Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1524/2021 29.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(060)-5086/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(060)-5086/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdeh xx xxxxxxxx 1988-ci il təvəllüdlü Cavabdeh 4500 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 31 avqust 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan almış olduğu 4500 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2 ildən artıqdır tanıyır. Tanışlıqlarının əsas səbəblərindən biri ortaq dostlarının olmasıdır. Təxminən 16 fevral 2019cu ildə Cavabdeh ona zəng edərək Avropaya getmək üçün vizanın alınmasına görə təcili 7000 manat pul lazım olduğunu, bunun müqabilində qəbz verə biləcəyini demişdir. O, cavabdehə cəmi 4500 manatı olduğunu, bu pulu da faizləri aşağı düşmək üçün mənzilinə olan kreditini ödəyəcəyini bildirmişdir. Cavabdeh ona narahat olmamasını, həmin pulu verməsini, 6 ay ərzində üstünə 1000 manat hörrmət etməklə qaytaracağını demişdir. Təxminən 22 aprel 2020-ci il tarixdə Cavabdehla əlaqə saxlayaraq pulu tələb edəndə, cavabdeh ona yalançı vədlər verərək günü-günə satmağa başlamış və son olaraq pulu olmadığını bildirmişdir. Bundan sonra cavabdehə dəfələrlə zəng etməyinə baxmayaraq, telefonuna cavab verməmiş və cavab versə də ona hədə qorxu gəlmişlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qismən qanunsuz və əsassız hesab edir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir. Belə ki, o, iddiaçıdan 1500 manat məbləğində pulu aylıq 10% olmaq şərti ilə faizə almışdır. Lakin iddiaçı ona 4500 manat məbləğə qəbzə imza etdirmişdir. Onun Arzu ilə tanışlığı olduğu üçün həmin məbləği Arzunun yanında götürdüyündən, imza etdiyi məbləğin fərqinə varmamışdır. O, bir neçə ay iddiaçıya 150 manat məbləğində ödəniş etmişdır. Sonradan bacısının maaş kartını iddiaçıya təqdim etmiş, iddiaçı da hər ay kartdan müəyyən məbləğ götürmüşdür. Hazırda iddiaçıya cəmi 1500 manat məbləğində borcu qalmışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən dəyişdirilərək, ondan cəmi 1500 manat məbləğində borcun tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı borc olaraq 1500 manat pul almışdır. İş materiallarında alan 16.02.2019-cu il tarixli qəbz onun tərəfindən imzalanmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq qismən ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 16.02.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 4500 manat pulu 6 ay müddətinə borca götürmüş və 16.02.2019-cu il tarixində pulu təhvil almışdır. İş materiallarında olan Cavabdeh 03.11.2020-ci il tarixli ərizəsindən görünür ki, o, iddianı qismən qəbul edir və onun iddiaçıya 1500 manat borcu vardır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, yəni 4500 manat pulu iddiaçıya qaytarmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə 4500 manat məbləğində pul borc vermiş, cavabdeh isə 4500 manat borcunu 6 ay müddətinə, 16.08.2019-cu il tarixə kimi qaytarmamışdır. Cavabdehin apellyasiya şikayətindən və izahatından da görünür ki, iddiaçının pul tələbinə dair iddiasını qismən qəbul edir, iddiaçıdan 1500 manat borc almışdır. İş materiallarında olan 16.02.2019-cu il tarixli qəbzlə müəyyən edilir ki, Cavabdeh İddiaçı 1500 manat deyil, 4500 manat pulu 6 ay müddətinə borc götürmüş və 16.02.2019-cu il tarixində pulu təhvil almışdır. Həmin qəbzdə olan imzanın ona məxsus olduğunu cavabdeh məhkəmə kollegiyasının iclasında da etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan 1500 manat borc aldığını göstərmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlil iş materiallarında olan 16.02.2019-cu il tarixli qəbzlə tam təkzib olunur. Cavabdeh apellyasiya şikayətində məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(060)-5086/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1524/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1524/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver