Məhkəmə qərarları › İş №2(105)-1522/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1522/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1522/2022 20.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, İddiaçı MMM QBKT-nın Cavabdeh Mirsadiq oğluna qarşı borc tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli qərardadı ilə (hakim A.M.Süleymanova) İddiaçı MMM QBKT-nın Cavabdeh Mirsadiq oğluna qarşı borc tələbi barədə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı MMM QBKT-ı Cavabdeh Mirsadiq oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçının nümayəndəsi Nümayəndə2 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Hazırkı mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli olmaqla açıq şəkildə müəyyəndir ki, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası ümumiyyətlə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi bunu nəzə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(060)-4023/2022 nömrəli qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata götürülməsinə dair yeni qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yəni həmin əsasla iddia ərizəsi iki halda qaytarıla bilər: 1. Qanunla pretenziya qaydası nəzərdə tutulduğu hallarda; 2. Müqavilə ilə pretenziya qaydası nəzərdə tutulduğu hallarda. Hazırkı mübahisə vətəndaşla kredit təşkilatı arasında mülki xarakterli olmaqla açıq şəkildə müəyyəndir ki, qanunla bu kateqoriya işlər üzrə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası ümumiyyətlə nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş və mübahisənin yaranmasına əsas olan müqavilədə də nəyinki pretenziya qaydası nəzərdə tutulmamışdır, hətta bu qəbildən olan şəbhələrə yol verməmək üçün Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, kredit verən tərəfindən kreditin vaxtından əvvəl verilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində kreditiv ə ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlara müraciət edəcəkdir. Göründüyü kimi nə müqavilə ilə, nə də qanunla məhkəməyə qədər mübahisələrin həlli qaydası nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçının nümayəndəsi Nümayəndə2 şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 26 may 2022-ci il tarixli e-2(060)-4023/2022 nömrəli qərardadı ləğv edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar