Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1521/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2083/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Doğum haqqında şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş surətlərinə əsasən, X8 və X6 07 iyul 2011-ci il tarixdə Bərdə şəhərində anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. Tərtər Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(012)-1841/2018 saylı qətnaməsinə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)- 2264/2016 saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün hər uşağa ayda 100 manat olmaqla ayda cəmi 200 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8 və X6 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün ayda hər uşaq üçün 120 manat olmaqla, ayda cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 20 sentyabr 2022-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində tibb və əczaçılıq məhsullarının satışı üzrə nümayəndə (əmək müqaviləsi üzrə: tibbi nümayəndə) işləyir və 545 (beş yüz qırx beş) manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Goranboy rayonu Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 12 iyul 2013-cü il tarixdə verilmiş AZ-İ № 862584 seriyalı nikah haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X3 arasında 12 iyul 2013-cü ildə Azərbaycan Respublikası Goranboy rayonu Xanqərvənd kənd İƏD üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətlərinə əsasən, Cavabdeh ilə X1 birgə nikahdan iki övladları – xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)- 1841/2018 saylı alimentin artırılmasına dair qətnaməsinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş aliment miqdarının artırılaraq Cavabdeh hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ilə aralarında olan nikah xx.xx.2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh ilə birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Birgə nikahdan dünyaya gəlmiş övladları onun himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (yüz altmış) manat məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. 2016-cı ildə yenidən alimentin artırılması ilə bağlı müraciət edərək məhkəmə qaydasında alimentin məbləği hər uşaq üçün hər ay 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində artırıldı. 2018-ci ildə yenidən alimentin artırılması ilə bağlı müraciət edərək məhkəmə qaydasında alimentin miqdarıartırılaraq hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat alimentin ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği övladının tələbatlarını ödəmir. Gündəlik məişət xərclərinin, təhsil, həkim xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Bu səbəbdən də yenidən alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2083/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(012)-1841/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, xx.xx.2011-ci il təvəllüdlü X4 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamə qanuni qüvvəyə minən gündən hesablanması qət edilmişdir. (hakim Cəmilə Səfiyeva) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75.1, 78.2, 112-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5, 19-cu maddələri, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 01.05. 2023-cü iltarixli 2(012)-2083/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini tamamilə əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəməyə 545 manat aldığı əmək haqqı barədə arayış təqdim etmişdir. Bütün odənişlərıxıldıqdan sonra ona cəmi 490 manat əmək haqqı verilir. İddiaçı ilə nikahları pozulandan sonra ikinci dəfə evlənmişdir. Həmin nikahdan da iki azyaşlı övladı vardır. Bu barədə də məhkəməyə sənəd təqdim etmişdir. Bu vaxta qədər iddiaçının xeyrinə 280 manat pulu çox çətinliklə ödəmişdir. Bütün günü işdə olur, əlavə qazanc yeri də yoxdur. Qanunvericilikdə 2 uşağın saxlanılmasına görə valideynin gəlirinin 1/3-i miqdarında aliment tutulması nəzərdə tutulmuşdur. Bu hesabla iki uşağa 170 manat məbləğində aliment düşür. Buna baxmayaraq o, ayda 240 manat aliment ödəyir. Hazırda 4 uşağı vardır. Əgər cavabdehə bundan sonra 300 (40 manat da əlavə) manat məbləğində aliment ödəsə, nəticədə onun himayəsində yaşayan övladının maddi vəziyyəti cavabdehin himayəsində yaşayan övladlarının vəziyyətindən daha aşağı səviyyədə olacaqdır. Ona görə də onun cavabdehə məhkəmənin müəyyən etdiyi məbləğdə alimenti vemək imkanı yoxdur. Qətnamədə qeyd eilmişdir ki, Tərtər Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq müddət keçiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişdirilmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə bu zaman ancaq iddiaçının himayəsində olan uşaqların qeydinə qalmışdır. Nəzərə almamışdır ki, onun ikinci ailəsindən olan uşalar da bu ölkənin vətəndaşlarıdır. Onların da 220 manat minimal dolanışıq xərci olmalıdır. Onlar da əvvəlki təminat səviyyəsində maksimal saxlanılmalıdırlar. Ölkədə baş verən bahalaşma isə təkcə iddiaçıya deyil, ona da aiddir. İddiaçı həm əmək haqqı alır, həm də uşaqlara görə sosial yardım alır, sələmə pul verərək əlavə gəlir əldə edir. O, ipoteka götürüb ev almışdır. İddiaçının imkanı var ki, ev ala bilir. O isə ailəsi ilə birlikdə kirayədə yaşayır, ev almaq imkanı da yoxdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin 01.05. 2023-cü il tarixli 2(012)-2083/2023 saylı qətnaməsinin iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin dəyişdirilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)-1841/2018 saylı qətnaməsinin çıxarılmasıdan 5 ilə yaxın müddət keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşağın saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, mövcud iqtisadi vəziyyətdə inflyasiya nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Apellyasiya şikayətinin cavabdehin ikinci dəfə nikaha daxil olması, həmin nikahdan da 2 uşağının olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onun ikinci dəfə nikaha girməsi və bu nikahdan uşaqlarının olması hazırkı iş üzrə nəzərə alınmalı hal hesab edilmir. Belə ki, cavabdehin təkrar nikaha girməsi əvvəlki nikahdan doğulmuş uşağın saxlanılmasında maddi cəhətdən iştirak etmək vəzifəsindən azad olunmasına əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, 2018-ci ildə müəyyən edilmiş alimentin məbləği olduqca aşağıdır və bugünkü tələbata cavab vermir. Belə ki, “X5” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin 440 manat olmasına baxmayaraq, iddianın qismən, aliment məbləğini hər ay hər uşaq üçün 150 manat – cəmi 300 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X12rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X4 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2083/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1521/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1521/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver