 20000 manata görə bir il üçün iddiaçıya 5% hesabı ilə 10 ay üçün 833,30 manat və xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 23000 manata görə 11 ay üçün 1191,30 manat olmaqla,cəmi 2024,60 manat məbləğində pul ziyanından artıq ola bilməz. Cavabdeh bağladığı müqavilələr üzrə İddiaçı MMC-yə vurulmuş ziyan 43000 manat məbləğində olmuşdur. Cavabdeh həmin məbləği İddiaçı MMC-yə ödəməyə etiraz etmir. Digər məbləğləri isə qəbul etmir.

13. Şuşa Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(077)-38/2024 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 77020 (yetmiş yeddi min iyirmi) manat məbləğində maddi zərər, 1100 (bir min bir yüz) manat hüquqi xidmət haqqı və dövlət rüsumunun 322 (üç yüz iyirmi iki) manat hissəsi olmaqla, cəmi 78442 (yetmiş səkkiz min dörd yüz qırx iki) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi işin mübahisəsiz halları kimi onu müəyyən etmişdir ki, İddiaçı MMC-nin direktoru vəzifəsində işlədiyi dövrdə Cavabdeh həmin MMC-nin adından və möhüründən istifadə etməklə "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli borc müqavilələri ilə cəmi 43000 manat pul vəsaitini borc götürmüş, həmin pul vəsaitini MMC-nin hesabına mədaxil etməmiş və öz ehtiyaclarına sərf etmişdir. Qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, İddiaçı MMC-dən 76.700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

15. Qəbul edilmiş məhkəmə aktları ilə hüquqi şəxsin qanuni təmsilçisi olmuş şəxsin hüquqi şəxsin adından nağd olaraq aldığı pul vəsaitini hüquqi şəxsin kassasına və ya hesabına mədaxil etməməsinin MM-nin 49-cu maddəsinə əsasən MMC-yə əvvəlki direktora qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ verdiyi ayrıca qeyd edilmişdir.

16. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazında və məhkəmə çıxışı zamanı istinad etdiyi dəlillərə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh borc aldığı pulun 14300 manatını qaytardığını göstərməsinə baxmayaraq, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, iddia tələbi dəymiş maddi ziyanın tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 77020 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir.

17. Həmçinin birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən İddiaçı MMC tərəfindən hüquqi yardımın göstərilməsi üçün 33 saylı vəkil bürosunun hesabına cəmi 1100 manat pul ödənilməsini müəyyən etdiyi üçün belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə hüququ yardıma görə tələb olunan məbləğin tutulması hissəsində də iddia tələbi qismən təmin edilməli və 1100 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 5.3, 21.1, 49.1, 49.3, 49.5, 385.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119 və 121.1 -ci maddələri ilə əsaslandırmışdır.

a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbini pozmuş və iddiaçıya ödədiyi pul vəsaitini nəzərə almamış, cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Mülki Məcəllənin 1114.1-ci maddəsinin mənasından da görünür ki, cavabdehdən pulun tələb edilməsi yalnız mübahisəli iş üzrə məhkəmə qətnaməsi qəbul edildiyi andan sonra ola bilər. Lakin məhkəmə qanunu düzgün tətbiq etməmiş və cavabdehdən ödənilməyən məbləğdə pulun tutulması təmin edilmişdir. Cavabdehin təqdim etdiyi bank sənədləri nəzərə alınmamışdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 152.1, 739.1, 739.2, 1114.1-ci maddələrinin tələblərini pozmuşdur. Qətnamə Mülki Məcəllənin 1114.1-ci maddəsinin tələblərinə zidd olduğundan ləğv edilməlidir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-781/2024 nömrəli iş üzrə 31 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrliyi və məruzəsi ilə), Ayaz Mahmudov, Afiq Hüseynzadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşamayaraq göstərmişdir ki, "xxxx" MMC ilə cavabdehin direktoru olduğu İddiaçı MMC arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin bağlanması, qüvvədə olan məhkəmə aktları ilə "xxxx" MMC-nin xeyrinə İddiaçı MMC-dən 76.700 manat məbləğində pulun tutulmasının qərara alınması işin mübahisəsiz halıdır.

23. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, baxılan iş üzrə iddia tələbi dəymiş zərərin əvəzinin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21, 49.3 və 1114-cü maddələri təşkil edir.

24. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1114.1-ci maddəsinin məzmununa görə isə başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxs ödədiyi əvəzin bütövlükdə qaytarılmasını tələb edə bilər.

25. Göründüyü kimi qanunvericilik real zərərə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Bu o deməkdir ki, hüququ pozulmuş şəxs müəyyən xərc çəkməklə öz pozulmuş hüququnu bərpa edib, çəkdiyi xərcin və digər zərərin əvəzini hüququ pozan şəxsdən ala bilər. Lakin hazırkı iş üzrə iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş 76700 manat pulun və 320 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə iş materiallarına heç bir sənəd əlavə etməmişdir. Belə ki, MPM-nin 77.1, 14.2, 76.1, 76.2-ci maddələrinə əsasən öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı qeyd etdiyi hallar barədə heç bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir.

26. Həmçinin apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazır ki, iddianın təmin edilməməsi, vurulmuş zərərin ödənilməsindən sonra iddiaçının yenidən iddia qaldırmaq hüququnu istisna etmir.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.2, 49.3, 1114.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

a) kassasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3395/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-781/2024 nömrəli, 31 may 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

30. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 49.3-ci maddələrinə düzgün istinad etsə də, sonradan həmin maddələrin tələblərini nəzərə almadan Müki Məcəllənin 1114.1-ci maddəsini işin hallarına səhv tətbiq etmiş və iddianı Müki Məcəllənin 1114.1-ci maddəsinə istinadən yuxarıda göstərilən əsasla rədd etməklə düzgün nəticəyə gəlməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Müki Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

32. Göründüyü kimi, qeyd edilən maddi hüquq norması reqres tələbə aid olmaqla, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ verir.

33. Reqres iddiası dedikdə, kreditorun borclunun təqsiri üzündən üçüncü şəxsə vurulan zərərə görə ödədiyi pulun geri qaytarılması barədə tələbi başa düşülür. Başqa sözlə, reqres iddia o vaxt mövcud olur ki, zərər üçüncü şəxsə vurulur, həmin zərəri zərərvuranın əvəzinə digər şəxs ödəyir və zərəri ödəyən şəxs həmin məbləği zərərvurandan geri tələb edir.

34. Hazırki işin halları isə tamamilə fərqlidir. Belə ki, cavabdehin hər hansı üçüncü şəxsə zərər vurması bu işdə müəyyən edilməyib. Hazırki işin hallarına görə cavabdeh zərəri birbaşa məhz iddiaçıya vurub və iddiaçı da özünə vurulan zərərin əvəzini cavabdehdən tələb edir. Buna görə də burada hər hansı reqres tələbdən söhbət gedə bilməz. Bu baxımdan, Mülki Məcəllənin 1114.1-ci maddəsinə istinadən iddianın təmin edilmə şərti kimi məhkəmə qətnaməsi ilə MMC-dən tutulmuş 76700 manat pulun ödənilməli olması barədə gəlinən nəticə səhv olmuşdur.

35. Hazırkı işin müəyyən edilmiş halları baxımından tərəflər arasında əmək münasibətləri olmuşdur. Buna görə də mübahisəyə Mülki Məcəllənin 49.3-cü maddəsi ilə yanaşı, Əmək Məcəlləsinin 193-cü maddəsinin tətbiqi nəzərə alınmalıdır.

36. Əmək Məcəlləsinin 193-cü maddəsinə görə mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər.

37. Göründüyü kimi, Mülki Məcəllənin 49.3-cü və Əmək Məcəlləsinin 193-cü maddələri hər hansı reqres tələbdən yox, işəgörünənin (hüquqi şəxs adından çıxış edən şəxsin) mülkiyyətçiyə (hüquqi şəxsə) vurduğu zərərin əvəzini ödəmək vəzifəsindən bəhs edir. Həmin normalar əsasında iddiaya qiymət verilməsi zərərin ödənilməsi barədə qətnamənin olub-olmamasından və ya icra edilib-edilməməsindən asılı deyil.

38. Mülkiyyətçi (hüquqi şəxs) işəgötürənin (hüquqi şəxsin qanuni təmsilçisinin) qanunazidd hərəkətləri nəticəsində ona vurduğu zərərə görə işəgötürəndən (hüquqi şəxsin qanuni təmsilçisindən) həmin zərərin ödənilməsini zərərin vurulduğunu aşkar etdiyi istənilən hallarda tələb edə bilər. Bunun üçün mülkiyyətçiyə (hüquqi şəxsə) qarşı həmin zərərin tutulması barədə hər hansı üçüncü şəxsi iddiasının təmin edilməsi barədə qətnamənin olması və həmin qətnamənin icrasının tələb edilməsi yolverilməzdir.

39. Buna görə də mübahisəyə Mülki Məcəllənin 49.3-cü və Əmək Məcəlləsinin 193cü maddələrinin tələbləri baxımından qiymət verilməli idi.

40. Həmçinin qeyd edilməlidir ki, işin müəyyən edilmiş hallarına görə cavabdeh iddiaçı MMC-nin qanuni təmsilçisi olduğu vaxt MMC-yə qəsdən ziyan vurmuşdur.

41. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “ç” bəndinə görə işçi əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır.

42. Nəzərə alınsa ki, cavabdehin iddiaçının adından bağladığı müqavilə üzrə aldığı pul vəsaiti də əmlak və maddi sərvət kateqoriyasına aiddir, belə olan halda, cavabdehin məsuliyyət məsələsinə Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “ç” bəndinin kontekstində qiymət verilməli və onun həmin pulu MMC-nin xəzinəsinə mədaxil etməməsinin MMC-yə digər üsulla qəsdən ziyan vurub-vurmaması kimi işin halı müzakirə edilməli idi.

43. Lakin qeyd edilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəni işin müəyyən edilmiş halları üzrə deyil, başqa yöndən qiymətləndirmiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etməklə, eləcə də tətbiq edilməli maddi hüquq normasını tətbiq etməməklə hüququn tətbiqində səhvə yol vermişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnamsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

45. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnamsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

46. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

47. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

48. Maddə 49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. (...) 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

49. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

50. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

51. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri

1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

52. Maddə 193. İşəgötürən tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə məsuliyyət

1. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır.

2. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər.

53. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri

1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

54. Maddə 198. İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

55. Maddə 199. İşçinin tam maddi məsuliyyəti

1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

57. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

58. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

60. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

61. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3395/2024 nömrəli iş üzrə 15 oktyabr 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-781/2024 nömrəli, 31 may 2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. İş materiallarından müəyyən olunur ki, "xxxx" MMC ilə cavabdehin direktoru olduğu İddiaçı MMC arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin bağlanması, qüvvədə olan məhkəmə aktları ilə iddiaçı "xxxx" MMC-nin xeyrinə cavabdeh İddiaçı MMCdən 76.700 manat məbləğində pulun və 320 manat məhkəmə xərcinin (cəmi 77020 manat) tutulmasının qərara alınması işin mübahisəsiz halıdır.

65. İddiaçı MMC "xxxx" MMC-nin iddia tələbinin təmin olunaraq 76700 manat pulun və 320 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-dən tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən Cavabdeh bağladığı müqavilələrlə bağlı vurduğu ziyanı tam həcmdə tələb etmək hüququnun olmasına əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

66. Hazırki işin hallarına görə cavabdeh zərəri birbaşa məhz iddiaçıya vurmuşdur və iddiaçı da özünə vurulan zərərin əvəzini cavabdehdən tələb edir.

67. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları baxımından tərəflər arasında əmək münasibətləri olmuşdur. Buna görə də mübahisəyə Mülki Məcəllənin 49.3-cü maddəsi ilə yanaşı, Əmək Məcəlləsinin 193-cü maddəsinin tətbiqi nəzərə alınmalıdır.

68. Əmək Məcəlləsinin 193-cü maddəsinə görə mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər.

69. Mülkiyyətçi (hüquqi şəxs) işəgötürənin (hüquqi şəxsin qanuni təmsilçisinin) qanunazidd hərəkətləri nəticəsində ona vurduğu zərərə görə işəgötürəndən (hüquqi şəxsin qanuni təmsilçisindən) həmin zərərin ödənilməsini zərərin vurulduğunu aşkar etdiyi istənilən hallarda tələb edə bilər.

70. İşin müəyyən edilmiş hallarına görə cavabdeh iddiaçı MMC-nin qanuni təmsilçisi olduğu vaxt MMC-yə qəsdən ziyan vurmuşdur. Belə olan halda cavabdeh vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

71. Belə ki, Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin “ç” bəndinə görə işçi əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır.

72. Cavabdeh borc aldığı pulun 14300 manatını qaytardığını göstərməsinə baxmayaraq, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Kollegiya hesab edir ki, iddia tələbi dəymiş maddi ziyanın tutulması hissəsində əsaslı olduğundan həmin hissədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

74. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin cavabdehdən tutulması barədə gəldiyi nəticə də, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmuşdur.

75. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(077)-38/2024 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(077)-38/2024 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar