Məhkəmə qərarları › İş №2(105)-1515/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1515/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1515/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1586/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. 16 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 25.000 (iyirmi beş min) manat borc almış və borc alan krediti 16 noyabr 2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. 26 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, tələbkar İddiaçı borclu Cavabdeh borcun 20 gün müddətində ödənilmədiyi halda, onun haqqında qanuna müvafiq tədbirin görülməsi bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 (iyirmi beş min) manat əsas borc və 165 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun illərdir tanıyır. Onunla qonşuluqda yaşamış və aralarında yaxın münasibətlər mövcud olmuşdur. 2019-cu ilin noyabr ayının əvvəllərində cavabdeh ona müraciət edərək bildirmişdir ki, ona təcili 25.000 pul lazımdır və həmin məbləğdə borc pul verməyini xahiş etmişdir. Başqa şəxslərdən borc tapıb cavabdehə borc vermişdir. 16 noyabr 2019-cu il tarixdə Quba regional “Asan xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu E.Hüseynov tərəfindən onunla Cavabdeh arasında kredit müqaviləsi təsdiq edilmişdir. Kredit müqaviləsinə əsasən o, cavabdehə 25.000 manat məbləğində pul borc verir, Cavabdeh borc alan kimi krediti 16 noyabr 2020ci il tarixədək borc verənə qaytarmagı öhdəsinə götürür. Lakin cavabdeh pulu bu günədək ona qaytarmamışdır. Ona görə də, məcburiyyət qarşısında qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1586/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia tələbi təmin edilərək, Cavabdeh 25.000 (iyirmi beş min) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 135, 385, 442, 445, 739, 740, 1091.1, 1091, 1092.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən iddiaçı ona 25.000 manat məbləğində pul borc vermiş, o da borc alan kimi 16 noyabr 2020-ci il tarixədək borcu iddiaçıya qaytarmagı öhdəsinə götürmüşdür. Həmin müqavilə öhdəliyinə görə notarius tərəfindən icra qeydi verilmişdir. Lakin bu barədə sonradan xəbər tutmuşdur. Hazırki mübahisə üzrə qəbul edilmiş qətnamə həmin borc müqaviləsindən irəli gələn iddia tələbi üzrə çıxarılmışdır. Göründüyü kimi eyni məsələ üzrə eyni tərəflər arasında eyni əsaslarla icra orqanın icraatında artıq icra qeydi vardır. Belə olan halda eyni məsələni tənzimləyən tələb üzrə iki icra sənədi mövcud olacaqdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsində notariusun icra qeydləri də icra sənədi kimi göstərilmişdir. Ona görə də, borcun ondan tutulmasına dair icraatda artıq icra qeydi mövcud olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, pulun geri qaytarılması ilə bağlı icra məmuru ilə dəfələrlə əlaqə saxlamış, lakin heç bir nəticəsi olmamışdır. İcra məmuruna icra qeydinin icrası ilə bağlı məcburi icra tədbirlərinin görülməsini bildirsə də icra tədbiri tətbiq edilməmişdir və icra məmuru bildirmişdir ki, yalnız məhkəmə qətnaməsinə əsasən qarşı tərəfin barəsində məcburi icra tədbirləri həyata keçirilə bilər və bu səbəbdən məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)

Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

15. Belə ki, iş materiallarında olan 16 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 25.000 (iyirmi beş min) manat borc almışdır və borc alan krediti 16 noyabr 2020-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür.

16. İşdə olan 26 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, borclu Cavabdeh icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən xəbərdarlıq edilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləğinin və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir.

17. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı tərəfindən icra qeydinin aparılması ilə bağlı Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət edilmişdir. Məhkəmə kollegiyasının iclasında da, iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, icra qeydi icraya yönəlmişdir. İddiaçı icra qeydinin icrası ilə bağlı məcburi icra tədbirlərinin görülmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etdiyini bildirmişdir.

18. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariusun icra qeydləri icra sənədi sayılır.

19. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

20. Həmin Qanunun 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

21. Göründüyü kimi, icra qeydləri üzrə ödəniş məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

22. Buna baxmayaraq iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan halını nəzərə almadan iddia tələbini təmin etmişdir. Halbuki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli olduğu halda, iddia ərizəsini məhkəmənin icraatına qəbul edərək mahiyyəti üzrə baxmış, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir

23. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə məhkəmə qətnamələri və notariusun icra qeydləri, hər ikisi icra sənədi sayıldığından, mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1586/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq icra şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar