Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1527/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)-2027/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-809/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 23 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və 50 mediasiya rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2010-cu ildə qanunla müəyyən edilmiş qaydada nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 2011-ci ildə X9 adlı uşaqları var. Şirvan Şəhər Məhkəməsinin 2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. xx.xx.2020-ci il tarixli 2(012)-4528/2020 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq qazancının dörddə bir hissəsi miqdarında müəyyən edilmişdir. Hal-hazırda övladı 11 yaşındadır. Uşaq böyüdükcə təlabatları da artır. Verilən aliment uşağın saxlanılmasında çətinlik yaradır. Uşağın bütün qayğısını, ehtiyacını əsasən o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-il tarixli qətnaməsi ilə iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün 136 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-566/2019 saylı qətnaməsi ilə İddiaçı ona qarşı “aliment miqdarının artırılması tələbinə” dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 22 may 2019-cu il tarixli, 2(106)-1871/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı yenidən bu dəfə Abşeron rayon məhkəməsində alimentin miqdarının artırılması tələbilə iddia qaldırmışdır. Abşeron rayon məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə keçən məhkəmə iclasında iddiaçının tələbi qismən təmin edilərək alimentin məbləği dəyişdirilərək 150 manat məbləğində müəyyən edilmişdir. Hal-hazıradək hər ay iddiaçıya o, 150 manat aliment ödəyir. Hal-hazırda iş üzrə İddiaçı “aliment miqdarının artırılması tələbi” ilə ona qarşı məhkəmədə yenidən iddia qaldırmışdır. Əlavə olaraq bildirir ki, onun hal-hazırki maddi durumu məhkəmə qətnaməsi ilə təyin olunmuş 150 manat məbləğində alimentdən artıq məbləğdə aliment ödəməyə imkan vermir. Məlumat üçün bildirir ki, bir müddətdən sonra onun ailə vəziyyətində dəyişiklik olmuş, o, 20 oktyabr 2014-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Gülnar ilə birgə nikahlarından 09 fevral 2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki övladları anadan olmuşdur. O, hal-hazırda “X14” QSC-də işləyir və aylıq əmək haqqı 556 manat təşkil edir. Onun aylıq qazancı (gəliri) stabildir və dəyişilmir. Göstərilmiş faktiki əsaslar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment məbləğinin artırılmamasını zəruri edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddənin mənasından göründüyü kimi sabit pul məbləğində aliment o halda təyin oluna bilər ki, aylıq qazancını müəyyən etmək mümkün olmasın və yaxud qazancı dəyişkən olsun. Lakin qeyd etdiyim kimi onun rəsmi iş yeri vardır və aylıq əmək haqqı təyin olunmaqla qazancı stabil olmaqla dəyişilməzdir. Qanunun mənasından göründüyü kimi aylıq qazancımın ¼ hissəsi 139 manat təşkil edir. O isə hər ay 150 manat (qazancının 1/4 hissəsindən artıq) aliment ödəyir. Bundan əlavə onun maddi vəziyyətində dəyişiklik olmamışdır ki, alimentin məbləğinin artırılması üçün əsaslar ola bilsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Maddənin mənasından göründüyü kimi ondan 1 uşağa görə qazancının və ya gəlirinin yalnız dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Çünki onun qazancı, gəliri stabil və dəyişilməzdir. Bundan əlavə isə onun yeni nikahdan iki övladı vardır və həmin uşaqlarında tələbatını təmin etmək valideyn kimi onun borcudur. Çünki əmək haqqının 150 manat hissəsi iddiaçıya aliment kimi tərəfindən ödənilir. Əmək haqqının qalan hissəsi ilə isə aliment məbləği əgər 220 manat təyin olunarsa, (556- 220=336) o özü də daxil olmaqla iki uşaq və həyat yoldaşından ibarət (4 nəfər üçün gəlirdən qalan hissə 336 manat) ailə üzvlərimin maddi tələbatını ödəmək iqtidarından məhrum ola bilərəm. Bu fakt iddiaçının iddia tələbinin əsassız olmasını təsdiqləyir. Əlavə olaraq bildirir ki, o, övladıma aliment verməkdən imtina etmir, lakin bugün yüksək məbləğdə alimenti ödəmək iqtidarında deyil. Qanunvericilik məhkəmə qətnaməsi ilə aliment təyin edildikdən sonra maddi vəziyyətdə dəyişiklik olmadığı halda aliment məbləğinin artırılmasını mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd etdiyi kimi iddiaçı ilə birgə nikahlarından doğulmuş övladlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə aliment təyin edildikdən sonra onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Onun övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat aliment ödəməyə imkanı yoxdur. Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)-2027/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 809/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 23 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarının dəyişdirilmiş alimentin tutulmasının hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Birinci instansiya məhkəməsinin qətnaməsində 50 manat mediasiya haqqının məhkəmə xərclərinə aid olmaması qeyd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)-2027/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qarşı məhkəməyə müraciət edərək birgə nikahlarından anadan olmuş 23 may 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanıması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-809/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 150 manat miqdarda alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən eduilməsi və 50 mediasiya rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan qətnaməsi ilə müəyyən olunan alimentin məbləği hazırki dövrdə uşağın tələbatlarının ödənilməsinə kifayət etmir. Uşağın ərzağı, geyimi, müalicə xərclərini nəzərə alsalar bir uşağı saxlamaq çox çətindir. Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə əvvəl müəyyən edilmiş alimentin miqdarı az bir məbləğdə artırılaraq hər ay üçün 190 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hesab edir bu qərar mövcud iqtisadi vəziyyətə uyğun olmayaraq əsasssız qəbul edilmişdir və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilərək cavabdehdən tutulmalı olan alimentin məbləği 220 manat məbləğində müəyyən edilməlidir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-1585/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, 23 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 136 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-809/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1585/2017 saylı, xx.xx.2017-ci ilə tərəflərin birgə nikahlarından anadan olmuş 23 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan hər ay 136 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, 23 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “X14” QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən hal-hazırdadək “X14” QSC-nin ünvan 1 ünvanında yerləşən Satış şöbəsində anbardar peşəsində işləyir və 556 manat əmək haqqı alır. İş materiallarında olan Şirvan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 062372 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 09 fevral 2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X1r. İş materiallarında olan Şirvan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 270557 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 18 aprel 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X1r. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh və İddiaçı nikah münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X9 doğulmuşdur. Tərəflər arasında olan münasibətlər pozulmuş və tərəflər ayrı yaşayırlar. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)-2027/2023 nömrəli qətnaməsi ilə tutulan 190 manat alimentin məbləğinin miqdarının artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı olması barədə düzgün nəticəyə gəlsə də, alimentin məbləğini müəyyən edərkən, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, həmçinin cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşağın mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Birinci instansiya məhkəməsində qeyd olunan cavabdehin yeni ailə həyatı qurması və həmin nikahdan 2 övladının olmasına dair münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu əvvəlki rəsmi nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edib, alimentin miqdarını 190 manat sabit pul məbləğində müəyyən edərkən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X6 mənafeyini, onun normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın artan maddi tələbatını tam nəzərə almamış və bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(012)-2027/2023 nömrəli qətnaməsi artırılmış aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Abşeron Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, e-2(012)-809/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 23 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1527/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1527/2023
16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver