Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1515/2024 04.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması, sübutların qiymətləndirilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı (sonuncu iclasda iştirak etmir), onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-160/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh məxsus 416974......3469 nömrəli kart hesabına xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2021- ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat və xx.xx.2021-ci il tarixdə 4000 manat olmaqla 13900 manat məbləğində pul köçürülmüşdür. (ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından).
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 17000 manat pul vəsaitinin, həmçinin 141,40 (yüz qırx bir manat qırx qəpik) manat dövlət rüsumu vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə Quba X2 (MDM) lor-həkim vəzifəsində çalışıb. Həmin ildə Cavabdeh iddiaçıya həkim olaraq müraciət edib və onun tərəfindən burun rinoplastik əməliyyatı olunub. Tərəflər arasında aparılan əməliyyatla əlaqədar olaraq həkim pasiyent münasibəti yaranıb. Cavabdehin atası əməliyyatdan qısa müddət sonra xəstəliyi ilə əlaqədar Quba MDM-nin reanimasiya şöbəsində müalicə alıb və orada da vəfat edib. Cavabdehin atasının müalicə aldığı dövrdə iddiaçının həkim olaraq müayinə və müalicələrlə maraqlanması nəticəsində tərəflər arasında münasibətlər davam edib. Cavabdehin atası vəfat etdikdən sonra tərəflərin əlaqəsi kəsilib. Cavabdeh 2020-ci ildə iddiaçı ilə əlaqə saxlayaraq əzcaçı kimi işlədiyi aptekdə işdən çıxarıldığını, atalarının ölümündən sonra qardaşı ilə torpaq davasında olduğunu, bu səbəbdən qardaşı tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını, boşandıqdan sonra övladına tək baxmaqda çətinlik çəkdiyini və bir qadına 700 (yeddi yüz) manat borcunun olduğunu bildirmişdir. Həmin borcun qaytarılması üçün cavabdeh iddiaçıdan qeyd edilən məbləğdə borc istəmiş, iddiaçı da hər dəfəsində 350 (üç yüz əlli) manat olmaqla 2 dəfəyə həmin məbləği 2020-ci ildə cavabdehə məxsus olmuş "xxxx" ASC-nin 4169 7413 5655 3469 nömrəli bank kartına göndəriş etməklə borc vermişdir. Bundan sonra cavabdehin təşəbbüsü ilə tərəflər arasında ünsiyyət güclənmişdir. Cavabdeh hər gün iddiaçıya mesajlar yazmağa başlamışdır. Mesajların məzmunu ondan ibarət olmuşdur ki, keçmiş əri övladları üçün nəzərdə tutulmuş alimenti ödəmir, qardaşı tərəfindən təzyiqlərə məruz qalır, ümumiyyətlə həyat şəraiti ağırdır və ona maddi baxımdan kömək lazımdır. Bu ünsiyyətin gedişində cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə müxtəlif məbləğlər olmaqla daha 1300 manat ona məxsus eyni bank kartına köçürülməklə borc almışdır. Sonrakı dövrlərdə tərəflər ünsiyyəti əsasən qeyd edilən mövzular ətrafında davam etdirmişlər və görüşmədən şəxsi xarakterli ünsiyyətləri yaranmışdır. 2021-ci ildə cavabdeh iddiaçı ilə əlaqə yaradaraq artıq bu şəkildə yaşaya bilmədiyini, rayondan Bakı şəhərinə köçmək istədiyini, bu məqsədlə 1 otaqlı ev alaraq övladı ilə oraya yerləşmək barədə düşündüyünü bildirmiş və bu məsələdə iddiaçıdan köməklik göstərərək ona borc verməsini-xahiş etmişdir. İddiaçı cavabdehin düşdüyü vəziyyətə biganə qalmadığı üçün və həmin ərəfədə boşandığından bəlkə də gələcəkdə cavabdehlə birgə həyat yaşaya biləcəkləri ehtimalının da olmasından çıxış edərək cavabdehə yardım göstərmək və ona borc vermək qərarına gəlmişdir. Beləliklə, 2021-ci ilin 2-3 ayı ərzində dörd-beş dəfəyə minimum məbləği 2000 (iki min) manat olmaqla cavabdehin "xxxx" ASC-dən əldə etdiyi 4169 7413 5655 3469 nömrəli bank kartına ümumilikdə 15000 (on beş min) manat vəsait göndərmişdir. Vəsaitlərin göndərilməsi ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından həyata keçirilmişdir. Cavabdeh aldığı borc pulu mümkün qədər qısa müddətdə qaytaracağını bildirsə də, yuxarıda qeyd edilən vəsaitlər ona köçürüldükdən sonra iddiaçı ilə ünsiyyəti azaltmış, bir müddətdən sonra isə ümumiyyətlə kəsmişdir. İddiaçı bir müddət gözlədikdən sonra cavabdehdən heç bir məlumatın olmadığını görüb onu axtarmağa başlamış və borcunu geri tələb etmişdir. Lakin cavabdeh faktiki olaraq borcu qaytarmaqdan imtina etmişdir. İddiaçı Quba rayonuna gedərək cavabdehin qardaşı ilə görüşmüş, eyni zamanda telefon vasitəsilə cavabdehin anası ilə əlaqə saxlamış və onların vasitəsilə də borcun qaytarılmasını tələb etsə də, buna nail ola bilməmişdir. Cavabdeh iddiaçının borcun qaytarılması üçün təkidlərindən sonra cavabdehə mesajlar yazaraq borcun tələb edilməsini dayandırmağı, əks halda iddiaçının cavabdehi güya ölüm həddinə çatdırmaq adı ilə şikayət edəcəyini demişdir. Cavabdeh 2023-cü ilin əvvəllərində polisə şikayət edərək iddiaçının guya ondan hədə-qorxu ilə pul tələb etdiyini iddia etmişdir. Cavabdeh bu addımları ilə faktiki olaraq bir tərəfdən iddiaçıdan borc aldığını etiraf etmiş, digər tərəfdən isə borcu qaytarmaqdan imtina etmişdir. Cavabdehin şikayəti əsasında Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılmış, araşdırma nəticəsində iddiaçının əməlində hər hansı hüquqpozma əlaməti müəyyən edilməmişdir. Qeyd edilən araşdırma çərçivəsində cavabdeh verdiyi izahatında iddiaçıdan borca pul vəsaiti istədiyini və iddiaçı tərəfindən ona borc olaraq pul vəsaiti göndərildiyini yazılı şəkildə etiraf etmişdir. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
4. Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən hallar həqiqəti əks etdirmir və heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə iddiaçı ilə aralarında hər-hansı borc münasibəti olmamış, iddiaçı tərəfindən onun kartına göndərilən pul vəsaitləri onun təkidi ilə olmuş və cavabdeh ondan hər-hansı pul məbləğini borc qismində tələb etməmişdir. Belə ki, iddiaçı Quba rayonu X2 LOR həkim vəzifəsində çalışır. O, da burun əməliyyatı olunmaqdan ötrü 2019cu ilin aprel ayında ona müraciət etmiş və burun əməliyyatı keçirmişdir. Əməliyyatdan təxminən 2 həftdə sonra iddiaçının qəbuluna getmiş və əməliyyata baxış keçirtmiş və hər şey normal olduğunu bildirdikdən sonra, o bir daha xəstəxanaya burun əməliyyatı ilə bağlı müraciət etməmişdir. Bundan sora iddiaçı mütəmadi olaraq telefon vasitəsi ilə ona zənglər edərək ilkin olaraq səhhəti ilə maraqlanmış, daha sonra şəxsi münasibət qurmaq məqsədi ilə ona “WHATS APP” vasitəsi ilə ona sms-lər, özünü subay olduğunu və onunla ailə həyatı qurmaq niyyətini bildirmişdir. O, isə öz növbəsində, ona bir həkim kimi müraciət etdiyini və başqa heç bir münasibətdən söhbət gedə bilməyəcəyini bildirsə də, iddiaçı ondan əl çəkməmiş və dönə-dönə xahiş etmişdir ki, bir qədər düşünsün, ona yox deməsin, hətta dost kimi qalsınlar münasibətləri kəsilməsin. Bir neçə ay iddiaçı onunla ara-sıra həm telefon zəngləri, həm də sms-lər vasitəsi ilə münasibət qurmaq istəsə də, onun tərəfindən müsbət cavab almadığından Quba rayonu Nizami parkından evə gedərkən iddiaçı qabağını kəsib və onun üçün nə etməli olmasını və ona şans verməsini bildirdi. O, da onun uzun müddət fasiləsiz zənglər edib, sms-lər yazıb narahatçılığına son qoymaqdan ötrü ona bildirdi ki, 10.000 manat borcu var, imkanı varsa onu ödəsin. Bunu deməklə düşünüb ki, iddiaçı ondan uzaqlaşacaq və münasibətlərinə son qoyulacaq. İddiaçı öz növbəsində onun təklifini qəbul edib, kart nömrəsini tələb edib və müxtəlif vaxtlarda 10000 manat pulu əldə etmişdir. Belə olan halda o iddiaçıya zəng etmiş, əslində heç bir borcunun olmadığını bildirmiş və kart nömrəsi tələb edərək pulu qaytarmaq istədiyini bildirmişdir. İddiaçı isə cavabında qeyd olunan pul məbləğinin onun üçün əhəmiyyətli olmadığını bildirmiş, ona həmin məbləğlə bağlı hər hansı borcunun olmadığını bildirmiş, sadəcə onunla sərt münasibət yaratmamasını xahiş etmişdir. Daha sonra o iddiaçının əslində ailəli olmasını bilmiş, nə üçün ona subay olduğunu deməsini soruşduqda isə sonuncu ona ailə münasibətinin bitdiyini bilddirmişdir. Bundan sonra da iddiaçı əvvəlki qaydada ondan əl çəkməmiş və öz təşəbbüsü ilə ad günündə, eləcə də, adi günlərdə kartına müxtəlif məbləğlərdə pullar keçirtmiş, hər dəfə bütun bunların heç bir fayda verməyəcəyini ona təkidlə bildirsə də, iddiaçı əməllərindən əl çəkməmişdir. Sonda təbii ki aralarında heç bir münasibətin olmayacağına əmin olduğu üçün iddiaçıya göndərdiyi 10000 manatı xərcləmədiyini, bu səbəbdən kart hesabını bildirməsini və pulu ona qaytaracağını bildirdi. İddiaçı isə cavabında bildirib ki, onların arasında pul söhbəti ola bilməz, ona göndərdiyi pullar hədiyyədir və ona qarşı hər-hansı öhdəçiliyi yoxdur. Sonuncu danışıqlarından təxminən iki il sonra iddiaçı ona zəng vuraraq nə üçün Bakı şəhərinə köçdüyü halda onunla əlaqə saxlamadığını soruşmuş, o da cavabında onun evli olduğunu, bu səbəbdən aralarında hər hansı münasibətin olmasının mümkünsüzlüyünü bildirmişdir. İddiaçı bundan sonra cavabdehə ya görüşüb danışıb məsələni həll etməyi, ya da onun əməliyat zamanı çəkilmiş şəkillərini paylaşaraq, ona qarşı dələduzluq edərək puluunu mənimsədiyi barədə paylaşım edəcəyini bildirmişdir. Cavabdeh bundan sonra iddiaçının onu şantaj etməsi barədə polisə müraciət etmiş, polis orqanın müvafiq qərarı ilə ona münbahisənin müıki xarakterli olması və həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə hesab edir ki, iddiaçı ilə aralarında heç bir borc münasibəti mövcud olmamış, onların aralarında yalnız iddiaçının təkidi ilə tanışlıq münasibəti mövcud olmuşdur. İddiaçının ona ödədiyi pul məbləğləri özünün etiraf etdiyi kimi borc deyil, yalnız hədiyyədir. Bu səbəbdən hazırkı iddia tələbi təmin edilə bilməz.
5. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-160/2024 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 13900 manat pul və 141,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olundu ki, 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında şifahi formada borc müqaviləsi bağlanmışdır. İşdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 2020 və 2021-ci illərdə cəmi 13900 manat məbləğində borc pul vermiş, iddiaçı tərəfindən borcun qaytarılmasının dəfələrlə tələb edilməsinə baxmayaraq, Cavabdeh həmin borcu qaytarmaqdan imtina edir. Nəticədə Cavabdeh heç bir qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsasız varlanmış və ona maddi ziyan vurmuşdur. Məhkəmə hesab edib ki, Cavabdeh iddia tələbinə etirazı əsaslandıran halları sübut edə bilməmişdir. Belə ki, o, İddiaçı borc pul almadığını həmin pulları hədiyyə kimi almasını bildirsə da, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cəmi 3 dəfə gördüyü şəxs tərəfindən külli miqdarda pul vəsaitinin hədiyyə kimi ona verilməsi ağılabatan deyildir. Həmçinin Cavabdeh israrla həmin məbləğləri hədiyyə kimi almasını bildirsədə, bir qadına hədiyyə olunası özəl gün, onun doğum günü (xx.xx.1990-cı il təvəllüdlü) və 8 X5 Bayramıdır ki, həmin tarixlərdə ümumiyyətlə Cavabdeh hesabına hər hansısa pul vəsaiti daxil olmamışdır. ("xxxx" ASCnin hesabdan çıxarışından görünmür). Məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən onun kart hesabına müxtəlif tarixlərdə və məbləğlərdə pul ödənildiyini etiraf etmişdir. İddiaçı, 17000 manat pul tələb etsə də, məhkəmə araşdırması zamanı bank hesabı çıxarışlarından müəyyən olunur ki, İddiaçı tərəfindən cəmi 13900 manat məbləğində pul cavabdeh Əliməmmdova Aksana qızının hesabına pul ödənilmişdir. (ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından). Ona görə də məhkəmə hesab edib ki, iddia Cavabdeh 13900 manat məbləğdən artıq tələb olunan hissədə təmin edilməməlidir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 329.2, 329.3, 739.1, 740, 742.1, 742.2, 882.1, 882.2, 882.3, 882.4, 882.5, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazla analoji məzmunda tərtib edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə əsassız və qanunsuzdur. Məhkəmə yalnız iddiaçının mövqeyindən çıxış etmişdir, cavabdehin mövqeyi ilə maraqlanmamışdır, onun izahatına lazımi hüquqi qiymət verməmişdir. İşin əsli ondan ibarətdir ki, o 2019-cu ilin aprel ayında burun əməliyyatı olunmaqdan ötrü həkim kimi iddiaçıya müraciət etmişdir. İddiaçı onun burun əməliyyatını həyata keçirmiş, əməliyyatdan 2 həftə sonra müayinə olunmaq məqsədi ilə bir dəfə həmin həkimin qəbuluna getmişdir. İddiaçını cəmi 3 dəfə görmüş, aralarında heç bir yaxın münasibət olmamış, yalnız həkim pasiyent münasibətləri olmuşdur. İddiaçı özü onunla telefon vasitəsilə əlaqə saxlayaraq, ondan xoşu gəldiyini bildirmiş, onunla münasibət yaratmaq istədiyini bildirmişdir. Bir dəfə Quba rayonu Nizami parkında iddiaçı qarşısını kəsmiş və ona şans verməsini xahiş etmiş, onun bütün ehtiyaclarını ödəməyə hazır olduğunu bildirmiş, təkidlə ondan kart nömrəsini tələb etmişdir. O da öz kartını ona təqdim etmiş və iddiaçı müxtəlif vaxtlarda 10000 manat pulu cavabdehin kartına hədiyyə şəklində köçürmüşdür. Daha sonra cavabdeh həmin məbləği iddiaçıya qaytarmağı təklif etdikdə iddiaçı həmin pulu qəbul etməmiş, pulu ona hədiyyə etdiyini bildirmişdir. Bir müddət sonra iddiaçı cavabdehlə münbasibətinin yaranmadığına əmin olduqdan sonra onu şərləyərək 17000 manat borclu olmasını bildirmiş və həmin məbləği tələb etmişdir. Əslində isə, cavabdeh iddiaçıdan borc pul almamışdır, cəmi 10000 manat pulu da qeyd etdiyi kimi iddiaçı özü ona hədiyyə etmişdir. Həmin pulu da ödəmək fikrində deyil. İddiaçının iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, 2019-cu ildə burun əməliyyatı etdirmək məqsədi ilə iddiaçıya həkim kimi müraciət etmişdir. İddiaçı tərəfindən burun əməliyyatı həyata keçirildikdən sonra iddiaçı ona mütəmadi olaraq zənglər etməyə, SMS-lər yazmağa başlamışdır. O da əməliyyatdan təxminən 6 ay – 1 il ərzində səhhəti ilə bağlı problemi olan zaman eyni həkimə müraciət edəcəyindən iddiaçıya qarşı sərt davranmamışdır. Sadəcə iddiaçıya aralarında hər hansı münasibətin mümkünsüzlüyünü bildirmişdir. İddiaçı müxtəlif vaxtlarda öz təşəbbüsü ilə onun kartına pullar göndərmişdir. Lakin o, iddiaçını özündən uzaqlaşdırmaq məqsədilə 10000 manat borcu olduğunu bildirərək ,onu ödəyə bilibbilməcəyini soruşmuşdur. İddiaçı da ödəyə biləcəyini bildirmiş və onun kart hesabına 3000 manat, 2000 manat və 5000 manat olmaqla ümumilikdə 10000 manat pul köçürmüşdür. Bundan sonra iddiaçıya zəng edib bildirmişdir ki, niyyəti onu özündən uzaqlaşdırmaq idi, onun belə bir addım atacağını düşünmürdü, həmin pulu geri qaytarmaq üçün kart hesabını istəmiş, iddiaçı isə yayınmış, onu bir ünvana (otelə) dəvət etmişdir. Daha sonra aralarında danışıqlar kəsilmiş təxminən 2 il sonra iddiaçı ona zəng edərək nə üçün Bakı şəhərinə köçdüyü halda ona məlumat verməməsini soruşmuşdur. Onu narahat etməməsini bildirdikdə isə ona verdiyi pulu qaytarmasını, əks halda onun əməliyyat zamanı çəkdiyi şəkillərini paylaşaraq, dələduz kimi qələmə verəcəyini bildirmişdir. O isə iddiaçıya hər hansı borcunun olmamasını bildirmişdir. Hesab edir ki, işə baxan məhkəmə iddia tələbini qismən təmin etməklə əsassız qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, tərəflər arasında hər hansı borc münasibəti olmamışdır. İddiaçı tərəfindən cavabdehə ödənilən pul məhz şəxsi münasibət zəminində könüllü şəkildə verilmişdir. Tərəflər arasında keçən yazışmalardan iddiaçının cavabdehi şantaj etməsi, cavabdehə hədə-qorxu gəlməsi görünür, lakin bu hallar polis orqanı tərəfindən nəzərə alınmamışdır. Belə ki, polis orqanı tərəfindən qəbul edilmiş qərarda iddiaçının hərəkətlərinə hüquqi qiymət verilməmişdir. İddiaçı hazırda hədiyyə verdiyi pulu tələb edir, yazışmalarda iddiaçının pulu cavabdehə borc verməsini təsdiq edən sübut yoxdur. Hədiyyə verilmiş pulun borc kimi tutulması əsassız və qanunsuz mövqedir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin burun əməliyyatını icra etdikdən bir müddət sonra cavabdeh ona sosial vəziyyəti ilə əlaqədar mesajlar yazmış və daha sonra aralarında mütəmadi ünsiyyət yaranmışdır. Cavabdeh özünün və ailəsinin vəziyyəti ilə əlaqədar iddiaçıya yazdığı mesajlarda maddi durumunun yaxşı olmadığını bildirmiş, o da cavabdehin səmimiyyətinə inanaraq ona müxtəlif vaxtlarda pul köməkliyi etmişdir. O daim cavabdehə qarşı diqqətcil yanaşmış və hər dəfə onun vəziyyətini nəzərə alaraq onun kart hesabına ödənişlər etmişdir. Hissə-hissə ödənişlər təxminən 17000 manata qədər edilmişdir. Bir müddət sonra cavabdehin ona arşı davaranışları dəyişmiş, səbəbini soruşduqda isə cavabdeh hər dəfə müxtəlif formada onunla ünsiyyətdən yayaınmışdır. Cavabdeh onun psixi vəziyyətinin yaxşı olmaması bəhanəsiylə ondan qeyd edilən məbləğdə pul vəsaitlərini müxtəlif vaxtlarda hissə hissə əldə etmişdir. Onun pulu qaytarmasını tələb etdikdə isə cavabdeh bundan yayınmışdır. Nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, məhkəmə qətnaməsinin ləğvi üçün hər hansı əsas yoxdur. Apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər arasında həkim-xəstə kimi münasibət yaranmış daha sonra cavabdeh iddiaçıya öz ailə vəziyyəti, maddi durumunun çətinliyi ilə əlaqədar mesajlar yazmış və iddiaçıdan ona pul verməsini xahiş etmişdir. İddiaçı da aralarında yaranan münasibəti nəzərə almış, cavabdehə hər dəfə istədiyi məbləği vermişdir. Qeyd olunan pul məbləği cavabdehin istəyi əsasında verilmişdir. Həmin pulun hər hansı şəkildə hədiyyə edilməsindən söhbət gedə bilməz. İşə baxna məhkəmə mübahisənin mahiyyəti üzrə əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin rədd edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 740.1. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti iddianın təmin olunmuş hissəsinə münasibətdə qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-160/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.
19. İddia tələbi cavabdehə verilmiş pulun geri qaytarılması barədədir.
20. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
21. Belə ki, işin müəyyən edilmiş hallarına görə, iddiaçı həkim-cərrah olmaqla, cavabdeh onun pasiyenti olmuşdur. 2018-ci ildə cavabdeh burun - rinoplastik əməliyyatı olunması üçün iddiaçıya müraciət etmişdir. Tərəflər arasında ünsiyyət və münasibət də həmin vaxtdan yaranıb.
22. İddiaçı pulu tələb edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müxtəlif səpkili ailədaxili problemlərindən bəhs edərək, maddi yardıma ehtiyacı olduğunu bildirmiş, o da hər dəfə qeyd olunan formada sonuncunun kart hesabına pul köçürməklə onun xahişlərini təmin etmişdir. Bu minvalla sonrakı dövrlərdə tərəflər ünsiyyəti əsasən qeyd edilən mövzular ətrafında davam etdirmiş və bir müddət “isti münasibətləri” yaranmışdır.
23. İddiaçının bildirdiyinə görə 2021-ci ildə cavabdeh onunla əlaqə yaradaraq artıq bu şəkildə yaşaya bilmədiyini, rayondan Bakı şəhərinə köçmək istədiyini, bu məqsədlə 1 otaqlı ev alaraq övladı ilə oraya yerləşmək barədə düşündüyünü bildirmiş və bu məsələdə iddiaçıdan köməklik göstərərək ona borc verməsini xahiş etmişdir. İddiaçı cavabdehin düşdüyü vəziyyətə biganə qalmadığı üçün və həmin ərəfədə boşandığından, bəlkə də gələcəkdə cavabdehlə birgə həyat yaşaya biləcəkləri ehtimalını nəzərə alıb, cavabdehə pul vermək qərarına gəlmişdir. Beləliklə, 2021-ci ilin 2-3 ayı ərzində dörd-beş dəfəyə minimum məbləği 2000 (iki min) manat olmaqla cavabdehin "xxxx" ASC-dən əldə etdiyi 4169 7413 5655 3469 nömrəli bank kartına ümumilikdə 15000 (on beş min) manat vəsait göndərmişdir. Vəsaitlərin göndərilməsi ünvan 1 ünvanında yerləşən “Bravo” marketdə və həmin küçədə digər ərazilərdə quraşdırılmış ödəmə terminallarından həyata keçirilmişdir. Cavabdeh aldığı borc pulu mümkün qədər qısa müddətdə qaytaracağını bildirsə də, yuxarıda qeyd edilən vəsaitlər ona köçürüldükdən sonra iddiaçı ilə ünsiyyəti azaltmış, bir müddətdən sonra isə ümumiyyətlə kəsmişdir. İddiaçı bir müddət gözlədikdən sonra cavabdehdən heç bir məlumatın olmadığını görüb onu axtarmağa başlamış və borcunu geri tələb etmişdir. Lakin cavabdeh faktiki olaraq borcu qaytarmaqdan imtina etmişdir. Nəticədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir
24. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd edir ki, hər iki tərəf etirafedici izahatlarla təsdiq edir ki, iddia olunan pulun verildiyi zaman onların arasında “isti münasibət” olub, bu münasibətlərin nəticəsi olaraq iddiaçı cavabdehlə şəxsi, yəni kişi-qadın münasibəti qurmaq niyyətində olub. Bu isə onu təsdiq edir ki, həmin pulun verilməsinə (bağışlanmasına) səbəb yaranmış isti münasibətlər olub, yəni iddiaçı həmin münasibətlərə əsaslanaraq cavabdehə bir neçə dəfə, sonuncu dəfə isə özünün dediyi kimi ev almaq üçün pul bağışlayıb.
25. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur.
26. İddiaçı iddia ərizəsində cavabdehə ümumilikdə həm kart vasitəsilə, həm də ödəmə terminalları vasitəsilə hissə-hissə 17000 manat borc pul verdiyini göstərib, həmin pulu cavabdehdən geri tələb edir.
27. Cavabdeh isə iddiaya etiraz edərək, etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında hər-hansı borc münasibəti olmamış, iddiaçı tərəfindən onun kartına göndərilən pul vəsaitləri də iddiaçının özünün təşəbbüsü ilə olmuşdur. O, iddiaçıdan hər hansı pul məbləğini borc qismində tələb etməmişdir. Belə ki, o, burnundan əməliyyat olunmaq üçün 2019-cu ilin aprel ayında iddiaçıya müraciət etmiş və burun əməliyyatı keçirmişdir. Bundan sora iddiaçı mütəmadi olaraq telefon vasitəsi ilə ona zənglər edərək səhhəti ilə maraqlanmış, daha sonra şəxsi münasibət qurmaq məqsədi ilə ona “Whatsapp” vasitəsi ilə ona sms-lər, özünü subay olduğunu və onunla ailə həyatı qurmaq niyyətini bildirmişdir. O, isə öz növbəsində, ona bir həkim kimi müraciət etdiyini və başqa heç bir münasibətdən söhbət gedə bilməyəcəyini bildirsə də, iddiaçı ondan əl çəkməmişdir. O da iddiaçının ondan əl çəkmədiyini görüb, sonuncunu özündən uzaqlaşdırmaq üçün, 10.000 manat borcunun ödənilməsini bildirmişdir. Hesab etmişdir iddiaçı bundan sonra ondan uzaqlaşar. Lakin iddiaçı onun təklifini qəbul edərək, kart nömrəsini tələb etmiş və müxtəlif vaxtlarda 10000 manat pulu onun kartına köçürmüşdür. Bundan sonra iddiaçıya zəng edərək, əslində heç bir borcunun olmadığını bildirmiş və kart nömrəsi tələb edərək pulu qaytarmaq istədiyini bildirmişdir. İddiaçı isə cavabında qeyd olunan pul məbləğinin onun üçün əhəmiyyətli olmadığını bildirmiş, ona həmin məbləğlə bağlı hər hansı borcunun olmadığını bildirmiş, sadəcə onunla sərt münasibət yaratmamasını xahiş etmişdir. Bundan sonra da iddiaçı əvvəlki qaydada ondan əl çəkməmiş və öz təşəbbüsü ilə ad günündə, eləcə də, adi günlərdə kartına müxtəlif məbləğlərdə pullar keçirtmiş, hər dəfə bütun bunların heç bir fayda verməyəcəyini ona təkidlə bildirsə də, iddiaçı əməllərindən əl çəkməmişdir.
28. İddiaçı özü də kollegiyanın araşdırması zamanı 10000 manatdan sonra cavabdehə münasibətlərinin pisləşməməsi üçün öz təşəbbüsü ilə əlavə olaraq 5000 manat pul göndərdiyini də bildirmişdir
29. Cavabdehin izahatının məzmunundan göründüyü kimi iddiaçı pulu borc kimi deyil, kömək məqsədilə verib və həmin pulu geri qaytarmalı olduğunu əvvəlcədən bildirməyib.
29. Göründüyü kimi, iddiaçı sözügedən pul vəsaitini borc kimi deyil, əslində cavabdehlə aralarında yaranmış isti münasibətlərə görə verib və bununla da sonuncunu zənginləşdirib. Həmçinin iddiaçının cavabdehə pul verməsi heç bir cavab xidməti ilə şərtləndirilməyib və sonuncunun pul vəsaitini qəbul etməsi ilə tərəflər arasında bağışlama hüquqi münasibətləri yaranıb.
30. Digər tərəfdən, işin yuxarıda müəyyən edilmiş hallarına görə sözügedən bağışlama hər hansı öhdəliklə (mənzil almaq, iddiaçı ilə bir yerdə yaşamaq və s.) şərtləndirilməyib və cavabdeh pul vəsaitini qəbul etməklə bağışlama artıq başa çatıb.
31. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, iddia olunan pul vəsaiti şəxsi, yəni tərəflər arasındakı münasibətin pozulmasından sonra, konkret halda iddiaçının öz “niyyətinə, məqsədinə” çata bilməməsindən, onlar arasındakı münasibətin pozulmasından sonra geri tələb olunub. Bu isə onu deməyə əsas verir ki, həmin pul zamanında borc kimi verilməyib. Əgər borc verilsəydi pulun qaytarılması şəxsi, yəni münasibətlərin davam etdiyi zaman tələb olunardı və ya hansısa müddət müəyyən olunardı. Pulun məhz şəxsi, yəni münasibətlərin pozulmasından sonra geri tələb edilməsi, onu təsdiq edir ki, iddiaçı həmin münasibətlərə əsaslanaraq cavabdehə pul bağışlayıb. Hətta bu halda həmin pulun hansı məqsəd üçün (ev almaq, borcunu bağlamaq və s.) verilməsi heş bir önəm daşımır. Bu səbəbdən də tərəflər arasındakı münasibətlər Mülki Məcəllənin 739.1-ci maddəsinin (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) dispozitiv şərtləri ilə uzlaşmır.
32. Həmin maddənin mənasına görə, (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür .
33. Hazırki halda, cavabdehin ayrı-ayrı vaxtlarda hissə-hissə iddiaçıdan iddia olunan məbləğdə pulu məhz borc alması və həmin pulu iddiaçıya borc şəklində qaytarmağı öhdəsinə götürməsi mülki iş materialları ilə istisna olunur və tərəflər arasında borc hüquqi münasibətlərin olması mülki iş materialları ilə təsdiq olunmur.
34. Bundan başqa, işdən görünür ki, iddia olunan pul verildiyi zaman onun qaytarılacağı tarix müəyyən olunmamışdır. Qanuna görə belə şərtlə borc verilməsi mümkündür, bu halda pulun qaytarılması (öhdəliyin icrası) tələbetmə məqamı ilə müəyyən edilir. Lakin bu hal işin digər halları ilə birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, pul bağışlanıb, bu səbəbdən onun qaytarılacağı tarix müəyyən edilməyib.
35. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmayıb, ümumiyyətlə heç bir sənəd (qəbz, iltizam və s.) tərtib olunmayıb. Halbuki, iddiaçı özü ali təhsilli olmaqla həkimdir, eyni zamanda özünün dediyinə, həm də məhkəmə icalasındakı izahatına əsasən görünür ki, o, bu kimi işlərdən məlumatlı olan şəxsdir. Belə olan halda o, bilir ki, belə böyük məbləğdə pulun borc verilməsi üçün borc müqaviləsi bağlanmalı, yaxud borc alandan ən azı iltizam və ya qəbz alınmalıdır. Habelə, belə böyük məbləğdə pulun borc verilməsi zamanı öhdəliyin icrasının təmini üsullarından (girov, zaminlik və sair) istifadə olunması məqsədə uyğundur. Belə olan halda şəxsin bu qaydada başqa şəxsə borc pul verməsi, işin digər halları ilə birlikdə qiymətləndirildikə onu təsdiq edir ki, pul bağışlanıb, bu səbəbdən də borcla bağlı heç bir sənəd tərtib olunmayıb.
36. Mülki Məcəllənin 740.1-ci maddəsinə görə (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyalı) borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
37. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda pul hissə-hissə Bank vasitəsilə göndərilib, göndərişlərin heç birində onun borc verildiyi qeyd edilməyib. Bu hal işin digər halları ilə birlikdə qiymətləndirildikdə onu təsdiq edir ki, pul borc verilməyib.
38. Kollegiya qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, digər sübutlar olmadığı halda, yalnız iddiaçı tərəfin izahatına əsasən pulun borc verildiyi müəyyən edilə bilməz. Pulun borc verildiyi müəyyən edilmədiyinə görə, Mülki Məcəllənin 739-cu maddəsinin göstərişinə əsaslanaraq belə qənaətə gəlinir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-160/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə” dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.