Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1523/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(074)-979/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X6 saxlanılması üçün onun, yetkinlik yaşına çatanədək cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasındakı nikah Rusiya Federasiyasının İ-OM 717901 saylı şəhadətnaməsindən göründüyü kimi 11 yanvar 2022-ci il tarixdə pozulmuşdur. Şamaxı rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(074)-396/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh tərəfindən birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 saxlanılması üçün heç bir maddi kömək göstərməmiş, ümumiyyətlə onun təlim tərbiyyəsi və təhsili ilə maraqlanmamışdır. Hal-hazırda xx.xx.2018-ci il təvəllüdlü X10 böyümüş təlabətı artmış, onun tələbatını tək başına qarşılamaq qabiliyyətində deyil və Şamaxı rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Uşaq böyüyüb və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükçə uşaqda atasına qarşı ehtiyac və təlabat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Rusiya Federasiyasının İİ-OM 514125 saylı doğum haqqında şəhadətnaməsinin tərcüməsindən görünür ki, X10 xx.xx.2018-ci ildə Rusiya Federasiyasının Tomsk şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
5. 71 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İstehsalat üzrə fəhlə vəzifəsində işləyir və hazırki əmək haqqı 556 manatdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(074)-979/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddianın qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(074)-396/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1 və 112.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(074)-979/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə iddiaçının vəkili kimi yanaşmışdır. Belə ki, İddiaçı onun maddi gəliri və həyat şəraiti barədə məhkəməyə heç bir sübut təqdim etməməsi qətnamədə yazılmışdır. Ona görə də iddiaçı məhkəməyə heç bir sübut təqdim etmədiyi halda qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü və 218.3-cü maddəsinin tələblərinə istinad edilməsi prosessual pozuntu hesab olunur. Qətnamədən aşkar görünür ki, birinci instansiya məhkəməsi də sanki iddiaçının diktəsi ilə Azərbaycan Respublikası Ailə Məcəlləsi Qanunvericiliyinin tələblərini eybəcər formada təfsir etmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.1, 76.2 və 78.1 və 112.1-ci maddələrinin tələbindən göründüyü kimi uşağı saxlamaq təkcə atanın yox, ananın da öhdəliyinə düşür. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq başqa hallar nəzərə alınmaqla dəyişdirilə bilər – cümləsi formal qaydada qətnamədə yazılsa da düzgün tətbiq və təfsir edilməmişdir. İş materiallarına daxil edilmiş əməkhaqqının vergi tutulmayan hissəsinin 556 (beş yüz əlli altı) manat olması yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən onun aylıq gəlirinin ¼ hissəsi bir uşaq üçün aliment kimi təyin olunmalıdır. Bu isə 139 (yüz otuz doqquz) manat edir. Digər tərəfdən isə Azərbaycan Dövlətinin 2024-cü il üçün yetkinlik yaşına çatmayan uşaqlar üçün təyin etdiyi 235 manat yaşayış minimumunun yarısını (117 manat 50 qəpik) aliment kimi ödəməyi o, öhdəliyinə götürməyə razıdır. Bunun qalan yarısı isə ananın üzərinə düşür. Uşağın maddiyatını təmin etmək təkcə atanın borcu deyil. Hansı ki, həmin uşağı heç vaxt ona göstərmirlər, onunla ünsiyyət saxlamasına iddiaçı imkan vermir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində onun yeni nikaha daxil olması və bu nikahdan bir azyaşlı körpə uşağının olması faktı ötəri qeyd olunsa da Şamaxı Rayon Məhkəməsi 2(074)-979/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə qət etməklə onun bu yeni ailənin yaşayış hüquqlarını tamamilə pozmuşdur. Qeyd edir ki, o, həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim etmişdir. Elektron nüsxəsini təkrarən bu apellyasiya şikayətinə daxil etdiyi AZ-İİ № 562783 saylı, xx.xx.2023-cü il tarixdə verilmiş nikah şəhadətnaməsindən görünür ki, o, X2 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan sonra həyat yoldaşına “Ağayeva” soyadı verilmiş, həmin nikah 482 nömrə ilə qeydiyyata alınmışdır. Elektron nüsxəsini bu apellyasiya şikayətimə daxil etdiyi AZ-İV № 984273 saylı, xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, onunla X3 birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarından görünür ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İstehsalat üzrə fəhlə işləyir, hansısa yüksək vəzifədə və yaxud yüksək gəlirli yerdə işləmir. Onun aylıq 556 manat gəliri hətta 4 nəfər üçün bərabər bölünsə hər birinə 139 manat düşür. Göründüyü kimi Məhkəmə bir uşaq üçün qanunu səhv tətbiq edib alimentin məbləğini 150 manatdan 190 manata qaldırmaqla digər 3 nəfər ailə üzvlərinin hüquqlarını kobud şəkildə pozmuşdur. Bu isə Azərbaycan Respublikası Ailə Məcəlləsində 76.2-ci və 112.1-ci maddənin nəzərə alınmaması və məhkəmənin qətnamədə bu qanunlara yalandan istinad edilməklə yazdığını sübut edir. Beləliklə, qətnamədə işin bütün faktiki halları tam aydınlaşdırılmamış və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Qanunlar və normativ aktlar düzgün təfsir və tətbiq edilməməklə səhv nəticəyə gəlinmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
11. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, o, apellyasiya şikayətində göstərmişdir ki, onun gəlirləri və həyat şəraiti barəsində sübut təqdim edilməmişdir. Halbuki, məlum olmuşdur ki, o, Bakı şəhəri Yasamal rayonunda yaşayır, Rusiya vətəndaşıdır. Yəqin ki, onun qeyd edilən ünvanda yaşayış evi vardır. Yaşayış evi olmasa belə kirayədə yaşayır və buna görə çox miqdarda pul ödəyir. Demək ki, onun gəlirləri yüksəkdir. Cavabdeh faktiki olaraq gəlirlərini və yaşayış yerini gizlədir. Bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh özü də yaxşı bilir ki, Rusiyada alimentin miqdarı yüksəkdir və yaxşı qazanc əldə edir. Onun işsizlik barədə arayış təqdim etməməsi də onu göstərir ki, qazancını Rusiyadan əldə edir. Belə ki, onlar birlikdə yaşayanda ticarət ilə məşğul idi, təminatı yüksək idi , indidə həmin işlə məşğul olur. Rusiya və Azərbaycan vətəndaşlarının gəlirlərində fərq vardır. Ona görə hesab edir ki, onun gəlirləri yaxşıdır. Odur ki, qətnamənin qanuni qüvvədə qalmasını istəyir.
12. Bundan başqa İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ərizə ünvanlayaraq göstərmişdir ki, Şamaxı Rayon Məhkəməsində keçirilmiş məhkəmə iclasında bildirdiyi kimi, övladı X6 maddi tələbat və ehtiyaclarını ödəmək onun üçün çox çətindir. Övladı sentyabr ayının 15-də birinci sinfə gedəcək. O, böyüdükcə tələbatları da artır. Məhkəmədə sabit məbləğ olaraq aliment məbləğinin 235 AZN artırılmasını xahiş etsə də, cavabdeh iclasdan 7 gün əvvəl doğulan övladını və 2-ci ailəsini fakt gətirərək artırılmış məbləğlə aliment verməyə maddi imkanının çatmadığını bildirdi. Bildirmək istəyir ki, övladı Rusiyada doğulub, Rusiya vətəndaşıdır. Onun məktəbə getməyi üçün ona artıq 2-ci ildir ki, “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi” alır. Bu vəsiqə üçün hər il dövlət rüsumu ödəyir. Azərbaycan Respublikasının vətəndaşı olmadığına görə “Tibbisığortadan” istifadə edə bilmir. Hər dəfə xəstəxanaya, həkimə aparanda qanuna uyğun olaraq ödəniş edir. Hal-hazırda övladının gözünün birində problem olduğu üçün müalicə alır. Onun məktəb ləvazimatları, geyimi, qidası, dərmanları, repititor yanına getməsi və s. hamsının yükü onun üzərindədir. Cavabdeh bu qədər xərclərin 150 AZN aliment ilə ödənə biləcəyini qeyd edir. Çəkdiyi çətinliyin və övladının vəziyyətinin nəzərə alınmasını xahiş edir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
24. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Şamaxı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(074)-396/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X6 saxlanılması üçün onun, yetkinlik yaşına çatanədək cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(074)-396/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay 150 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşaqlarını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.
28. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməsə də, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay üçün 190 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.
29. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
31. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
32. Göründüyü kimi apellyator şikayətin dəlillərini Azərbaycan Dövlətinin 2024-cü il üçün yetkinlik yaşına çatmayan uşaqlar üçün təyin etdiyi 235 manat yaşayış minimumunun yarısını (117 manat 50 qəpik) aliment kimi ödəməyi öhdəliyinə götürməyə razı olması, yeni nikaha daxil olaraq bu nikahdan bir azyaşlı körpə uşağının olması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İstehsalat üzrə fəhlə işləməklə 556 manat əmək haqqı alması ilə əsaslandırmışdır.
33. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.
34. Kollegiyanın qənaətincə şikayətin qeyd olunan dəlilləri cavabdehin hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.
36. Qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
37. Məhkəmə uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir.
38. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz. Təyin edilmiş aliment miqdarını məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(074)-979/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.