Məhkəmə qərarları › İş №2(105)-1528/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1528/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1528/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14264/2016 nömrəli 16 may 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 03 fevral 2015-ci il tarixli, 15007- 2211/379586 saylı kredit xətti müqaviləsi üzrə yaranmış 6365,93 ABŞ dolları əsas borc, 1140,66 ABŞ dolları faiz borcu, cəmi 7506,59 ABŞ dolları borc qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsi 2(060)-14264/2016 nömrəli, 28 noyabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14264/2016 saylı 16 may 2022-ci il tarixli qərardadından iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət əsassız hesab edilərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 03 fevral 2015-ci il tarixli, 15007-2211/379586 saylı kredit xətti müqaviləsi üzrə yaranmış 6365,93 ABŞ dolları əsas borc, 1140,66 ABŞ dolları faiz borcu, cəmi 7506,59 ABŞ dolları borc qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə xx.xx.2022-ci il tarixli qərardad qəbul edərək apellyasiya şikayətini geri göndərmişdir. Əsas kimi isə Sumqayıt şəhər Məhkəməsinin 28 noyabr 2016-ci il tarixli qətnaməsinin cavabdehə poçt vasitəsi ilə çatdırılmasını göstərmişdir. Apellyasiya şikayətində göstərildiyi kimi, iş üzrə cavabdeh qeyd edilən qətnaməni həmin dövürdə rəsmi almamışdır. İş materiallarında qətnamənin onun yaşadığı mənzilə çatmasını təsdiq edən qəbzin olması, bu qəbzin məhz cavabdeh tərəfindən imzalanmasılna dair hər hansısa bir dəlilin olması mümkün deyildir. Qətnamə yeni, yalnız məhkəmə icra orqanları dəvət etdikdən sonra cavabdehə təqdim edilmişdir. Bu səbəbdən şikayət müddətinin axını yeni başlamış və şikayət ayrılmış müddətlər çərçivəsində verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması və apellyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qətnaməsi xx.xx.2017-cı ildə, təkrarən isə 25 fevral 2022-ci il tarixdə cavabdehin yaşayış yeri üzrə göndərilmiş, müvafiq olaraq xx.xx.2017-ci il tarixdə və 18 mart 2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsi ilə qeyd olunan xüsusat öz təsdiqin tapmışdır. Qanunun tələbinə görə cavabdeh tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti həmin vaxtdan hesablanmaqla bir ay müddətində verilə bilər. Lakin cavabdeh bu hüquqi imkandan istifadə etməyərək qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Mülki Prosessual Məcəllənin 133.1. maddəsi maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2008-ci il tarixli qərarı). “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası Cavabdeh1 prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 tərəfindən 28 noyabr 2016-cı il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual müddəti üzrlü səbəb olmadan buraxdığından, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli və onunla bağlı 03 iyun 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar