Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1527/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-202/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-202/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 83,49 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.11.2017-ci il tarixinə 229,67 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 53,05 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 55,15 ABŞ dolları cərimə borcunun, cəmi 421,36 ABŞ dolları borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, həmşinin 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi qət olunmuşdur. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 349 (üç yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.04.2017-ci il tarixinə 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları 67 (altmış yeddi) sent faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 53 (əlli üç) ABŞ dolları 05 (beş) sent borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 551 (beş yüz əlli bir) ABŞ dolları 50 (əlli) sent cərimə borcunun, cəmi isə 1183 (bir min yüz səksən üç) ABŞ dolları 36 (otuz altı) sent borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir LPO İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 06.04.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 30 % faiz ödəmək şərti ilə 1117 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 06.04.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə 06.04.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, “Tesno” mağazası şəhərdə yüzlərlə sakini aldatmış, aylıq ödəmələr icra olunsa da, mağaza banka ödənilən pulları hesaba daxil etməmişdir. Özü İİ qrup əlil və məcburi köçkündür, ayda 250 manat gəliri olur. Əri şəkərli diabet xəstəsidir və ailənin maddi vəziyyəti pisdir. O bankdan pulu həm özünün, həm də ərinin müalicəsi üçün götürmüşdü. Hər ay ödənişləri vaxtında “Tesno” mağazasına ödəsə də, mağaza bu ödənişləri banka ödəməmiş, bununla da onun vəziyyəti pisləşmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 şikayətlə razılaşmadı və onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X6 və X5 ilə müştərilər tərəfindən satışlar üzrə mağazaya edilmiş aylıq kredit ödənişlərini dərhal banka təqdim etməli olduğu halda, həmin öhdəliyin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib 2016-cı ilin əvvəllərindən 14 fevral 2018-ci il tarixədək olan müddətdə Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllədə yerləşən “Tesno” mağazasında ayrı-ayrı müştərilər tərəfindən kreditlər üzrə edilən ödənişləri cinayətdən xəbərsiz olan həmin mağazanın ayrı-ayrı satıcıları vasitəsilə qəbul etdikdən sonra yığılmış həmin kredit ödənişləri üzrə müxtəlif məbləğlərdə, o cümlədən, Cavabdeh1 06.04.2015-ci il tarixli, İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1117 manat məbləğində pul vəsaitinin 253 manatını mənimsəmişlər. Məhkəmə baxışı zamanı həmin 253 manat məbləğ Cavabdeh1 ümumi borcundan çıxılmışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında 06 aprel 2015-ci il tarixdə bağlanmış İKM 01 saylı istehlak kredit müqaviləsindən görünür ki, sonuncuya 24 ay müddətinə illik 30% olmaqla 1117 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən borcverən 1117 ABŞ dolları məbləğində pulu 24 ay müddətinə illik 30 % ödəmək şərti ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borcverənə qaytarmağı öhdəsinə götürür. Yenə iş materiallarında olan 06 aprel 2015-ci il tarixdə bağlanmış 01 saylı zaminlik müqaviləsindən görünür ki, 06.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə İddiaçı ASC-nin “Sumqayıt” filialı arasında 06 aprel 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 06 aprel 2015-ci il 01 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. Yenə də iş materiallarında olan 06.04.2015-ci il tarixli kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 verilmiş kreditin 06.05.2015-ci il tarixdən 06.04.2017-ci il tarixədək faiz ödənişi cəmi 381,97 ABŞ dolları, kreditin əsas məbləğinin ödənişi 1117 ABŞ dolları, cəmi 1498,97 ABŞ dolları təşkil edir. İşdə olan LPO İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş 06.03.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə 02.03.2020-ci il tarixinə 349 (üç yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06.04.2017-ci il tarixinə 229 (iki yüz iyirmi doqquz) ABŞ dolları 67 (altmış yeddi) sent faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 53 (əlli üç) ABŞ dolları 05 (beş) sent borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 551 (beş yüz əlli bir) ABŞ dolları 50 (əlli) sent cərimə borcu, cəmi isə 1183 (bir min yüz səksən üç) ABŞ dolları 36 (otuz altı) sent məbləğində borc təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, X6 özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, müştərilər tərəfindən qeyd edilən satışlar üzrə mağazaya edilmiş aylıq kredit ödənişlərini dərhal banka təqdim etməli olduğu halda, həmin öhdəliyin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib 2016-cı ilin əvvəllərindən 14 fevral 2018-ci il tarixədək olan müddətdə Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllədə yerləşən həmin mağazada ayrı-ayrı müştərilər tərəfindən kreditlər üzrə edilən ödənişləri cinayətdən xəbərsiz olan həmin mağazanın ayrı-ayrı satıcıları vasitəsilə qəbul etdikdən sonra yığılmış həmin kredit ödənişləri üzrə müxtəlif məbləğlərdə, o cümlədən, Cavabdeh1 06.04.2015-ci il tarixli, İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1117 manat məbləğində pul vəsaitinin 253 manatını, ümumilikdə 109 nəfər tərəfindən ödənilmiş cəmi 49.264,14 manat (qırx doqquz min iki yüz altmış dörd manat on dörd qəpik) məbləğində pul vəsaitini kredit ödənişi üzrə həmin müştərilərin adından İddiaçı ASCyə və həmin bankın ləğv etmə prosesində olması ilə əlaqədar Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödəməyib “Technom” mağazasının dövriyyəsinə sərf etmişdir. Bu səbəblərdən də onlar məhkum edilmişlər. Həmin hökmlə mülki iddia tam təmin edilərək, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-yə vurulmuş 49.294,14 (qırx doqquz min iki yüz doxsan dörd manat on dörd qəpik) manat maddi ziyanın mülki cavabdehlər X4 və X2 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-202/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hazırkı mərhələdə qətnamənin bu hissəsində apelyasiya araşdırması aparmır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 iddiaçı bankdan istehlak məqsədilə illik 30 faizlə 24 ay müddətinə 1117 ABŞ dolları kredit götürmüşdür. Kredit öhdəliklərinin təminatı kimi digər cavabdehlə bank arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit götürülsə də, müqavilə üzrə yaranmış öhdıliklərə tam əməl edilməmiş, borc yaranmışdır. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq, borc cavabdehlər tərəfindən tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 83,49 ABŞ dolları əsas borcunun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 16.11.2017-ci il tarixinə 229,67 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 53,05 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 55,15 ABŞ dolları cərimə borcunun, cəmi 421,36 ABŞ dolları borcunun olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, bu borc işdə olan obyektiv sübutlarla, kredit müqaviləsinə əlavə ilə, habelə maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə kollegiyası həmçinin digər Cavabdeh2 kredit öhdəliklərinə təminatçı kimi zamin durduğundan yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Ödənişlərinin mağaza tərəfindən banka ödənilməməsi barədə dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin epizod üzrə cinayət işi açılmış və məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən məlum kredit müqaviləsi üzrə ödənilmiş cəmi 253 manat təyinatı üzrə bank hesabına mədaxil edilməmiş, bu məbləğ isə təqsirləndirilən şəxslərdən tutulub iddiaçı banka ödənilməsi hökm edilmişdir. İddiaçının nümayəndəsinin izahatından məlum olur ki, qeyd olunan 253 manat məbləğ tələb olunan borc məbləğindən çıxılmışdır. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin pis olması, özünün və ərinin xəstə olması barədə şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, mövcud qanunvericiliyə görə bu hallar cavabdehin bank qarşısındakı maddi məsuliyyətdən azad edilməsi üçün əsas hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-202/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Elman Əhmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1527/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1527/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver